Islami hədislərə əsasən belə ehtimal edilir ki Ramazan ayının 19-21-23-cü gecələrindən biri Qədr gecəsidir. Qədr gecəsi Quranın nazil olduğu gecədir. Belə ki Allah-taala Qurani-kərimdə buyurur: “Həqiqətən Biz onu (Quranı) Qədr gecəsi nazil etdik!” (“Qədr”, 1) Beləliklə bu mətləb ayrı-ayrı surələrdə müxtəlif şəkillərdə açıqlanır. Məsələn “Bəqərə” surəsində buyurur: “(Mübarək) Ramazan ayı elə bir aydır ki Quran bu ayda nazil edilmişdir.” (“Bəqərə”, 185)

Yuxarıda qeyd etdiyimiz ayələrdən belə nəticə alırıq ki, Qədr gecəsi mübarək Ramazan ayının gecələrindən birinə təsadüf edir. Qədr gecəsinin mübarək bir gecə olduğu barədə Allah-təala “Duxan” surəsində belə buyurur: “Biz Quranı mübarək bir gecədə (Qədr gecəsində) nazil etdik” (“Duxan”,3)

Qeyd olunan ayələrdən məlum olur ki, Qədr gecəsi mübarək bir gecədir və Quran bu gecə nazil olmuşdur. Burada belə bir sual ortaya çıxır. Əgər Quran Qədr gecəsi nazil olmuşsa, bəs Peyğəmbərin (s) peyğəmbərliyi dövründə o həzrətə nazil olan ayələr hansı ayələrdir?

Cavab olaraq deyə bilərik ki Qurani-kərim iki dəfəyə nazil olmuşdur. Birinci dəfə Quran bütövlükdə həzrət Peyğəmbərin (s) mübarək qəlbinə ikinci dəfədə isə 23 il ərzində tədricən ayə-ayə və surə-surə o həzrətə nazil olmuşdur. Bu iki növ nazil olmanı Allah-taala Qurani-kərimdə də vurğulamışdır. “Həqiqətən biz Quranı Qədr gecəsi nazil etdik” ayəsindən və Duxan surəsinin 3-cü ayəsindən (“Biz Quranı mübarək bir gecədə (Qədr gecəsində) nazil etdik”) ayəsindən açıq-aydın məlum olur ki, Qurani-kərim bütövlükdə Qədr gecəsində həzrət Peyğəmbərin (s) mübarək qəlbinə nazil olmuşdur.

Quranın tədricən, ayə-ayə nazil olması haqda isə Allah-taala belə buyurur: “[Ya Peyğəmbər!] Insanlara aramla (yavaş-yavaş) oxuyasan deyə, Biz Quranı hissələrə ayırıb (ayə-ayə, surə-surə) göndərdik.” (“Isra”, 106).

Beləliklə, bu ayədən də məlum olur ki, Quran bir dəfə də tədricən, ayə-ayə, surə-surə nazil olmuşdur.

Burada Quranın həm bütövlükdə, həm də ayə-ayə nazil olması barədə ərəb dilinin qrammatikasına diqqət yetirək. Quranın iki dəfə nazil olması barədə olan ayələrə qrammatik cəhətdən nəzər saldıqda bir daha sübut olur ki, Quran bir dəfə bütövlükdə Peyğəmbərin (s) qəlbinə, bir dəfə də ayə-ayə, surə-surə 23 il müddətində nazil olmuşdur.

Qeyd etdiyimiz “Duxan” surəsinin 3-cü və “Isra” surəsinin 106-cı ayələlərində “nazil olma” kəlməsi işlənmişdir. “Nüzul” [نُزُول] nazil olmağa deyilir. Inzal [إِنْزال] və tənzil [تنْزِيل] sözü “nüzul” [نُزُول] maddəsindən alınır və ikisi də “nazil olmaq” mənalarını ifadə edir. Lakin “inzal” [إِنْزال] sözü bütövlükdə nazil olmağa, “tənzil” [تنْزِيل] sözü isə surə-surə, ayə-ayə nazil olmağa deyilir.

