Sual: “Qadınların ağlı onların gözəlliyində, kişilərin gözəlliyi isə ağıllarındadır” hədisinin sənədi mötəbərdirmi? Bu hədisin mənası nədir?

Cavab: عُقُولُ النِّسَاءِ فِي جَمَالِهِنَّ وَ جَمَالُ الرِّجَالِ فِي عُقُولِهِمْ – “Qadınların ağlı onların gözəlliyində, kişilərin gözəlliyi isə ağıllarındadır” hədisi bir çox kitablarda – o cümlədən Şeyx Səduqun “Məanil-əxbar”, Əllamə Məclisinin “Biharul-ənvar”, Şeyx Təbərsinin “Mişkatul-ənvar fi ğürəril-əxbar” kitablarında nəql olunsa da və mərhum Şeyx Hürr Amili “Əl-fəvaidul-tusiyyə” kitabında onu şərh edərək müxtəlif izahlar versə də[1] onun sənəd silsiləsində siqə (mötəbər) olmayan bəzi şəxslər olduğuna görə qeyri-müvəssəq hədislər cərgəsində yerləşdir.

Sualın ikinci hissəsinə cavab vermək üçün bir neçə məsələni xatırlatmaq zəruridir:

İlk baxışda hədisin zahiri məfhumu budur ki, qadınların əqli zahiri gözəlliyi və camalı ilədir, lakin kişilərdə ağıl onların gözəlliyidir. Başqa sözlə, zahirdə qadınlara təkid olunur ki, gözəlliyin ardınca getsinlər, kişilər isə ağlın fikrində olsunlar. Çünki kişinin gözəlliyi – ağıl sahibi olmasındadır. Amma belə nəzərə çarpır ki, bu hədis zahiri mənadan yüksəkdə olan daha dəqiq və incə bir mənaya dəlalət edir. Bir hədisi dəqiq başa düşmək üçün onu əlaqədar ayə və rəvayətlərlə birlikdə araşdırmaq lazımdır ki, onun dəqiq mənasını əldə edə bilək. Əks halda, təkcə bir hədisə nəzər salmaqla – onun məqsəd və əsaslarını nəzərə almadan – tərcümə və məna etmək olmaz. Çünki məsumların (əleyhimus-salam) bəşəriyyəti haqqa hidayət edib yol göstərmək məqsədi daşıyan nurani kəlamları hər hansı zaman və məkan hüdudlarına sığmır. Onların batini (və həqiqi) mənaları əsas etibarı ilə hər bir zaman dövründə bəşər həyatı ilə mütənasib olan, bütün siyasi, ictimai, iqtisadi və mədəni sahələri əhatə edən insan mənəviyyatını quran qayda-qanunlara işarə edir. Biz inanırıq ki, islam dini bütün üzvləri bir-biri ilə sıx və qırılmaz əlaqələrə malik olan hərtərəfli bir sistemdir. İslamda təkid olunan mühüm məsələlərdən biri də qadınla kişinin xilqətdə və Allah dərgahına yaxınlaşmaqda bərabər olmasıdır. Bu cəhətdən islam dini qadınla kişi arasında heç bir fərq qoymur. “İnsan ruhu dini vəzifələrə əməl etməkdən hasil olan mənəvi qidalanma yolu ilə ilahi qürb məqamına çataraq Allahın isim və sifətlərinin məzhəri ola bilər. Bu istedad və bacarıq müştərək şəkildə qadınla kişinin hər ikisinin ixtiyarında qoyulmuşdur və hər ikisi belə bir vücud mərhələsinə çata bilər. Bu məqama çatmaq yolu da birdir: iman və əməli-saleh.”[2] Buna əsasən, dəyər, etibar və mütəal Allah dərgahında yaxınlaşmaq baxımından insanın xilqətində qadınla kişi arasında heç bir fərq yoxdur.

