Ağaxaniyyə firqəsi necə meydana gəlmişdir?
Ağaxaniyyə cərəyanı dini firqə hesab olunurmu?
AĞAXANİYYƏ FİRQƏSİNİN YARANMASI
Fatimi xəlifəsi Müstə᾿li hakimiyyəti ələ keçirdikdən sonra İsmailiyyə məzhəbindən ayrılmış Nəzariyyə firqəsinin davamçıları ölkə və şəhərlərdə qaçqın və köçkün halına düşdülər. Onlar xilafətin tə᾿qib və əzab-əziyyətindən yaxa qurtarmaq üçün müxtəlif məntəqələrdə gizli şəkildə yaşayır və çox az hallarda öz e᾿tiqadlarını biruzə verə bilir və ya təbliğ edirdilər. Digər tərəfdən də imam Şəmsəddin ibni Ruknuddindən sonra Nəzariyyə ardıcılları canişinlik məsələsində böyük ixtilafa düçar oldular. Beləliklə, onlar Mö᾿min ibni Məhəmmədi imamətə layiq hesab edən «Mö᾿miniyyə» və «Qasim şahı» imam kimi qəbul edən «Qasimiyyə» adlanan iki firqəyə bölündülər.
Mö᾿miniyyə firqəsi çox tez bir zamanda süquta uğradığı üçün onlar barədə əsaslı sənəd əldə etmək mümkün deyildir. Lakin Qasimiyyə firqəsinin davamçıları sonralar İran və Hindistanda fəaliyyət göstərmişlər.
Qasimiyyə tərəfdarları 12-ci əsrin sonunadək hələ də gizli fəaliyyət göstərirdilər. Elə həmin dövrlərdə onlar öz düşmənlərindən qorunmaq məqsədilə sufi firqələrinə, o cümlədən «Ne᾿mətülahiyyə» firqəsinə yaxınlaşıb onların adından istifadə etməyə başladılar və nəticədə əqidə baxımından onların tə᾿siri altına düşdülər. Qasimiyyə firqəsinin imaməti onların 44-cü imamı Əbul Həsən Əli Şahın xilafəti dövrünə çatdıqda, onlar İranda Zəndiyyə sülaləsinin banisi Kərim xan Zəndə rəğbət göstərməyə başladılar. Buna görə də İsmailiyyə məzhəbinin mövqeyi daha da güclənməyə və yenidən dirçəlməyə başladı. Məhz Həmin dövrdə Əbul Həsən Şah Kermana hakim tə᾿yin olundu və bu illərdə Hindistandakı İsmailiyyə tərəfdarları ona hər il şər᾿i vergi olaraq 20 min tümən məbləğində nəqd pul verməli oldular. Nəticədə o, Kermanda külli miqdarda var-dövlət, mülk əldə edib mövqeyini gücləndirdi və öz tərəfdarlarına maddi yardımlar göstərməyə başladı. 1206-cı ildə Qasimiyyənin 44-cü imamı vəfat etdi. Az sonra yə᾿ni, 1207-ci ildə Zənd sülaləsi Qacar xan tərəfindən məğlub edildi və bir müstəqil firqə kimi onların fəaliyyətinə son qoyuldu. Onlar Kermandan didərgin düşdü və imamın ailəsi, o cümlədən onun oğlu şah Xəlilullah Əli Kəhəkə getdi və orada firqə imamətliyini öz üzərinə götürdü. Daha sonra, 1230-cu ildə Bəm, Bəlucistan və Sinddəki tərəfdarlarına yaxınlaşmaq üçün Yəzdə gəldi, lakin baş vermiş məhəlli toqquşmaların birində qətlə yetirildi. Beləliklə, Nəzariyyə firqəsinin Qasimiyyə qolunun imamətliyinə son qoyuldu və sonra yeni bir cərəyan – Ağaxaniyyə firqəsi yaranmağa başladı.
