–Müqəddimə
–Əql nəzərindən axirət aləminin xüsusiyyətləri
MÜQƏDDİMƏ
İnsan heç bir təcrübə kəsb etmədiyi, batini müşahidə və agahlıq üzündən olan elm ilə dərk etmədiyi, hiss ilə qavramadığı şeylər barədə kamil təsəvvürə malik ola bilməz. Buna görə də, axirət aləmi və onda baş verən işlərin həqiqəti barədə kamil və dəqiq təsəvvürə malik olub onları olduğu kimi dərk etməyi gözləməməli, yalnız əql və vəhy yolu ilə əldə etdiyimiz mə’lumatla kifayətlənməliyik.
Təəssüflər olsun ki, bə’ziləri axirət aləmini eynilə dünya aləmi kimi təqdim etməyə çalışırlar. Onlar bu barədə olan ifrat fikirləri ilə axirət behiştinin elə bu aləmdə və hansısa planetdə mövcud olduğunu, insanın elm və texnikanın köməyi ilə nə vaxtsa ora gedə bilcəyini, orada rahat və asudə yaşayacağı fərziyyəsini irəli sürmüşlər.
Bə’ziləri də axirət aləminin mövcud olduğunu inkar etmiş, behişti əxlaqi dəyərlər kimi cilvələndirmişlər və nəticədə cəmiyyətin müxtəlif nümayəndələri və görkəmli şəxsiyyətləri onlara ürək bağlamış, dünya və axirət arasındakı fərqləri də dəyər və qazanc arasındakı fərqlər hesab etmişlər.
Birinci dəstədən olanlardan soruşmalıyıq ki, əgər axirət behişti hansısa planetdədirsə və gələcək nəsillər oraya çata biləcəksə, onda Qur’anda göstərildiyi kimi qiyamətdə insanların yenidən dirilməsi və bir yerə toplanmasının nə mə’nası var? Orada keçmişdəkilərin əməl və rəftarlarının mükafat və cəzası necə veriləcəkdir?
Həmçinin, ikinci dəstədən soruşmalıyıq ki, behişt əxlaqi dəyərlərdən başqa bir şey deyilsə (və təbii olaraq cəhənnəm də əxlaqa zidd olan dəyərlərin əksinə olan şeylərdən başqa bir şey deyilsə) onda Qur’an, məadın varlığına və insanların öldükdən sonra yenidən dirilməsinə bu qədər israr etməkdə hansı məqsədi güdür? Yaxşı olmazdımı ki, ilahi peyğəmbərlər həmin mə’nanı aşkar şəkildə bəyan edəydilər ki, bu qədər ittihamlara, e’tirazlara və s. kimi şeylərə düçar olmayaydılar?!
Bu kimi xurafatçı sözləri bir kənara qoyduqda da filosofların və mütəkəllimlərin məadın cismani yoxsa ruhani olacağı, eləcə də, qiyamətdə maddi aləmin tamamilə məhv olub aradan gedib-getməyəcəyi, axirətdəki bədənin eynilə dünyadakı kimi, yoxsa digər formada olacağı və s. kimi məsələlər barəsində ixtilafları ilə qarşılaşırıq.
Gerçəkliklərin aşkar olunması həqiqətlərə yaxınlaşmaq yolunda əqli və fəlsəfi sə’ylər nə qədər təqdirəlayiq iş olsa və onların sayəsində düşüncələrin zəif və güclü nöqtələri nə qədər aşkar olsa belə, bu bəhslər vasitəsi ilə axirət aləmi ilə əlaqədar olan mətləbləri heç vaxt olduğu kimi dərk edə biləcəyimizi qəbul etməliyik.
