Məsələ 2175: İnsanın zülm ilə bir şəxsin malınıa, yaxud haqqını ələ keçirməsinə qəsb deyilir. Bu da böyük günahlardan biri sayılır və bu işi görən şəxs Qiyamət günündə ağır əzaba düçar olacaq. İslam peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-dən rəvayat olunub ki, hər kəs bir qarış torpağı başqasından qəsb etsə, Qiyamət günü o torpağı onun 7 təbəqəsi ilə boyunbağı kimi onun boynundan asacaqlar.
Məsələ 2176: Əgər bir şəxs camaatı məscid, mədrəsə, körpü və kütlənin istifadəsi üçün tikilən sair yerlərdən istifadə etməyə qoymasa, onların haqqını qəsb etmişdir. Habelə, bir şəxs məscid və başqa yerlərdə özünə yer tutub, başqası ondan istifadə etməyin qarşısını alsa (qəsb sayılır).
Məsələ 2177: Qanunsuz olaraq müsəlmanların beytül-malına hakim olmaq qəsb sayılır və qəsbin bütün hökmlərinə malikdir və bəzi cəhətdən məs’uliyyəti çoxdur.
Qəsbin hökmləri
Məsələ 2178: Bir şəxsin yanında girov (rəhn) qoyulan malı başqası qəsb etsə, malın sahibi və onu tələb edən şəxslərin hər ikisi malı ondan tələb edə və əgər aradan gedibsə, əvəzini ala bilərlər. O əvəz girov qoyulmuş malın əvəzi olacaq.
Məsələ 2179: Qasib (qəsb edən) şəxsin qəsb etdiyi malı tez bir zamanda sahibinə qaytarması vacibdir və yubatdığı qədər onun üçün çox günah yazılır və tələf olduğu halda onun əvəzini verməlidir.
Məsələ 2180: Əgər qəsb etdiyi maldan bir qazanc ələ gətirsə, məsələn, qəsb edilmiş bir qoyundan bir quzu dünyaya gəlsə və yaxud qəsb edilmiş bağda meyvə yetişsə, qasib şəxs zəhmət çəkmiş olsa da belə, o mülkün hamısı mal sahibinindir. Əgər bir şəxs bir evi qəsb etsə, evdən istifadə etməsə də belə, evin onun öhdəsində olduğu müddətin icarə haqqını adətə uyğun olaraq ödəməlidir. Avtomobil və s. mallar da bu hökmlə eynidir.
Məsələ 2181: Əgər bir şəxs uşaq və yaxud dəlidən bir malı qəsb etsə, onu onun vəlisinə qaytarmalıdır. Əgər uşaq və yaxud dəlinin özünə qaytarsa və (o mal) aradan getsə, zamindir.
Məsələ 2182: Əgər iki və daha çox adam bir malı birlikdə qəsb etsələr, onlardan hər biri malın bir hissəsinə zamindirlər. Onu təkbaşına qəsb edə bilib-bilməyəcəyindən asılı olmayaraq, (əgər iki nəfər olsalar hər biri yarısına, əgər üç nəfər olsalar, hər biri üçdə birinə zamindirlər).
Məsələ 2183: Əgər qəsb etdiyi mal başqa bir şeyə qarışsa, onları ayırmaq mümkündürsə, zəhməti çox olsa da belə, ayırıb sahibinə qaytarmalıdır. Əgər onu əlçatmaz bir yerdə qoyubsa, malı sahibinə çatdırmaq üçün çəkilən bütün xərclər qasibin öhdəsindədir.
Məsələ 2184: Əgər qəsb etdiyi qabı və s. xarab etsə, onu hasil olan qiymət fərqi ilə sahibinə qaytarmalıdır. Əgər (qiymət) fərqini vermək istəməsə və o malı əvvəlki kimi düzəldirəm desə, malik onu qəbul etməyə məcbur deyil və həmçinin, malik qasibi onu əvvəlki kimi düzəltməyə məcbur edə bilməz və yalnız qiymət fərqini ala bilər.
