–Müqəddimə
–Allahın labüd və qaçılmaz və’dəsi
–Əqli dəlillərə işarə
MÜQƏDDİMƏ
Qur’ani-kərim bir tərəfdən Mütəal Allah tərəfindən bəndələrə xəbər verdiyi məadın gerçəkləşəcəyini tə’kid edib onu Allahın labüd və heç bir xilafla uyğun olmayan və’dəsi hesab edir. Beləliklə də, bütün insanlara höccəti tamamlayır. Digər tərəfdən isə məadın zərurətinə əqli dəlillərlə işarə edir ki, insanın əqli mə’rifətə olan rəğbəti tə’min olunsun və höccəti bir neçə qat artırsın. Buna görə də Qur’anın məadın isbat olunması barəsindəki bəyanlarını iki qismə ayırır və hər biri ilə əlaqədar ayələri qeyd edirik.
ALLAHIN LABÜD VƏ QAÇILMAZ VƏ’DƏSİ
Qur’ani-kərim axirətdə Qiyamətin bərqərar olunması və bütün insanların dirildiməsini heç bir şəkk-şübhə olmayan məsələlərdən biri kimi qeyd edərək buyurur:
«Həqiqətən, Qiyamət saatı gələcəkdir və onda heç bir şəkk-şübhə yoxdur.»
Qur’an bu məsələni həqiqi və heç bir şübhə edilməyəcək məsələlər sırasında qeyd edərək buyurur:
«Əlbəttə! Bu, Allahın haqq olan və’dəsidir.»
Onun gerçəkləşəcəyinə dair dəfələrlə and içmişdir. O cümlədən buyurur:
«De: Əlbəttə! And olsun Rəbbimə! Siz hökmən diriləcəksiniz və gördüyünüz əməllərdən agah olunacaqsınız. Bu, Allaha üçün çox asandır.»
Camaata bu barədə xəbərdarlıq verilməsi peyğəmbərlərin vəzifələrindən ən mühümü kimi qeyd olunur və buyurulur:
«Ruhu Öz əmri ilə bəndələrindən istədiyi kəsə ilqa edir ki, (bəndələri) Təlaq (Qiyamət) günündən qorxutsun.”
Onu inkar edənlər üçün isə əbədi bədbəxtçilik və Cəhənnəm əzabını müqərrər edərək buyurur:
«Biz də o saatı (qiyaməti) yalan hesab edənlər üçün (Cəhənnəmdə) şiddətli bir atəş hazırladıq.»
Deməli, bu səmavi kitabın–Qur’anın haqq olmasını dərk edən bir şəxsin məadı inkar etmək və ya onun barəsində şəkk-şübhə yaratmaq üçün heç bir bəhanəsi olmayacaqdır. Əvvəlki bölmədə aydın olduğu kimi, həqiqət axtaran hər insan üçün əgər insafla araşdırma apararsa, Qur’anın haqq olması mə’lum olacaqdır. Buna görə də heç kəs onu qəbul etməmək barəsində bəhanə gətirə bilməz. Yalnız əqli cəhətdən naqis (anormal) olan, yaxud müəyyən səbəblərə görə haqqı qəbul edə bilməyən şəxslər istisna olunur.
ƏQLİ DƏLİLLƏRƏ İŞARƏ
Bir çox Qur’an ayələrində məadın zərurətinə dair əqli dəlillər gözə dəyir. Onları hikmət və ədalətə əsaslanan sübutlara da aid etmək olar. O cümlədən “inkari sual” formasında buyurulur:
«Yoxsa belə təsəvvür edirsiniz ki, Biz sizi əbəs yerə yaratmışıq və Bizə doğru qaytarılmayacaqsınız?»
Bu ayə aşkar şəkildə göstərir ki, əgər məad və Allah dərgahına qayıdış məsələsi olmasaydı, insanın bu dünyada yaradılması əbəs olacaqdı. Lakin hikmət sahibi olan Allah əbəs və bihudə iş görməz. Deməli, Onun dərgahına qayıdış üçün mütləq bu dünyadan başqa da bir dünya olmalıdır.