1. Hədisin mətnində (cəm forması uqul olan)“əql” kəlməsi gəldiyinə görə bu kəlmə barəsində bir qədər tədqiqat aparmağı münasib görürük. Filosoflardan bəziləri əqli iki qismə bölürlər: nəzəri əql və əməli əql. Birincisi başa düşür, ikincisi isə iş görür (nəzəri əqllə dərk edir, əməli əql ilə iş görür). Qəti etiqad, zən (güman), vəhm, xəyal və bu kimi şeylər nəzəri əqlə aid olan işlərdir. Amma niyyət, əzm, ixlas, iradə, məhəbbət, sevmək, nifrət etmək, təqva, ədalət və bu kimi şeylər əməli əqlin hissələridir ki, insanda fəzilətin meyarı da məhz budur (əməli əqldir).[3] Aydındır ki, insanı ilahi qürb məqamına çatdıran və başqalarından üstün edən şey zehni məlumat anbarına çevirən əql deyil, əməli əqldir. Allah dərgahında dəyərə malik olan, fəzilət və üstünlük meyarı sayılan şey o əməldir ki, onda ixlas olsun. Əgər əqli baxımdan qadınla kişi arasında fərq olsa, bu, vasitəçi əql barəsindədir, yəni o əql ki, insan onun vasitəsi ilə hövzə və ali məktəblərdə təhsil ala bilir ki, güzəranını təmin edə bilsin. Buna görə də hədislərdə “mütəxəssis və elmli şəxs Allah dərgahına daha yaxındır” deyilmir, amma deyilir ki, “ən təqvalı şəxs Allah dərgahına ən yaxın olan şəxsdir”.[4]

Deməli, əgər bir kəs qadınla kişi arasında mühakimə yürütmək istəsə, termində elm mənasına olan əqli (nəzəri əqli) yox, əksinə insanın Allah dərgahına yaxınlaşma vasitəsi və fəzilət meyarı olan əməli əqli meyar götürməlidir. Məhz belə olan zaman qadınla kişinin hər ikisinin camalı o əqldən ibarətdir ki,

عُبِدَ بِهِ الرَّحْمَانُ وَ اکْتُسِبَ بِهِ الْجِنَانُ “onun vasitəsi ilə Allaha ibadət olunsun və cənnət əldə edilsin.” Yalnız bu zaman həm جَمَالُ الرِّجَالِ فِي عُقُولِهِمْ “kişilərin gözəlliyi əqllərində”, həm də عُقُولُ النِّسَاءِ فِي جَمَالِهِنَّ “Qadınların əql isiə gözəlliyidir” hədisi səhih olur.[5]

2. Rəvayətlərdə təkrar olaraq qeyd olunduğu kimi, ruhun gözəlliyi insanın imanı ilədir. Allah-taala buyurur: “Allah imanı sizin üçün sevimli etdi və onu sizin qəlblərinizin zinəti qərar verdi.”[6] Bu ayədən məlum olur ki, Allah-taala imanı qəlblərə sevimli etmiş və onu insan ruhunun zinəti qərar vermişdir. İnsanın ruhu mücərrəd (qeyri-maddi) olduğuna görə iman da maddi yox, mənəvi bir iş olacaqdır. Mənəvi və mücərrəd iş olan iman da insan ruhunun camalı və gözəlliyi olacaqdır. Kişi və qadın olmağın insanın həqiqətində – mücərrəd ruhunda və imanında heç bir təsiri yoxdur. Yəni insanın həqiqəti, iman və s. məsələlər nə kişiliyə, nə də qadınlığa aid deyil, əksinə bu, qadın və kişidə eyni səviyyədə mövcud olan bir məsələdir. Deməli, kişi və ya qadınlığı imanın həqiqəti (yəni o şey ki, onun vasitəsi ilə hər bir insan Allah dərgahında yüksək məqama malik olur) hesab etmək olmaz.

Buna əsasən, əvvəldə deyilən hədisdən vəsfi mənanı yox, göstəriş mənasını başa düşmək olar. Yəni bu hədisdə məqsəd insanlardan iki sinfini vəsf etmək deyildir ki, qadının əqlini onu zahiri gözəllik və camalında xülasələşdirərək məzəmmət xarakteri daşısın, habelə kişinin gözəllik və camalını onun əqlində qoyaraq tərifləsin. Əksinə, o göstərişin mənasının məzəmmət deyil, qurucu yönlü bir vəsf olması mümkündür. Yəni qadının vəzifəsi əməl, rəftar, davranış və sair kimi gözəllik və atifə (ülvi-insani duyğular) tutumundan bəhrələnərək özünün insani əqli və düşüncəsini təqdim etməkdir və ya bu işləri görə bilər. Eləcə də hər bir bacarıq, istedad və hünərini insani düşüncədə və özünün əqlani təfəkküründə büruz etdirmək kişinin vəzifəsidir və ya bu işi görə bilər.[7]

Qadın öz ağlını mehr-məhəbbət, mərhəmət, sədaqət və paklıqla dolu olan hünər və zəriflik əsasında qurulan gözəl rəftarda təqdim edə bilər, bu da ictimai fəzilətlər üçün dəyərli bir baza olacaqdır. Belə ki, qadın özünün rəftar və gözəlliyində gizlənmiş olan əqli ilə ailənin daxili sistemini tənzim edə bilər.

