Vurğun hələ kiçik yaşlarında ikən atasını itirmiş, anası onu və ondan kiçik bacısını böyük əzab-əziyyətlə boya-başa çatdırmışdı. İlk əvvəllər ərə getmək fikrində olmasa da, sonralar adına gələn haqsız böhtanlara görə katibəsi işlədiyi idarənin buxalterinin təklifini qəbul etmək məcburiyyətində qalaraq, onunla kəbin kəsdirmişdi. Təzə ərinin həm rayon mərkəzində, həm də qonşu kənddə evi vardı. Övladları evlənib hərəsi bir yana getmişdi. Qonşu kənddəki evində xəstə arvadı və bir oğlu olurdu. Rayondakı evində isə qalan olmurdu.

Uşaqlar körpə olduqları vaxtlarda anasının təzə əri Vurğungilə gedib-gələrdi. Uşaqlar onu uzaq bir qohum kimi tanıyardılar. Ailədə vəziyyət də get-gedə yaxşılığa doğru gedir, qayğılar o qədər də nəzərə çarpmırdı. Uşaqlar böyüdükdən sonra isə anası daha təzə ərini evdə qəbul etmədi. Respublikadakı iqtisadi dəyişikliyə görə əri də iş yerini dəyişib rayon mərkəzində işə düzəldi. Vurğunun anasının da adını elə işlədiyi idarədə bir işə yazdırdı. Vurğun 8-ci sinifə qədər orta məktəbi «4» və «5» qiymətlərlə bitirsə də, sonralar dərsə davamiyyəti zəiflədi.
Başı ev təsərrüfat işlərinə qarışdığı üçün daha dərsə az-az gedərdi. Anasını da daha əvvəlki kimi rayon mərkəzinə tez-tez get-gəl etməyə qoymazdı.

Laçınla tanışlığı əsgərlikdən sonra olmuşdu. O əsgərlikdə olduğu dövrlərdə anasının qaraciyər ağrıları yenidən baş qaldıraraq, onu dözülməz vəziyyətə çatdırdığından, anası müalicə üçün bir müddət rayonda 2-ci ərinin evində qalmalı olmuşdu. Odur ki, Vurğun əsgərlikdən qayıdandan sonra anasının bu hərəkətindən inciyərək onunla soyuq davranırdı.

Anası Vurğunun Laçına vurulduğunu hiss etsə də, bunu biruzə vermirdi. O, Vurğunu gözü tutan kənd qızlarından biri ilə evləndirmək, qızını da ikinci ərinin qohumlarından birinə ərə vermək istəyirdi. Vurğunun anası Laçının bir gözünün zəif gördüyünü bilirdi. O, Laçının gələcəkdə kənddə qərar tutmayacağını düşünüb hələ oğlunun sevgisi dərinləşməmiş onu oğlunun gözündən salmağa çalışırdı. Hərdən bilərəkdən söz salıb: “Filankəsin “açkarik” qızı gəlib. Yazıq boy-buxundan qəşəng olsa da, bir gözü şikəstdir. Gələcəkdə o biri gözü də tutula bilər” – deyə Vurğunun qulağına eşitdirirdi. Və yaxud Laçın dayısının həyətində bir iş görəndə Vurğunun anası: “Açkarik paltar sərir”, “Açkarik həyət süpürür”, “Açkarik yaman həşirdədir.
Görəsən kimə görə belə eləyir. Son vaxtlar yaman həyət-bacada vurnuxur” – deyə uşaqlıqda uşaqların Laçına verdiyi ləqəblə onun adını çəkərdi.

Bir dəfə qızı anasının bu xasiyyətinə irad tutaraq səsləndi:
“Ana, bu necə xasiyyətdi səndə. Adı var onun, adını çək də. Qohumları eşitsə nə deyər?! Sonra da camaat evində çox iş görər, kim həyət-bacasında bir iş gördü, demək, kiməsə özünü göstərir?”
Sonra Vurğun da dindi:
“Sənin anan hərəsinə bir mız qoymasa işi getməz. Bu onun köhnə adətidir, bacı”.
Vurğun gələcəkdə anasını razı salmaq və Laçına elçi göndərmək ümidiylə günü-günə satırdı və Laçınla görüşəndə ondan 3-4 ay da möhlət istəmişdi. Laçın isə cavabında: “Əgər doğrudan da evdəkiləriniz razıdırsa, onda biri gəlib babama eşitdirsin, ya da dayımın arvadına, nənəmə çatdırsın ki, belə bir fikirləri var. Kənd yeridir, görüb eliyən olar, sonra adımıza söz gələr” deyib Vurğundan daha görüşməməyi xahiş etdi.

