–Canlı varlıqlarda vəhdətin me’yarı
–İnsan varlığında ruhun mövqeyi
CANLI VARLIQLARDA VƏHDƏTİN ME’YARI
İnsanın bədəni digər canlı varlıqlar kimi müəyyən hüceyrələrdən, toxumalardan təşkil olunmuşdur ki, onların daxilində daim kimyəvi reaksiyalar və maddələr mübadiləsi baş verir. Amma onların sayı dünyaya gəldiyi gündən ömrünün sonuna qədər dəyişilmir. Toxumaların sayı həmişə sabit qalır.
Bütün canlıların, xüsusilə insanın bədənində baş verən bu dəyişikliklərə diqqət yetirməklə belə bir sual yaranır ki, daim dəyişilməkdə olan bu məcmuə hansı əsasa və me’yara görə vahid bir varlıq hesab olunmalıdır? Halbuki həyat boyunda onun hissələri bir neçə dəfə tamamilə dəyişir.
Bu suala verilən sadə cavab bundan ibarətdir ki, hər bir canlı varlıqda vəhdətin me’yarı onun hissələrinin həm eyni zamanda, həm də müxtəlif zamanlardakı bağlılıqlarıdır. Baxmayaraq ki, müəyyən hüceyrələr tədrici olaraq ölür və onların yerini yeni hüceyrələr tutur. Amma bu cərəyanın bağlılığı (tədricən baş verməsi) baxımından yenidən qurulan bu məcmuəni vahid bir varlıq hesab etmək olar.
Amma bu, qaneedici cavab deyildir. Çünki biz sayı müəyyən olan kərpiclərdən təşkil olunan müəyyən bir binanı təsəvvür edə bilərik. Belə ki, onun kərpiclərini tədrici olaraq elə dəyişmək olar ki, müəyyən müddətdən sonra əvvəlki kərpiclərdən heç biri qalmasın. Təzə kərpiclər məcmuəsini əvvəlki bina hesab etmək olmaz. Amma zahiri formasını nəzərə aldıqda ona bu adı vermək olar. Xüsusilə həmin məcmuəni təşkil edən kərpiclərin dəyişilməsindən xəbərsiz olan şəxslər tərəfindən belə həmin tə’bir işlədilə bilər.
Yuxarıdakı cavabı belə təkmilləşdirmək olar ki, bu tədrici dəyişikliklər məcmuənin vəhdətinə o zaman zərər yetirmir ki, təbii və batini amil əsasında baş vermiş olsun. Belə ki, canlı varlıqlarda bu tamamilə müşahidə olunur. Amma hər hansı bir binanın kərpiclərinin dəyişdirilməsi xarici amillər tərəfindən olduğundan hissələrin dəyişdirilməsi dövründə bu həqiqi vəhdəti onlara mənsub etmək olmaz.
Bu cavab vahid təbii amilin qəbul edildiyi təqdirdədir. Belə ki, o bu dəyişikliklər cərəyanında həmişə qalır, orqanizmin üzvlərinin nəzm və həmahəngliyini qoruyub saxlayır. Deməli, bu amilin özü barəsində sual yaranır və “onun həqiqəti nədən ibarətdir? Onun vəhdətinin me’yarı hansıdır?” – deyə soruşulur.
Məşhur fəlsəfi nəzəriyyəyə uyğun olaraq hər bir təbii varlıqda vəhdətin me’yarı bəsit (qeyri-mürəkkəb) və hiss olunmayan bir varlıq olan təbiət, yaxud surətdən ibarətdir ki, maddədəki dəyişikliklərdən tə’sirlənmir. Qidalanma, inkişaf, nəsil artırma və s. kimi müxtəlif fe’lləri və fəaliyyətləri yerinə yetirən canlı varlıqlarda bu amil “nəfs “ adlandırılır.
Qədim filosoflar bitki və heyvanlara məxsus olan nəfsi maddi, insana məxsus olan nəfsi isə mücərrəd hesab edirdilər. Lakin İslam filosoflarından çoxu, o cümlədən, Sədrül-Mütəəllihin Şirazi heyvan nəfsinin də təcərrüdün müəyyən mərtəbəsinə malik olduğunu demiş, şüur və iradəni mücərrəd varlığın əlamətlərindən hesab etmişdir. Amma varlığın yalnız maddədə və onun xassələrində çərçivələndiyini iddia edən materialistlər mücərrəd ruhu inkar edirlər. Müasir materialistlər (pozitovistlər kimi) hiss olunmayan hər bir şeyi inkar edir, heç olmazsa hiss olunmayan bir şeyi də qəbul etmirlər və təbiidir ki, onlar canlı varlıqlarda vəhdətin me’yarı üçün düzgün bir cavab da verə bilmirlər.
