Qədir – Xum, Vilayət bayramınız mübarək!
“Əlhəmdulillahil ləzi cəələna minəl mutəməssikinə bi vilayəti Əmirəlmömin (ə)”

Qədir – Xum elm və maarif dəryalarından biridir. Fiqh, ilahiyyat, əxlaq və təfsir və bütün elmlər Qədirdə yer almışdır. Bu yazıda Qədir -Xumun fiqhi əməllərinə işarə edəcəyik. Mətləbə daxil olmadan öncə bir neçə zəruri nöqtəyə işarə etmək yerinə düşərdi:
•    Fiqhi əməllərdən məqsəd bu günün müstəhəb əməlləri nəzərdə tutulur. Rəvayətlər 35 əməli bu gündə müstəhəb saymışdır. Onların bir neçəsini aşağıda qeyd edəcəyik.
•    Otuz beş hökmün bir gün üçün olması bu günün əhəmiyyətindən, əzəmətindən xəbər verir. İslamda əhəmiyyətli və müqəddəs olmasından asılı olmayaraq heç bir gün üçün bu qədər əməl sifariş olmamışdır.
•    Qədir – Xum əməllərinin ikinci xüsusiyyəti onun geniş miqyaslı olmasıdır. Belə ki, ibadi, siyasi iqtisadi və s. Qədirdə cəmlənmişdir. Belə ki, Qədir – Xum günündə İslam dini tamamlanmışdır.
•    Qədir –Xum əməllərinin üçüncü xüsusiyyəti həmin əməllərin fəzilətinin fəqət bu günə məxsus olmasıdır və  başqa heç bir yerdə bu gözə dəymir. Mərhum Mirza Cavad Təbrizi deyir: “Qədir – Xum günü üçün zikr olunan fəzilətlər,  Ramazan ayının fəzilətlərindən daha çoxdur”.
•    Nə üçün bu qədər həcmli və fəzilətli əməlləri Qədir – Xum günü üçün təyin edilib?
İmam Sadiq (ə) bu sualın cavabında buyurur:  “Bu əməllərlə Qədir gününü əzəmətli tut!”
Altıncı İmamın (ə) bu sözü iki həqiqəti bəyan edir: “Bu günü əzəmətli bilməli və əzəmətli bilməklə yanaşı  Qədir gününün xüsusi əməlləri yerinə yetirməkdir”.