Ali təhsil almış, habelə şəhadət, fədakarlıq və canından keçmə mədəniyyətinə agah olan bir qadın eyni zamanda mehriban bir ana kimi övladını cihada təşviq edə bilər, onu cəbhəyə yola salan zaman öz zərif və lətif əlqini gözəl incəsənət libasında təqdim edə bilər. Yaxud döyüş meydanından qalib halda gələn oğlunun pişvazına çıxan zaman özünün güclü ağlı ilə – gözəllik libasında intizar və şövq göstərə bilər. Eləcə də bacarıqlı kişilər bunun qarşılığına malikdirlər: incə və zərafətli hünərlərini zərif əql paltarında hekayət edə bilərlər. Bir sözlə, qadın gərək hikmət incəliklərini hünər zərafətlərində təqdim etsin, kişi də gərək hünər zərafətlərini hikmət qalibində nümayiş etdirsin. Yəni qadının cəlalı onun camalında gizlənmiş, kişinin camalı isə onun cəlalında təcəlli etmişdir. Bu cür bölgü nə qadın üçün məzəmmət, nə də kişi üçün bir tərifdir; əksinə onların hər biri üçün əməli göstərişdir ki, hər kəs özünə məxsus olan işləri yerinə yetirsin. Onlar özünə məxsus olan göstərişləri yerinə yetirdiyi halda tərifə layiq görülür, imtina etdiyi surətdə isə məzəmmət olunurlar. Deməli, kişi ilə qadının fərqləri düzgün təfəkkür təqdim etməkdə zahir olur. Əks halda, qadın da kişi kimi elm və maarifi öyrənmək ləyaqətinə malikdir və bu istiqamətdə tərifə layiq görülə bilər.[8]

3. Yuxarıdakı hədisdən qeyd olunan hallarla əlaqəli olan digər bir çıxarış da qadınla kişinin ruhi səviyyə və quruluşunun fərqlərinə təkid etməkdir. Bu məsələ həmin hədisdə çox zərif və gözəl şəkildə bəyan olunmuşdur. Amma bəziləri bu məsələ barədə məlumatsızlıq ucbatından qadını kişidən aşağı səviyyədə qərar verirlər.

Ustad Mütəhhəri (rəhmətullahi əleyh) buyurur: “Məni təəccübə salan mövzulardan biri budur: bəziləri israr edirlər ki, qadınla kişinin fərqlərini ruhi və cismi istedadlardakı fərqlərdə: qadının naqis, kişinin isə kamil olması əsasında izah etsinlər. Onlar israrla demək istəyirlər ki, xilqət qanunu müəyyən məsləhətlər əsasına qadını naqis yaratmışdır.”[9]

Amma həqiqətdə islam elə həqiqətlərə işarə edir ki, həm hazırkı dövrdə, həm də keçmiş dünyada ona etinasızlıq nəticəsində qadın hüquqları tapdalanmışdır. Dünənki dünyada qadına qarşı zülm və haqsızlıq rəva görülür, onu heyvanlarla bir səviyyədə qərar verir, onun üçün heç bir hüquq olmadığına inanır və irs nəticəsində varislərə çatan mal-dövlətin bir hissəsi hesab edirdilər. Bu məsələ dünyanın müxtəlif yerlərində geridə qalmış cəmiyyətlərdə hələ də mövcuddur. İnkişaf etmiş modern dünyada da qadının vəziyyəti əvvəlki dövrlərdən heç də yaxşı deyildir. Hazırkı dünyada “qadınla kişinin bərabər hüquqlara malik olması” bəhanəsi ilə qadınları cəmiyyət və iş (istismar) meydanına çəkərək onun gözəlliyini qul bazarında olduğu kimi hərraca qoyurlar.

Hazırkı qərb cəmiyyətlərində qadın gözəlliyinə övladının tərbiyəsinə çalışan, mehribanlıq və məhəbbət təlimlərini övladının qulağına zümzümə edən bir ana kimi yox, sadəcə olaraq cinsi bir əmtəə kimi nəzər salınır. Həmin cəmiyyətlərdə qadın artıq Quran ayələrinin buyurduğu kimi “ailə və cəmiyyətin möhkəm sütunları” deyil, əksinə çox qabarıq şəkildə hiss olunan şey cinsi ehtiraslar, həvəsbazlıq, əyyaşlıq və şəhvətləri söndürmək bir vasitədir ki, əlbəttə, bu zaman ilk qurbanlar qadın, sonra isə ailələrdir.

