(…əvvəli ötən sayımızda)
Oğlunun içkiyə qurşanıb pis yola düşdüyünü hiss edən ananın nigarançılığı birə min artmışdı. Onun bu yola düşməyində özünün də günahının olmasını başa düşüb, onunla dil tapıb bu yoldan onu çəkindirməyə çalışsa da, yenə bir müsbət nəticə əldə edə bilmirdi. Bibisi də qardaşı oğlunun qonşu qadınla əlaqədə olduğundan duyuq düşmüşdü.
O da Vurğunu bu yoldan çəkindirməyə çalışırdı.

Bir gecə oğlunun evə gec gəldiyini görən ana yenə oturub deyinə-deyinə onu gözlədi. Qardaşının da, anasının da halına yanan bacı anasını sakitləşdirməyə çalışaraq dedi: “Ana, gəl onu evləndirək. Onun toyuna saxladığımız cöngə də daha böyüyüb, adına aldığımız parçalar da dəbdən düşür. Bəlkə toy eləyəndən sonra çəkindi bu yoldan”. Ana bu sözə bənd imiş kimi əsəbi halda qızının üstünə qışqıraraq dedi: “Onu hansı pul ilə evləndirim?!

Kitabxanadan aldığı maaşı onun arağına, siqaretinə ancaq çatır. Mənim ona Bakıdan oxumuş qız almağa gücüm çatmaz. Səni oxutdurmaqdan ötrü gedib “ona” boyun əyirəm, hələ üstəlik mənə ağız da büzürsüz. Onu evləndirmək üçün, ailəsini dolandırmaq üçün də gərək yenə “onun” üstünə qaçım?”

Ananın bu sözündən sonra bacının da qəlbi qırılmış və qubarlanmışdı. Rayon pedoqoji texnikumunda oxuduğu üçün atalığının ona köməyi çox olmuşdu. Anasının oğlundan gizlin onun cibinə qoyduğu pulları məcburiyyət üzündən xərcləsə də, ağlına gətirə bilməzdi ki, doğma anası bunu nə vaxtsa başına qaxınc edəcək.

Həmin gecə Vurğun evə gəldikdə anası onun yenə də içkili olduğunu görüb yenidən deyinməyə başlayaraq: “Sizin atanızdan nə xeyir gördüm ki, sizdən də nə xeyir görüm”. O gecə ana o qədər hirslənmişdi ki, qızı qardaşını müdafiə etdiyinə görə ona sillə vurmaq istəmişdi. Bu anda oğlu anasının əlini havada tutaraq hirslə: “Atamdan xeyir tapmamısansa, get sənə xeyir verənin yanına. İndiyə qədər sənin dediyinlə oturub-durdum, bəsimdir” deyərək bacısını qucaqlamışdı.

O gecə ana səhərə qədər yatmamışdı. Elədiyi hərəkətlərə görə gah peşmançılıq hissi keçirmiş, gah da özünə haqq qazandıraraq içini çəkə-çəkə ağlamışdı. Səhər açılan kimi də yığışıb uşaqlarının üzünə baxmadan: “Mən gedirəm. Bir daha gəlməyəcəyəm. Bu siz, bu da eviniz” deyərək evdən çıxmışdı.

O gündən Vurğun da özünə ayrı bir yol seçmişdi. Anası gedəndən sonra bacısını qucaqlayıb doyunca ağlamış və sonra da əl-üzünü yuyaraq öz otağına keçmişdi. Açarlı siyirməni açıb, and içib əhd bağladıqları o gecədə Laçının qəlbiylə bərabər ona bağışladığı kiçik Quranı ələ alaraq öpüb köksünə sıxmışdı. Və Allahdan bağışlanmağını diləyərək bir dəfəlik içkidən əl çəkəcəyinə və bir daha pis yola getməyəcəyinə söz vermişdi.

O vaxtdan Vurğunun bacısı dərsə gedərkən rayonda anasıyla görüşüb onun evə qayıtmasını istəmişdisə də, anası oğlundan incidiyini söyləyərək: “Yox, mən gəlsəm, ancaq sənə görə gələrəm, o da hər gün yox, ancaq istirahət günləri. Vurğun neyliyir, kiminlə evlənir, necə evlənir özü bilər. Nə zəhmət də sizə çəkmişəm, halal xoşunuz olsun. İndi daha uşaq deyilsiniz, bir-birinizə həyan olub bir təhər yaşayın” deyib qızıyla sağollaşmışdı.