Doğrusu, görəsən indiyə qədər bu dünya aləminin bütün həqiqətləri kamil şəkildə kəşf olunubmu? Görəsən, müxtəlif təbiət elmləri sahəsində çalışan mütəxəssislər, elm adamları, o cümlədən, fiziklər, kimyaçılar, bioloqlar maddə, enerji və müxtəlif qüvvələrin həqiqətlərini olduğu kimi kəşf edə biliblərmi? Görəsən, bu dünyanın gələcəyi barədə qəti bir nəzər söyləyə bilərlərmi? Görəsən, misal üçün, cazibə qüvvəsinin dünyadan götürüləcəyi, yaxud elektronların hərəkətdən düşəcəyi təqdirdə nə kimi hadisələrin baş verəcəyini bilirlərmi? Ümumiyyətlə, belə hadisələr baş verəcəkmi?
Görəsən, filosoflar bu dünya ilə əlaqədar olan əqli məsələlərin hamısını dəqiq şəkildə həll edə biliblərmi? Cisimlərin, müxtəlif növ varlıqların həqiqəti, ruhla bədənin əlaqəsi və s. kimi məsələlər barəsində əlavə tədqiqata ehtiyac yoxdurmu?
Belə isə, barəsində heç bir təcrübəmiz olmayan o aləmin (axirət aləminin) həqiqətini dərk etmək üçün bu elmlərdən, özümüzün məhdud düşüncə və naqis fikirlərimizdən necə kömək ala bilərik? Əlbəttə, bəşər elminin çatışmazlıqları həqiqətlərin üzərindən pərdələrin götürülməsinin qeyri-mümkün olması, yaxud, bu yolda aparılan çalışmaların dayandırılması demək deyil. Şübhəsiz, biz Allah verən əql qüvvəsi ilə həqiqətlərin çoxunu dərk edirik. Eləcə də hiss və təcrübənin köməyi ilə təbiətin sirlərindən çoxunu kəşf edə bilirik. Əlbəttə, öz elm və biliyimizi artırmaq yolunda elmi və fəlsəfi sə’ylərimizi davam etdirməliyik. Amma, həmişə əqlin qüdrəti və təcrübi elmlərin sərhədlərini tanımalı, qürurlanmamalı və bu ayəni yada salmalıyıq:
“Elmdən sizə yalnız az bir miqdar əta olunubdur.»
Bəli, həm elmi və məntiqi reallıq, həm hikmətə bağlı olan təvazökarlıq, həm də dini məs’uliyyət və ehtiyat tələb edir ki, qiyamətin həqiqətləri və qeyb aləmi barəsində qəti fikir yürütməkdən, heç bir dəqiq fakta söykənməyən nəzəriyyələrdən uzaq olaq. Biz bu işləri yalnız əqli dəlillərin və Qur’anın açıq-aşkar bəyanları həddində görə bilərik. Ümumiyyətlə, hər bir mö’min şəxsin Mütəal Allah tərəfindən nazil olanlara, xüsusilə əql və təcrübənin hüdudlarından kənarda olan, elmimizin qüdrəti çatmayan şeylər barəsində imanlı olması kifayətdir. Hərçənd, onun incəliklərini dəqiq şəkildə müəyyən edib müfəssəl şəkildə açıqlaya bilməsə belə.
İndi görək axirət aləminin əlamət və xüsusiyyətlərini əql yolu ilə nə dərəcədə dərk etmək və onun dünya aləmi ilə olan fərqlərini necə bəyan etmək olar.
ƏQL NƏZƏRİNDƏN AXİRƏT ALƏMİNİN XÜSUSİYYƏTLƏRİ
Məadın zərurəti barəsində qeyd olunan dəlil-sübutlarda dərindən diqqət yetirməklə axirət aləminin xüsusiyyətləri barəsində bə’zi müəyyən nəticələr əldə etmək olar. Onların ən mühümləri aşağıdakılardır:
1.Axirət aləminin, xüsusilə, birinci dəlildən əldə olunan ilk xüsusiyyəti bundan ibarətdir ki, o, əbədi olmalıdır. Çünki həmin dəlilə əsasən əbədi həyatın mümkünlüyü və insanın fitri olaraq belə bir həyata meyl etməsi mə’lum olur. Onun gerçəkləşməsi də ilahi hikmətə əsaslanır.
