(…əvvəli ötən sayımızda)
Vurğun bir həftə dostugildə qalmalı oldu. O, bir həftə müddətində gedib Laçıngilin ünvanını tapmış, Tibb Universitetinin yerini və tələbələrin saat neçədə dərsdən çıxdıqlarını öyrənmişdi. Bir həftədən sonra Vurğun şəhərdən qıraqda bağ işi ilə əlaqədar özünə iş tapıb, elə işlədiyi yerdə də müvəqqəti məskunlaşaraq dostugilnən sağollaşıb ora köçmüşdü.

Vurğunun şəhərə köçməyindən üç ay keçmişdi. Ev sahibi Pedoqoji Universitetdə dosent olduğu üçün geniş imkanlara malik idi. O, bu üç ayda Vurğuna yaxşı bələd olub, burdakı “imarətlərini” tam onun ixtiyarına buraxmış və ona böyük məbləğdə əmək haqqı verirdi. Oğlu olmadığından hərdən Vurğuna zarafatla “Sən mənə oğul, qızlarıma da qardaş olacaqsan. Nə qədər ömrüm var, bu evlərdə istədiyin kimi yaşa, ananı da, bacını da götür köç şəhərə.

İstəsən işlədiyim instituta gələn il sənəd də verərsən” deyərdi. Vurğun da onun hörmətini saxlayar, hər işdə onun ürəyincə olmağa çalışardı. Bu üç ay müddətində iki dəfə kəndə baş çəkmişdi və qayıdanda da kənd sovqatıyla ev sahibinin yanına qayıtmış, söhbət əsnasında anasının möhkəm xəstə olmasını və qışda evə qayıdacağını bildirmişdi. Ev sahibi bir gün ondan istədiyi qızın olub-olmamasını soruşanda, o məhz istədiyi qıza görə şəhərə gəldiyini söyləmiş və indi onunla heç cür dil tapa bilmədiyini bildirmişdi. Ev sahibi Vurğuna gedib rayondan xəstə anasını və bacısını gətirməyi məsləhət verərək, qalan problemlərdə ona köməklik edəcəyinə söz vermişdi. Odur ki, Vurğun bir-iki günə rayona dönüb satılmalı olan mal-qarasını satmalı və ev-eşiyini də bibisi uşaqlarına tapşıraraq anası və bacısını da götürüb müvəqqəti şəhərə köçməyi qərara almışdı.

Laçın Bakıya qayıtdığı ilk günlərdə çox darıxıb gizlində göz yaşları axıtsa da, sonralar Vurğunu unudacağına və bir də heç vaxt heç kimə – hətta Vurğunun özünə də belə inanmayacağına söz verərək göz yaşlarına son qoymuşdu. Bu il ötən iki ilə nisbətən dərslərinə daha çox səy edir, sinif birinciliyini qazanmaq istəyirdi. Hərdən gecələr Vurğun onun yadına düşəndə də onun haqqında eşitdikləri sözlərə ilüstrasiya verərək beynində onun əksini yaradır və o əksi xəyalında hərəkətə gətirərək adını dayısı arvadından eşitdiyi qadınla görüşdürüb nifrət hissi ilə: “Yox, Vurğun, daha sevmirəm səni, daha yoxsan mənimçün! Mənim sevdiyim oğlan ilk dəfə o aylı gecədə üz-üzə durub, görüşdüyüm həmin pak Vurğundur. Sən daha heç vaxt o Vurğun ola bilməzsən! Mən səninlə cəmi dörd dəfə görüşdüm. Dördüncü dəfəki görüşdən sonra sənə bağışladığım Quranla bərabər qeybə çəkildin. Ondan sonra ancaq yuxularımda, xəyallarımda yaşadın. Yəqin bir də Qiyamət günü yenə o Quranla bərabər Tanrı hüzurunda biz görüşərik və elə oradaca o vaxta qədər harada olduğumuzu, nəyə görə bu səadəti yubatdığımızı biri-birimizə hesabat verərik” – deyə düşüncələrə qapıla-qapıla pıçıldayır və tədricən yuxuya gedərdi.

