1402. Böyük Bədr döyüşü.

Quran:

«Həqiqətən, siz Bədrdə az və zəif olduğunuz halda Allah hər an sizə yardım etdi. Allaha şükr edən olmaq üçün Ondan qorxun! O zaman sən möminlərə deyərdin: Rəbbinizin üç min mələk endirərək imdadınıza yetişməsi sizə kifayət etməzmi?»[1]

Hədis:

4769. İmam Əli (ə): «Bədr döyüşündə Allahın Peyğəmbərinin (s) səhabələrinin üzü pambıq kimi ağappaq idi.»[2]

4770. İmam Əli (ə): «Bədr döyüşündə biz özümüz Allahın Peyğəmbərinə (s) sığındıq. Həzrət hamımızdan düşmənə daha yaxın idi və həmin gün hamıdan çox şücaət göstərdi.»[3]

4771.İmam Əli (ə): «Bədr döyüşündə aramızda Hiqdad ibn Əsvəddən başqa süvari yox idi. Doyüş axşamı ağacın altında dayanıb səhərə qədər namaz qılıb dua oxuyan Allahın Peyğəmbərindən (s) başqa, bizimlə olanların hamısı yatdı.»[4]

 

1403. Uhud döyüşü və Həmraul Əsəd.

Quran:

«Sən möminləri döyüşməli olduqları yerlərə yerləşdirmək üçün sübh tezdən öz ailəndən ayrılıb getdiyin vaxtı yadına sal! Şübhəsiz, Allah eşidən və biləndir.»[5]

4772. İbn Məsud: «Uhud döyüşündə qadınlar müsəlmanların arxa cəbhəsində igilər və müşriklərin yaraladıqları insanlara kömək edirdilər. Əbu Süfyan gəlib «hübəl (büt) zəfər çalsın» şüarını qışqırdı. Allahın Peyğəmbəri (s) müsəlmanlara buyurdu: «Siz də «Allahu əla və əcəllu» (Bir olan Allah uca və cəlallıdır) deyə qışqırın.» Müsəlmanlar da «Allahu əla və əcəllu» şüarını qışqırdılar. Əbn Süfyan qışqırdı: «Ləna əl-Uzza və la Uzza ləkum.» (Bizim Uzza adlı bütümüz var, sizinsə Uzzanız yoxdur) Allahın Peyğəmbəri (s) müsəlmanlara buyurdu:  «Siz də deyin ki, «Allahu movlana və la movla ləkum» (Allah bizim rəhbərimizdir, sizinsə rəhbəriniz yoxdur).» [6]

4773. Ənəs: «Uhud döyüşündə Peyğəmbərin qabaq dişləri sındı, o Həzrətin başı yarıldı və başının ortasından qan axa-axa buyurdu: «Onları Allah yoluna dəvət edən peyğəmbərinin başını yaran, qabaq dişlərini sındıran camaat nicat, qurtuluş tapsın?[7] Sonra Allah-taala bu ayəni göndərdi: «Sənin bu işlərdə əlin yoxdur.» [8]

4774. İmam Əli (ə): «Uhud döyüşündə camaat Allahın Peyğəmbərinin (s) ətrafından dağıldığı vaxt mən ölənlərin arasında Onu axtarsam da, Allahın Peyğəmbərini (s) görmədim. Öz-özümə dedim:  «Allaha and olsun, O qaçanlardan deyildi. Ancaq ölülərin də arasında görmürəm. Zənnimcə, Allah bizim bu rəftarımıza qəzəblənib və peyğəmbərlərini səmaya çəkib. Deməli, mənim varlığımın bir faydası yoxdur və ölüncəyə qədər döyüşməliyəm. Buna görə də qılıncımın qınını sındırıb düşmənə həmlə etdim və onlar mənim qarşımdan uzaqlaşdılar. Birdən gördüm ki, Allahın Peyğəmbəri (s) də onların əhatəsindədir.»[9]

 

