Peyğəmbərlərin sonuncusu Həzrət Muhəmmədin (səllAllahu əleyhi və alih) günahsızlığının sübuti dəlilləri
Allah -Taala insanı yaratdığı andan indiyə qədər insanların hidayət və maarifi üçün yüz iyirmi dörd min Peyğəmbər göndərmişdir. Amma bəzi insanlar peyğəmbərlərə qarşı çıxmış, onlara qarşı mübarizə etmişlər ki, peyğəmbərlər insanları düz yola hidayət edə bilməsinlər. Bu yolda bütün peyğəmbərlər çoxlu əziyyətlər çəkmişlər. Bu çətinlik və əziyyətlərə sonuncu peyğəmbər Həzrət Muhəmməd səllAllahu əleyhi və alih də məruz qalmışdır. Allah -Taala “Ali- İmran” surəsinin 184-cü ayəsində Həzrət Muhəmmədə (s) təskinlik verərək buyurur: فَإِنْ كَذَّبُوكَ فَقَدْ كُذِّبَ رُسُلٌ مِنْ قَبْلِكَ جَاءُوا بِالْبَيِّنَاتِ وَالزُّبُرِ وَالْكِتَابِ الْمُنِيرِ “Əgər onlar səni yalançı sayarlarsa (heç də qəmgin olma)! Çünki səndən əvvəl açıq möcüzələr, səhifələr və nur saçan kitab gətirmiş peyğəmbərləri də yalançı saymışdılar.” Bundan əlavə onu da qeyd edək ki, Həzrət Muhəmmədin (s) çəkdiyi əziyyətlər bütün peyğəmbərlərin əziyyətlərindən daha çox olmuşdur. O həzrət (s) özü bu barədə buyurur: ما أوذي نبي مثل ما أوذيت – “Heç bir peyğəmbərə mənə edilən əziyyət qədər əziyyət edilməyib.” “əl-Vafi” 2-ci cild 235-ci səhifə “Biharul -ənvar” 39-cu cild 56-cı səhifə Fəthul bari fi şərhi səhihi -Buxari 7-ci cild 126-cı səhifə
Təbiidir ki, sevimli Peyğəmbərimizin (s) bu sözü deməsinin hikmətləri vardır. Kimsə deyə bilər ki, məsələn, Həzrət Nuh peyğəmbər 950 il təbliğ etmiş və o da olmazın əziyyətlərə məruz qalmışdır, amma Həzrət Muhəmməd (s) cəmi 63 il ömür sürmüşdür, necə olur ki, sevimli Peyğəmbərimiz (s) daha çox əziyyət edildiyini buyurub?! Burada bir incəlik vardır. O da bundan ibarətdir: Bilirsiniz ki, Həzrət Muhəmməd (s) Allah- Taala tərəfindən peyğəmbərliyə seçildikdən sonra müşriklər və kafirlər tərəfindən çoxlu əziyyətlərə və zülmlərə məruz qalmışdı. Onlar Həzrət Muhəmmədə (s) cismani əziyyətdən (daşlamaq, ayaqları altına tikan tökmək, evlərin damından o həzrətin başına zibil tökmək…) başqa, o həzrətə müxtəlif böhtanlar və şərlər atmaqla onu daha çox narahat edirdilər. Mənəvi-ruhi-fikri əziyyətlər cismani əziyyətlərdən qat-qat çox əziyyətli və məşəqqətlidir. Müşriklər və kafirlər Həzrət Muhəmmədə (s) çoxlu böhtanlar atıb həmin böhtanları hər yerdə yayırdılar. Allah -Taala Qurani-Kərimdə həmin hadisələri bizlərə çatdırmışdır. Allah -Taala “Sad” surəsinin 4-cü ayəsində buyurur: وَ عجَبُواْ أَن جَاءَهُم مُّنذِرٌ مِّنهْمْ وَ قَالَ الْكَافِرُونَ هَاذَا سَاحِرٌ كَذَّابٌ –“Onlar özlərinə öz cinslərindən (insan) olan qorxudanın gəlməsindən təəccüb etdilər və kafirlər dedilər: Bu, yalançı bir cadugərdir.”