Laçın Vurğun barəsində hər şeyi olduğu kimi olmasa da, ucundan-qulağından bəzi sözlər eşitmişdi. Dayısı arvadı altı ay bundan əvvəl Bakıda olarkən anasıyla oturub mətbəxdə söhbət etmişdi. O, Vurğunun adını eşidəndə daha diqqətlə qulaq assa da, qulaqlarına inanmamışdı. Qadını yaxşı tanımasa da, kənddə onun adının başqalarının adıyla hallanmasını eşitmişdi. Ancaq dayısı arvadının o qadın barədə indi dedikləri – kəbinsiz uşaq saldırdığı, o uşağın kimdən olması söhbətinin kənddə gəzməsi və naməlum “ataların” adları arasında Vurğunun da adının hallanmasını heç vaxt ağlına gətirə bilməzdi. Onda dayısı arvadının bu söhbətinin yalan söhbət olduğunu güman etmiş, bunun ancaq Vurğunun gözdən salınması məqsədilə quraşdırılacağını zənn etmişdi. Çünki hələ kənddə olduğu vaxtlarda bir dəfə Vurğun onların küçəsindən keçəndə dayısı arvadı Laçına göz vurub zarafatla: “Bu oğlan son vaxtlar yaman bizim küçədən get-gəl eləyir, bəlkə gözü sənə düşüb” deyə gülümsünmüşdü.

O vaxt Laçın dayısı arvadının duyuq düşə biləcəyindən ehtiyat edərək pörtmüş, üzünü yana çevirmiş və növbəti görüşdə də Vurğundan onları duyuq salmamaq üçün az get-gəl etməyi xahiş etmişdi. O vaxtdan ehtiyatla tərpənib onların görüşlərindən Allahdan başqa bir kimsənin xəbəri olmamasına əmin olsa da, indi dayısı arvadının məhz əmisi oğlunun söhbətindən sonra bu söhbəti açması onu şübhəyə salmışdı. Çünki dayısı arvadı 5-6 gün əvvəl Laçınla əmisi oğlu barəsində danışarkən onun məhz əmisi oğluyla görüşdürmək məqsədiylə və əgər bu iş tutarsa, söhbəti açıb toya tədarük görmək məqsədiylə Bakıya gəldiyini söyləmişdi. O da cavabında: “İnstitutu qurtarmayınca heç kimə bir müsbət cavab verməyəcəyəm” söyləmiş və bu barədə heç yerdə söz açmamasını dayısı arvadından xahiş etmişdi.

Bu il yay tətilində kəndə gəlməyinin əsas səbəbi də elə dayısı arvadından Vurğun barədə eşitdiklərinin nə dərəcədə doğru olduğunu müşahidə etmək, əgər doğru olarsa, Vurğunla sonuncu dəfə görüşüb üzünə tüpürmək fikri olmuşdu. Gizli-aşkar müşahidələriylə Vurğuna ilişəcək bir dəlili olmasa da, Vurğunun hələ də ona elçi göndərməməsi onun barəsindəki şübhələri beynindən silə bilməmişdi. Odur ki, sonuncu görüşdə bütün günahları onun üstünə yıxaraq onunla o cür davranmışdı. İndi Laçın Vurğunlu günlərini hərdən xatırlayıb o görüşlərinə həsəd aparsa da, sonuncu görüşdə ona qarşı soyuq davranmağına görə özünü qınamırdı. Vurğunu unutmaqdan ötrü meylini daha çox kitablara salmağa çalışırdı.