Laçının Bakıya getməyinə bir-iki gün qalmış Vurğun yenə onunla görüşmüşdü. Bu onların dördüncü görüşü idi. Bu görüşdə də Vurğun 1-2 aya işlərini yoluna qoyub anasıyla bərabər Bakıya gələcəyinə, harda olsa onu tapıb onunla görüşəcəyinə və tezliklə ailə quracaqlarına onu əmin etmişdi.

Laçın Bakıya gedəndən sonra Vurğun yaman darıxmağa başladı. Gündüzlər gününü çöldə-bayırda dost-tanışlar ilə keçirib fikrini dağıdırdısa da, gecələri heç cür dincələ bilmirdi. Qəzet-jurnalları çarpayısının yanındakı tumbanın üstünə yığaraq mətbuatla maraqlanmaq istədiyi anlarda da, mütaliə etdiyi bədii ədəbiyyatları və ya dərslikləri əlinə alıb fikrini dağıtmaq istədiyi anlarda da, Laçını yaddan çıxarda bilmirdi.

Kitabı açıb bir-iki sətr oxuyan kimi, sanki Laçın hərflərin arasından çıxıb onun gözlərinin önündə cilvələnirdi. Gülümsər baxışlarını ona çevirib bir anlıq onun gözlərinə baxırdı. Bu bir neçə günlük ayrılıq ona cəhənnəm əzabından da betər idi.

Anası oğlunun halından xəbərdar olsa da, özünü bilməməzliyə qoyurdu. Gün-gündən oğlunun arıqlayıb üzüldüyünü və səhərlər yuxusuzluqdan üzündəki yorğunluğu görəndə özü də onun halına yanır və ondan ötrü narahatlıq keçirirdi.

O, bir gün Vurğunun bibisinin evinə gedib, onun vəziyyətindən bibisinə şikayətlənərək onun üçün narahatlıq keçirtdiyini bildirdi. Nə yolla olursa olsun o qızı ona unutdurmaq və onun kədərini aradan qaldırmaqdan ötrü bibisinin bir əncam çəkməyini istədi.

Vurğunun bibisi hər gecə bir bəhanəylə Vurğunu evinə çağırır, ona toy etmək məqsədiylə tanıdığı bütün qızların adını sadalayırdı. Vurğun isə onların heç birinə razılıq verməyib deyirdi:
“Onların heç biri sevdiyim qızın dırnağına belə dəyməz bibi, sən narahat olma, vaxtı gələndə səni elçiliyə göndərərəm”. Bibisi “sevdiyin qız bəs kimdir, hardadır, bibin qurban?” Soruşduqda, Vurğun deyərdi: “O, ürəyimin başındadır, bibi. Onu ancaq özüm tanıyaram”. Bu sözlərdən sonra bibisi daha qardaşının “yadigarının” qəlbinə toxunacağından ehtiyat edər, özünü bilməməzliyə vuraraq sevdiyi qızdan daha heç nə danışmazdı. Bircə bunu deyərdi: “Bibin qurban, kimi alırsansa al, ancaq elə elə ki, bədbəxt qardaşımın yurd yerinə həmişə gediş-gəlişimiz olsun. Heç olmasa, səndən onun iyini duyaq”.

Vurğunun bibisigilə tez-tez gedib gəlməyi bibisinin qonşuluğunda yaşayan cavan boşanmış qadını yaman maraqlandırırdı. Hələ Laçın kənddə olduğu vaxtlarda o, Vurğunun gecələr gec yatmağını əl fənərinin işığını onların məhəlləsində dolandırdığını müşahidə etmişdi. Əvvəllər bu hərəkətlərin Laçına görə ola biləcəyini güman edirdisə də, Laçın gedəndən sonra nə o məhəllədə, nə də Vurğunun bibisinin evində Vurğuna layiq bir qızın olmadığını düşünüb Vurğunun o məhəllədə yalnız onunla məzələnmək və bu cür hərəkətlərlə (təsadüfən gecələr işıq zolağı onun da pəncərəsinə düşürdü) onu ələ alıb onunla əylənmək fikrinə düşə biləcəyini güman edirdi.

