Bəzi insanları belə bir sual düşündürə bilər: Görəsən tarixdə Qədir-Xum hadisəsinin baş verməsinə nə səbəb olub? Tarixi dəlillərə əsasən, həmin hadisə zamanı İslam peyğəmbəri (s) həcc mərasimindən qayıdırdı. Xum adlı bir yerdən keçdikləri zaman hacılara əmr etdi ki, qızmar günəşin altında hamısı bir yerə yığışsınlar, irəlidəkilər geri qayıtsınlar və geridəkilər də gəlib onlara çatsınlar. Bu qədər əziyyətli işin səbəbi nə idi? Nəhayət, bütün bunlardan sonra Peyğəmbər (s) tarix boyu unudulmayacaq çıxışına başladı.
Bu tarixi hadisə elə bir hadisədir ki, şiələr hər il o günü çox böyük təntənə ilə bayram edirlər, şiə ölkələrinin bəzisində rəsmi tətil elan olunur. Görəsən şiələr bu günü nəyə əsasən bayram keçirirlər? Yoxsa özlərindənmi uydururlar? Yaxud bu, İslam peyğəmbərinin (s) əmri ilə qeyd olunur? Yoxsa bütün bunlardan da böyük bir yerdənmi əmr olunub?
Bütün bu sualların cavabını tapmaq üçün gərək tarixə diqqət edək. Bunun üçün baxaq görək bu hadisə baş verməzdən əvvəl hansısa başqa mühüm bir şeymi baş verdi?
Tarixdə bu hadisədən qabaq bir Quran ayəsinin nazil olduğu qeyd olunur. Bu Quran ayəsi Maidə surəsinin 67-ci ayəsidir. Allah-Taala bu ayədə buyurur: “Ya Peyğəmbər! Rəbbindən sənə nazil ediləni təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risaələtini (sənə həvalə edilən, elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni qoruyacaq”. (Qeyd edək ki, ayə Peyğəmbərə nazil olduqdan sonra o həzrət ayəni camaata oxudu. Burda diqqət olunası bir məqam var: Peyğəmbər heç bir vacib hökmü bu qədər camaatın içində bəyan etməmişdi. Bu məsələ isə hadisənin əhəmiyyətini daha da artırır.)
Təfsir alimləri və tarixçilərin dediklərinə əsasən, Maidə surəsi Mədinədə nazil olan surələrdəndir, çünki o surənin ayələri Mədinədə baş verən hadisələrə aiddir. Məsələn, bu surədə Əhli-kitab (məsihi və yəhudilər) haqda danışılır, Əhli-kitab isə Məkkədə olan zamana aid deyildi, Mədinədə olan zamana aid idi, çünki Peyğəmbər (s) Məkkədə müşriklərlə mübarizə aparırdı.
Maidə surəsi Mədinəyə aid olduğu üçün yuxarıda qeyd etdiyimiz ayə də həmin surənin bir ayəsidir və o zamanın mühüm məsələsi haqda nazil olub. Bu ayənin Qədir-Xum hadisəsindən qabaq nazil olmasında isə ixtilaf yoxdur, ixtilaf bu ayənin kimin və nəyin barəsində nazil olmasındadır və burada biz məhz bunu aydınlaşdırmağa çalışacağıq.
Ayənin həqiqi mənası
Bu ayəyə bir az diqqət etsək görərik ki, Allah-Taalanın bu ayədə Peyğəmbərə (s) olan xitabı başqa ayələrdən çox fərqlənir. Allah-Taala bu ayədə hansısa mühüm bir işi yerinə yetirməyi Peyğəmbərə əmr edir. Əlbəttə, başqa ayələrdə başqa vacib işləri yerinə yetirməyi də Allah-Taala Peyğəmbərə (s) əmr edir, amma bu ayədəki vacibin növü başqa vaciblərdən çox fərqlənir. Çünki başqa vaciblər əmr edildikdə onu yerinə yetirməməyin qarşısında Peyğəmbərin (s) 23 illik zəhmətinin puç olması qeyd olunmayıb, amma bu işdə məsələ o qədər mühümdür ki, Allah-Taala Peyğəmbərə buyurur ki, əgər onu yerinə yetirməsən 23 illik peyğəmbərliyin bir anın içində puç olub məhv olar.
Bəs görəsən bu məsələ nədir ki, Allah-Taala yanında bu qədər əhəmiyyətə malikdir? Hətta o qədər mühümdür ki, əgər bu iş icra olunmasa, əziz Peyğəmbərinin peyğəmbərliyini qəbul olunmaz kimi hesab edir. Əgər desək bu ayə hansısa şəri məsələ haqda nazil olub, ayədəki deyiliş tərzilə uyğun gəlməz, buna görə ki, o zamana qədər şəri məsələlərin əsasları nazil olmuşdu və həmin dövr Peyğəmbərin ömrünün son günləri idi. Yaxud bu ayəni etiqadi məsələlərin bir qismi, o cümlədən, Allahın, peyğəmbərliyin, yaxud məadın (ölümdən sonrakı həyatın) sübutu kimi məsələlər haqda olması da uyğun gəlmir, çünki Peyğəmbər o məsələləri İslamın əvvəllərində camaat üçün açıqlamışdı və qeyd etdiyimiz kimi, bu ayə onun ömrünün son günlərində nazil olub.