Bir gün Laçın dərsdən qayıdanda arxasınca kiminsə düşdüyünü hiss etdi. Geriyə baxmadan addımlarının sürətini bir qədər də artırıb dayanacağa çatmağa tələsdi. Bu məqamda Vurğun boğazını arıtlayıb: “Dayan, Laçın!” deyib özünün kimliyini ona bildirmək istədi. Bu səsdən Laçın bir anlıq ayaq saxlayıb vücudu uçunsa da, tez özünü ələ almağa çalışaraq yenə yoluna davam etdi. Dayanacağa çatanda Vurğun onun qabağına keçib: “Dayan, Laçın! Hara tələsirsən?” – deyə gülümsər baxışlarıyla ona baxdı. Yaxınlaşıb onun əlini tutmaq istədikdə Laçın üzünü çevirib özünü tez avtobusa yetirdi. Vurğun da cəld özünü içəri atdı. Vurğun yol boyu nə qədər cəhd etdisə də, Laçın bircə dəfə də olsun nə onun üzünə baxdı, nə də onunla kəlmə kəsdi. Laçın dayanacaqda düşüb üzü evə sarı yan alanda, Vurğun yenə onunla dil tapmağa çalışdı. Laçın onun əl çəkməyəcəyini görüb bütün cəsarətini toplayaraq üzünə baxmadan soyuq-soyuq səsləndi: “Xahiş edirəm bir də dalımca düşüb özünü də, məni də hörmətdən salma. Əks təqdirdə sizinlə başqa cür davranaram”. Laçın yenə yoluna davam etdikdə Vurğun: “Laçın, mən səndən heç vaxt əl çəkmərəm. Sənin Quranın məndə ola-ola sən də heç kimə gedə bilməzsən. Çünki and içmişik. Mən də o anddan keçə bilmərəm. Xahiş edirəm Laçın başa düş məni” söylədi.
– Laçın: “Maskalanan adamlara nifrət edirəm, Vurğun. Sən o andı hələ üstündən üç ay keçməmiş pozmusan. Vədə xilaf sən olmusan, mən yox. İndi o Quranın səndə olub-olmamasının da mənim üçün bir əhəmiyyəti yoxdur. Allah hər şeyə şahiddir. Əgər bu işdə mən günühkaramsa, qoy Allah mənim cəzamı versin. Sənə isə heç nə demirəm. Ancaq xoşbəxtlik arzulayıram. Artıq aramızda hər şey bitib. Sənə sonuncu dəfə deyirəm bir də dalımca düşmə” sözünü bitirib geri baxmadan iti addımlarla yola düzəldi. Vurğun arxadan bir neçə dəfə: “Laçın dayan, Laçın bir dəqiqə” – deyə yüyrək addımlarla arxasıyca getdisə də, Laçın məhəl qoymadı.

O gündən sonra Vurğun bir neçə dəfə də onunla ünsiyyət yaratmaq üçün bu yolları onunla bərabər getdi, ancaq istədiyinə nail olmadı. Hətta onların qapısını və telefonunu da öyrəndi. Amma yenə bir müsbət nəticə hasil olmadı ki, olmadı.

Laçın onu hələ də qəlbindən ata bilmədiyindən gündüzləri fikirli, gecələrini isə onun xəyallarıyla dolaşıb gah dərman gücünə, gah da gözü yaşlı bir neçə saat yuxuya gedirdisə də, yenə ona aldanacağından ehtiyat edərək Vurğuna xoş münasibət göstərmədə tərəddüd edirdi. Bu cür yaşamaq onun üçün nə qədər əzablı olsa da, artıq ömrünü tənha başa vuracağını qəti qərarlaşdırmışdı. Ancaq Allah özü bu fikirdən onu daşındıra bilərdi…
***

Artıq bir həftə idi ki, Vurğun rayondan qayıtmışdı. Anasını da, bacısını da götürüb müvəqqəti olaraq şəhərə köçmüşdülər. Anasını elə gələn gündən xəstəxanaya qoymuşdu. Gəldiyi gündən bəri müalicə olunmağına baxmayaraq, vəziyyətində müsbətə doğru heç bir dəyişiklik yox idi. Həkimlərin müayinəsindən belə məlum olmuşdu ki, böyrəklərin funksiyası pozulmuş, bir böyrəyi isə tamam sıradan çıxmışdı. Odur ki, məsləhətləşib bu gün onu cərrahiyyə əməliyyatından keçirməyi qərara almışdılar.