Qədr gecəsi fəzilətli, başqa gecələrdən üstün və böyük əhəmiyyətə malik olan bir gecədir. Allah-təala bu haqda Qurani-kərimdə buyurur: “[Ya Peyğəmbər!] Sən nə bilirsən ki, nədir Qədr gecəsi. Qədr gecəsi min aydan daha xeyirlidir (bərəkətlidir, fəzilətlidir). (“Qədr”).

Əgər bir şəxs Qədr gecəsi ibadətlə məşğul olarsa, onun bu gecədəki ibadəti 1000 ay (təqribən 84 il) ibadətdən üstün və fəzilətli olar.

Islami rəvayətlərdə Qədr gecəsinin fəziləti haqqında çoxlu hədislər nəql olunmuşdur. Onlardan bir neçəsini oxucuların nəzərinə çatdırmağı faydalı hesab edirəm.

Burada qeyd etmək lazımdır ki, Islam peyğəmbərindən əvvəlki peyğəmbərlərin dövründə onlar üçün Qədr gecəsi təyin olunmamışdır. Islam peyğəmbərinin dövründə Allah-taala onun ümməti üçün bu mübarək gecəni təyin etdi.

Bir gün həzrət Peyğəmbər (s) öz səhabələrinə Israil tayfasının uzunömürlü olmasından və onların 80 illik və daha artıq ibadətlərindən söhbət açdıqda onlar qibtə edərək dedilər: “Ilahi! Nə olaydı, bizə də uzun ömr əta edəydin və biz də bütün ömrümüzü sənə ibadət etməyə sərf edərdik.” Belə düşünərək səhabələr Bəni-Israil tayfasına qibtə edirdilər. Allah-taala həzrət Peyğəmbərə (s) bu ayəni nazil etdi: “Qədr gecəsi min aydan daha xeyirlidir (bərəkətlidir, fəzilətlidir).” (“Qədr”, 3.)

Yəni böyük Allah öz peyğəmbərinə demək istəyir ki, ey mənim peyğəmbərim, Mən sənin ümmətinə uzun ömür verməmişəm, lakin əvəzində onlar üçün gecələr arasında bir gecə təyin edirəm və adını da Qədr gecəsi qoyuram. Kim o gecəni ibadətlə məşğul olarsa, ona 1000 ayın (müstəhəb) ibadətinin savabından artıq savab verərəm.

Başqa bir hədisdə nəql olunur ki Islam peyğəmbəri (s) Allaha münacat edərkən belə dedi: “Ilahi! Sən məndən əvvəlki peyğəmbərlərin ümmətinə uzun ömür vermişdin onlar da sənə bütün ömrü boyu ibadət edib çoxlu savab qazanıblar. Lakin mənim ümmətimə az ömür vermisən onlar da sənə təbii ki o biri ümmətlərdən az ibadət edib az savab qazanırlar.” Beləcə, Peyğəmbər (s) bu kimi ifadələrlə çox münacat etdi. Allah-taala həzrət Peyğəmbərə (s) buyurdu: “Düzdür sənin ümmətinə az ömür vermişəm lakin sənə və sənin ümmətinə çox dəyərli bir gecə təyin etmişəm. Bu gecənin ibadəti 1000 ayın ibadətindən daha fəzilətli və daha üstündür.”

Beləliklə Allah-taala bu ayəni nazil etdi: “Qədr gecəsi 1000 aydan daha xeyirlidir.” Bu ayənin ardınca Allah-təala buyurur: “O gecə (Qədr gecəsi) mələklər və Ruh (Cəbrail) Rəbbin izni ilə yerə enərlər.” (“Qədr”, 4.)