Bitkilərdə vəhdətin me’yarının onlardakı nəbati nəfs olduğunu qəbul etdikdə nəbati həyat müstəidd (iste’dadlı) maddələrdə xüsusi nəbati nəfs və surətin varlığına bağlı olur və maddənin iste’dadarı aradan getdikdə nəbati surət, yaxud nəfs də məhv olub aradan gedir. Həmin maddənin yenidən nəbati surəti qəbul etmək iste’dadına malik olmasını fərz etdikdə onlara yeni nəbati nəfs verilir. Lakin biri köhnə, digəri isə təzə olan bitki bir-birinə tam oxşar olduğu halda onların həqiqi vəhdəti olmayacaq və dəqiq nəzərlə yeni bitkini əvvəlki bitki hesab etmək olmaz.
Amma heyvan və insana gəldikdə isə, onların nəfsi mücərrəd olduğundan bədənləri çürüyüb aradan getdikdən sonra da qala bilər. Yenidən bədənlə əlaqə yaratdığı halda şəxsin vəhdətini (“bu, elə odur” deyilə biləcək surətdə) hifz edər. Belə ki, ölümdən qabaq da həmin ruhun vəhdətinin şəxsin vəhdət me’yarı idi. Bədəndəki maddələrin dəyişikliyə uğraması şəxsin birdən artıq şəxsə çevrilməsinə səbəb olmur. Amma əgər bir şəxs insanın və ya heyvanın varlığının yalnız hiss olunan bədən və onun xassələri və zahiri xüsusiyyətləri ilə xülasələndirsə, ruhu da bədənin xüsusiyyətlərindən təşkil olunan məcmuədən biri saysa, hətta əgər onu hiss olunmayan surət deyil, amma maddə hesab etsə və “bədənlərin çürüyüb aradan getməsi ilə o da aradan gedir” desə, belə bir şəxs məad barəsində düzgün təsəvvürə malik ola bilməz. Çünki bədənin həyat üçün yeni iste’dad tapması fərz olunduqda onlarda yeni xüsusiyyətlər vücuda gəlir və bu zaman vəhdət üçün həqiqi bir me’yar qalmır, çünki əvvəlki xasiyyətlərin tamamilə məhv olması və yeni xasiyyətlərin yaranması fərz olunur.
Bir sözlə, ölümdən sonrakı həyatı yalnız o zaman düzgün şəkildə təsəvvür etmək olar ki, ruhu bədəndən, bədənin xüsusiyyətlərindən tamamilə başqa bir şey hesab edək. Hətta onu bədənə daxil olan və onun aradan getməsi ilə məhv olan maddi surət də hesab etməməliyik. Deməli, əvvəla, ruhun varlığını qəbul etməliyik. İkincisi, onu bədənə oxşar xüsusiyyətlər deyil, xüsusi mahiyyətə malik olduğunu qəbul etməliyik. Üçüncüsü, onu müstəqil və bədənin məhv olmasından sonra yaşamağa qabil olan bir mücərrəd varlıq hesab etməliyik. Amma bədənə daxil olub və bədənin məhv olması ilə məhv olan surət kimi qəbul etməməliyik.
RUHUN İNSAN VARLIĞINDAKI MÖVQEYİ
Burada qeyd olunmalı digər bir məsələ də budur ki, insanın ruh və bədəndən təşkil olunması oksigen və hidrogendən təşkil olunan su kimi deyildir ki, onların bir-birindən ayrılması ilə mürəkkəb birləşmədən ibarət olan müstəqil bir varlıq məhv olub aradan getsin. Əksinə, ruh insanın əsl ünsürüdür və o qaldığı bir müddətə qədər insanın insaniyyəti və şəxsiyyəti qorunub saxlanılır. Məhz buna görə də bədənin hüceyrələrinin və toxumalarının dəyişilməsi şəxsin vəhdətinə heç bir zərər vurmur. Çünki insanın həqiqi vəhdətinin me’yarı onun ruhundan ibarətdir.
Qur’ani-kərim bu həqiqətə işarə etməklə məadı inkar edən və “insanın bədəninin çürüyüb dağıldıqdan sonra yeni bir həyata qədəm qoyması necə mümkündür?!» deyən inkarçıların cavabında buyurur:
“De: (Siz tam məhv olmursunuz, əksinə,) sizə vəkil olunan ölüm mələyi sizi (sizin canınızı) alır.»