Qədir – Xum bayramının əməlləri bunlardır:
• İftar vermək; Rəvayətə əsasən bu gündə möminlərə iftar süfrəsi açmağın böyük fəziləti vardır. İmam Əli (ə) buyurur: “Qədir günündə oruc tutan mömini iftara dəvət edən şəxs on “fəam”a iftar vermiş kimidir”. Soruşdular: Ey Əmirəlmöminin! “fəam” nədir? Həzrət buyurdu: “Yüz min peyğəmbər (s), siddiq və şəhid”. Sonra davam etdi: “Bir dəstə mömin və möminələrə iftar verənin fəziləti isə gör necədir!”
• Qardaş olmaq; Vilayət günü, qardaşlıq günüdür və qardaşlıq günü vilayət günüdür; bunlar ikisi bir – birininə bağlı və ayrılmazdırlar. Onların bir – birinə bağlılığına səbəb imandır. Çünki bir tərəfdən iman vilayətə yol açır, digər tərəfdən iman əhli bir – biriləri ilə qardaşdırlar. (“Həqiqətən möminlər qardaşdırlar” Hücurət -10) Buna əsasən qardaşlıq əqdi Qədir gününün əməllərindən biri sayılmışdır.
• Təbrik etmək; Təbrik demək hər bir bayramın ümdə adətlərindəndir.  İmam Sadiq (ə) bu gündə təbrik etməyi belə öyrədir: bir – birinizi gördüyünüz zaman belə deyin: “Əlhəmdulillahil ləzi əkrəmna bihazal yovm və cəəlna minəl muvəffinə biəhdihi iləyna və misaqihil ləzi vəsəqna bihi min vilayəh vəlahu əmrihi vəl qəvami biqisthi və ləm yəcəlna minəl cahidinə vəl mukəzzibinə biyovmiddin”.
İmam Rza (ə) : Bir – birinizə rastlaşdığınız zaman belə deyin: “Əlhəmdulillahil ləzi cəələna minəl mutəməssikinə bivilayəti Əmirəlmöminin (ə)”.
• Təbəssüm etmək; İmam Rza (ə) buyurur: “Qədir günü möminlərə təbəssüm günüdür. Hər kəs bu gündə mömin qardaşına təbəssüm etsə, Allah qiyamət günü ona rəhmət nəzəri ilə baxar, min arzusunu yerinə yetirər, onun üçün ağ dürrdən qəsr tikər və simasını gözəlləşdirər”.
• Təzə və təmiz paltarlar geyinmək
• Düşmənlərdən Allaha pənah aparmaq
• Bayram etmək
• Allaha həmd və səna etmək
• Dua etmək
• Görüşmək, ziyarət etmək
• Oruc tutmaq; Qədir günündə oruc tutmağın xüsusi fəziləti vardır. İmam Əli (ə) buyurur: “Əgər ixlaslı şəxs bu gündə ixlasla oruc tutsa, dünyanın bütün günlərin orucu onun orucunun müqabilində zəifdir.” Başqa təbirlə desək: Dünyanın əvvəlindən axırınadək diri qalıb bütün günləri oruc tutan kəsin orucların savabı bu günün orucunun savabından azdır.
• Əmirəlmömin Əli (ə) ziyarət etmək
• Bəzənmək
• Şükr etmək
• Sədəqə vermək
• Salavat göndərmək
• İbadətlə məşğul olmaq

• Ətirlənmək
• Qüsl almaq
• Namaz qılmaq; On iki rəkətdir. Hər iki rəkətdən sonra bir təşəhhüd deyilir. On ikinci rəkətdən sonra salam deyilir. Hər rəkətdə “Həmd”dən sonra “Tövhid” surəsi on dəfə, “Ayətəl – kürsi” isə bir dəfə oxunur. On ikinci rəkətdə “Həmd” və surəni hər birini yeddi dəfə tilavət etmək lazımdır. Həmçinin qunutda bu dua oxunmalıdır: “La ilahə illəllahu vəhdəhu la şərikə ləh, ləhul mulku və ləhul həmd, yuhyi və yumitu və yumitu və yuhyi və huvə həyyun la yəmut biyədihil xeyr və huvə əla kulli şeyin qədir”.
• Qədir –Xum bayramı namazı; Günorta namazında yarım saat əvvəl, iki rəkətli müstəhəb namazdır. Hər rəkətdə “Həmd”dən sonra “Tövhid”, “Qədr” və “Ayətəl – kürsi” on dəfə oxunmalıdır.
• Borc alıb başqalarına kömək etmək; İmam Əli (ə) buyurur: “Hər kəs mömin qardaşına kömək etmək üçün borc alsa, Allah tərəfindən zəmanət verirəm ki, onu diri saxladığı təqdirdə borcunu qaytaracaqdır. Əgər borclu halda dünyadan getsə o borc ondan soruşulmayacaqdır”. İki nöqtəyə diqqət etməklə Qədir gününün xüsusi gün olduğunu anlamaq olur:
1.Borc almaq İslamda təşviq edilmiş əməl olmasada başqalarına kömək etmək üçün müstəhəb sayılmışdır.
2.İslam insanların haqqını (haqqun-nası) mühüm sayır. Amma yuxarıdakı rəvayətə əsasən başqalarının haqqı boynunda dünyadan gedəni Allah bağışlayır.
• Hədiyyə vermək
• Yığıncaq, mərasim təşkil etmək
Hazırladı: Xəyal Tofiqoğlu

islammektebi.org


more post like this