1404. Zatur-Riqa döyüşü.

4775. İmam Sadiq (ə): «Zatur-Riqa döyüşündə Allahın Peyğəmbəri (s) bir dərənin kənarında ağacın altında atdan düşdü. Bu zaman sel gəldi və Həzrətlə dostlarını bir-birindən ayırdı. Bir müşrik kişi peyğəmbəri (s) bu halda  gördü. Müsəlmanlar da dərənin qarşı tərəfində dayanıb selin dayanmağını gözləyirdilər. Həmin müşrik kişi yoldaşlarına dedi: «Mən Məhəmmədi öldürəcəyəm.» Sonra peyğəmbərin yanına gəlib, Allahın Peyğəmbərinin (s) üstünə qılınc çəkdi və dedi:  «Ey Məhəmməd! İndi kim Səni mənim çəngimdən qurtaracaq?» Həzrət buyurdu:  «Mənim və sənin Allahın.» Bu zaman Cəbrayıl həmin kişini  atdan yıxdı və o, arxasıüstə yerə düşdü. Allahın Peyğəmbəri (s) qalxıb qılınc çəkdi və onun sinəsinə çöküb soruşdu: «Kim səni mənim çəngimdən qurtaracaq ey Ğəvrəs?» Ərz etdi: «Sənin mərhəmət və kərəmin, ya Məhəmməd!» Həzrət həmin kişidən əl çəkdi və o, qalxıb dedi:  «Allaha and olsun, sən məndən yaxşısan və kərəm sahibisən.»[10]

 

1405. Əhzab və Bəni Qureyzə döyüşü.

4776. Yəzid ibn Əssəm: «Allah əhzabı darma-dağın etdikdə, Peyğəmbər (s) evinə qayıtdı və üstünü, başını yumağa başladı. Bu vaxt Cəbrayıl o Həzrətin yanına gəlib dedi: «Allah səni bağışlasın. Göylərin mələkləri silahlarını yerə qoymamış, sən silahını yerə qoymusan? Bəri Qureyzə qalasına bizim yanımıza gəl.» Sonra Allahın Peyğəmbəri (s) car çəkib qalanın yanında onlara qoşuldu.»[11]

4777. İmam Baqir (ə) («Çox maldövlət zay etmişəm»[12] ayəsi barədə)– «Məqsəd Xəndək döyüşündə Əli ibn Əbutalibin ona İslamı qəbul etməyi təklif etdiyi Əmru ibn Əbduddur. Əbdud demişdir: «Sizinlə mübarizəyə xərclədiyim bu qədər var-dövlət nə olsun?» O, Allahın yoluna qarşı mübarizədə malını xərcləmişdi. Əli (ə) onu öldürdü.»[13]

4778. İmam Sadiq (ə): «Allahın Peyğəmbəri (s) xəndək qazanda mü­səl­man­lar maneəyə rast gəldilər. Allahın Peyğəmbəri (s) külüngü Əmirəl-möminin və ya Salmanın əlindən alıb ona elə zərbə vurdu ki, 3 tikə oldu. Bu vaxt Allahın Peyğəmbəri (s) buyurdu: «Allah bu zərbəmlə Kəsra və Qey­sə­rin xəzinələrini mənimçün açdı.» Oradakılardan biri dostuna dedi: «Bizim heç birimizin zəruri ehtiyac (subaşı) üçün (düşmənin qorxusundan) çölə çıx­ma­ğa qadir olmadığımız halda, bizə Kəsra və Qeysərin xəzinələrini vəd edir.»[14]

 

