İmamiyyə məzhəbinin özünə xas olan əqidələri hansılardır?
İMAMİYYƏ ƏQİDƏSİ(2)
Bu dərsimizdə İmamiyyə məzhəbinin əqidə, nəzər və təfəkkür-tərzi barədə apardığımız söhbəti davam etdirəcək, onlara qarşı irəli sürülən iradlar barədə araşdırmalar aparacağıq.
1. BƏDA
Şiəliyin «Bəda»ya olan e᾿tiqadı bir çoxlarının e᾿tirazına səbəb olmuşdur. Onların fikrincə, «Bəda» – Allahın insanları bir şeyə əmr etməsi, sonradan onu ayrı cür düşünərək digər bir şəkildə buyurmasıdır. Belə bir e᾿tiqad şübhəsiz ki, küfr və şirkdir. Çünki, Allahın öz nəzərini dəyişməsini qəbul etmək, Ona bir növ nöqsan və çatışmazlığı aid etmək deməkdir.
İmamiyyə alimləri buna cavab olaraq deyirlər: «Bəda» – insan barədə işlənilərsə, hər hansı bir şəxsin əvvəllər e᾿tiqadı olmadığı bir şey barədə nəzər verib, sonradan yeni bir baxışa yiyələnməsinə deyilir. Bir sözlə, hər hansı bir şəxsin yeni mə᾿lumat əldə etdiyi və ya təfəkkür-tərzində dəyişikliklər yarandığı üçün nəzərdə tutduğu şeydən yayınmasına aid olunur. Hətta nəzərdə tutduğu əvvəlki işin xeyirli olmadığını başa düşüb ilk rə᾿yin əsasında yerinə yetirdiyindən peşman olsa da.
Allah-taalaya gəldikdə isə, burada «Bəda»nın rə᾿y və nəzərin dəyişilmə mə᾿nasını daşıması qeyri-mümkündür. Çünki belə bir tərzi-təfəkkür cəhl və çatışmazlığı Allaha aid etməkdən irəli gəlir. İmamiyyə şiələri isə bu fərziyyəni qətiyyətlə rədd edirlər.
İmam Cə᾿fər Sadiq (ə) buyurur: Bədanı Allaha aid edib onu «rə᾿yin dəyişməsi» kimi yə᾿ni, «Allah gördüyü işdən peşman olmuşdur» kimi mə᾿nalandıran şəxslər küfr etmişlər.
Həmçinin buyurur: «Allah-taala dünən bilmədiyi şeyi bu gün başa düşmüşdür» deyən şəxslərə nifrət edirəm.
İmamlardan gəlib çatan digər rəvayətlər də belə bir yanlış tərzi-təfəkkürlə tam ziddiyyət təşkil edir.
İmamiyyə alimləri bu kimi rəvayətlərin izahında deyirlər: «Bəda» deyildikdə, Rə᾿d surəsinin 39-cu ayəsindəki «məhv və sabitlik» nəzərdə tutulur. Orada buyurulur:
«Allah [həmin kitabda] istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar [bəndələrinə aid hər hansı bir hökmü ləğv edib başqası ilə dəyişər və ya onu olduğu kimi saxlayar]. Kitabın əsli [lövhi-məhfuz] Onun yanındadır.»
Yə᾿ni, Allah-taala hər hansı bir mətləbi peyğəmbərinin və ya onun canişininin vasitəsilə camaata aşkar etdikdən sonra, şərait dəyişildiyi və ya məsləhət ayrı cür olduğu üçün bu dəfə onun yerinə başqa bir şeyə hökm verir. İbrahim Peyğəmbərin oğlu İsmailin əhvalatını buna misal çəkmək olar: İbrahim peyğəmbər yuxuda oğlunu qurban etməli olduğunu gördükdə, tə᾿xirə salmadan ilahi hökmü icra etmək qərarına gəlir. Lakin Allah-taala onun qurban kəsilməsini əsla istəmirdi. Sadəcə olaraq, Ona iman gətirmiş həqiqi təqva sahiblərinin [yə᾿ni həzrət İbrahimin camaata] Onun qarşısında təslim olmalarını göstərmək istəyirdi.