“Qadının ağlı onun gözəlliyindədir” hədisində məqsəd budur ki, qızğın ailə mühitinin icad olunmasında və kişinin məhəbbətli ailə ocağına doğru cəlb edilməsində qadının gözəlliyə diqqət yetirməsi çox təsirlidir. Bu gözəllik qadının əqlini və digər istedadlarını təsir altına salır. Buna əsasən, onun gözəlliyini ictimai çarpışmalar meydanında qərar vermək olmaz.

İnsani əlaqələr sayəsində qadının gözəlliyi hər bir ailə üçün qızğın məhəbbət ocağı ola bilər. O ailənin hər bir üzvü ana məhəbbətindən sirab olmaqla (ana bu məhəbbət dolu ailənin əsl ünsürüdür) din alimi, mütəfəkkir, fədakar əsgər, görkəmli arif, şərafətli fəhlə, məharətli həkim, bacarıqlı yazıçı, qüdrətli incəsənət ustası və mahir sənətkar qalibində zahir ola bilər. “Hər bir müvəffəq kişinin arxasında müvəffəq bir qadın dayanır” sözü inkar olunmaz bir həqiqətdir.

Deməli, qadın özünün əsl vəzifəsindən və bacarığından qafil olmamalı, onun üçün çox da zəruri olmayan sahələrə daxil olmamalıdır. Əgər daxil olsa, bilməlidir ki, onun istedadları və yaradıcılıq qüvvələri həqiqətdə ailədə mehr-məhəbbət icad etməkdir, ailədəki asayiş onun xilqətinə borcludur. Deməli, bu hədisdən başa düşülür ki, qadının vasitəçi əqli onun gözəlliyindən təsirlənir. Yəni qadının işi-peşəsi böyük bir şirkətin rəisi, məharətli cərrah, qüdrəti natiq, ağıllı bir ustad və s. olmaqdan öncə ürəyi yanan həyat yoldaşı, mehriban ana və bacarıqlı evdardır.

Amma kişinin xilqəti cəmiyyətin və həyatın təlatümlərində bir dəyirman daşına bənzəyir. Onun gözəlliyi ailənin məişət və güzəranını təmin etmək üçün səyləridir, onun əqlaniyyəti həyatın necə idarə edilməsindədir. O kişi gözəl hesab olunur ki, elm ilə zinətlənsin, ağıllı tədbirlərdən istifadə etməklə həm ailəsi, həm də cəmiyyəti üçün faydalı bir ünsür olsun. Onun ağlı və tədbiri nə qədər düzgün işləyib artsa, onun camalı da bir o qədər gözəl olacaqdır.

[1] “Məanil-əxbar” kitabında o hədisin sənəd silsiləsi belədir:

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عُمَرَ بْنِ مُحَمَّدِ بْنِ سَالِمِ بْنِ الْبَرَاءِ الْجِعَابِيُّ الْحَافِظُ الْبَغْدَادِيُّ قَالَ حَدَّثَنِي أَحْمَدُ بْنُ عُبَيْدِ اللَّهِ الثَّقَفِيُّ أَبُو الْعَبَّاسِ قَالَ حَدَّثَنَا عِيسَى بْنُ مُحَمَّدٍ الْكَاتِبُ قَالَ حَدَّثَنِي الْمَدَائِنِيُّ عَنْ غِيَاثِ بْنِ إِبْرَاهِيمَ عَنْ جَعْفَرِ بْنِ مُحَمَّدٍ عَنْ أَبِيهِ عَنْ جَدِّهِ ع قَالَ قَالَ عَلِيُّ بْنُ أَبِي طَالِبٍ ص عُقُولُ النِّسَاءِ فِي جَمَالِهِنَّ وَ جَمَالُ الرِّجَالِ فِي عُقُولِهِمْ‌

[2] Cəmşidi, Əsədullah, “Cəstari dər həsti şenasiye zən”, səh. 52, “İmam Xomeyni” adına elmi tədqiqat müəssisəsi, Qum, 1388-ci şəmsi il

[3] Cavadi Amuli, Əbdullah, “Qadın camal və cəlal güzgüsündə”, səh. 255, “İsra”, nəşriyyatı, Qum, 4-cü çap, 1378-ci il

[4] Yenə orada

[5] Yenə orada, səh. 258

[6] “Hucurat” surəsi, ayə: 24: حَبَّبَ إِلَيْكُمُ الْإِيمانَ وَ زَيَّنَهُ فِي قُلُوبِكُمْ وَ كَرَّهَ إِلَيْكُم

[7] Yenə orada, səh. 33-35

[8] Yenə orada, səh. 35-36

[9] Mütəhhəri, Murtəza, “İslamda qadın hüququ”, səh 200, “Sədra” nəşriyyatı, 21-ci çap, Qum, 1374-cü şəmsi il

http://qafqaz.ir/az


more post like this