Bir qrup insanlar (mücəbbirə, yaxud sırf icbara etiqad bəsləyənlər) bu əqidədədirlər ki, məxluqun fellərini (işlərini) görən məhz Allah olub insanları günah işlərə məcbur etməklə eyni zamanda onlara əzab da verəcək, bəndələri Öz itaətinə vadar etməklə eyni zamanda onlara savab da verəcəkdir. Onların fikrincə “bəndələrin felləri həqiqətdə Allahın felləridir və bəndələrə məcazi mənada aid edilir. Çünki bəndələr bu fellərin baş vermə vasitəsi və yeridir”. Bu əqidənin nəticəsində əşyalar və hadisələr arasındakı səbəb-nəticə qanunu inkar olunur, yalnız Allahın həqiqi səbəb olduğu və Ondan başqa heç bir səbəbin olmadığı iddia olunur.
Bu məzhəb ardıcılları əşyalar və hadisələr arasındakı təbii asılılığı, səbəbiyyəti inkar edirlər. Çünki onlar güman etmişlər ki, bu məsələ Onun şəriki olmayan Xaliq olmasının tələbidir.
Bu sözləri Allaha aid edənlər, şübhəsiz ki, Ona zülm nisbəti vermişlər, halbuki Allah heç bir zaman, heç bir vəchlə zülm etməz.
Başqa bir qrupun (müfəvvizə, mütləq ixtiyara inananların) nəzərinə görə, “Allah-Taala bütün felləri məxluqun (bəndələrin) ixtiyarına buraxmış, Öz qüdrətini, hakimiyyətini (qəzavətini), təqdirini onlardan götürmüşdür. Səbəbi də budur ki, fellərin Allaha aid edilməsi Ona qarşı bir növ nöqsanlıq gətirir. Habelə, mövcudatın da özünəməxsus səbəbləri vardır, hərçənd ki, bu səbəblərin hamısı ilk səbəbə–Allaha qaytarılır.”
Hər kəs bu kimi şeylərə etiqad bəsləsə sanki Allahı Onun Öz hakimiyyətindən çıxarmış, yaradılışda Ondan qeyrilərini şərik qoşmuşdur.
Bizim bu barədəki etiqadımız məsum İmamlarımızdan (əleyhimüs-salam) gəlib çatan rəvayətlərdir ki, sırf ixtiyar və sırf icbar deyil, bu ikisinin arasında orta mövqedə olan bir əqidədir. Elə bir əqidə ki, kəlam əhlindən olan bu sayaq cədəlçilər (sofistlər) bunu dərk edib anlamaqda acizdirlər. Belə ki, onların bəziləri ifrata varmış, bəziləri isə təfritə düçar olmuşlar. Elm və fəlsəfə isə onların yarandığı vaxtdan neçə-neçə əsr sonra onların sofistikalarını aşkara çıxara bilmişdir.
Bizim məsum İmamlarımızın hikmət dolu elm xəzinəsindən agah olmayan bəzi savadsızların, bu kəşfi (nə cəbr, nə də ixtiyar) qərbin son əsrlərdəki mütəfəkkirlərinin kəşfi hesab etmələri doğrudan da qəribədir. Çünki, bizim İmamlarımız (əleyhimüs-salam) hələ 10 əsr onlardan öncə bu məsələni bəyan etmişlər.
İmam Sadiq (əleyhis-salam) bu iki məsələ arasındakı orta haqq yolu məşhur bir cümlədə belə bəyan etmişdir:
“İslamda nə sırf cəbr vardır, nə də sırf təfviz, əksinə, (haq yol) bu ikisinin arasında olan bir yoldur.”
Necə də gözəl söz ustası! Necə də dəqiq və incə məna! Xülasə şəkildə demək olar ki, bizim fellərimizin həqiqətdə bizdən baş verdiyini, bu fellərin təbii səbəbkarının biz olduğunu (onların da bizim qüdrət və ixtiyarımızla olduğunu), digər tərəfdən isə, bu işlərin Allah tərəfindən müqəddər olunduğunu, Onun səltənəti dairəsində olduğunu nəzərə alsaq (səbəbi də budur ki, yalnız Allah bizə varlıq bəxş edir, hər şeyi yalnız O əta edir), O bizi hansısa feli görməyə əsla məcbur etmir ki, üsyan etdikdə bizi cəzalandırması zülm kimi təsəvvür olunsun. Çünki hansısa feli görməkdə qüdrət və ixtiyar bizimlədir. Həmçinin O, fellərimizi vücuda gətirmək işini bizim tam ixtiyarımıza verməyib ki, onları Öz səltənəti dairəsindən çıxarmış olsun. Əksinə xəlq, hökm və əmr Ona məxsusdur. O, hər bir şeyə Qadir, bəndələrə Mühit (əhatə edən)-dir.
Ümumiyyətlə, bizim bu barədəki əqidəmiz budur ki: qəzavü-qədər məsələsi Allahın sirlərindəndir. Hər kəs bu məsələni lazımınca başa düşsə və təfritə, yaxud ifrata varmasa, çox yaxşı; amma əks təqdirdə özünü həddindən artıq zəhmətə salıb dəqiqliklərə varması vacib deyildir. Fəhmi, dərki çatmadığı yerdə məsələnin dərinliyinə gedərsə yoldan azar, əqidəsi korlanar. Çünki bu məsələ ən dəqiq və ən incə, hətta yalnız çox cüzi sayda fərdlərin dərk etdiyi dəqiq və çətin fəlsəfi bəhslərdəndir. Məhz bu səbəbə görə də çoxlu mütəkəllimlər bu yerdə inhirafa düşmüşlər.
Bu məsələ barəsində təhqiqat aparmaq adi insanların qüdrəti dairəsindən xaricdir və bu barədə ümumi şəkildə məsum İmamların sözlərinə etiqad bəsləmək kifayətdir. Onlar buyururlar: “İslamda sırf cəbr və sırf ixtiyar deyil, bu ikisinin arasında olan məsələdir.”
Bu məsələnin etiqad (üsuli din) əsillərindən olmadığına görə də dəqiq və müfəssəl şəkildə təhqiqat aparmaq vacib deyildir.


more post like this