İmam Sadiq (ə)-ın öz oğlu barədə dedikləri də məhz bu mətləbə dəlalət edir. Yə᾿ni, əvvəl hamı İsmailin imam tə᾿yin olacağını düşünürdü, lakin onun imam olmayacağı mə᾿lum olsun deyə, atasının sağlığında Allah-taala onun dünyasını dəyişdirdi. İslam dininin zühur etməsi ilə əvvəlki dinlərin hökm və qanunlarının qüvvədən düşməsini (nəsx olmasını) də buna misal çəkmək olar. Allah-taala nəsx olunmuş hökmlərin bəyanında insanlar üçün müəyyən mənafelər nəzərdə tutmuşdu ki, onlar aradan getdikdən sonra, verilmiş ilk hökm növbəti hökmlə nəsx olaraq dəyişdirilmişdir.
2. İMAMLARIN İSMƏTİ
İmamiyyə məzhəbinə qarşı söylənilən digər iradlardan biri də onların imamları mə᾿sum və günahsız hesab etmələridir. İmamiyyə alimləri bu irada cavab olaraq deyirlər: İmam (şəriət gətirməsə də,) peyğəmbərlər tək şəriətin qoruyucusu və onun keşiyində duran mə᾿sum şəxsə deyilir. Bunun üçün də onlar peyğəmbərlər kimi mə᾿sum və günahsız olmalıdırlar. İlahi hökmlərin təbliğində nə səhvə, nə də unutqanlığa yol verər, eləcə də heç vaxt günaha düçar olmazlar. Əvvəla ona görə ki, camaat nümunə olaraq şər᾿i hökmləri onlardan öyrənir. Demək, əgər imam şər᾿i hökmlərin izahında səhv və ya unutqanlığa yol verərsə, camaat haqdan uzaqlaşaraq zəlalətə düçar ola bilər.
İkincisi, imamlar xalqa nümunə olduqları üçün onlar öz həyatlarında azacıq da olsa, səhvə yol verməməlidirlər. İmamlar günaha düçar olduqları təqdirdə, bu iş başqaları üçün getdikcə adiləşəcək və təbii bir hala çevriləcəkdir. Əhzab surəsinin 33-cü ayəsində imamların mə᾿sum olduqları barədə buyurulur:
«…Siz ey [Peyğəmbərin] ev əhli! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istər.»
Ayədə istifadə olunun «rics» kəlməsi hər bir xoşagəlməz şeyə deyilir. Təbii ki, günah da onun ən bariz nümunəsidir. Bu səbəbdən də bütün günah və çatışmazlıqlar Peyğəmbər (s) Əhli-beytinin şə᾿nindən uzaqdır. İsmətin mə᾿nası da məhz budur.
3. İLAHİLƏŞDİRMƏ (ĞÜLUVV)
İmamiyyə tərəfdarlarına vurulan ittihamlardan biri də budur ki, guya onlar, Allahın imamların vücudunda təcəlli etdiyinə e᾿tiqad bəsləyir və onları ifrat dərəcədə ilahiləşdirirlər.
İmamiyyə alimləri imamları ilahiləşdirən «Ğulat» adlı dəstənin şiələr arasında olmasını qətiyyətlə təkzib etmişlər və yekdilliklə onların küfr etmələrinə dair fətva vermişlər. Misal olaraq, onlardan bir neçəsini qeyd edirik:
1. İmamiyyənin böyük alimlərindən biri olan Məhəmməd ibni Nö᾿man Əkbəri (Şeyx Mufid) deyir: «Zahirdə özlərini müsəlman kimi göstərən Ğulat dəstəsi Əmirəl-mö᾿minin Əlini (ə) və onun nəslindən olan imamları peyğəmbərlik məqamına ucaldır, ilahiləşdirir, olduqca fəzilətli adlarla vəsf edir və haqdan uzaq düşüb kafir olurlar. Əmirəl-mö᾿minin Əli (ə) onların od vurulub yandırılmasına, digər imamlar isə, islamdan xaric olub küfr etmələrinə dair hökm vermişlər.»
2. İmamiyyənin görkəmli müasir alimlərindən olan Seyyid Kazim Yəzdi deyir: «Ğulat, Xəvaric və Nasibilərin murdar və nəcis olmalarında heç bir şəkk-şübhə yoxdur.»