Məsələ 2185: Əgər qəsb etdiyi malda dəyişikliklər aparıb onu əvvəlkindən yaxşı (formaya) salsa, məsələn qəsb edilmiş qızıldan sırğa və boyunbağı düzəltsə, əgər mal sahibi, onu mənə həmin formada ver, desə, verməlidir və zəhmətinə görə muzd ala bilməz və hətta malikin icazəsi olmadan onu əvvəlki formasına qaytara bilməz. Əgər onun icazəsi olmadan qızılı əvvəlki formasına qaytarsa, vacib ehtiyata əsasən, qiymət fərqini verməlidir.
Məsələ 2186: Əgər qasib bir malda bə’zi dəyişikliklər aparıb onu əvvəlkindən yaxşı (formaya) salsa lakin, mal sahibi xüsusi bir məqsədlə, onu əvvəlki formasına salmasını istəsə, bu işi görmək vacibdir. Əgər onda bir eyib yaranmaqla qiyməti əvvəlkindən azalarsa, onun qiymət fərqini sahibinə verməlidir.
Məsələ 2187: Əgər qəsb edilmiş bir torpaqda əkinçilik etsə, yaxud ağac əksə, əkin, ağac və onun meyvələri qasib şəxsindir, lakin qəsb etdiyi torpağın, əkinin və ağacın onda olduğu müddətinin icarə haqqını sahibinə verməlidir. Habelə, iş əsnasında torpaq sahibi o torpaqda əkin və ağacın qalmasına razı olmasa, ona zərər dəyəcəyindən asılı olmayaraq, qasib tez onları yerdən çıxarmalıdır və əgər yerdə bir qüsur tapılsa, qiymət fərqini verməlidir. Qasib torpaq sahibini torpağı ona satmağa, icarə verməyə məcbur edə bilməz və həmçinin, torpaq sahibi qasibi əkin və yaxud ağacı ona satmağa məcbur edə bilməz.
Məsələ 2188: Əgər qəsb etdiyi mal aradan getsə və o şey az tapılan olsa, məsələn, bə’zi heyvanlar və ya əldə toxunulan xalçalar kimi olsa onun qiymətini verməlidir. Əgər onun qiyməti dəyişibsə, tələf etdiyi günə uyğun olaraq qiymətini verməlidir. Əgər buğda, arpa, fabrik xalçası və parçası və zavodda düzəldilən qablardan olsa və adətən onların oxşarı çoxdursa, qəsb etdiyi şeyin oxşarını verməlidir. Veriləcək mal tələf olan malın xüsusiyyətlərinə malik olmalıdır.
Məsələ 2189: Əgər qoyun kimi bir heyvan qəsb edildikdən sonra aradan getsə, belə ki, onun yanında olduğu vaxtda kökəldikdən sonra aradan gedibsə, onun kökəlmə vasitəsi ilə qiymət artımını da verməlidir.
Məsələ 2190: Əgər qəsb olunan malı başqa bir qasib birinci qasibdən alsa və o mal aradan getsə, ehtiyata əsasən, mal sahibi malın əvəzinin verməsini hər ikisindən tələb etməlidir.
Məsələ 2191: Əgər bir batil müamilə baş tutsa, məsələn, çəki ilə alınıb-satılmalı olan bir malı çəkisiz müamilə etsələr, nə alıcı malın və nə də satıcı qiymətin sahibi olmur. Lakin, hər ikisi müamiləni nəzərə almadan, bir-birlərinin malında təsərrüf etməyə razı olsalar, eybi yoxdur, əks təqdirdə, həmin mal qəsb edilmiş mal kimidir, onu qaytarmalıdırlar. Əgər birinin malı digərinin əlində tələf olsa, müamilənin batil olub-olmamasını bilib-bilməmədiklərindən asılı olmayaraq, onun əvəzini verməlidirlər.
Məsələ 2192: Əgər satıcıdan bir malı bəyəndiyi təqdirdə alacağı üçün alıb baxdıqda o mal tələf olsa, vacib ehtiyata əsasən, onun əvəzini sahibinə verməlidir.
həzrət Ayətullahül-üzma Məkarim Şirazinin Şəriət risaləsi

 

 


more post like this