Bu gün həkimlərin artıq ikinci əməliyyatı idi. Bu əməliyyatda Tibb Universitetinin tələbələri də iştirak edirdilər. Professor Səmədzadə özünün sevimli tələbələrindən biri olan Laçına dərs zamanı söz vermişdi ki, növbəti dəfə praktikadakı əməliyyatda mənim köməkçim sən olacaqsan. Qanuni olmasa da, mən sənin cəsarət və bacarığına əmin olduğum üçün bunu həkim yoldaşlarımdan xahiş edərəm.

Bəli, bu günkü praktikada Laçın nəsə yeni bir şey öyrənəcək, tələbə yoldaşlarından fərqli olaraq bilavasitə özü əməliyyatda professora köməklik edəcəkdi.
O xəstənin kimliyi ilə maraqlanmasa da, onun qadın olduğunu bilirdi. Və bilirdi ki, böyrəyindən əməliyyat olunacaq.

Səhər saat 10 idi. Həkimlər əməliyyat otağında ikinci əməliyyata hazırlaşırdılar. Tibb bacıları və tələbə yoldaşlarıyla bərabər Laçın da burada idi. Həmişəkinə nisbətən həyəcanı çox olsa da, daxilən özündə azacıq qürur hissi də duyurdu. Axı, bu gün tələbə yoldaşlarından fərqli olaraq professor – müəllimi özü onu özünə köməkçi seçmişdi. Əlbəttə, bu onun üçün böyük iftixar, gələcəyinə böyük inam demək idi.

Xəstəni təkərli xərəkdə cərrahiyyə otağına daxil etdilər. İynələrin təsirindən huşu özündə deyildi. İlk görünüşdən üzü Laçına tanış gəldisə də, onu kimə oxşatdığını xatırlaya bilmədi. Xəstə ehtiyatla əməliyyat stoluna qoyulandan sonra ona narkoz verilib əməliyyata hazırlandı.

Əməliyyat düz qırx dəqiqə çəkdi. Xəstənin bir böyrəyi tam sıradan çıxdığı üçün çıxarıldı, ikinci böyrəyindən isə daşı götürüldü. Xəstənin halı ürəkaçan olmadığından professor böyük narahatçılıq keçirirdisə də, bunu biruzə verməməyə çalışır və Laçının sərbəst hərəkət etməyinə şərait yaradaraq: “Qorxma qızım, təmkinlə işlə, burda zərgər dəqiqliyi lazımdır. Sən əllərimin hərəkətinə diqqət et və göstərişimi diqqətlə, həyəcansız yerinə yetirməyə çalış” – deyə onu ruhlandırırdı.

Xəstə uğurlu əməliyyatdan sonra reonimasiya otağına aparıldı. Hələ dəhlizdə ikən xəstənin adamları – Vurğun və yaşadığı evin sahibi professora yaxınlaşıb xəstənin vəziyyətiylə maraqlandılar və eyni zamanda Vurğun həkimə qulaq asa-asa bikef halda, anasının bihuş vəziyyətdə uzandığı təkərli xərəkdən yapışdı. Onun qulağı astadan danışan professorda olduğundan ətrafdakı tibb işçilərinin üzünə belə baxmırdı. Xərəyi reonimasiya otağının qapısından içəri salanda onun əli xərəyin digər tərəfindən yapışan Laçının əlinə toxundu. Ani toqquşan baxışlardan sanki hər ikisinin beynində şimşək çaxdı. Bu gözlənilməz görüş hər ikisini heyrətləndirdisə də, həkimlərin çevik hərəkətləri və tapşırıqları onların bu çaşqınlığının biruzə verilməsinin qarşısını aldı. Həkimin tapşırığı ilə Laçın tez xəstənin çarpayısını rahatladı, Vurğun isə anasının çarpayıya uzadılmasında köməklik etdi.

