islamic mənbələri

    1. home

    2. article

    3. QƏBRİN QARANLIĞINDA MÜNİSİMİZ NƏDİR?

    QƏBRİN QARANLIĞINDA MÜNİSİMİZ NƏDİR?

    QƏBRİN QARANLIĞINDA MÜNİSİMİZ NƏDİR?
    Rate this post

     

     

    1. Qəbir evində müsəlmanın munusu Quran qiraətidir.

     

    Həzrət Peyğəmbər (s) buyurur: “Qəbir hər gün beş cümləni fəryad çəkər: Mən tənha bir evəm, ona görə mənə gələn zaman munisinizlə gəlin”. (Quran qiraəti).

     

    Quran qiraətinin başqa ibadətlər kimi xüsusi qayda-qanunları vardır. Bu qaydalara riayət etmədən, Quranın haqqını əda etmək olmaz. Qarinin çəkdiyi zəhmətlər hədər gedər.

     

    Quran qarisi tilavət zamanı pak olmalıdır. Quran oxuyan zaman dəstəmaz almaq müstəhəb olsa da, ancaq Allah Taəla qarşısında ədəb göstərən insan dəstəmazlı olmalıdır. Həmçinin bədənin və paltarın təmizliyi də şərtdir. Bu şərtlər qarini daha nurani edər, tilavətinin daha gözəl olmasına gətirib çıxarar. Çünki Quran qiraəti abidlə Məbudun söhbətidir. Mövla ilə danışan zaman pak və təmiz olmaq lazımdır.

     

    Quran qarisi gərək Qurana hörmət etsin. Qiraət üçün elə zaman və məkan seçmək lazımdır ki, nurani kəlamların dəyəri itməsin. Çalışmalıdır ki, qibləyə tərəf dayanıb qiraət etsin. Əgər qari bu şərtlərə əməl edərsə, Allahın məhbubuna çevrilər. Qari oxuduğu bu nurani kəlamların mənasını dərk etsə, daha çox savab qazanar və elmi daha çox artar.

     

     

    2. Gecə namazı.

     

    “Mən qaranlıq bir evəm, ona görə də özünüzlə mənə tərəf gələn zaman çırağ gətirin”.

     

    Gecə namazının üç fəziləti bəyan edilmişdir:

     

    a) İnsan qəlbini nurani edər, sanki günəş batinində nur saçır.

     

    b) İnsanın təbiəti və fitrətini də pak və aydın edər. Qəmi qəlbdən çıxardar. O biri dünyanı qaranlıq görməz.

     

    c) Gecə yarısı deyilən ”əl-əfv” və istiğfar insan günahlarının bağışlanamsına səbəb olar. Çirkinlikləri azalar, insanın canı isə pak olar.

     

    3. Saleh əməl.

     

    “Mən bir torpaq evəm, ona görə də mənə tərəf gələndə özünüzlə xalça gətirin”. (Saleh əməl).

     

    Quran buyurur: “Əgər şəhər və kəndlərin əhalisi iman gətirsəydilər və təqvalı olsaydılar, şübhəsiz göydən və yerdən onların üzünə bərəkətlər(in qapılarını) açardıq”. (“Əraf” 96).

     

    Əllamə Təbatəbai bu ayənin təfsirində belə yazır: “Bu ayədə adı çəkilən bərəkət -salamatlıq, mal və övlad deməkdir. Adətən insan onların yoxluğu və məhv olması ilə imtahana çəkilər. Allah Təala bu ayədə bərəkəti elə bir məcraya bənzətmişdir ki, İlahi nemətlər onun vasitəsilə insanlara təqdim edilir. Yağış və qar hər biri münasib vaxtda və münasib qədər yağar. Hava vaxtında isti və vaxtında soyuq olar. Nəticədə meyvələr bol olar. Əlbəttə bu o zaman olar ki, insanlar Allaha iman gətirərlər və əks halda bu məcra bağlanar”.