İndi o vaxtdan bir ilə yaxın vaxt ötürdü. Ana özünün dediyi kimi ancaq şənbə və bazar günləri, bir də bayram günlərində evə gələrdi. Bir-birlərinə dərin məhəbbətləri olsa da, bu üzdə az hiss olunardu. Bir-birilərini görəndə görüşüb-öpüşürdülərsə də, əvvəlki soyuqluq yenə də yerində qalırdı.

Ana indi Vurğunun Laçınla evlənməyini istəsə də, dilinə gətirməkdən ehtiyat edirdi. Qızı vasitəsiylə oğluna razılığını bildirmək məqsədiylə hərdən deyərdi: “Qardaşının qılığına gir, gör kimi sevir öyrən. Mən də bir ana kimi borcum nə olsa, nəyə gücüm çatsa, onu edərəm. Gec-tez evlənməlidir. O kimi göstərsə, biz də ona razıyıq”. Hətta bu sonuncu həftə də evə gəlməmişdi ki, bəlkə oğlu məcbur olub qızı qaçıracaq. Odur ki, səbəbini deməsə də, zəng edib qızıyla danışarkən gəlməyəcəyini söyləmişdi.

Vurğunun fikri qəti idi. Nə olursa-olsun o, Laçınla dil tapıb hər şeyi olduğu kimi ona danışmalı və bağışlanmağını diləyərək dönə-dönə üzr istəyib, onunla barışmalıydı. Yoxsa onun qəlbini ovsunlayıb varlığına hakim kəsiləndən sonra saf eşqinə xəyanət edərək, iki il onun gözünü yolda saxlamağı heç cür özünə bağışlaya bilməzdi. Laçının dünən axşamkı son görüşdə ona söylədiyi tənəli sözlərini və kədər dolu hüzünlü səsini heç cür unuda bilməzdi.

Bəli, Laçının 2 aydan artıq kənddə olduğu bu müddətdə bircə dəfə görüşmüşdülər. O da dünən axşam olmuşdu. Bu müddət ərzində Vurğun nə qədər cəhd etsə də, Laçın özünü görməməzliyə, bilməməzliyə vurub görüşə çıxmamışdı. Laçın ona bağışladığı Quranı ondan geri almaq məqsədiylə məcbur olub dünən axşam görüşə çıxmışdısa da, onun üzünə baxmamış və onunla soyuq salamlaşaraq dinməyinə macal vermədən: “Xahiş edirəm gətirmisinizsə, Quranımı verin. Yox əgər gətirməmisinizsə, bu gecə, ya da sabah tezdən onu mənə çatdırın” deyərək ondan aralanmışdı. Vurğun onun getmək istədiyini gördükdə əlini tutub zorla onu saxlamış və çaşqın-çaşqın: “Nə Quran? Mən onu sənə qaytarmayacağam. O, ikimizin Quranı olacaq eşidirsən, ikimizin” deyərək əlini tutub köksünə basmaq istəmişdi. Bu məqamda Laçın onu özündən uzaqlaşdıraraq səsi titrəyə-titrəyə: “Toxunma mənə, Vurğun! Bu hərəkətinlə aylardan bəri olan soyuqluğundan donmuş vücudumu isidə bilməzsən. İndiyə qədər bu nəfəsinlə kimi isitmisənsə, get yenə ona sığın. Amma səndən bir xahişim var. Quranımı geri qaytar. Onu da evində saxlayıb, qəlbim kimi məhbus etmə” demişdi. Laçının bu sözlərindən sonra Vurğun onun hər şeydən xəbərdar olduğunu anlasa da, yenə özünü o yerə qoymamağa çalışaraq başını əymiş halda: “Bu neçə vaxtı mənə olan saymazlığın buna görədirmi? Qulaqlarını kim doldurub? Axı, heç kimə inanmayacağına, heç vaxt əhdimizi pozmayacağına söz verib and içmişdin, Laçın. Bu tənələrindən sonra üzümə necə baxacaqsan? – deyə dərindən nəfəsini çəkmişdi. Bütün eşitdiklərinə heç bir sübutu-dəlili olmadığına görə, Laçın yenə də bütün bunların yalan ola biləcəyini güman edərək daxilində peşmançılıq hissləri keçirmişdi. Elə eynən Vurğun kimi dərindən nəfəsini dərib gözünün yaşını Vurğundan gizlətməyə çalışaraq astadan – zorla eşidilə biləcək tərzdə demişdi: “Yox Vurğun, mən heç kimə inanmadım. Heç kim sənin məhəbbətini qəlbimdən silib, özgə bir məhəbbəti yerinə qoya bilmədi. Əhdi pozan sən oldun. Qaynar eşqimi dondurub buza döndərən isə səndən gördüyüm soyuqluq oldu. Yenə şirin vədlərinlə məni aldatmaq istəyirsən. Bakıya gəlməyin, adam göndərməyin sənə problem idisə bura – dayımın evinə adamını göndərəydin. Dünənə qədər yolunu gözləmişəm, səni eyni məhəbbət, eyni hərarətlə sevmişəm. Amma sənin sözündən qaçdığını – dönüklüyünü görüb hamıdan gizlin saxladığım bu məhəbbətimi səndən də gizlədərək qəlbimdə boğmağa çalışmışam. Bu gün də çıxmazdım görüşünə, sabah gedirəm Vurğun, Quranımı səndən geri götürmək və sənə xoşbəxtlik diləyib vidalaşmaqdan ötrü çıxdım. O Quranın səndə qalmağının indi heç bir əhəmiyyəti yoxdur. Əgər onu qaytarmasan, Qiyamət gününə qədər səndən şikayətçi olacaq o Quran”.