Deməli, hər kəsin insaniyyət və şəxsiyyətinin həqiqəti ölüm mələyinin aldığı şeydir, nəinki, onun yerdə qalıb çürüyən bədəni.
SUALLAR
1.Bir məcmuənin dəyişkənliyə mə’ruz qalan hissələrinin bağılılığını onun vəhdətinin me’yarı hesab etmək olarmı? Nə üçün?
2.Orqanik tərkiblərin vəhdəti üçün daha hansı bir me’yar göstərmək olar?
3.Mürəkkəb varlıqların, xüsusilə canlı varlıqların vəhdəti barəsində məşhur fəlsəfi nəzəriyyə hansıdır?
4.Təbii surət və nəfs arasındakı fərq nədir?
5.Nəbati nəfsin heyvani və insani nəfslə nə kimi fərqləri var? Bu fərqin məad məsələsində nə kimi tə’siri vardır?
6.Məad barəsində düzgün təsəvvür yaratmağın hansı prinsiplərə ehtiyacı vardır?
7.İnsanın ruh və bədəndən ibarət olması kimyəvi tərkiblərlə nə kimi fərqləri vardır?
ƏQİDƏ ÜSULLARININ TƏ’LİMİ KİTABINDAN…

QIRX ÜÇÜNCÜ DƏRS-RUHUN MÜCƏRRƏDLİYİ
–Müqəddimə
–Ruhun mücərrədliyinə əqli dəlillər
–Qur’an dəlilləri
MÜQƏDDİMƏ
Mə’lum oldu ki, məad məsələsi ruh məsələsi üzərində qurulmuşdur. Yə’ni o zaman “öldükdən sonra dirilən şəxs elə əvvəlki şəxsdir» demək olar ki, onun bədəni çürüdükdən sonra ruhu diri qalsın. Başqa sözlə desək, hər bir insan maddi bədəndən əlavə, qeyri-maddi (mücərrəd) və bədəndən fərqlənən, xüsusi mahiyyətə malik olan ruha da malikdir. Belə fərz olunmadığı halda isə həmin şəxsin yeni bir həyat təsəvvür etməsi ağlasığan olmayacaqdır.
Deməli, məadın isbat olunması, məad və onunla əlaqədar məsələlərin bəyan olunmasından öncə bu mətləb isbat olunmalıdır. Buna görə də bu dərsi həmin mövzu ilə əlaqələndirir, onun isbat olunması üçün iki yolla: əql və vəhy yolu ilə dəlil gətiririk.
RUHUN MÜCƏRRƏDLİYİNƏ DAİR ƏQLİ DƏLİLLƏR
Qədim zamanlardan filosoflar və hikmət sahibləri ruh barəsində (bu, fəlsəfi istilahda nəfs adlanır) çoxlu bəhslər aparmışlar, xüsusilə İslam filosofları bu məsələ ilə əlaqədar həddindən artıq ciddiyyət göstərmiş, öz fəlsəfi kitablarının mühüm bölmələrini bu məsələyə həsr etmişlər. Həmçinin, bu zəmində ayrıca kitablar yazmış, ruhu bədənin bir hissəsi, yaxud maddi surətə malik olan varlıq kimi təsəvvür edənlərin nəzərlərini çoxlu dəlillərlə rədd etmişlər.
Aydındır ki, belə bir mühüm mövzu barədə geniş bəhs aparmaq bu kitabın həcmi ilə münasib deyildir. Buna görə də qısa bəhs aparmaqla kifayətlənəcək və çalışacağıq ki, bu fəsildə aydın və eyni zamanda dəlil-sübut əsasında olan bəyanları təqdim edək. Bir neçə əqli dəlildən ibarət olan bu bəyanları aşağıdakı müqəddimə ilə başlayırıq:
Biz bədənimizin rəngini və formasını öz gözlərimizlə görür, onun yumşaq və ya bərk olmasını lamisə hissi ilə ayırd edir, bədənimizin daxili aləmindən yalnız birbaşa olmayan yollarla mə’lumat əldə edə bilirik. Amma özümüzün qorxu, mehr-məhəbbət, qəzəb, iradə və təfəkkürümüzü bədənimizin hiss üzvlərinin köməyi olmadan dərk edirik. Həmçinin bu kimi ruhi halətlər, atifələr və hisslərə malik olan «mən» barəsində hiss üzvlərinə ehtiyac duymadan agahlıq əldə edirik.