2.Hər iki dəlildən əldə olunan və birinci dəlilə də işarə olunan digər bir xüsusiyyət bundan ibarətdir ki, axirət aləminə hakim olan quruluşda ne’mət və rəhmət xalis, hər növ əzab-əziyyətdən və zəhmətdən uzaq olmalıdır ki, insaniyyətin kamal həddinə çatan, qətiyyən günah və azğınlığa qurşanmayan şəxslər belə bir səadətdən bəhrələnsinlər. Amma dünya həyatında belə bir mütləq səadət mümkün deyildir; dünyadakı səadət və xoşbəxtliklərin özü də nisbi şəkildə əzab-əziyyətlərə mənsub edilir.
3.Axirət aləminin üçüncü xüsusiyyəti bundan ibarətdir ki, bu aləm əzab və rəhmət üçün bir-birindən ayrı olan iki hissədən təşkil olunmalıdır ki, yaxşı əməl sahibləri ilə pis əməl sahibləri bir-birindən tamamilə ayrılsın və hər biri öz əməllərinin nəticəsinə çatsın. Bu iki bölmə də şəriətdə behişt və cəhənnəm adlandırılır.
4.Xüsusilə, ilahi ədalətə əsaslanan dəlildən əldə olunan dördüncü xüsusiyyət bundan ibarətdir ki, axirət aləmi elə geniş səviyyəli olmalıdır ki, bütün insanların hər növ yaxşı və pis əməl sahibi olmaları ilə əlaqədar onlara mükafat və cəzasının verilmə imkanı da olsun. Misal üçün, əgər bir şəxs milyonlarla insanı nahaq yerə qətlə yetiribsə, onun həmin dünyada cəzalandırılması mümkün olsun. Bunun müqabilində də, əgər bir şəxs milyonlarla insanın asayiş və gözəl həyatına şərait yaradıbsa, onun əməlinə müvafiq mükafat verilməsi mümkün olsun.
5.Ədalətə əsaslanan dəlil vasitəsilə əldə olunan digər bir mühüm xüsusiyyət bundan ibarətdir ki, axirət aləmi təklif aləmi deyil, cəza və əvəz aləmi olmalıdır.
İzah:
Dünya həyatı elə qurulmuşdur ki, burada insan bir-birinə zidd olan, bir-birinin əksinə olan meyl və rəğbətlərə malikdir. Həmişə iki yol ayrıcında olur və onlardan birini seçməyə məcburdur. Bu məsələ də, onun ömrünün axır anlarına qədər davam etdiyi üçün ilahi təklifdən ötrü şərait yaradır. Allahın hikmət və ədaləti də bunu tələb edir ki, ilahi təklifə əməl edənləri layiqli mükafata çatdırsın, imtina edənləri isə layiqli şəkildə cəzalandırsın. Həmin təklifdən ötrü zəmin və yolun seçilməsi üçün şərait axirət aləmində də mövcud olarsa, Allahın rəhməti təklifin yerinə yetirilməsinə və yolun seçilməsinə mane olmamağı tələb edir. Beləliklə, orada görülən əməllərin əvəzi üçün də digər bir aləm lazım olur. Həqiqətdə axirət kimi fərz etdiyimiz aləm hazırda yaşadığımız kimi digər bir dünya hesab olunacaqdır. Lakin həqiqi axirət heç vaxt təklif, imtahan və bunlar üçün zəminənin mövcud olduğu yer olmayan yekun bir axirət aləm olacaqdır.