Vurğun indiyə qədər onun məhəbbətindən – saf eşqindən başqa qəlbində heç bir kimsənin eşqinin olmadığını söyləyib Laçının könlünü nə qədər almağa, əllərindən bircə dəfə tutmağa çalışmışdısa da, Laçını yumşalda bilməmişdi. İki-üç gün yenə möhlət istəyib, onu Bakıya özünün aparmaq istədiyini söyləmişdisə də, Laçın buna razılaşmayıb sabah dayısının maşınıyla gedəcəyini bildirmişdi. Ayrılarkən Laçın onun üzünə baxmadan: “Quranı mənə çatdıranda görüşərik” deyib onunla sağollaşmışdı.

Səhərə qədər Vurğunu da, Laçını da yuxu aparmamışdı. Hər ikisi bir-birindən xəbərsiz eyni məsələ haqqında düşünərək narahatlıqla yerlərində qurcalana-qurcalana gələn səhəri qarşılamışdı. Bir-iki dəfə Vurğun Quranı götürüb hamıdan xəbərsiz gedib ona vermək və birdəfəlik hər şeyə son qoymaq qərarına gəlmişdisə də, yenə qərarını tez dəyişərək “Yox, bu Quran onun mənə bağışladığı pak qəlbidir. Axı, o bunu mənə bağışlayanda demişdi ki, haçan ayrılmağımızı istəsən, sənə bağışladığım bu qəlbimi səssizcə gətirib mənə qaytararsan. Nə qədər ki, Quranım səninlədir, mən sənin əsirinəm”. İndi mən bunu ona qaytarmaqla onu azadlığa buraxmış oluram. Azadlıqda olanın da ixtiyarı öz əlindədir. Mən onun yolunda o qədər əzabları çəkdiyim bir halda ona bu azadlığı bəxş edə bilmərəm” – deyə öz-özünə düşünüb, bir müddət də səbr etmək qərarına gəldi.

Səhər saat 10-adək Laçın nigaran-nigaran Vurğunun yolunu gözləmişdi. Özlüyündə axşamkı soyuq və sərt münasibətindən sonra Vurğunun incidiyini, əsəbiləşib hirsləndiyi düşünərək, indicə gələcəyini və Quranı gətirib hamının gözü qarşısında onun üzünə çırparaq sakitcə geri dönəcəyini fikirləşirdi. Amma Vurğun gəlmirdi və onun qəlbini bu üzüntüdən, əzablı iztirablardan qurtarmırdı.