O gecə mələklər yer üzünə enib Allahın bu aləmdə insanlara və cinlərə təyin etdiyi imamı canişini ziyarət edərlər. Ümumiyyətlə bunu da qeyd etmək lazımdır ki, hər bir zamanın bir imamı vardır. Allah-taala hər bir zamanda peyğəmbərlər göndərmişdir. Islam peyğəmbərindən sonra da Peyğəmbərin (s) yolunu davam etdirən imamlar göndərmişdir. Imam Əli (ə), Imam Həsən (ə), Imam Hüseyn (ə), Imam Səccad (ə), Imam Baqir (ə), Imam Sadiq (ə), Imam Museyi-Kazim (ə), Imam Rza (ə), Imam Cavad (ə), Imam Hadi (ə), Imam Həsən Əskəri (ə), bir-birinin ardınca imamlıq edəndən sonra Allah-taala Imam Zamanı (əc) qeyb pərdəsi altında saxladı. Hal-hazırda o həzrət yaşayır lakin insanların gözündən qeybdədir. Allah-taala istədiyi zaman O, zühur edəcək. Bu, Allah-taalanın iradəsidir. Odur ki, hər zaman yer üzündə imam vardır.

Irəlidə dediyimiz kimi, Allah-taala Qurani-Kərimdə buyurmuşdur: “O gecə mələklər və Ruh (Cəbrail) Rəbbin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işi icra etmək üçün (Allah dərgahından əmrlər alaraq) yerə enərlər.”

Bir nəfər imam Baqirdən (ə) soruşdu: “Ey Allahın höccəti Qədr gecəsinin Ramazan ayının hansı gecəsi olduğunu bilirsənmi?” Imam Baqir (ə) buyurdu: “Əlbəttə, bilirəm. O gecə bütün mələklər yerə enərək bizi ziyarət edirlər.”

Deməli, məlum olur ki, yer üzü heç vaxt höccətsiz qalmayıb və qiyamət gününə qədər də höccətsiz olmayacaq. Hər il Qədr gecəsi mələklər yer üzünə enib Allahın insanlar üçün təyin etdiyi imamı ziyarət edib onu salamlayırlar. Islam Peyğəmbərinin (s) dövründə də Qədr gecəsi mələklər yerə enib o Həzrəti ziyarət edirdilər. Həzrət Peyğəmbər (s) özü buyurmuşdur: “Qədr gecəsi mələklər göydən yerə enib məni ziyarət edirlər. Məndən sonra Qədr gecəsi mələklər Əlini (ə) ziyarət edəcəklər. Əlidən (ə) sonra isə onun on bir övladını ziyarət edəcəklər. Indiki zamanda da şübhəsiz ki, mələklər yer üzünün höccəti olan Imam Zamanı (əc) ziyarət edirlər.”

Allah-taala “Qədr” surəsinin 5-ci ayəsində buyurur: “O gecə dan yeri sökülənə kimi salamatlıqdır. (Əmin-amanlıqdır)”

Yəni Qədr gecəsi Allah insanların dualarını qəbul edir və mələklər yerə enib insanları salamlayırlar. Qədr gecəsi gözəl bir gecədir və Allah-taala o gecədə mərhəmət sağlamlıq və əmin-amanlıq nazil edir.

Deməli Qədr gecəsində həm Quran nazil olub həm də o gecənin ibadəti 1000 ayın ibadətindən üstündür. O həm bərəkətli bir gecədir həm Allahın mərhəməti olan bir gecədir, həm Allahın xeyir-bərəkəti əmin-amanlığı insanlara nazil olan bir gecədir və həm də o gecə mələklər yerə nazil olaraq yer üzünün imamını ziyarət edirlər.

Hədislərdə nəql olunmuşdur ki o gecə şeytan möminlərə yaxın düşə bilmir. Şeytan fasiq azğın, pozğun adamlarla məşğuldur lakin möminlər o gecəni çətinliklə də olsa ibadət edirlər. O gecə mələklər bir-birini salamlayırlar və imamı ziyarət edəndən sonra möminləri də salamlayırlar.

