İzdivacı tərk etmək, Peyğəmbərin (s) sünnətindən kənara çıxmaqdır. İzdivac həyatın zəruri məsələlərindəndir. Ər və arvad bir-birinin tamamlayıcısıdır. Allah-Taala kişini qadının məhəbbət, səfa, səmimiyyət və mehribançılığına və qadını da kişinin qüdrət, şücaət, mətanət və vəfasına möhtac yaratmışdır. Ona görə də bu iki varlığın bir yerdə yaşaması, ünsiyyətdə və təmasda olması onların bu ehtiyacını ödəyir, cism və canlarının rahatlıq və sakitliyinə səbəb olur.

 

İslam dini evlənməyi müqəddəs bir iş sayır və onu Allah-Taalanın qüdrət nişanəsi və Peyğəmbərin  (s) sünnəti bilir.

 

İmam Rza (ə) ərə getmək istəməyən və bunu özünə fəzilət bilən bir qadına buyurmuşdur: “Əgər bu işdə bir fəzilət və üstünlük olsaydı, Fatimə (s) – Peyğəmbərin (s) qızı – bu fəziləti əldə etməyə daha layiq idi ki, heç kəs fəzilətlərdə ondan üstün olmayıb və olmayacaqdır”.[1]

 

 

İslam dini evlənməyə təkid edib və bu işi yoxsulluğun qorxusundan tərk etməyi Allah-Taalaya bədgümanlıq adlandırıb.[2]

 

 

Bu işin o qədər əhəmiyyəti vardır ki, Allahın Rəsulu (s) evlənənləri ümmətin ən yaxşısı hesab edir və bu işdən boyun qaçıranları öz ümmətindən hesab etmir.[3]

 

Qeyd etmək lazımdır ki, bu sünnət təkcə birinci dəfə evlənənlər üçün deyil, hətta, müxtəlif səbəblərdən dul qalmış kişi və qadınlarada aiddir. Bu ilahi hökmə tabe olmaq hər bir ərsiz və arvadsız müsəlmana vacibdir.

 

Bu yerdə bizə ünvanlanmış bir məktubdan bəzi məqamları sizin diqqətinizə çatdırıram:

 

 

* “…Cavan gəlinəm. Ərim bir neçə il qabaq yol qəzasında dünyasını dəyişibdir. Onun vəfatından sonra yenidən ərə getmək fikrini, uşaqlarımı tərbiyə etmək məqsədiylə başımdan silib atmışdım. Lakin bu yaxınlarda mömin və əxlaqlı bir cavan elçiliyimə gəlmişdi. Məndən mənfi cavab eşidib bunun səbəbinin uşaqlarım olduğunu bildikdə, dedi ki, mən onları övladlığa götürməyə, Allah rizasına böyüdüb, təlim-tərbiyə verməyə hazıram. İndi mən o cavanla yeni ailə həyatı qurmağa bir o qədər də narazı deyiləm, amma burada başqa bir problem vardır ki, bilmirəm, onun həllini necə tapım. Fikirləşirəm ki, camaat mənim haqqımda nə deyəcək? Görəsən, məni qınayacaqlarmı? Görəsən, ərimin ruhu bundan narahat olacaqmı? Uşaqlarım və ərimin ata-anası bu işə görə məndən inciməzlərmi? Fikirləşirəm ki… Amma başqa bir tərəfdən də, vəfalı, səmimiyyətli və mehriban bir ömür-gün yoldaşına ehtiyacım var. Bundan əlavə fikirləşirəm ki, qızım və oğlanlarım böyüyəcək, ailə həyatı quracaq və hər biri öz işinin dalınca gedəcək. Bu vaxt mən qocalıb tənha qalacam… İndi bilmək istəyirəm ki, İslam dini qadına ikinci dəfə ərə getməyi qadağan edibmi? Görəsən, düz deyirlər ki, ərimin ruhu bərzəx aləmində narahat olacaqdır? Mənim ikinci dəfə ərə getməyim üçün qaynata-qaynanamın icazəsi lazımdırmı?…”

 

 

? “… İnsanın ruhu bədən öldükdən sonra bərzəx aləminə köçürülür. Bu aləm başqa bir aləmdir və özünəməxsus qanunları vardır. Bərzəx bir aləmdir ki, orada insan öz əməlləri ilə əlbəyaxadır. Onu orada şad edən şey dünyadakı qohumlarının yaxşı əməlləri və Allah-Taalaya ibadət və itaət etmələridir.Amma onu bərzəx aləmində narahat edən isə, onun bu dünyada qalan qohumlarının günah işləri və onunla əlaqəli olan şeylərdə Allah-Taalanın itaətindən və şəriət qanunlarından kənara çıxmalarıdır.

