Qənaət, rahatlığın, sakitliyin səbəb və mənbəsidir.

Əbu Vail deyir: “Dostumla Salman Farsının evinə qonaq getdik. Hal-əhvaldan sonra, yemək vaxtı çatdı. Salman bizə dedi: “Bilirsiniz ki, həzrət Peyğəmbər (s) bizə özümüzü çətinə salmağı və yük altında qoymağı qadağan etmişdir. Əgər O Həzrət (s) bunları qadağan etməsəydi, hər bir çətinliyə, əziyyətə sinə gərərək sizin üçün ən yaxşı, ən dadlı yeməklər hazırlayardım”.

 

Bu sözündən sonra o, süfrə açıb ortaya duz-çörək qoydu… Dostum süfrəyə baxıb dedi: “Kaş, bir az sətər – ərəblərdə duzla qarışdırılan ətirli bir çiçək adı – olaydı və bu duzla qarışdırıb yeyərdik”.

 

Salman evdən bir qab götürüb baqqala getdi. O, qabı orada girov qoyub bir qədər sətər alıb gətirdi və süfrəyə qoydu. Yeyib Allah-Taalaya şükür etdik. Dostum dedi: “Allaha həmd və səna olsun ki, bizi verdiyi ruziyə qane və razı etmişdir.”

 

Bu vaxt Salman buyurdu: “Əgər Allahın ruzisinə qane və razı olsaydınız, mənim qabım girov getməzdi”.[1]

 

Qənaət nədir, qane və razı kimdir?

 

Qənaət, yəni insan öz əlində olana kifayət edərək, başqalarının malına göz dikməsin.

 

Qane o kəsdir ki, öz qazanc, zəhmət və əməyi ilə əldə etdiklərinə razı olsun, dolanışığından artıq qazanmaq üçün özünü oda-suya vurmayıb, əlində olan ruzisiylə dolansın. Ona-buna əl açıb xahiş-minnət etməsin. Başqalarının var-dövlətinin həsrətini çəkməsin.

 

Qane, qənaətcil adam əziz və hörmətlidir, çünki başqalarına əl açmır. O, zəngin və ehtiyacsızdır, çünki başqalarının mal-dövlətində gözü yoxdur. O, həmişə razı və xoşhaldır, çünki özündə olana qənaət və kifayət edir.[2]

 

Qənaət, insanın ruhuna sakitlik, rahatlıq, ən uca şərəf, izzət gətirir və insanın həmişəlik himayəçisi, təminatçısı, köməkçisi və maddi bazasıdır.[3]

 

Qane olan qəlb və ruh, böyüklük, izzət, şəxsiyyət, şərəf və zənginlik hissləri ilə doludur.

 

Qane insan öz əmək və zəhmətinin nəticəsindən artıq istəmədiyi üçün başqalarına möhtac deyildir. Başqalarından ehtiyacsız olduğuna görə isə özünü fəqir, yoxsul və möhtac hesab etmir. Qəm-qüssə və həsrət çəkmir. Başqalarına əsir və qul olmayıb, iffət, iman, təqva, şərəf, namus və ləyaqətini ayaq altına atmır. Buna görə də onun dini, ruhu və cismi sağlam, pak, səfalı və azaddır.

 

Allah-Taala həzrət Davuda vəhy etdi: “Mən zənginlik və ehtiyacsızlığı qənaətdə qoymuşam. Amma camaat onu mal-dövlət və sərvətin çoxluğunda axtarır. Əlbəttə ki, heç vaxt onu tapmayacaqlar”.[4]

 

Möminlərin ağası Əli (ə) buyurub: “Allah-Taala bir bəndəsinə xeyir vermək istəyəndə ona qənaətcil olmağı ilham edib, layiqli bir həyat yoldaşı nəsib edir”.[5]

 

Allah-Taala heç bir qadına həris, tamahkar ər və heç bir kişiyə biləyaqət, umacağlı, tələbkar və evdağıdan arvad qismət etməsin ki, günü qara və həyatı puç olacaqdır.

 

Bir nümunəyə diqqət edin:

 

* “… Ailəm dörd nəfərdən ibarətdir: Özüm, arvadım, oğlum və qızım. Bizim evlənməyimizə mənim məcnuncasına eşqim səbəb olub. Ata-anam bu evlilik ilə müxalifət edirdilər. Bunun üçün tutarlı dəlilləri də var idi. Elə düz deyib, yaxşı bilirmişlər. Mən anlamaz olmuşam. O qədər dəlicəsinə vurğun və sevdalıydım ki, həqiqəti görmürdüm… Mənim təkidimlə valideynlərim də razılaşdılar və nikahımız bağlandı… Elə birinci gündən qaynanamın buynuzları göründü… Qızının yarımçıq qalmış dərsləri bu cür sözlərlə başladı və hələ də davam edir…

 

“Bu nə üzükdür? Gözə gəlimli deyil, dəyişdirməlisən… Filankəsin  kürəkəni arvadı üşün neçə min manatlıq üzük alıb, mənim qızımın ondan nəyi əskikdir?

 

–  Ev almaq istəyirsənsə, əvvəlcə bir get bacanağının evini gör, sonra al. Sən də onun evi kimi bir ev almalısan. Ev deyərəm beləsinə! Evdir filankəsin evi…ev nə ev!? Ev deyirəm a, ev! Amma əfsuslar ki…

 

– Filankəsin arvadını gördün necə paltar geyinmişdi!? Bəxtəvər başına! Gör, əri onu nə qədər sevir ki, ona belə bahalı paltar alıb… Amma əfsuslar ki, sən mənim qızımın qədrini bilmirsən. Heyiflər olsun ki,…

 

– Ürəyim səxavətli və əli açıq bir kürəkən istəyirdi ki, qohum-əqraba yanında abrımızı qoruyaydı.

 

Bəxtəvər Məryəmin başına! Ləl-cəvahir, qızıl parçası kimi bir yeznəsi var. Qızıyla hər gün gəzməyə, qonaqlığa gedir. Həmişə Məryəm üçün hədiyyə və sovqat gətirirlər. Özü də nə cür hədiyyələr?! Amma mən yazıq…”.

 

Nə başınızı ağrıdım, işlər belədir. Qaynanamin mənim üçün gördüyü yuxuları danışmaqla qurtaran deyil. Əlbəttə, sizə deyim ki, bu arada mənim arvadım da anasına pis şagirdlik etməyib və bu cür söz-söhbətlərdə heç də möhtərəm anasından geri qalmır. Misal olaraq deyim ki, evə meyvə alıb gətirirəm, əlbəttə, cibimə görə. Deyir ki, mənim qohumlarım dilənçi-filan deyillər, bu meyvələri yesinlər, get, bahalı meyvə al gətir, abır-həyamı qohumlarımın yanında aparma.

 

Həmişə mənim bu dar cibimə baxmaq əvəzinə, anasının tamahdan, hərislikdən geniş açılmış ağzına baxır”.

 

 

 

 

[1] . “Biharul-ənvar”, Əllamə Məclisi, 78/453;

 

[2] .”Yenə orada”, 75/161;

 

[3] . “Yenə orada”, 78/353.

 

[4] . “Yenə orada”.

 

[5] . “Təsnifu ğürərul-hikəm”, Amudi, səh.390.

 

islammektebi.org


more post like this