Burada çox yaxşı olar ki, bir hədisi nəzərinizə çatdırım. Həzrət Ibrahim (ə) peyğəmbər Allahın əzəmətli və heybətli peyğəmbərlərindən biri idi. Allah-taala Quranda da onun adını bir neçə dəfə zikr etmişdir. “Bir gün Allah mələklərdən bir neçəsinə Həzrət Ibrahimə (ə) övlad müjdəsi verməyi əmr etdi. Mələklər Ibrahim peyğəmbərin yanına gəlib salam verdikdən sonra onun övladı olacağını (Ismayılı(ə)) müjdə verdilər. Ibrahim peyğəmbər buyurdu: “Bütün dünya bir tərəfə mələklərin mənə verdiyi salam bir tərəfə. Onların salamı mənə o qədər mənəvi ləzzət verdi ki, o ləzzəti heç bir şeyə dəyişmərəm və heç vaxt onların salamının ləzzəti mənim yadımdan çıxmayacaq.”

Allahın mələkləri insanla danışarkən ona xüsusi bir ləzzət mənəvi rahatlıq bəxş edir. Beş-altı mələyin salam verməsi həzrət Ibrahimə (ə) bu qədər mənəvi ləzzət bəxş edirsə görəsən bütün mələklər insana salam verərkən nə qədər mənəvi ləzzət bəxş etmiş olar? Əgər bir şəxs mənəvi ləzzəti dərk etmirsə deməli o şəxsin özünün mənəvi xəstəliyi vardır. Məsələn bir məclisdə bütün qonaqlar onlar üçün hazırlanmış gözəl və ətirli yeməkdən yedikcə ləzzətindən doymur hey tərifləyirlər. Lakin bir nəfər o yeməyin dadını və ləzzətini hiss etmir və xörəyin dadsız və ləzzətsiz olduğunu deyir. Aydın məsələdir ki, həmin şəxs xəstədir və həkimə müraciət etməlidir. Çünki hamı bu yeməyin dadından ləzzətindən danışır onu bişirənləri tərifləyir. Lakin o, bunu hiss etmir. Deməli belə bir şəxsdə çatışmamazlıq vardır. Odur ki, Qədr gecəsi insan o ləzzəti dada bilməsə, onun mənəvi xəstəlikləri olduğu məlum olur.

Həzrət Ibrahimi (ə) odun içinə atanda Allah-təala atəşə Ibrahimi (ə) yandırmamasını əmr etdi. Bu haqda Ənbiya surəsində belə buyurur:

“Biz də : Ey atəş! Ibrahimə qarşı sərin və zərərsiz ol! – deyə buyurduq.” (“Ənbiya”, 69.)

Bu hadisəni hədislərdə belə nəql edirlər: Həzrət Ibrahimi (ə) odun içinə atdılar mələklər Allah tərəfindən gəlib Ibrahim peyğəmbərə salam verdilər. Mələklərin Ibrahimə (ə) salam verməsi nəticəsində atəş onun üçün gülüstana çevrildi. Hətta belə nəql edirlər ki, Həzrət Ibrahim (ə) od-alovun içində gül-çiçəklər arasında əyləşmişdi. Bu vaxt Nəmrud sarayın eyvanında durub edamın gedişatını izləyirdi. Nəmrud özü Ibrahimin (ə) peyğəmbər olduğunu bilirdi. Lakin Nəmrudun uşaqları Ibrahimin (ə) peyğəmbər olduğunu bilmirdi. O öz uşaqlarını aldatmışdı ki, Ibrahim onun düşmənidir. Nəmrudun uşaqları da inanmışdılar ki, Ibrahim atalarının düşməni olduğuna görə onu edam edirlər.

Nəmrudun Rəzə adlı bir qızı vardı. O qız eyvanda durub Ibrahimin (ə) aqibətini gözləyir və bu hadisəyə tamaşa edirdi. Lakin gördü ki atəş Ibrahimi (ə) yandırmır. Eyvandan Həzrət Ibrahimi (ə) səslədi və dedi: “Ya Ibrahim! Sən nə dedin ki, od səni yandırmadı?”

Həzrət Ibrahim (ə) buyurdu: “Hər kim «Bismillahir-Rəhmanir-Rəhim» deyib bu tonqalın içinə daxil olsa, alov onu yandırmaz.”

Qız eyvandan düşüb «Bismillahir-Rəhmanir-Rəhim» deyərək tonqalın içinə daxil oldu və gedib Həzrət Ibrahimin (ə) yanında əyləşdi. Hədislərdə nəql olunur ki, sonra Həzrət Ibrahim (ə) o qızı öz oğlanlarının biri ilə evləndirdi həmin ailədən bir neçə peyğəmbər dünyaya gəldi.