Deməli, insan ümumi halda iki növ idrakdan faydalanır: Biri bədənin hissi üzvləri vasitəsilə olan idrak, digəri isə bu hiss üzvlərinə ehtiyacı olmayan idrak.
Digər məsələ bundan ibarətdir ki, hissi idraklarda baş verən müxtəlif xətalara diqqət yetirməklə bu idrakda xəta ehtimalının olması nəticəsinə gəlirik. Amma ikinci qism idraklarda heç bir xəta, səhv, şəkk və şübhədən söhbət gedə bilməz. Məsələn, birinin öz dərisinin rəngini həqiqətdə də hiss etdiyi kimi olub-olmamasında şəkk etməsi mümkündür. Amma heç kəs özünün idraka malik olub-olmamasında, qərara gəlib-gəlməməsində, şəkkə düşüb-düşməməsində şəkk edə bilməz! Bu da fəlsəfədə aşağıdakı tə’birlə bəyan olunan mətləbdir:
Hüzuri-elm birbaşa həqiqətlərin, gerçəkliklərin özünə nüfuz edir və buna görə də onda xətaya yer yoxdur, amma hüsuli-elm idrakı surət vasitəsilə baş verdiyindən zatən onda şəkk və tərəddüdə ehtimal verilir.
Yə’ni insanın mə’lumat və elmləri içərisində ən çox yəqinliyə malik olanı hüzuri elm və şühudi mə’lumatlardır ki, bu da insanın öz nəfsinə, hisslərinə, atifələrinə və s. ruhi halətləri barəsində olan elmdən ibarətdir. Deməli, dərk edən, düşünən, qərara gələn «mən»in varlığında qətiyyən şəkk oluna bilməz. Eləcə də qorxu, mehr-məhəbbət, qəzəb, həyəcan, düşüncə və iradə barəsində də şəkkə yol yoxdur.
İndi belə bir sual yaranır ki, bu «mən» maddi və hiss olunandırmı və bu kimi ruhi halətlər də bədənin zahiri xüsusiyyətlərindən sayılır, yoxsa, onların varlıqları bədənin varlığından tamamilə başqadır? «Mən»in bədənlə çox sıx və qırılmaz rabitəyə malik olmasına və öz işlərindən çoxunu bədənin vasitəsilə yerinə yetirməsinə baxmayaraq, həm ona tə’sir qoyub, həm də ondan tə’sirlənirmi?
Yuxarıdakı müqəddiməyə diqqət yetirməklə bu sualın cavabı asanlıqla mə’lum olur. Çünki:
Əvvəla, «mən»i hüzuri elm ilə başa düşürük. Lakin bədəni hiss orqanları vasitəsilə dərk etməliyik. Deməli, «mən» (nəfs və ruh) bədəndən tamamilə fərqlənir.
İkincisi, «mən» elə bir varlıqdır ki, uzun illər boyu vəhdət halında və şəxsiyyətin həqiqətilə qalır və biz bunu xətaya yol verilməyən hüzuri elm ilə dərk edirik. Halbuki, bədən üzvləri dəfələrlə dəyişikliyə mə’ruz qalır, əvvəlki və sonradan gələn üzvlər həqiqi bir vəhdət təşkil etmir.
Üçüncüsü, «mən» bəsit və hissələrə ayrılmayan bir varlıqdır. Misal üçün, onu «mənim yarım» olaraq iki yerə bölmək olmaz. Halbuki, bədənin üzvləri çoxdur və bölünməyə qabildir.
Dördüncüsü, hiss, iradə və sair kimi ruhi halətlərdən heç biri maddiyyatın əsl xasiyyətlərinə, yə’ni dartılma, bölünmə və s. malik deyildir. Belə qeyri-maddi işləri maddənin (bədənin) xüsusiyyətlərindən hesab etmək olmaz. Deməli, bu xüsusiyyətin əsası qeyri-maddi (mücərrəd) mahiyyətə malikdir.
Ruhun varlığına, bədən öldükdən sonra onun müstəqil şəkildə qalmağına dair ən çox ürəyəyatan və xatircəmlik gətirən dəlillərdən biri doğru yuxulardır. Belə ki, bə’zi şəxslər öldükdən sonra düzgün mə’lumatları yuxugörənin ixtiyarına verirlər. Eləcə də ilahi övliyaların kəramətləri və hətta yoqların işlərindən bə’ziləri də ruhun varlığı və onun mücərrəd olmasını isbat etmək üçün faydalıdır. Bu məsələ ilə əlaqədar geniş bəhs bu barədə olan müfəssəl kitablarda gətirilmişdir.