Allah -Taala 37-ci “Saffat” surəsinin 36-cı ayəsində buyurur: وَ يَقُولُونَ أَ ئنَّا لَتَارِكُواْ ءَالِهَتِنَا لِشَاعِرٍ مجَّنُونِ –“Həmçinin onlar deyirdilər: Biz öz tanrılarımızı bir divanə şairə görə tərk edəkmi?!”
Qurani-Kərimdə kafirlərin Həzrət Muhəmmədə (s) dedikləri səkkiz böhtan barədə ayələr vardır. Yuxarıda qeyd etdiyimiz kimi, əvvəlki peyğəmbərlər də bu növ ittihamlarla qarşılaşmışdılar. Amma Həzrət Muhəmmədin (s) vəfatından 1400 il keçməsinə baxmayaraq, İslamın düşmənləri olan müşriklər və kafirlər hələ də o həzrəti ittiham etməkdədirlər və onu günahkar saymaqdadırlar. İndi biz burada sübut edəcəyik ki, sonuncu peyğəmbər Həzrət Muhəmməd səllAllahu əleyhi və alih heç bir günahın sahibi deyil, o həzrət günahsız və məsumdur. Birinci: Əvvəla, həm ağlın hökmünə, həm də ilahi hikmətə əsasən, peyğəmbərlər istər kiçik, istərsə də böyük günahlardan uzaq və məsum olmalıdırlar. Onlardan heç vaxt günah əməl törəməməlidir, yoxsa peyğəmbərlik risalətini öhdələrinə götürə bilməzlər. İnsanlar üçün sözləri, əməli və hətta baxışları örnək və nümunə olan peyğəmbərin hər bir günahdan amanda olması zəruridir. Çünki əgər peyğəmbərin günahı olarsa, peyğəmbərliyin fəlsəfə və hikməti aradan gedər, eləcə də belə bir şəxsə qeydsiz şərtsiz itaət etmək ağıla zidd bir hərəkət olar. Ağıllı insan günahı olan insana qeyd şərtsiz itaət etməz. Halbuki, Allah -Taala Həzrət Muhəmmədə (s) itaət etməyi Onun özünə itaət etmək sayır. Allah -Taala 4-cü “Nisa” surəsinin 80-ci ayəsində buyurur: مَّن يُطِعِ الرَّسُولَ فَقَدْ أَطَاعَ اللَّهَ –“Kim Peyğəmbərə itaət edirsə, deməli, həmin şəxs Allaha itaət edir.”
Eləcə də Allah- Taala peyğəmbəri (s) incidənləri Onun özünü incitdiyini bildirir. إِنَّ الَّذِينَ يُؤْذُونَ اللَّهَ وَ رَسُولَهُ لَعَنهَمُ اللَّهُ فىِ الدُّنْيَا وَ الاَخِرَةِ وَ أَعَدَّ لهَمْ عَذَابًا مُّهِينً –“Həqiqətən, Allahı və Onun peyğəmbərini incidənlərə Allah dünya və axirətdə lənət etmiş və onlar üçün alçaldıcı bir əzab hazırlamışdır.” Peyğəmbəri (s) incidən Allahı incitmiş olur. Bu ayədə Allah sözündən sonra gələn “və” bağlayıcı deyil, izahedici mənadadır. “Allahı, yəni Onun peyğəmbərini incidən…” İkinci: Onların Həzrət Muhəmmədi (s) günahkar çıxarmaq üçün gətirdikləri bəhanələrdən biri Fəth surəsinin 1 və 2-ci ayələridir. Allah- Taala “Fəth” surəsinin 1-ci və 2-ci ayələrində buyurur: إِنَّا فَتَحْنَا لَكَ فَتْحًا مُّبِينًا * لِيَغْفِرَ لَكَ اللَّهُ مَا تَقَدَّمَ مِن ذَنبِكَ وَمَا تَأَخَّرَ وَيُتِمَّ نِعْمَتَهُ عَلَيْكَ وَيَهْدِيَكَ صِرَاطًا مُّسْتَقِيمًا “(Ey peyğəmbər) Həqiqətən, biz sənə açıq-aşkar (böyük) zəfər bəxş etdik. Ki, Allah sənin keçmiş və gələcək günahlarını (sənə atılan böhtanları) bağışlasın (üstünü örtsün), sənə olan nemətini tamamlasın və səni doğru yola hidayət etsin.”