Professor hələ xəstənin adamlarıyla içəridə söhbət edirdi ki, Laçın onunla sağollaşmadan, gözləri dolmuş halda bayıra çıxdı. Cərrahiyyə otağının qapısına çatmamış dəhlizdə Vurğunun bacısıyla qarşılaşdı. Vurğunun bacısı onun kimliyini tanımadan içini çəkə-çəkə soruşdu:
– Doktor, xahiş edirəm, mənə düzünü deyin, anam yaşayırmı?!
Bayaqdan özünü zorla saxlayan Laçın onun bu kəlməsinə bənd imiş kimi göz yaşlarını sel təki axıdaraq, onu qucaqladı və içini çəkə-çəkə:
– Əlbəttə, yaşayır, Lalə. Sənin anan tezliklə sağalacaq, əzizim – deyə onu özünə sıxdı. Ətrafdakı tibb işçiləriylə bərabər Vurğunun bacısı – Lalə də Laçının bu hərəkətindən şaşırdı. Özündən bir neçə yaş böyük olan bu ağ qiyafəli tibb işçisinin səmimiyyəti anasının məhəbbəti qədər ona hərarətli gəldi.

Onlar hələ bir-birindən aralanmamış xəstənin adamlarıyla bərabər professor da dəhlizə çıxdı. Dəhlizdəki bu səhnəni gördükdə o da təsirləndi və üzünü xəstənin adamlarına tutub əlavə etdi:
– Apardığımız bu uğurlu əməliyyatda tək mənim deyil, həkim yoldaşlarımla bərabər tələbə qızımız Laçın xanımın da əməyi böyükdür. Mən deyərdim ki, bütün bu təşəkkürlər – minnətdarlıqlar ona olunmalıdır. Çünki bu onun təcrübəsində olan ilk uğurlu əməliyyatdır.
Ev sahibi Laçının kimliyini öyrənmək istədikdə, onsuz da ürəyi quş kimi çırpınan Vurğunun qəlbi daha şiddətlə döyünməyə başladı. Elə bu məqamda onların yaxınlaşdığını hiss edən Laçın Vurğunun bacısından aralanıb cərrahiyyə otağına sarı getdi.

Laçın xəstəxananın qapısından çıxıb evə getmək istədikdə, Vurğun əlində yekə bir gül dəstəsi tutaraq onun qarşısını kəsdi. Ani baxışmadan sonra hər ikisi susub başını aşağı saldı.
Vurğun tam cəsarətini toplayıb böyük ürək çırpıntılarıyla səsləndi:
– Xahiş edirəm Laçın, bunu ailəmiz adından qəbul et – deyə gülləri ona uzatdı.

Onun səsindəki hüzündən Laçının da boğazı qəhərləndi. Onunla baxışmaqdan qorxurmuş kimi əlini uzadıb gülləri ondan alaraq sinəsinə əyilmiş başını astaca qaldırdı. Əllər bir-birinə toxunanda hər ikisinin gözündə sevinc yaşları parladı. Yenə baxışlar bir-birinə dikilərək ürəklər fəhərlə doldu.

Uzun ayların həsrətli baxışları bir-birinə qovuşan anda uzaqdan onları seyr edən ev sahibi üzünü Vurğunun bacısına tutaraq şən səslə səsləndi:
– Barışdılar. Toya hazırlaş. İnşaallah anan xəstəxanadan çıxan kimi elçiliyə gedirik – deyə maşınını işə salıb düz onlara sarı sürdü. Maşın onların yanında dayananda Vurğun arxa qapını açıb dedi:
– Keçin əyləşin, Laçın xanım, öz maşınımızdır. Sizi evinizə qədər ötürərik.
Laçın əvvəlcə tərəddüd etdisə də, sonra Vurğunun bacısını və ağ saçlı, mehriban baxışlı sürücünü görüb ürəklə maşına əyləşdi. Vurğun da maşına əyləşəndən sonra gümüşü rəngli “Mersedes” yola düşdü…
Son

Müəllif: Kəklik Ayağıqanlı
Redaktor: Mehriban Sultanova
Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir!


more post like this