İnsan çox sirli bir varlıq olub, zatında, təbiətində, nəfs və əql, hətta hər tək-tək fərdlərin şəxsiyyəti cəhətindən mürəkkəb quruluşa malikdir. (Belə ki, onun təbiətində bir-biri ilə zidd olan yönlər qoyulmuşdur–red.) Bir tərəfdən onun zatında fəsada, digər tərəfdən isə xeyirxah və gözəl əməllərə sövq edən qüvvələr qoyulmuşdur.
Digər tərəfdən, insan zatında olan özünü sevmək, həvayi-nəfsə itaət etmək, xudbinlik, şöhrətpərəstlik, hamıya qələbə çalmaq, təkəbbür, hamıdan üstün olmaq, dünya həyatı və onun bər-bəzəklərinə hərislik və s. kimi qərizələr və emosional xüsusiyyətlər əsasında xəlq edilmişdir. Allah-Taala buyurur:
“And olsun Əsrə ki, bütün insanlar xəsarətdədirlər.”
“Həqiqətən insan elə ki özünü qəni görür, tüğyan edir.”
“Həqiqətən nəfs (əmmarə nəfsi) insanı pisliklərə sürükləyir.”
Və s. kimi onun qərizələr və emosional xüsusiyyətə malik bir nəfsin varlığını göstərən sair ayələri qeyd etmək olar.
Digər tərəfdən, Allah-Taala insanda əql qüvvəsi də yaratmışdır ki, bu qüvvə insanı xeyir işlərə, saleh əməllərə doğru hidayət edir. Həmçinin Allah onun batinində vicdan qüvvəsi xəlq etmişdir ki, onu pis, çirkin əməllərdən, zülmdən və s. çəkindirib, qəbahətli, pis işlərin aqibətindən agah edir.
İnsanın bu iki daxili qüvvəsi–nəfs və əql arasında daimi çəkişmələr davam etməkdədir. Hər kəsin əqli nəfsinə qələbə çalsa, ən yüksək məqamlara, insaniyyətin kamal həddinə çatar, mənəvi və ruhi cəhətdən kamilləşmiş bir insan olar. Amma hər kəsin nəfsi əqlinə qələbə çalsa, ən alçaq dərəcələrdə olar, insaniyyət yolundan uzaqlaşar və heyvanlıq dərəcəsinə enər.
İnsandakı bu iki düşmən qüvvələrdən ən güclüsü nəfsani ehtiraslar və onların “qoşunu”dur. Məhz buna görə də insanların əksəriyyəti şəhvətə, nəfsani ehtiraslara itaət edib, onun çağırışlarına müsbət cavab verdiklərinə görə zəlalətdə qərq olaraq düz yoldan, hidayətdən uzaq düşürlər.
“(Ya Peyğəmbər) İnsanların əksəriyyəti–sənin istədiyinə baxmayaraq–iman gətirməzlər”
Bundan əlavə, insan (əqlinin) qüsurlu olduğuna görə, bütün həqiqətlərdən, onu əhatə edən varlıqların və öz nəfsindən yaranan işlərin sirlərindən və s. lazımi qədər məlumatı olmadığından, ona faydalı və yaxud zərərli olan şeyləri, onu səadətə və ya bədbəxtliyə aparan yolları–istər təkcə özünə, istərsə də hər hansı insan növünə və cəmiyyətinə aid olan işlərdə–ayırd edə bilmir. Üstəlik onun elmi təbiət, maddi aləm barəsində artdıqca həmişə öz nəfsi barəsində cəhalətdə olub, cəhli artır, yaxud cəhlini daha yaxşı dərk edir.
Buna əsasən, insan, səadət dərəcələrinə çatmaq üçün səadət və aşkar hidayət yolunu göstərə bilən bir hidayətçiyə daha çox ehtiyac duyur ki, bu şəxsin (hidayətçinin) vasitəsilə əqlini qüvvətləndirib əql və nəfsani qüvvələrlə mübarizəyə hazırlaşdığı bir vaxtda, özünün inadkar düşməninə, nəfsani istəklərə sövq edən qüvvələrə qələbə çalsın.
İnsan bu yolda ən çox nəfsinin onu aldatdığı (əksər hallarda da nəfsin işi aldatmaqdır) pis əməllərini gözəl, yaxşı əməllərini cilvələndirib azğınlığa yuvarlanmasını tə”riflədiyi bir vaxtda belə bir şəxsə (hidayətçiyə) ehtiyac duyur ki, onun əlindən tutub, xeyirli, gözəl işlərə tərəf çəksin. Çünki nəfs, əql üçün yaxşı və xeyirli işləri pis və zərərli işlərdən seçmək üçün bir mərifət olmadığı vaxtda yaxşı şeyləri pis, pis şeyləri yaxşı cilvələndirir, məsləhətli, səadətli və ne”mət dolu yolu ona səhv göstərir.
Allahın ismət bəxş etdiyi şəxslər istisna olmaqla insanlardan hər biri də nəfs və əql arasındakı bu mərəkədə qərq olur.
Bu səbəbdən də nəinki vəhşi və cahil, hətta hər mütərəqqi və ziyalı şəxs özünü bütün xeyirli və məsləhətli yollara çatdırıb dünya və axirətdə ona faydalı, yaxud zərərli olan şeylər–istər şəxsən özünə aid olan, istərsə də cəmiyyətdə olan işlərə aid olsun–barəsində mərifət kəsb etməsi olduqca çətin bir işdir. Hətta bu yolda özü ilə həmfikir olan şəxslərdən kömək alsa da, böyük miqyaslı konfranslar, şuralar və s. təşkil etsələr də belə.
Deməli, Allah-Taalanın bəndələrə qarşı olan rəhmət və lütfü vacib edir ki:
“Onların öz içindən olan peyğəmbər seçsin ki, Onun ayələrini xalqa tilavət edib nəfslərini (aludəliklərdən) paklaşdırsın, kitab və hikməti (elmi) onlara öyrətsin”, bəndələri fəsad törədən işlərdən çəkindirib qorxutsun, səadəti və mənafeyi olan şeylərə müqdə versin.
Allahın bəndələrinə lütf göstərməsinin vacibliyinin səbəbi odur ki, lütf Onun mütləq kamalındandır və O, Öz bəndələrinə qarşı Lətif (lütf sahibi), Kərim (kəramət sahibi) və Cəvaddır (ehsan edəndir). Əgər məhəllin (bəndələr) lütf və ehsan üçün qabiliyyəti olsa, Allah hökmən Öz lütfünü onlara çatdırmalıdır. Çünki, Onun rəhmət dairəsində paxıllığa, kərəm və ehsanında nöqsana yol yoxdur.
Allahın lütfü barəsində deyilən “vacibdir” sözünün mənası bu deyil ki, kimsə Onu bu işi görməyə əmr etsin və əmrə itaət etmək də Ona vacib olsun. Amma qeyd olunan “vacib”in mənası “vacibül-vücud”da deyilən mənadır. (Yə”ni bu işi görmək Onun Zatındadır və Ondan ayrılması qeyri-mümkündür.)


more post like this