Bu dəlil göstərir ki, insanın bu dünyada yaradılışı o zaman hikmətli hədəfə malik olacaqdır ki, bu dünya həyatının ardınca Allah dərgahına qayıdışdan ibarət olan axirət aləmi də olsun və orada onların əməlləri araşdırılsın. Biz bu iki məsələnin bir-birinə bağlılığını Allahın hikmətini sübut edərkən izah etmişdik və onun bir daha təkrarlanmasına ehtiyac yoxdur.
İkinci məsələyə gəldikdə isə (Allahın heç vaxt əbəs və bihudə iş görməməsi), elə ilahi hikmət və Allahın işlərinin mə’nasız və puç olmamasından ibarətdir. Bu da Allahşünaslıq bölməsində ilahi və hikməti sübut edərkən qeyd olundu. Deməli, yuxarıdakı ayə həmin müddəa ilə tam uyğun gəlir.
İndi əlavə edirik ki, insanın yaradılışı dünyanın yaradılışı üçün bir hədəf olmasına əsasən insanın bu dünyadakı həyatı əbəs və hikmətsiz olarsa, dünyanın da yaradılışı bihudə və boş-boşuna olacaqdır. Bu məsələni də Qur’an ayələrindən əldə etmək olar. Belə ki, Qur’an axirət aləmini dünyanın yaradılışının hikmət üzündən olmasından ötrü zəruri edir. O, əql sahibləri barəsində belə buyurur:
«…(Əql sahibləri) ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayır. Asimanların və yerin yaradılışı haqqında təfəkkür edər (və deyərlər:) Pərvərdigara! Sən bunları boş yerə yaratmamısan! Sən (batil iş görmək kimi boş şeylərdən) pak və müqəddəssən! Bizi Cəhənnəm əzabından qoru!»
Bu ayədən mə’lum olur ki, dünyanın yaradılışı barəsində düşünüb təfəkkür etmək insanın ilahi hikməti dərk etməsinə müsbət tə’sir göstərir. İnsan dərk edir ki, hikmət sahibi olan Allah bu böyük və əzəmətli yaradılışda hikmətli hədəfləri izləyir və onu boş-boşuna və əbəs yerə yaratmamışdır və əgər bu dünyanın yaradılışı üçün yekun hədəf hesab olunacaq digər bir dünya olmazsa, onda ilahi xilqət puç və hədəfsiz olacaqdır.
Qur’an məadın zəruriliyi barəsində olan digər əqli dəlilləri ilahi ədalətlə əlaqələndirir. Yə’ni ilahi ədalət bunu tələb edir ki, Allah yaxşı əməl sahiblərini mükafatlandırıb, pis əməl sahiblərini cəzalandırmaqla onların aqibətlərini müəyyənləşdirsin. Belə bir ayrı-seçkilik bu dünyada olmadığından hökmən digər bir aləm bərqərar olunmalıdır ki, Allah Öz ədalətini insanlara əyani olaraq göstərsin.
“Casiyə” surəsində buyurulur:
«Yoxsa dünyada pis əməllər edənlər (axirətdə) onları iman gətirib yaxşı işlər görənlərlə bir tutacağımızı, onların həyatlarının və ölümlərinin eyni olacağınımı güman edirlər?! Onlar nə pis mühakimə yürüdürlər?! Allah göyləri və yeri haqq-ədalətlə və hər kəsin qazandığı nə isə onun müqabilində əvəz görməsi üçün yaratmışdır. Və onlara heç bir haqsızlıq edilməyəcəkdir.»
Qeyd edək ki, «və xələqəllahus-səmavati vəl-ərzə bil-həqqi» cümləsini ilahi hikmətdən ötrü də dəlil hesab etmək olar. Ümumiyyətlə, ilahi ədalət məsələsini ilahi hikmətlə eyniləşdirmək də olar. Çünki, ilahi ədalət barəsində qeyd olunan dəlildə izah etdiyimiz kimi ədalət hikmətin nümunələrindən biridir.
SUALLAR
1.Qur’ani-kərim məadı isbat etməklə camaata höccəti necə tamamlayır?
2.Hansı ayələri ilahi hikmətə əsaslanan dəlil kimi göstərmək olar?
3.Hansı ayələri ilahi ədalətə əsaslanan dəlil kimi göstərmək olar?
4.Ədalətin sübut olunması məsələsini ilahi hikmətə necə aid etmək olar?
ƏQİDƏ ÜSULLARININ TƏ’LİMİ KİTABINDAN…


more post like this