Əqidə əsaslarından ikincisi bütün müsəlmanlar tərəfindən qəbul olunan peyğəmbərlik məsələsidir. Peyğəmbərlər Allah tərəfindən bəşəriyyətin doğru yola çağırışı, hidayəti üçün seçilmiş insanlardır. İnsanın yaranışında məqsəd bu deyil ki, o dünya həyatına qədəm qoyub nemətlərdən bəhrələnsin və dünya ilə vidalaşsın. İnsanın əsas yaranış məqsədi təkamül, axirət aləmində uca məqama çatmaqdır. Belə bir məqsədə proqramsız və təlim-tərbiyəsiz yetişmək mümkün deyil. Bəs bu qanunları kim tənzimləməlidir? Cavab aydındır: Bu proqram bəşəriyyətin ruhi, fiziki və hissi səciyyələrindən tam xəbərdar olan şəxs tərəfindən müəyyənləşə bilər. İnsanı yetərincə tanıyan, onun haqqında ətraflı məlumata malik olan yalnız onun yaradanı, onu vücuda gətirəndir. İnsan üçün Allahdan savayı kim qanun müəyyənləşdirərsə, bir müddət sonra həmin qanunlarda nöqsan tapılar. Xüsusi ilə, qanun çıxaranların şəxsi mənafeləri onlara tərəfsiz qanunlar tənzimləməyə imkan vermir. Onlar heç vəchlə öz mənafelərinə və yaxınlarının mənafelərinə göz yuma bilmirlər. Bütün bəşəriyyətə eyni gözlə baxmaq insanın işi deyil.
Bəs Allah tərəfindən tənzimlənmiş qanunlar bəşəriyyətə hansı vasitələrlə çatdırılmalıdır? Məhz bu məqamda insanlar arasında ən üstün, ən ləyaqətli, günah və xətadan uzaq olan peyğəmbərlərə ehtiyac yaranır. Onlar Allahın hökm və göstərişlərini vəhy vasitəsi ilə qəbul edib xalqa bəyan edirlər. Vəhy dedikdə peyğəmbərlə aləmlər Rəbbi arasındakı xüsusi bir rabitə, təmas nəzərdə tutulur. Vəhy zamanı peyğəmbər batin gözü ilə varlıq həqiqətlərini hiss edir, batin qulağı ilə qeybi buyuruqları dinləyir.
Peyğəmbərlərin ən mühüm səciyyələrindən biri budur ki, onlar ilahi qanunlara əməldə öncüldürlər. Yəni peyğəmbərlər Allahın qanunlarını insanlara bəyan etməklə yanaşı bu qanunlara riayət etməkdə əməli nümunədirlər.


more post like this