QUR’AN DƏLİLLƏRİ
Qur’an nəzərindən insanın ruhunun mövcud olmasında heç bir şəkk-şübhə yoxdur. Elə bir ruh ki, şərafətinin artıq dərəcədə olmasından Mütəal Allaha mənsub edilir. Belə ki, insanın yaradılışının necəliyi barəsində buyurulur:
«Allah ona – insana Öz ruhundan üfürdü.»
Bədəni yaratdıqdan sonra Özünə mənsub olan ruhu ona üfürdü. (Amma nəuzu billah, Allahın Zatından bir şey ayrılaraq insana nəql olunmadı). Həzrət Adəmin (ə) yaradılışı barəsində belə buyurulur:
«Ona Öz ruhumdan verdim.»
Başqa ayələrdən də mə’lum olur ki, ruh bədəndən, onun əlamət və xüsusiyyətlərindən tamamilə fərqlidir, hətta, bədənsiz qalmaq qabiliyyətinə belə malikdir. Qur’anda kafirlərin sözü nəql edildikdən sonra buyurulur:
Kafirlər “Biz (öldükdən və) yerdə itib-batdıqdan (bədənimizin hissələri torpağa dağıldıqdan) sonra yeni həyata malik olacağıqmı? – deyirlər.”
Onların cavabında buyurulur:
«De: (Siz itib-batmırsınız, əksinə) sizin üçün tə’yin olunan ölüm mələyi sizi (sizin ruhunuzu) alır və sonra Pərvərdigarınıza tərəf qaytarılırsınız.»
Deməli, insanın mahiyyət və şəxsiyyətinin həqiqəti onun ruhundan ibarətdir ki, ölüm mələyi vasitəsilə alınıb saxlanılır. O, bədən kimi deyildir ki, çürüyüb torpağa qarışsın.
Digər bir ayədə buyurulur:
«Allah (əcəli çatan kimsələrin) canlarını (ruhlarını) onlar öldüyü zaman, ölməyənlərin (hələ əcəli çatmayanların) canlarını isə yuxuda alar. Ölümə hökm olunmuş kimsələrin canlarını (ruhlar aləmində) saxlayar. Digər (ölümə hökm olunmamış) kimsələrin canlarını isə müəyyən bir müddətədək (əcəlləri gəlib çatana qədər yuxudan oyandıqda bədənlərinə) qaytarar.»
Zalımların necə ölməsi barəsində buyurulur:
«Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də (bu zaman) əllərini onlara tərəf uzadıb: «öz canlarınızı çıxarın (təslim olun)! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!»-dediklərini görəydin.»
Bu və bu kimi çoxlu ayələrdən mə’lum olur ki, (biz ixtisara riayət olunsun deyə bundan artığını qeyd etmirik) hər kəsin həqiqəti o şeydən ibarətdir ki, Allah, ölüm mələyi və ruhun bədəndən çıxarılması üçün tə’yin olunan digər mələklər onu alır. Bədənin məhv olması ilə ruhun davamına və insanın şəxsi vəhdətinə heç bir zərər vurulmur. Belə nəticə alınır ki, əvvəla, insanda ruh adlı bir şey vardır, ikincisi, insan ruhu bədəndən ayrı müstəqil şəkildə qalmağa qabildir və məhəllin aradan getməsi ilə məhv olan maddi surətlər və xüsusiyyətlər kimi deyildir, üçüncüsü, hər bir fərdin mahiyyəti onun ruhuna bağlıdır. Başqa sözlə desək, hər insanın həqiqəti onun ruhudur. Ruh ilə bədəni müqayisə etdikdə mə’lum olur ki, bədən sadəcə olaraq ruh üçün bir vasitə rolu oynayır.
SUALLAR
1.Hüzuri və hüsuli elmin tə’rifini deyin və fərqlərini izah edin.
2.Ruhun mücərrəd olmasına dair əqli dəlilləri bəyan edin.
3.Ruhun mücərrəd olmasını daha hansı yollarla isbat etmək olar?
4.Bu bəhslə əlaqədar ayələr hansılardır?
5.Bu ayələrdən hansı nəticələr əldə olunur?
ƏQİDƏ ÜSULLARININ TƏ’LİMİ KİTABINDAN…


more post like this