Vurğun səhər tezdən durub məhəllənin mal-heyvanını sürüyə qataraq növbətçi yoldaşına təhvil vermiş və günortaya qədər onu yola verməyini xahiş edərək, qayıdıb öz otağında tül pərdə arxasından gizlincə Laçının dayısının həyətini seyr etməyə başlamışdı. O, Laçının sumkalarını maşına qoyub, evə qayıtdığını gördükdə özündən asılı olmadan ayağa qalxıb pəncərə qarşısında dayanmışdı. Vurğun Laçının öz otağının pəncərəsindən baxdığını gördükdə, öz otağının pərdəsini çəkib geri dönmüşdü. Laçın da pəncərəsinin pərdəsini hirslə çəkərək öz-özünə “yoxsan daha mənim üçün Vurğun!” – deyə pıçıldamışdı. Evdəkilərdən ayrılmağına görə kövrəlibmiş kimi boğazı qubarlı halda nənəsi, babası və dayısı uşaqlarıyla görüşüb maşına oturmuşdu. Özündən asılı olmadan yenə Vurğungilin pəncərəsinə baxdıqda, Vurğunun yenə də pəncərədən baxdığını görüb, gözlərindən sakitcə göz yaşı axıdaraq ürəyində “əlvida deməyə dilim gəlməyir, əzizim” deyib ürəyindəcə elə onunla sağollaşmışdı.

Bəli, maşın tərpənib yola düşdükdən sonra Vurğun da boğazının qubarını və gözlərinin yaşını acı siqaret tüstüsüylə əritmişdi. Uzanıb 1-2 saat yuxuya getdikdən sonra bacısı onu dediyi vaxtda oyatmış və çay-çörəyini verərək çölə yola salmışdı. Bacısı onun gecə Laçınla görüşməyindən xəbərsiz olsa da, səhər həyəti süpürərkən Laçının dayısının maşınıyla yola düşdüyü vaxt qardaşının da siqaret çəkə-çəkə pəncərədən baxdığını görmüş və onun nə üçün pərişan olmağının səbəbini anlamışdı.

Qaş qaralanda Vurğun naxırı kəndə saldı. Bu gün çöldə onunla görüşən müştərilər yenə mal sahibləriylə naxırın qabağına çıxıb onu qarşıladılar və ondan aldıqları qoyunları sürüdən ayıraraq haqqını verdilər. Naxırdan yenə mal seçəcəklərini və axşam da mal sahibinin evində gecələyəcəyini söyləyərək Vurğunla sağollaşdılar.

Bacısı evə qayıdarkən qaradaşının çiçəyinin çırtladığını görüb özünün də ürəyi açıldı. Könlü şad halda qardaşını qarşılayıb onunla mal-heyvanı yerbəyer eləməklə məşğul oldu. Qoyunlardan ikisinin yerində olmadığını görüb qardaşından soruşduqda, qardaşı şən səslə cavab verdi:
– Onları satdım, bacı. Sabah sənin diplomunu götürməkdən ötrü rayona gedəcəyəm. Əgər alınsa, səni öz yerimə – kənd kitabxanasının müdiri təyin elətdirərəm. Olarsan müdirə bacı.
Bacısı təəccüblə onun üzünə baxıb soruşdu:
Kitabxana müdiri?! Mən kitabxana müdiri olaram, bəs sən neyləyəcəksən, harada işləyəcəksən?
Mən? Mənim dərdimi çəkmə. Allah kərimdir.
Yox, diplomumu alandan sonra mənim hər yerdən iş tələb etməyə haqqım var. Sən elə öz yerində işlə, mən buna razılaşmaram.
Mən Bakıya getmək istəyirəm bacı. Oxumağıma şərait olsa, mən də bir yerə sənəd verib oxuyaram. Yox əgər alınmasa, bir yerdə işlə məşğul olaram, heç olmasa fəhləlik əlimdən gəlir.
Bəs, mən burda tək qalaram?
Sən niyə tək qalırsan?! Hələlik ana gəlib səninlə qalar, sonra ordakı şəraitim əgər babat olsa, gəlib sizi də apararam.
Onlar şam yeyə-yeyə də xeyli söhbət etdilər. Nəhayət, razılaşıb bir araya gələrək səhər rayona getmək qərarına gəldilər.

Səhər bacı-qardaş rayona getdilər. Diplomu alandan sonra anasının iş yerinə də dəydilər.
Bir həftədən sonra Vurğun Bakıya yola düşdü. Kənddəki işləri düşündüyü kimi yoluna qoyaraq, Bakıdakı əsgərlik dostuna kənd sovqatından da bir pay düzəldib onun ünvanına yollandı.
(ardı var…)
Müəllif: Kəklik Ayağıqanlı
Redaktor: Mehriban Sultanova

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir!


more post like this