Min aydan əfzəldir buyurub Xuda,
Qədirdə, qiymətdə Qədr gecəsi.
Quran nazil olub həmin gecədə,
Təkdir fəzilətdə Qədr gecəsi.

Bu gecə dəf olur hər bir ehtiyac,
Bu gecə bəxş olur möminlərə tac,
Bu gecə eyləyib peyğəmbər merac,
Gizlidir fitrətdə Qədr gecəsi.

Bu bir gecədir vaxtı naməlum,
Kafəri niyyətdən eyliyib məhrum,
Zalımı məhv edər istəsə məzlum,
Olmasa qəflətdə Qədr gecəsi.

Haramdır insana bu gecə yatmaq,
Acizlikdir onu yuxuya satmaq,
Asandır ən ali istəyə çatmaq,
Olsan nə niyyətdə Qədr gecəsi.

Bu gecə Xaliqə eylə ibadət,
Namazla, zikirlə olgilən rahət,
Bu gecə Əliyə yetib şəhadət,
Feyz aldı cənnətdə Qədr gecəsi.

Bu gecə Allahdan olub bizə lütf,
Mahi-Ramazanə edir təsadüf,
Bu gecə həq səni eyləyər təltif,
Vardırsa qismətdə Qədr gecəsi.

Bölər ruziləri Sahib Əzzəman,
Mələklər mömini sarar hər yandan,
Bir ay Ramazanı yatmadın, Soltan,
Yetişdi növbətdə Qədr gecəsi.

 

Müəllif- Hacı Soltan Əlizadə
http://www.muselman.ws/


more post like this