Burada peyğəmbərlərin ismətinin sirrinə işarə etmək yerinə düşərdi. Onların vəhyi almaq məqamında günahsız olmalarının sirri bundan ibarətdir ki, ümumiyyətlə, vəhy idrakı xətaya yol verilən idraklar qəbilindən deyildir. Onu almağa ləyaqət və istedadı olan şəxsdə bir elmi həqiqət vardır ki, hüzuri olaraq onu dərk edir və onun vəhy edən vücudla olan rabitəsini müşahidə edir, istər mələk bunda vasitə olsun, istərsə də olmasın.

Vəhyi alan şəxsin onu alıb-almamaq barəsində şəkkə düçar olması, yaxud kimin ona vəhy etməsi, vəhyin məzmun və məfhumunun nədən ibarət olması barədə şəkk etməsi qeyri-mümkündür. Amma bəzi saxta hədislərdə qeyd olunan “bir peyğəmbər öz peyğəmbərliyində şəkk etdi”, yaxud “vəhyin məzmununu dərk etmədi”, yaxud da “vəhy edən şəxsi tanımadı” kimi sözlərin hamısı sırf yalandır. Bu kimi batil mətləblər öz varlığında, yaxud öz hüzuri elmində şəkk etməsini deyən şəxsin sözünə bənzəyir!!!

Amma peyğəmbərlərin ilahi vəzifələrini yerinə yetirmək, yəni Pərvərdigarın sözünü camaata çatdırmaq məqamında ismətinin sirri bir neçə müqəddiməyə bağlıdır:

Bəşərin ixtiyari işləri belə baş verir: İstənilən işlə bağlı insanın daxilində bir meyl yaranır və müxtəlif amillər nəticəsində təhrik olunur. Şəxs müxtəlif elm və idrakların köməyi ilə istədiyi şeyə çatmaq yolunu ayırd edərək onunla münasib olan bir işə əl atır. Əgər bir-biri ilə zidd olan meyl və keşməkeşlər mövcud olsa, onların ən yaxşısını və ən dəyərlisini seçib götürməyə çalışacaqdır. Lakin bəzi hallarda elmin yetərli olmadığına görə ən yaxşısını seçib dəyərləndirməkdə səhv edir. Yaxud daha yaxşı işdən qafil olması, daha pis işə adət edib onunla ünsiyyətdə olması pis seçimə səbəb olur və düzgün təfəkkür edib ən səlahiyyətlisini seçməyə macal qalmır.

Deməli, insan həqiqətləri nə qədər yaxşı tanıyıb onlar barəsində agahlıq əldə etsə və daha çox diqqət yetirib daha artıq müqavimət göstərsə, eləcə də batini həyəcan və meyllərinin cilovlanmasında daha güclü iradəyə malik olsa daha yaxşı seçimdən bəhrələnəcək və bir çox sapmalardan və əyintilərdən amanda qalacaqdır.

Məhz buna görə də istedadlı şəxslər lazımi nəzəriyyə və elmdən bəhrələndiklərinə, səhih tərbiyəyə malik olduqlarına görə fəzilət və kamalın müxtəlif mərtəbələrinə çatır, bəzən ismət sərhədlərinə belə yaxınlaşırlar, hətta günah və çirkin işin fikri belə onların başlarından keçmir. Məsələn, heç bir ağıllı adam öldürücü zəhəri içmək, üfunətli və murdar şeyləri yemək fikrini zehnindən keçirməz.

İndi fərz edək ki, hər hansı bir fərdin həqiqətləri tanımaq üçün istedadları özünün son həddindədir. Onun ruhi səfası və qəlbinin paklığı da ən yüksək səviyyədədir. Qurani-Kərimin dili ilə desək, “xalis və zülal zeytun yağı kimi yanmağa hazırdır, sanki odla təmasda olmadan öz-özünə şölə çəkib yanmaq istəyir.” Onlar bu kimi güclü istedadların və zati sifətlərin sayəsində ilahi tərbiyədən bəhrələnir və Ruhul-qudsun vasitəsilə qüvvətləndirilirlər. Belə bir şəxs kamal mərhələlərini vəsfə sığmaz sürətlə qət edib adi insanın yüz ildə ötə biləcəyi yolu ani olaraq ötüb keçir, hətta uşaqlıq çağlarında və ana bətnində belə başqalarından üstün olur. Belə bir şəxs üçün bütün günahların çirkin olması başqalarının zəhər içməsi, murdar və iyrənc şeyləri yeməkdən çəkinməsi qədər aşkardır. Adi bir şəxs belə işlərdən çəkinməkdə məcbur olmadığı kimi məsum şəxsin də günahdan çəkinməsi onun ixtiyarı ilə heç bir ziddiyyət təşkil etmir.

 

 

 

 

 

 

 

sualcavab.ge

 


more post like this