Peyğəmbəri (s) ittiham edənlər bu iddiadadırlar ki, keçmiş və gələcək günahlar cümləsindən məqsəd peyğəmbərin (s) həm keçmişdə günah etdiyini və həm də gələcəkdə günah edəcəyini bildirir. Amma bu ayəni izah və şərh etməmişdən öncə yaxşı olardı ki, tərcüməyə və bu ayələrdən o cür məna düşünənlərə bir neçə irad bildirək. 1) Allah buyurur ki, “böyük bir fəthi” (yəni Məkkənin fəthini) sənə nəsib etdik. Buna görə də səni bağışlayırıq. Burada soruşuruq ki, burada zəfər, qələbə günahların bağışlanmasının illət və səbəbdirmi?! Başqa sözlə desək, harada zəfər, fəth və qələbə olarsa bununla bərabər bağışlanma və əvf də olurmu?! 2) Bütün səmavi və ilahi kitablarda, xüsusilə də Qurani-Kərimdə yazılıb ki, “Allaha itaətsizliyin nəticəsi olan günah”ın nəticəsi pis aqibətli və əzaba düçar olmaqdır. Necə olur ki, burada Allah -Taala keçmiş və gələcək günahlara cəza verməməyi bir yana, üstəlik mükafat da verir, neməti davam etdirir, yardım və kömək də edir?! 3) Ağıl da buna hökm edir ki, günah və xətanın cəzası dünya və axirətdə pis aqibətə düçar olmaqdır. Yoxsa, mükafat, təşviq, kömək, qəlbin sevinci, imanın çoxalmağı yox. 4) Fərz edək ki, Rəhmli olan Allah- Taala kiminsə keçmiş günahlarını bağışlayır. Axı harada görülüb ki, gələcəkdə də ediləsi günahları da bağışlaya?! Belə bir vəd heç bir yerdə yazılmadığı bir yana, üstəlik, Quran ayələri, İslam məntiqi və insanları yaxşı əməllər etməyə dəvət edən və onları günah etməməyə, günahlardan uzaq olmağa səsləyən bütün peyğəmbərlərin yolu ilə ziddir. Hətta “ihdinəssiratəl müstəqim” (bizi düz yola yönəlt –Fatihə surəsi 6-cı ayə) ilə də ziddiyyət təşkil edir. Kiməsə “sənin gələcəkdə edəcəyin günahları da bağışladım” deməyin mənası budur ki, “get, ürəyin nə istəyir et”!!!