Məhz buradan da dünya və axirət aləmləri arasındakı ən mühüm fərq aydın olur. Yə’ni dünya aləmi elə bir aləmdir ki, onda seçim və sınaqlardan ötrü zəmin vardır. Axirət aləmi isə yalnız yaxşı və pis əməllərin əbədi nəticələrinin, cəza və mükafatlarının həyata keçdiyi yerdir:
«Bu gün hesabsız əməl günüdür. Sabah isə əməlsiz hesab günüdür.»
SUALLAR

3.Axirət aləminin xüsusiyyətlərini hansı yolla dərk edə bilərik?
4.Əql nəzərindən axirət aləminin xüsusiyyətlərini şərh edin.

ƏQİDƏ ÜSULLARININ TƏ’LİMİ KİTABINDAN…

 

 

 

 

QIRX DOQQUZUNCU DƏRS-ÖLÜMDƏN QİYAMƏTƏ QƏDƏR
–Müqəddimə
–Bütün insanlar öləcək
–Canları alan
–Canın asan və ya çətin çıxması
–Ölüm halında iman və tövbənin qəbul olunmaması
–Dünyaya qayıdış arzusu
–Bərzəx aləmi
MÜQƏDDİMƏ
Qeyd olunduğu kimi, biz öz məhdud elmimiz vasitəsi ilə axirət aləminin və ümumiyyətlə, qeyb aləminin həqiqəti barəsində tam təsəvvürə malik ola bilmərik. Sadəcə olaraq, bir sıra əqli dəlillər və vəhy vasitəsilə əldə olunan müəyyən mə’lumat əldə edə bilərik. Keçən dərsdə əqli dəlillərin nəticəsi olan axirətin ümumi xüsusiyyətlərindən bə’ziləri qeyd olundu. İndi isə Qur’andan əldə olunan bə’zi xüsusiyyətləri araşdırırıq.
Əlbəttə, axirət aləminin xüsusiyyətləri barəsində işlədilən sözlərdən bə’zilərinin mütəşabeh (bənzədilən) olması, həmçinin onları eşitdikdə zehnimizdə yaranan təsəvvürlərin onun gerçək nümunələri ilə dəqiq şəkildə müvafiq olmaması da mümkündür. Bunun da səbəbi bəyanın çatışmamazlığına deyil, bizim idrak qüvvəmizdə mövcud olan çatışmazlığa əsaslanır. Çünki zehnimizin imkanlarına diqqət yetirməklə o həqiqətlər barədə bizdə təsəvvür oyada biləcək ən yaxşı sözlər məhz Qur’anın seçdiyi sözlərdir. Qur’anın bəyanları axirətin başlanğıc anlarına (ölüm anlarına) da aid olduğundan söhbətimizi insan ölümü ilə başlayırıq.
BÜTÜN İNSANLAR ÖLƏCƏKDİR
Qur’ani-kərim bütün insanların (hətta bütün canlıların) öləcəyini və heç kəsin bu aləmdə əbədi olaraq diri qalmayacağını bildirir:
«Yer üzündə olan hər kəs fanidir (ölümə məhkumdur).»
«Hər kəs ölüm şərbətini dadacaqdır.»
Peyğəmbərə (s) xitabən buyururlur:
«Həqiqətən sən (də) öləcəksən və onlar (da) öləcəklər.»
«Səndən qabaq heç bir insan üçün əbədilik qərar verməmişik. Belə isə, əgər sən ölsən, onlar əbədi olaraqmı qalacaqlar?!»
Deməli, ölümü istisnasız olaraq dünyanın bütün canlı varlıqları üçün ümumi bir qanun kimi qəbul etmək lazımdır.
CANLARI ALAN
Qur’ani-kərim bir tərəfdən canın alınmasını Mütəal Allaha mənsub edərək buyurur:
«Allah canları, onlar öldüyü vaxt alır.»
Digər tərəfdən isə ölüm mələyini bu iş üçün tə’yin olunmuş mə’mur kimi təqdim edir:
«De: Sizin üçün tə’yin olunan ölüm mələyi sizin canınızı alacaqdır.»