AĞAXANİLƏR
Ağaxanilərin ilk imamı Həsən Əli şah ləqəbi ilə məşhur olan Məhəmməd Həsən 1219-cu ildə Qum şəhəri yaxınlığındakı Kəhək kəndində dünyaya gəlir. 1232-ci ildə atası qətlə yetirildikdən sonra İsmailiyyə məzhəbinin Nəzariyyə firqəsinin imamətliyini öz üzərinə götürür. Fətəli şah Qacar bu firqəyə böyük rəğbət göstərdiyi üçün onlar müəyyən mə᾿nada canlanmağa başladılar. Əli şah bacısını Fətəli şaha ərə verməklə qarşılıqlı münasibətləri daha da gücləndirdi və Qacar şahı tərəfindən Ağaxan ləqəbini aldı. Əvvəllər Qum və ətraf məntəqələrə hakim tə᾿yin olunsa da, az sonra Kerman da onun ixtiyarına verildi və əvvəldən də sıx münasibətdə olduğu üçün, orada məskunlaşan nəzariləri tez bir zamanda öz ətrafına toplaya bildi.
Hindistan, Sind və digər məntəqələrdə yaşayan tərəfdarları da onun Kermana hakim tə᾿yin olunduğundan xəbər tutub görüşünə gəldilər. Lakin sonralar o, Nəsrəddin şahla yaranmış ixtilaflar nəticəsində özünü və ailəsini təhlükədən qurtarmaq üçün Kermanı tərk edib Böyük Britaniyanın istismarı altında olan Əfqanıstana qaçmağa vadar oldu. Hicrətin 1260-cı ilində ingilislərin köməyi ilə Əfqanıstandan Bombeyə gedir və orada tərəfdarlarının səmimi münasibətini görüb oranı imamət mərkəzi tə᾿yin edir. Beləliklə, o dövrədək İranda fəaliyyət göstərən Qasimiyyə sülaləsi süquta uğrayır və onun yerinə imamət mərkəzi Hindistanda yerləşən Ağaxaniyyə səltənəti tə᾿sis olunur.
Birinci Ağaxan Hicrətin 1298-ci ilində vəfat edir və Bombey şəhərində dəfn olunur. Ondan sonra ikinci Ağaxan yə᾿ni, onun oğlu Əli şah İsmailiyyə rəhbərliyini öz üzərinə götürür. O, Hicrətin 1246-cı ilində İranın Məhəllat şəhərində dünyaya gəlmiş, dörd il imamət etdikdən sonra 1302-ci ildə vəfat etmiş və yerini oğlu Məhəmməd şaha vermişdir.
Məhəmməd şah və ya Məhəmməd soltan üçüncü Ağaxan kimi İsmailiyyə firqəsinə imam tə᾿yin olundu. O, Hicrətin 1294-cü ilində Pakistanın Kəraçi şəhərində dünyaya gəlmiş və atası vəfat etdikdən sonra səkkiz yaşında ikən Hindistandakı tərəfdarlarının köməyi ilə imamət məqamına yiyələnişdir. İngiltərə və İran dövlət rəhbərləri onunla səmimi münasibətdə olduqları üçün fəxri ad olaraq ona «Ser», İran şahı isə «Həzrəti-vala» (Ə᾿lahəzrət) ləqəbini verir. Tərəfdarlarının ödədikləri külli miqdarda şər᾿i vergilər Məhəmməd şaha saysız-hesabsız var-dövlət yığmaq, dünyanın bir çox yerlərində saray və imarətlər tikdirmək və hətta şəxsi təyyarəyə malik olmaq imkanı verir.
Etdiyi çıxışlardan və verdiyi göstərişlərdən onun Qərb adət-ən᾿ənələrinə meyl göstərdiyi və islam mədəniyyətindən uzaq düşdüyü açıq-aşkar bəlli olur. Belə ki, çıxışlarının birində tərəfdarlarına təcrübi və texniki elmlərə yiyələnib, əqli və nəzəri elmlərdən uzaqlaşmağı tövsiyə edir. Üçüncü Ağaxan vəfat etməzdən əvvəl nəvəsi Kərimi özünə canişin tə᾿yin edir, oğlu Əlini isə imamətdən uzaqlaşdırır. O bunun səbəbini belə izah etmişdir: «Yaranmış şərait dünyada bir sıra əsaslı dəyişikliklərə səbəb olmuşdur. Onlardan biri də nüvə texnologiyası və buna aid olan elmin meydana gəlməsidir. Yəqin bilirəm ki, İsmailiyyə firqəsinin rəhbərliyini elə bir şəxs öz üzərinə götürməlidir ki, yaşadığımız əsrdə inkişaf etməkdə olan müasir elmlə ayaqlaşa bilsin, yeni fikir irəli sürməyə qadir olsun. Bunun üçün də nəvəm Kərimxanı öz yerimə xəlifə və tayfanın rəhbəri tə᾿yin edirəm.