İndi isə şübhənin cavabı. A) Əvvəla, təəssüflə onu deməliyik ki, tərcümələr bir çox hallarda ayənin məqsədini düzgün çatdıra bilmir və bu da bir çox şübhələrin oxucunun zehninə daxil olmasına səbəb olur. Bunlardan biri “zənb” kəlməsinin günah mənasına tərcümə edilməsidir. “Zənb” sözünün mənası günah deyil. “Zənb” sözünün əsli “z n b” kökündən götürülmüş və heyvanın bədəninə yapışmış quyruğu mənasınadır. Ona görə də insana yapışan hər bir şeyə deyilir, yəni həmin şeyin özü ya təsirləri insana yapışır, insanı özünə düçar edir. Yalnız tövbə, istiğfar, əvəzçıxma və insanların haqqlarından olarsa halallıq almaq ilə insandan aralanır. Deməli, istilahda və termində özü insan ilə birgə olan, eləcə də xoşagəlməz təsirləri və pis aqibəti varsa ona “zənb” deyilir. Bu baxmdan hər günah “zənb”dir, amma hər “zənb” günah deyil. – Eləcə də “ğufran” kəlməsi ümumiyyətlə örtük deməkdir, yalnız günahların öürtülməsi mənasında deyil. Hər bir şeyin üzərinə həmin şeyi gizlətmək məqsədilə atılan örtüyə “ğufran” deyilir. Buna görə də günahın gizlədilməsi, onun pis təsirlərinin insanda görünməməsi üçün onun üzərinə örtük atılmasına da “ğufran” deyilir.
Sonuncu peyğəmbər Həzrət Muhəmməd səllAllahu əleyhi və alih peyğəmbərliyə seçilərək bütlərin, yalançı tanrıların, yanlış etiqadların, pis rəftarların, xurafat, nadanlıqlar və zülmlərin əleyhinə qiyam etdi. Müşriklərin və kafirlərin böyükləri insanları peyğəmbərin (s) əleyhinə qaldırmaq üçün bütün yollara əl atdılar. O yollardan biri peyğəmbəri(s) insanların gözündən salmaq, onu günahkar və mənfi obrazda camaata tanıtmaq idi. Yuxarıda da demişdik ki, müşriklər və kafirlər Həzrət Muhəmmədə (s) sehrbaz (cadugər), şair, kahin (falçı), məcnun (divanə), kəzzab (yalançı)… kimi ittihamlar atırdılar. İnsanların çoxunu da buna inandırmışdılar ki, peyğəmbər(s) günahkardır, o sehr edir, yalan danışır, falçılıq edir, şairdir… Bu ittihamları peyğəmbərə(s) bir ləkə kimi yapışdırmışdılar. Müşriklər və kafirlər tərəfindən həzrət Muhəmmədə (s) yapışdırılmış bu nalayiq ləqəblər həmin “zənb”dir. Bunların heç biri peyğəmbərin(s) günahı deyil. Həzrət Muhəmməd (s) etmədəyi əməllərdə suçlandırılırdı. Necə ki bundan əvvəl də başqa peyğəmbərlər, o cümlədən Həzrət Musa peyğəmbər belə bir hallar ilə rastlaşmışdı. Allah- Taala “Şüəra” surəsinin 14-cü ayəsində buyurur: وَ لهَمْ عَلىََّ ذَنبٌ فَأَخَافُ أَن يَقْتُلُون –“(Musa dedi: İlahi:) Mən onların gözündə günahkaram, məni öldürəcəklərindən qorxuram.”