Burada yalnız bir nəzəriyyə qalır, o da Peyğəmbərin (s) özündən sonra ümmətə rəhbər təyin etməsi kimi mühüm bir məsələdir. Çünki əvvəldə də qeyd etdiyimiz kimi, İslamın mühüm şəri məsələləri və əqidəvi məsələlərin bir çox qismi o zamana qədər Peyğəmbər (s) tərəfindəm camaat üçün deyilmişdi. Yalnız əqidəvi məsələlərdən biri olan vilayət məsələsi qalmışdı.
Rəhbərlik məsələsinin bu qədər əhəmiyyətə malik olması təbii məsələdir, çünki söhbət bir İslam dövlətini Peyğəmbərdən sonra kimin idarə etməsindən gedir.
Əgər bir uşaq yenicə ayağa qalxıb yeriməyə başlasa onun başına neçə nəfər fırlanar və onu yalnız qoymazlar. O dövrdə İslam dini də yeni ayağa qalxmış bir uşaq kimi idi və onun Peyğəmbərdən sonra Peyğəmbər kimi qoruyan bir insana ehtiyacı var idi. Bütün bunlar üçün də elə bir rəhbər seçilməli idi ki, Peyğəmbərdən (s) sonra onun yerinin boşluğunu doldursun, həm elmi, həm siyasi, həm əxlaqi və.s cəhətlərdən.
İslam dininə Peyğəmbərdən sonra rəhbər seçməyə isə o dini nazil edən və onu camaata çatdırandan daha layiqlisi yoxdur. Misal üçün, əgər bir insan böyük bir şirkət tikdirə və bir müddətdən sonra ömrünün sonunun yaxınlaşdığını hiss edə, bu zaman o insan şirkətin başına kimin keçməsini özü təyin edər. Bunu şirkətin işçilərinin öhdəsinə buraxmaz. Çünki şirkətin sahibi odur və bu işin öhdəsindən kimin daha yaxşı gələcəyini məhz o bilir.
Allah-Taala da göndərdiyi İslam dininin Peyğəmbərdən (s) sonrakı rəhbərini Peyğəmbərin ömrünün sonlarında onun vasitəsi ilə “Xum” adlı yerdə təyin etdi və rəhbəri seçdikdən sonra İslam dinini kamil din olaraq tanıtdırdı.
Burada sual yaranır ki, bəs o rəhbər kim idi? Cavabını isə tarix deyir, həmin gün, həmin yerdə o ayə (Maidə surəsinin 67-ci ayəsi) nazil olduqdan sonra Peyğəmbər (s) geniş və tarixi bir xütbə oxudu, bu xütbənin arasında belə buyurdu: “….Mən kimin mövlasıyamsa (oxu:rəhbəriyəmsə), Əli də onun mövlasıdır(oxu:rəhbəridir)!” Bu cümləni Peyğəmbər üç dəfə təkrar etdi.
Bu hədisi səhabələrdən təqribən 110 nəfəri nəql edib, o cümlədən; Əbubəkr, Ömər, Osman, Əmmar Yasir, Ümmu Sələmə, Əbu Hureyrə, Səlman Farsi, Zubeyr, Zeyd ibn Ərqəm, Əbuzər Ğəffari, Əbbas ibn Əbdülmütəllib, Cabir ibn Əbdullah Ənsari və.s. Hədis elmində bu cür bir neçə ravi (rəvayət eləyən) tərəfindən nəql olunan hədislərə “Mütəvatir” hədislər deyilir. Mütəvatir olan hədislər isə bütün hədis alimləri tərəfindən qəbul olunur.
Qeyd etdiyimiz kimi bu hədis mötəbər hədis olduğu üçün böyük sünnü tarixçiləri o cümlədən, Yəqubi (İslam aləmində ümumi tarix kitabını yazan birinci şəxs), Məhəmməd ibn Hərir Təbəri, İbn Əsir, Süyuti öz tarix kitablarında bu məsələyə toxunmuşlar.
Buna əsasən bu hədis tarixdə baş vermiş dəqiq hadisələrdən biridir və bunu inkar edənlər isə məlumdur ki, hədis elmindən və tarixdən xəbərsizdilər.
Bu hədisdə gələn “mövla” kəlməsinin mənası
Bu hədisdə gələn “mövla” kəlməsini bəziləri “dost” mənasına tərcümə edirlər. Onlar bununla demək istəyirlər ki, Peyğəmbərin (s) orada Əli (ə) haqda “mövla” kəlməsini zikr etməkdə məqsədi “rəhbər” yox “dost” idi. Yəni Peyğəmbər, “Mən kimin dostuyamsa, Əli də onun dostudur” demək istəyirdi.
Doğrudur “mövla” kəlməsinin bir mənası da “dost”dur. Amma kəlməni hansı şəraitdə deyilməsi mühümdür. Biz əgər bu hədisi Peyğəmbərin nə zaman buyurduğuna baxsaq və onun “mövla” kəlməsindən məqsədinin dost olduğunu desək, şübhəsiz ki, problemlərlə üzləşmiş olarıq. Belə ki, bu insanın əqli və zaman şəraiti ilə uyğun gəlmir. Çünki Peyğəmbərin çox saylı hacını qızmar günəşin altında saxlayıb,“Mən kimin dostuyamsa Əli də onun dostudur” deməsi, Peyğəmbərin (s) şəninə uyğun gələn bir şey deyil. Bundan əlavə bu hadisədən qabaq nazil olan ayənin xitabından da başa düşmək olar ki, mövla kəlməsini “dost” mənasında başa düşmək olmaz. Çünki ayə mühüm bir məsələdən danışır və elə bu ayədən sonra Peyğəmbər (s) bu hədisi buyurur. Bu müqəddimələrə əsasən məsələ dost məsələsindən daha mühüm olan İslama rəhbər təyin etmək məsələsidir.
“Vilayət” bayramınız mübarək!

Kamran Məmmədov

islammektebi.org

 


more post like this