Odur ki, hədisdə bizə buyurulur: “Mələklərin Ibrahimə (ə) salam verməsi nəticəsində atəş onun üçün gülüstana çevrildi.”

Deməli, Qədr gecəsi göy üzünün mələkləri yerə nazil olub müsəlman və möminləri salamlayır. Hər kəs bu gecənin ləzzətini mənəvi gözəlliyini hiss etmək və günahlarının bağışlanmasını istəyirsə bu gecəni ibadətlə keçirməli mələklərin salamına cavab verməlidir.

Burada bir neçə mətləbi əziz möminlərin nəzərinə ərz edirəm:

1) Nəyə görə bu gecəni Qədr gecəsi adlandırmışlar və «qədr» sözünün mənası nədir?

a) Əvvəla, hər bir şeyin miqdarının ölçülməsinin və təyin olunmasının bir adı da «qədr» adlanır.

Qədr gecəsində insanların taleyi təyin olunur. Yəni Allah-təala öz elmi ilə kimin xoşbəxt və kimin bədbəxt olmasını gələn il Qədr gecəsinə qədər təyin edir. Bu barədə Allah-təala Qurani-kərimdə belə buyurur: “Biz Quranı mübarək bir gecədə nazil etdik. Hər bir hikmətli iş o gecə hökm (ayırd) olunur.” (“Duxan”, 3,4.)

Yəni insanların taleyi bu gecə təyin olunduğuna görə o, Qədr gecəsi adlanır. Lakin burada bir mətləbi qeyd etmək lazımdır: doğrudur, bu gecə insanın bir illik taleyi həll olunur. Ancaq insanın bir illik taleyinin həll olunmasında onun özünün böyük rolu vardır. Yəni insan ixtiyar sahibi olduğundan xoşbəxt və bədbəxt olması onun özündən asılıdır. Əlbəttə, bu mətləb fəlsəfi bir bəhsdir; bu barədə saatlarla, bəlkə də günlərlə belə danışılsa, yenə vaxtımız kifayət etməz.

b) Qədr gecəsi çox qiymətli və fəzilətli gecə olduğuna görə bu gecəni “qədr” deyə adlandırırlar.

v) Hər kim bu gecə Allaha ibadət etsə və əhya saxlayıb ibadətlə məşğul olsa Allah onun qədr-qiymətini və dərəcəsini öz dərgahında ucaldar. Buna görə də bu gecəyə Qədr gecəsi deyilir.

2) Nəyə görə bu gecə əhya saxlayırıq?

Əhya sözü əslində «ihya» sözü kimi yazılır. «Ihya» sözünün mənası isə «diri saxlamaq» deməkdir. «Həyy» sözü «diri» mənasını «ihya» sözü isə «diriltmək» mənasını ifadə edir. Lakin istilahda Qədr gecəsində insanın səhərə qədər oyaq qalaraq ibadət etməsinə «ihya» deyilir. Qədr gecəsində təkcə oyaq qalmağın özü də ibadət sayılır. Çünki oyaq qalmanın özü bu mübarək gecəni ilin başqa günlərindən tamamilə fərqləndirir. Və hər kim Qədr gecəsində oyaq qalıb Allaha ibadət edərsə Allah ona 1000 ay ibadətin savabından artıq savab yazar. Əgər bir kəs oyaq qalmaqla narahat olursa yatmağın heç bir eybi yoxdur. Çünki onun bu gecəni oyaq qalmaq və ibadət etmək niyyəti ona bu savabı qazanmağa imkan verir. Allah bütün niyyətlərdən xəbərdardır və inşallah, bu yuxusunu onun üçün ibadət hesab edər. Çünki gecə oyaq qalıb narahat və yuxulu halda ibadət etmək düzgün deyildir. Insan gərək ibadəti eşq və həvəslə yerinə yetirsin. Əgər bir şəxs məsciddə əhya saxlayıb ibadət etmirsə, başını boş-boş söhbətlərə qarışdırırsa və ibadət etməyə meyli yoxdursa yaxşı olar ki, gedib yatsın. Inşallah, Allah ona ibadət savabını vermiş olar.