Başqa bir yerdə isə canın alınmasını Allahın göndərdiyi başqa mələklərə istinad verir:
«…Sizlərdən hər hansı birinin ölüm vaxtı çatan zaman Bizim (göndərdiklərimiz) mələklər onun (canını) alar.»
Aydındır ki, əgər bir nəfər öz işini başqasının əli ilə görürsə həmin işin hər ikisinə aid edilməsi düzgündür. Əgər ikinci də həmin iş üçüncünün vasitəsilə həyata keçirirsə, onda bu iş üçüncüyə də aid olur. Mütəal Allah da canların alınmasını ölüm mələyinin vasitəsi ilə yerinə yetirdiyindən və o da öz fərmanı altında olan başqa mələklərdən istifadə etdiyindən hər üçünə aid edilməsi düzgündür.
CANIN ASAN VƏ YA ÇƏTİN ALINMASI
Qur’ani-kərimdən mə’lum olur ki, Allah tərəfindən tə’yin olunan mə’murlar insanların hamısının canını eyni səviyyədə almırlar. Onlardan bə’zilərinin ruhunu rahatlıqla və ehtiramla, başqalarınınkını isə çox kobud surətdə və təhqirlə alırlar. Qur’anda mö’minlər barəsində buyurulur:
«O kəslər ki, mələklər onların canlarını çox rahatlıqla alıb onlara salam verir (və ehtiram göstərirlər).»
Kafirlərin barəsində isə belə buyurulur:
«O zaman ki, mələklər kafirlərin ruhunu alarlar, onların üzlərinə və kürəklərinə vurarlar.»
Hətta demək olar ki, həm mö’minlərin öz aralarında iman dərəcəsinə görə, həm də kafirlərin öz aralarında küfr dərəcələrinə görə canın asan və ya çətin verilməsində müəyyən fərqlər də vardır.
ÖLÜM HALINDA TÖVBƏ VƏ İMANIN QƏBUL OLUNMAMASI
Günahkarlar və kafirlər əcəllərinin gəlib çatdığını gördükdə, artıq dünya həyatından ümidsiz olduqda öz keçmiş yaramaz əməllərindən tövbə etmək qərarına gəlirlər. Lakin belə tövbə heç vaxt onlardan qəbul olunmur. Qur’ani-kərim bu barədə buyurur:
«Pərvərdigarının ayələrindən bə’ziləri onlara gəldiyi zaman əvvəllər iman gətirməyən, yaxud, iman halında yaxşı iş görməyən şəxslərin imanı onlar üçün faydalı olmaz.»
«Pis işlər görənlərin və hər hansı birinin (yalnız) ölüm vaxtı çatan zaman “indi tövbə etdim” deməsi ilə tövbəsi qəbul olunmaz.»
Fir’on haqqında nəql olunur ki, qərq olma anında belə dedi:
«Bəni-İsrailin iman gətirdiyi Allahdan başqa heç bir mə’budun olmadığına iman gətirdim və mən müsəlmanlardanam!»
Onun cavabında isə belə buyurulur:
«Əvvəllər itaətsizlik edib fəsad törətdiyin halda indimi (tövbə edib iman gətirirsən)?!»
DÜNYAYA QAYIDIŞ ARZUSU
Qur’ani-kərim kafirlərin və pis əməl sahiblərinin dilindən onların ölüm vaxtları gəlib çatanda, yaxud onlara həlakedici bəla nazil olan zaman yenidən dünyaya qayıtmaq, iman gətirib yaxşı əməl sahibi olmaq, yaxud, keçmiş əməllərindən tövbə etməkdən ötrü Allahdan onları dünyaya qaytarmasını arzu etdiklərini nəql edir. Lakin belə arzular və istəklər heç vaxt həyata keçməz. Bə’zi ayələrdə əlavə olaraq qeyd edilir ki, əgər onlar yenidən bu dünyaya qaytarılsalar yenə də öz əvvəlki azğınçılıq yollarını və yaramaz əməllərini davam etdirəcəklər. Onlar qiyamətdə də belə arzu edəcəklər. Sözsüz ki, onların orada da cavabı qəbul edilməyəcəkdir:
«Nəhayət, onlardan birinin ölümü gəlib çatdığı zaman o belə deyər: “Pərvərdigara! Məni dünyaya qaytar, bəlkə (indiyə qədər) etdiyim ömrün müqabilində yaxşı işlər görüm! Tərk etdiyim əməlləri yerinə yetirim!” Heç vaxt! Bu onun dediyi boş bir sözdür.»