 

 

Sizə gəldikdə isə, əgər sizin ikinci dəfə evlənmək istəyiniz, Allaha görə və Peyğəmbərimizin (s) sünnətinə əməl etmək və təbii ehtiyacınızı təmin etmək üçündürsə, bu həm sizin və həm də uşaqlarınızın inkişaf və tərbiyəsi üçün faydalı olacaqdır. Bu halda sizin bu addımınız ərinizin ruhunu şad və onu sizə duaçı edəcəkdir.Bu məsələyə fiqhi cəhətdən yanaşdıqda isə, kişi və qadın arasında oxunan kəbin və şəri nikah bu dünyada bağlanan bir əhd-peymandır ki, ər-arvad həyatlarında bu peymana vəfadar olmalıdırlar. Onların ikisindən biri dünyasını dəyişdikdə isə, bu peyman qüvvədən düşür və həyatda qalan tərəf bu peyman və kəbinə görə heç bir məsuliyyət daşımır.[4]

 

 

Amma qaynata və qaynanaya gəldikdə isə, onların Allah-Taalanın əmri və Peyğəmbərimizin (s) sünnətinə qarşı çıxmağa heç bir hüququ yoxdur. Çünki evlənmək dinin yarısıdır. Yəni evlilik dünya və axirət xoşbəxtliyinin yarısıdır və bu xoşbəxtliyi sizin əlinizdən almağa heç kimin haqqı yoxdur.[5]

 

 

Qaldı ki, camaata, nə deyəcək, qoy, desin. Yəqin ki, ağıllı və imanlı insanlar sizə həm öz və həm də övladlarınızın həyatını çətinlikdən qurtardığınız üçün tərifdən başqa bir söz deməyəcəklər. Yenə də axırıncı sözüm sizə və sizin timsalınızda başqa bacılaradır:

 

 

Əgər belə bir hadisə sizin həyatınızda da baş veribsə və ikinci dəfə evlənmək məcburiyyətində qalıbsınızsa, birinci ərinizlə olan xatirələrinizi həmişəlik olaraq ürəyinizin çox-çox dərinliklərində dəfn edin. Heç kimə, xüsusilədə ikinci ərinizə, ondan və onu sevdiyinizdən danışmayın.

 

 

Onu da nəzərə alın ki, axı, hamının sevilməyə haqqı var və hər kəs sevilməyi sevir. Əlbəttə, unudulmayan məhəbbət yüksək insani dəyərlərdən irəli gəlir və ümumiyyətlə, məhəbbəti qəlbdən silib atmaq çox çətin və ya deyərəm ki, imkansızdır. Lakin onu başqalarının ülvi hisslərini təhqir etməmək naminə  gizlətmək mümkün və vacibdir…

 

Sizə bütün işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

 

 

 

 

[1]. “Vəsailuş-şiə”, Hürr Amuli, 14/117.

 

 

[2]. “Əl-kafi”, Şeyx Kuleyni, 5/330; “Nur” surəsi, ayə: 32: (Ey mö’minlər!) Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh (yaxud evlənməyə qabil) kölə və cariyələrinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər. Allah (lütfü, mərhəmətilə) genişdir, (hər şeyi) biləndir!”

 

 

[3]. “Əl-Kafi”, Şeyx Kuleyni, 5/327, bab kərahətil uzbəti, hədis:1-7

 

 

.[4] . Bu baradə müctəhidlərin “İzahlı şəriət məsələləri” kitablarına müraciət edə bilərsiniz.

 

[5] .”Vəsailuş-şiə”, Hürr Amuli,14/5.

 

 

islammektebi.org


more post like this