Bizim bu gecə məscidlərə gəlməkdən və evlərimizdə səhərə qədər oyaq qalıb Allaha ibadət etməkdən məqsədimiz budur ki, Allaha ibadət və dua edib günahlarımızın bağışlanmasını diləyək. Bu gecə Allah özü insanları dəvət edərək onların günahlarını bağışlayır. Hər kəs bu gecə Onun qapısına getsə, əliboş qayıtmaz. Çünki Allah özü onu dəvət etmişdir və mümkün deyil ki, kimsə onun qapısına gəldikdə əliboşqayıtsın.

Bir gün Musa(ə) peyğəmbər Tur dağına ibadət etməyə gedirdi. Yolda bir nəfər ona dedi: “Ey Allahın peyğəmbəri, Allahla söhbət edərkən Ona de mənim də istəklərimi versin və dualarımı qəbul etsin. Əgər Allah mənim istəklərimi verməsə, mən Onu rüsvay edəcəyəm.”

Musa (ə) peyğəmbər Tur dağında ibadət etdikdən sonra Allahla söhbət əsnasında dedi: “Ilahi, mən bura gələndə bir nəfər yolda mənə dedi ki, Allaha mənim də ehtiyaclarımı söylə.” Lakin Musa peyğəmbər həya edib həmin şəxsin dediyi kimi demədi. Allah-taala buyurdu: “Ya Musa! Həmin şəxs necə deyibsə elə de.” Musa Peyğəmbər dedi: “Ilahi, o, mənə dedi ki, əgər Allah mənim istəklərimi yerinə yetirməsə, mən Onu rüsvay edəcəyəm.” Allah-taala buyurdu: “Ya Musa! Get ondan soruş ki, əgər mən onun istədiklərini verməsəm, o məni necə rüsvay edə bilər?”

Musa (ə) Peyğəmbər gəlib həmin şəxsi tapdı və onda dedi ki, Allah-taala buyurur: “Əgər onun istəklərini verməsəm, Məni necə rüsvay edəcək?”

Həmin şəxs Musa (ə) peyğəmbərin əlindən tutub küçələrin birinə sarı hərəkət etdi və həmin küçədə olan evlərdən birinin qapısını döydü. Içəridən bir nəfər çıxıb soruşdu: Sizə nə lazımdır? Həmin şəxs dedi: “Ay ev yiyəsi, sən məni çağırmışdın?” Ev yiyəsi dedi: “Xeyr. Sən mənə demişdin ki, mən sənin qapını döysəm, açacaqsan?” Ev yiyəsi dedi: “Xeyr.” Həmin şəxs Musa (ə) peyğəmbərə dedi: “Ya Musa (ə), bu mənə deməmişdi ki, filan vaxt gəlib qapını döyərsən, mən də açaram. Amma mən onun qapısını döydüm, o da qapını üzümə açdı. Lakin Allah özü buyurub ki, hər vaxt Mənim qapıma gəlsən, səni əliboş yola salmaram. Indi mən Allahın qapısına getmişəm. Əgər O mənim istədiklərimi verməsə, bütün camaata elan edəcəyəm ki, Allah mənə demişdi ki, hər vaxt gəlsən, səni qəbul edəcəyəm. Lakin mən Onun qapısına getdim, O da məni əliboş qaytardı.”

Buna görə də bu gecə hər kəs Allahın qapısını döyüb Ondan öz istək və tələblərini diləsə, Allah mütləq onun dualarını qəbul edər və onu əliboş yola salmaz.

Bu bəhsdən nəticə aldıq ki, Qədr gecəsi çox fəzilətli, bərəkətli və xeyirli bir gecədir. Allah-taala bu gecə öz qapısına gələn bəndələrini bağışlayar və istəklərini verər.
“Qədr Gecələri”

Seyyid Əliəkbər Ocaq Nejad


more post like this