1406. Xeybər döyüşü.

4779. Burəydə: «Xeybər döyüşü günündə Əbubəkr bayrağı aldı. Ancaq fəth edə bilməyib qayıtdı. Sonrakı gün Ömər bayrağı götürdü və o da uğursuz geri döndü. İbn Muslimə öldürüldü və camaat (müsəlmanlar) qayıtdılar. Allahın Peyğəmbəri (s) buyurdu:  «Bu bayrağı eləsinə verəcəm ki, Allahı və peyğəmbərini sevir, Allah və peyğəmbəri də onu sevir və fəth, qələbə qazanmayana qədər geri dönməz.» Biz həmin gecəni, sabahın qələbə günü olacağı üçün sevinc içində keçirdik. Allahın Peyğəmbəri (s) səhər namazını qıldı, bayrağı istədi və yerindən qalxdı. Peyğəmbərə yaxınlığı və Onun yanında mövqeyi olan bizlərdən hər birimiz bayraqdarın özü olacağına ümid edirdik. Hətta, Peyğəmbərə yaxın olduğuma və onun yanındakı mövqeyimə görə boynumu dartıb başımı dik  tutmuşdum. Ancaq Həzrət, Əli ibn Əbutalıbi çağırdı. Əlinin (ə) gözü ağrıyırdı. Allahın Peyğəmbəri (s) onun gözünə əl çəkdi və bayrağı ona tapşırdı. Fəth və qələbə də onun nəsibi oldu.»[15]

 

1407. Məkkənin fəthi uğrundakı döyüş.

4780. Ömər ibn Xəttab: «Məkkənin fəth olunduğu gün Allahın Peyğəmbəri Məkkəyə daxil oldu. Səfvan ibn Ümməyə, Əbu Süfyan ibn Hərb və Haris ibn Hişamın ardınca adam göndərdi. Ömər deyir: «Öz-özümə dedim ki, Allah onları bizim çəngimizə salıb və əməllərinin cəzalarını onlara dadızdıracağıq. Ancaq Allahın Peyğəmbəri (s) onlara buyurdu: «Mən bu gün sizlərə, Yusifin qardaşlarına dediklərini deyirəm: «Bu gün sizə ağrı-acı yoxdur. Mehribanların ən mehribanı olan Allah sizi bağışlayır.» Ömər deyir:  «Ağlımdan belə bir fikir keçdiyinə və Allahın Peyğəmbərinin (s) isə onlara belə cavab verdiyinə görə Peyğəmbərdən (s) utandım.»[16]

4781. İmam Əli (ə): «Allahın Peyğəmbəri (s) Ramazan ayında Bədr döyüşünə getdi və Ramazan ayında da Məkkəni fəth etdi.»[17]

4782. İmam Rza (ə): «Məkkənin fəth olunduğu gün, sayı üç yüz altmış olan büt Kəbənin ətrafında düzülmüşdü. Həzrət əlindəki çubuqla onları vura-vura buyururdu: «Haqq gəldi və batil məhv oldu. Həqiqətən də, batil məhv olasıdır. Haqq gəldi və batil bir daha geri dönüb başlamayacaq.» Bu zaman bütlər bir-bir üzü üstə yerə düşdülər.»[18]

 

1408. Huneyn döyüşü.

4783. İmam Sadiq (ə): «Peyğəmbərin (s) Huneyn döyüşündəki qədər ağır günü olmayıb. Çünki ərəblər Həzrətə düşmən kəsilmişdilər.»[19]

Mizanulhikmətin xülasəsi kitabı – I I cild

 



[1] Ali-İmran, ayə 123 və 124.

[2] Kənzul-Ummal, hədis 29942

[3] Kənzul-Ummal, hədis 29943

[4] əl-İrşad, c.1 , səh.3

[5] Ali-İmran, ayə 121

[6] əl-Bidayə vəl-Nəhayə, c.4 , səh. 40

[7] Ali-İmran, ayə128

[8] Səhihe müslim, hədis 1791

[9] Kənzul-Ummal, hədis 30027

[10] Biharul-Ənvar, c.20, səh.179, hədis 6

[11] Kənzul-Ummal, hədis 301115

[12] Bələd, ayə 6

[13] Qomi təfsiri, c.2, səh.422

[14] əl-Kafi, c.8, səh.216, hədis 264

[15] Kənzul-Ummal,hədis, 3120

[16] Kənzul-Ummal,hədis 30158

[17] Əmali-Tusi , səh.342 , hədis 701

[18] Biharul-Ənvar, c.21, səh.116, hədis 11

[19] Biharul-Ənvar, c. 21 , səh.190 , hədis 16


more post like this