Üçüncü Ağaxan İsmailiyyə firqəsinə 28 il rəhbərlik etdikdən sonra Hicrətin 1380-cı ilində vəfat edir və Kərimxan 4-cü Ağaxani imamı tə᾿yin olunur. O, miladın 1938-ci ilində Cenevrədə dünyaya gəlmiş, qərb universitetlərində təhsil almışdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində, xüsusilə qərbdə onlarla qəsr, iqtisadi mərkəz və şirkətlər sahibidir. İmamlıq iddiası etsə də, qərb ölkələrində vaxtının çox hissəsini eyş-işrət məclislərində keçirir və onun bu hərkətləri kütləvi informasiya vasitələri tərəfindən də geniş şəkildə işıqlandırılır. Qeyd edirlər ki, Tanzaniyanın İrinqay şəhərində olarkən tərəfdarlarının yanına gəlmiş və müvəqqəti olaraq məskun olduğu məhəllədə hamama getmişdir. Hamamdan çıxdıqdan sonra vannanın suyu şüşə qablara doldurub satılmış və camaat da təbərrük olaraq onu almağa cəhd göstərmişlər. Ağaxanilər haqda bu qədər mə᾿lumatla kifayətlənib söhbətimizi burada yekunlaşdırırıq.
DİNİ BAXIŞ
Sadəlövh tərəfdarları dini əsaslara e᾿tiqad bəsləsələr də, mövcud şəraiti nəzərə alaraq, Ağaxaniyyə firqəsinin rəhbərliyinin dini e᾿tiqadlara yiyələndiyini təsəvvür etmək olmaz. Çünki, qərb tə᾿lim-tərbiyəsi görmüş firqə rəhbərləri öz tərəfdarlarını yalnız müasir elmlərə yiyələnməyə çağırmış və dindən yalnız öz şəxsi mövqelərini qoruyub saxlamaq üçün istifadə etmişlər. Bir halda ki, İsmailiyyə firqəsinin ilkin dini rəhbərləri belə bir əqidədə olmuşlar ki, elm Peyğəmbərin (s) pak Əhli-beytindən öyrənilməli və bu işdə yalnız onların yolu davam etdirilməlidir.
Mə᾿lum məsələdir ki, hər hansı bir firqənin dini rəhbəri öz təhsilini qeyri-müsəlmandan əxz edib həyatını eyş-işrət içində keçirərsə, ondan dinin əsaslarını təbliğ edib bu qanunları özündə yaşatmasını da gözləmək olmaz. Onların arasında dini ayinlərdən bir şey qalıbsa, o da «Sahibəzzaman» üçün edilən dualar və bə᾿zi zahiri mərasimlərdir. Bu kimi mərasimlər Ağaxanilərin «camaatxanə» adlandırdıqları mərkəzlərdə keçirilir və bu, dini e᾿tiqad kimi qələmə verilir.
SUALLAR VƏ TAPŞIRIQLAR
1. Nəzariyyə firqəsi neçə şaxəyə bölünür?
2. Ağaxaniyyə onların hansına deyilir?
3. Ağaxan kimdir? Və onun gördüyü işlər nədən ibarətdir?
4. Ağaxaniyyə firqəsinin tərəfdarları imama necə münasibət bəsləyirlər?
5. Elmə münasibətdə İsmailiyyə ilə Ağaxaniyyə firqələri arasında mövcud olan fərq nədən ibarətdir?
İslam məzhəbləri ilə tanışlıq kitabı.

 


more post like this