3. İmamiyyənin görkəmli alimlərindən olan mərhum Əbülqasim Xoyi bu barədə deyir: «Kafir o kəsə deyilir ki, ya heç bir dinə mənsub olmasın, ya islmadan qeyri bir dinə iman gətirsin və ya islamı qəbul edib onun bir hissəsini inkar etmiş olsun. Belə ki, onun bu inkarı bir növ peyğəmbərliyin inkar olunmasına qayıtsın. (Mə᾿adın inkarı da küfrə səbəb olur). Belə olduqda mürtəd, kafir, hərbi kafir, zimmi kafir, xəvaric, nasibi və ğulat arasında heç bir fərq yoxdur.
4. Müasir dövrün görkəmli fiqh alimlərindən olan mərhum Ayətullah Xomeyni bu barədə deyir: «…Ğulata gəldikdə, bilmək lazımdır ki, onlar Allahın birliyini və ya peyğəmbərləri inkar edərlərsə, kafir hesab olunurlar.»
Bütün bunlarla yanaşı, digər İmamiyyə alimləri də ğulatın küfr etmələrinə dair fətvalar vermiş və öz risalələrində «Ər-rəddu ələl-ğulat» adlı ayrıca bir fəsl yazmışlar. Yunis ibni Əbdürrəhman, Əli ibni Məhziyar, Fəzl ibni Şazan, Məhəmməd ibni Həsən Səffar, Həsən ibni Əli ibni Fəzzal, Sə᾿d ibni Ubeydulla Əş᾿əri, İsmail ibni Əli Nobəxti, İshaq ibni Həsən ibni Bəkr, Məhəmməd ibni Əli Kəracəki və Məhəmməd ibni Həsən Cə᾿fərinin yazdıqları risalələri buna misal göstərmək olar.
4. RƏC᾿ƏT
İmamiyyə məzhəbi qiyamətdən əvvəl imam Mehdinin (ə.c.) zühur edərək yer üzərində islam dövlətini bərqərar etməsinə, digər imamların və onların sadiq tərəfdarlarının dünyaya qayıdıb bunu müşahidə etdikdən sonra yenidən dünyalarını dəyişmələrinə e᾿tiqad bəsləməkdə ittiham olunurlar.
İmamiyyə məzhəbi ilə müxalif olan bə᾿zi firqələr belə bir e᾿tiqadı bə᾿zi dinlərdə mövcud olan «tənasüx*» əqidəsinə oxşatmışlar.
İmamiyyə alimləri tutulan irada belə cavab verirlər: Allahın qüdrəti ilə insanların vəfat etdikdən sonra yenidən dünyaya qayıtmasına Qur᾿anın bir neçə ayəsində işarə toxunulur. Bəqərə surəsinin 55-56, 72-73 və 243-cü ayələrində Bəni-israildən olan bir dəstə şəxsin və başqalarının öldükdən sonra yenidən dirilməsini, Üzeyir peyğəmbərin yüz ildən sonra yenidən dirilməsini (Bəqərə-259) və ölülərin İsa peyğəmbərin vasitəsi ilə yenidən dirilməsini (Ali-imran-49) buna misal göstərmək olar. Demək, keçmiş dövrlərdə ölülərin Allahın izn və qüdrəti ilə dirilmələri mümkün olmuşsa, təbii olaraq, gələcəkdə də mümkün ola bilər və bu heç də Allahın istək və iradəsindən xaric deyildir. Lakin belə bir əqidənin «tənasüx»ə bənzədilməsi heç də düzgün sayılmır. Çünki, tənasüx bir şəxsin ruhunun öldükdən sonra başqa birisinin vücuduna daxil olmasına deyilir. Bir halda ki, rəc᾿ətdə ruh öz sahibinin bədəninə qayıdır və bu, islam və digər dinlər tərəfindən tamamilə qəbul olunmuş bir nəzəriyyədir. Çünki belə bir hal ən azı qiyamət günü müşahidə olunacaqdır. Yuxarıda qeyd olunan ayələrdə bunun yaşadığımız dünyada da baş verməsinin mümkünlüyü göstərilmişdir.
SUALLAR VƏ TAPŞIRIQLAR
1. Bəda nədir?
2. İmamiyyənin Bədaya olan baxışı nədən ibarətdir?
3. İmamiyyə nə üçün imamları mə᾿sum hesab edir?
4. Ğuluvv nədir və İmamiyyənin onlara olan baxışı necədir?
5. Qur᾿an ayələrindən istifadə edərək, deyin görək rəc᾿ət mümkündürmü?
İslam məzhəbləri ilə tanışlıq kitabı.

 


more post like this