C) Deməli, ayənin mənası bu olur ki: Allah -Taala sənə böyük bir qələbə (Məkkənin fəthini) nəsib etdi, bununla da sənə atılan şairlik, dəlilik, cadugərlik, kahinlik, yalançılıq… töhmətlərinin üstü örtüldü. Camaat sənin nöqsansız və günahsız olduğunu başa düşdülər. Məlum oldu ki, heç bir vuruş və müharibə olmadan bu zəfər və qələbə ilahi bir iş, ilahi bir fəthdir. Bu fəthin rəhbəri şair, divanə, kahin… deyil, əksinə bilikli, hikmət sahibi, tədbirli, bəsirətli, xeyirxah… bir peyğəmbərin (s) rəhbərliyi ilə baş vermişdir. Məkkə əhalisinin vaxtilə ona olmazın əziyyətlər və zülmlər etmələrinə, onu evindən didərgin salmalarına… baxmayaraq onların hamısını əfv etdi. Peyğəmbərin (s) nə qədər yaxşı insan olması hamını mat etdi, onlar peyğəmbərə (s) nisbət verdikləri pis ləqəblərə və ittihamlara görə o həzrətdən üzr istədilər. Həmçinin Məkkənin fəthi buna səbəb olsun ki, peyğəmbərin (s) həqiqi ilahi şəxsiyyəti tam olaraq elə aşkar şəkildə hamıya, bütün cahana bəlli oldu ki, bundan sonra insanlar, hətta düşmənlər belə daha heç vaxt o həzrətə pis ləqəblər və ittihamlar yapışdıra bilməyəcəklər. Üçüncü: Sonuncu peyğəmbər Həzrət Muhəmmədə (s) indiki zamanda günahkarlıq ittihamı edənlərin məqsədləri nədir?! Təbiidir ki, insan hər hansı bir işi edərkən onun başlıca hədəfi fayda qazanmaqdır. Elə isə Həzrət Muhəmmədin (s) günahkar olduğunu isbat etməyə çalışanlar hansı faydanı əldə etmək fikrindədirlər?! Fərz edək ki, əgər Həzrət Muhəmmədin (s) günahkar olduğunu sübut etmiş olsalar (halbuki bu mümkün deyil), onlar nə qazanacaqlar?! Sonuncu peyğəmbər Həzrət Muhəmmədi (s) günahkar çıxartmaq istəyənlərin məqsədləri: 1) Başqa dində olanların İslam dininə gəlişlərinin qarşısını almaq. Heç bir ilahi və ya insani, hətta fəlsəfi-dünyəvi məktəblərin nümayəndələri öz rəhbərlərini günahkar bilmirlər… Həzrət Muhəmmədin (s) günahkar kimi tanınması buna səbəb olması üçündür ki, müsəlman olmayanlar “Peyğəmbərləri günahkar olan bir dini nə üçün qəbul etməliyəm ki?!” desinlər, və İslamdan uzaq olsunlar… 2) Müsəlmanların imanını zədələmək. Təbiidir ki, sevdiyi peyğəmbərin(s) günahkar olduğunu zənn edən insan öz imanında və əqidəsində güclü sarsıntı keçirəcəkdir. Bununla da həqiqi möminin yetişməsinin qarşısı alınacaqdır. 3) Müsəlmanları günah etməyə sövq etmək. Təbiidir ki, öz peyğəmbərinin(s) günah etdiyini düşünən insan günahlardan və pis əməllərdən yetərincə çəkinməyəcək. Öz nəzərinə görə haçansa dara düşəndə və ya hansısa qazancı əldə etmək istəyəndə “peyğəmbər də günah edib də” deyərək günah edəcək. İnsanın xisləti belədir ki, piş işi bir dəfə edib peşman olmadısa onun ardınca daha böyük günahlar edəcək. 4) Günahkarlara haqq və bəraət qazandırmaq. 5) İnsanları Həzrət Muhəmmədə (s) qeydsiz şərtsiz itaət etməkdən çəkindirmək. Təbiidir ki, peyğəmbəri (s) günahkar sayan insan onun bütün sözlərini öz arşını ilə ölçəcək, öz ağlına uyğun gəlməyəni qəbul etməyəcək. Peyğəmbərin (s) sünnəsinə yüngül yanaşacaq. Bununla da insanlar İslam dininin göstərdiyi yollara düzgün riayət edə bilməyəcəklər. 6) Müsəlmanların arasında fikir ayrılığı yaratmaq və onları bir-birlərinə düşmən etmək. 7) Tədriclə İslam dininin süqutunu və məhvini reallaşdırmaq.
Salam olsun hidayət yoluna tabe olanlara!

Müəllif-Rza Əzizoğlu İrəvani (İslam elmləri üzrə araşdırmaçı, əxlaq elmləri üzrə mütəxəssis)

Muselman.ws


more post like this