«(Qur’ana tabe olun ki, sonradan bir nəfər) əzabı gördüyü zaman “kaş bir dəfə də (dünyaya) qayıda biləydim, yaxşı işlər görənlərdən olaydım!» – deməsin.»
«Gətirilib od üstündə saxlandıqları zaman sən onların: «Kaş ki, biz dünyaya qaytarılıb Rəbbimizin ayələrini yalan hesab etməməydik və mö’minlərdən olaydıq» – demələrini görəydin!»
«Kaş günahları öz Rəbblərinin hüzurunda başlarını aşağı dikib: «Ey Rəbbimiz! Gördük, eşitdik indi bizi (dünyaya) qaytar ki, yaxşı iş görək. Biz tam yəqinliklə inandıq!» – deyəndə görəydin!»
Bu ayələrdən mə’lum olur ki, axirət aləmi yol seçimi və vəzifələrə əməl etmək yeri deyildir. Hətta ölüm zamanı, yaxud axirət aləmində hasil olan yəqinin belə insanın təkamülündə heç bir tə’siri yoxdur və bu iş mükafatlandırılmağa səbəb olmur. Buna görə də kafirlər və günahkarlar dünyaya qayıdaraq ixtiyar üzündən iman gətirmək və layiqli işlər görmək arzusu edərlər.
BƏRZƏX ALƏMİ
Qur’an ayələrindən mə’lum olur ki, insan öldükdən sonra və qiyamət bərqərar olmamışdan əvvəl müəyyən müddət qəbir və bərzəx aləmində qalacaqdır. Burada o, müəyyən qədər şadlıq və ləzzət hissi keçirəcək, yaxud qəm-qüssə və əzab-əziyyətə düçar olacaqdır. Çoxlu rəvayətlərdə qeyd olunur ki, günahkar mö’min bu müddətdə qiyamət aləminə günahsız gəlməkdən ötrü öz günahlarına münasib olan əzab-əziyyət və çətinliklərə düçar olmaqla paklanır.
Bərzəx aləmi ilə əlaqədar ayələrin ətraflı şəkildə araşdırılıb təfsir olunmağa ehtiyacı olduğundan bu fikirdən keçir, yalnız bir ayə zikr etməklə kifayətlənirik:
«Onların önündə dirilib (haqq-hesab üçün Allahın hüzurunda) duracaqları günə (qiyamət gününə) qədər maneə (bərzəx aləmi) vardır.»

SULLAR
1.Qur’anın insanın dünyada əbədi olmaması barədə olan ayəsini izah edin.
2.İnsanın canını kim alır? Bununla əlaqədar ayələr arasındakı ziddiyyət necə aradan qaldırılır?
3.Canların alınmasında nə kimi fərqlər vardır?
4.Qur’anın ölüm halında tövbə etmək və iman gətirməklə əlaqədar olan ayələri izah edin.
5.Qur’ani-kərim dünyaya hansı növ qayıdışı inkar edir? Bu qayıdışın rəc’ətə e’tiqadla ziddiyyəti varmı? Nə üçün?
6.Bərzəx aləmi barəsində mə’lumat verin.
ƏQİDƏ ÜSULLARININ TƏ’LİMİ KİTABINDAN…

 


more post like this