     

     

    4. Kəlmeyi-şəhadeteyn.

     

    “Mən sürünənlərin eviyəm, ona görə özünüzlə mənə tərəf gələndə padzəhrlə (zəhəri zərərləşdirənlə) gəlin”. (Lə İləhə İlləllah, Muhəmmədən (s) Rəsulallah!).

     

    Müsəlman o kəsdir ki, Allahdan başqa tanrı olmadığını qəbul edər. Qəbul edər ki, Həzrət Muhəmməd (s) onun peyğəmbəridir. Hər kim bu ikisini qəbul edər, dilində onu deyərsə, müsəlman sayılar.

     

    İslamın dərəcələri vardır. O kəs ki, yazmağı və oxumağı bilir, savadlı sayılır. O kəs ki, doktorluq səviyyəsindədir, yenə də savadlı sayılar. Ancaq bu ikisi bərabərdirmi?

     

    İslamın dərəcələri də belədir. İslam dinini həqiqi və zahiri hissəyə bölmək olar. Həqiqi müsəlman olmaq iki şeylədir:

     

    a) Əqidə və iman: yəni, Allaha və Onun pak sifətlərinə iman bəsləmək, peyğəmbərlərə (ə) o cümlədən Həzrət Muhəmmədə (s) iman bəsləmək. Qiyamətə, behiştə, cəhənnəmə iman bəsləmək.

     

    b) Əməl: yəni əgər kiminsə əqidəsi kamildirsə, ancaq Allahın və Peyğəmbərin (s) əmrlərinə əməl etmirsə, həqiqi müsəlman deyildir. Məsələn, əgər zəkat vermirsə, həqiqi müsəlman deyildir.

     

    5. Sədəqə.

     

    “Mən yoxsul bir evəm, ona görə də mənə tərəf gələndə özünüzlə xəzinə gətirin”. (Sədəqə).

     

    Hədislərdə oxuyuruq ki, infaq etmək sədəqədir. Həmin faydalara malik olar. Həzrət Peyğəmbər (s) buyurur: “Hər bir ehsan – istər zənginə olsun, istərsə də fəqirə – sədəqədir. Ona görə də sədəqə verin, hətta əgər xurmanın yarısı qədər olsa belə. Atəşdən çəkinin, hətta əgər xurmanın yarısı qədər olsa belə”.

     

    Şübhəsiz ki, bu dünyada infaq müxtəlif səbəblərlə həyata keçirilir. Bəzən insanların arasında şöhrət qazanmaq üçün, bəzən ruzinin çoxluğuna və israf olmamasına görə və başqa səbəblərə görə. Ancaq həqiqi müsəlman infaqını Allaha xatir, Allah razılığını əldə etmək üçün edər.

     

    Bəzən infaq halal maldan olar, bəzən isə haram. Əgər infaqın və sədəqənin dəyərli olmasını istəyiriksə, Allah tərəfindən qəbul olmasını istəyiriksə, onu halal maldan etməliyik. Gizli halda infaq etməyin faydası və fəziləti daha çoxdur.

     

    “De: «(İstədiyiniz kimi) – istər rəğbətlə, istərsə də ikrahla xərcləyin, sizdən əsla qəbul olunmayacaqdır. Çünki siz itaətsiz bir dəstəsiniz». (“Tövbə” 53).

     

    Riyakarlar haqqında belə buyurur: “Həmin o kəslər ki, mallarını riya və camaata göstərmək xatirinə xərcləyirlər və Allaha və axirət gününə imanları yoxdur. Yoldaş və həmdəmi şeytan olan kəs (bilsin ki,) o çox pis bir həmdəmdir”. (“Nisa” 38).

     

    Beləliklə deyə bilərik ki, qəbir bizdən beş şeyi istəyir: Quran qiraətini, gecə namazını, saleh əməli, Allaha və Peyğəmbərə (s) itaət etməyimizi və sədəqə verməyimizi. Əgər bu beş göstərişini yerinə yetirsək, şübhəsiz ki, xilas olmuşlardan olarıq.

     

     

     

     

    http://sualcavab.ge