Əri onu çoxdan boşayıb Rusiyada ailə quraraq məskunlaşmışdı. İndi dörd uşaqla bərabər ərindən qalmış köhnə uçuq evlərdə yaşayırdı. Yelbeyinliyi ucbatından hər kəs onu asanlıqla ələ salıb dolaya bilər və əylənib gününü keçirə bilərdi. Böyük oğlu 13-14 yaşlarında olsa da, elə anası kimi maymaq idi. Odur ki, evə gedib-gələndən və anasının hansı qonşuda veyillənməyindən xəbəri olmazdı.

Vurğun bibisigilə gələn kimi bu qonşu qadın da bir bahənəylə ora gəlir, həmişəki kimi yenə də onunla şit-şit zarafatlaşırdı. Uşaqlıqda bir-iki dəfə Vurğuna iş buyurduğu üçün əsgərlikdən qayıdandan sonra da ona iş buyurmaqdan çəkinməzdi. Həmişə də zarafata salıb: “Sənə qonaqlıq verərəm, hinduşka kəsərəm” deyərək gah xarab olmuş pilətəni düzəltdirər, gah işıqları sönəndə sayğaca baxdırar, gah da həyətdə odun doğratdırardı. Kimsəsiz qadın olduğu üçün uşaqlıqda Vurğunun bibisi özü Vurğunu göndərərdisə, əsgərlikdən qayıtdıqdan sonra nə Vurğun özü onlara getmək istəyir, nə də bibisi Vurğunun ora getməsini istəyirdi. Bibisi qadının sırtıqlığını görüb qardaşı oğlunun tələyə düşəcəyindən ehtiyat edərək bir bəhanəylə onun o qadıının evinə getməyinə maneə yaradardı.

Bəli, Laçının getməyindən bir ay keçmişdi. Bu müddət ərzində Vurğunun bibisinin əri və tay-tuşları onu özləri kimi içkiyə alışdırmağa müvəffəq olmuşdular. Daha Vurğun onlardan uzaq qaçmır, fikirli-fikirli tənha gəzib dolanmırdı.

Bir gün bibisi oğlunun ad günü münasibətiylə yenə Vurğun onlara gəlmişdi. Hələ bibisinin əriylə süfrə arxasında ikən qonşunun kiçik qızı gəlib dedi: “Anam dedi ki, işıqlarımız yanmır. Vurğun əmi gəlib bir sayğaca baxsın”. Bibisi Vurğunun ora getməməyindən ötrü bir bəhanə gətirmək istədikdə, əri ona başının hərəkətiylə işarə edib, “işin olmasın” dedi. Sonra üzünü həyətdəki uşağa tutub səsləndi.
“Anana de ki, indiyə qədər boyun olduğu qonaqlıqları hazırlasın gəlib düzəldər”. Vurğun dinmək istədikdə bibisi əri onu dümsükləyib: “İşin olmasın. Adam işinin təhrini bilər. Əvvəl qonaqlığını nəğd elə. Yazıqdı, uşaqları axşam qaranlıqda qalmasın. İkinci də cavan oğlansan, o güc ilə gəlib sənin gözünə girir, gözləriylə səni yeyir. Sən isə danışanda da qız kimi başını aşağı salırsan. Onun ağılı yoxdur, boy-buxunu ki, yerindədir, kişi deyilsən…” Bütün bunları bibisi əri ona araq süzə-süzə deyirdi. Vurğun ona qulaq asa-asa özündə qəribə hisslər duyurdu.

Axşamüstü Vurğun həyətə düşüb getmək istədikdə qonşu qadın özü çəpərə çıxıb dedi: “Vurğun, sənə hinduşka da kəsmişəm, istəyirsən burda bişirtdir, istəyirsən evə apar. Amma nə olar, gəl bir dəfə də o sayğaca bax. Lampada yandırmağa neftim də yoxdur”.

Vurğunun ağzı söz tutmasa da, özünü bir təhər idarə edə bilirdi. Odur ki, huşu hələ başında ikən özünü evə, öz çarpayısına çatdırmaq istəyirdi. Bibisinin əri onun getmək istəmədiyini gördükdə yenə: “Get-get, bir daşı fırlatmaqdı da, orda çətin nə var ki, uşaqlar yazıqdı qaranlıqda qalmasınlar” deyərək eyvandan təkidlə səslənmişdi.
O gecə Vurğunun o qadının evinə-yataq otağına ayaq basdığı ilk gecə oldu…
(ardı var)

Müəllif: Kəklik Ayağıqanlı
Redaktor: Mehriban Sultanova
Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir!


more post like this