a)         İsmət vəhy zamanı

Peyğəmbərlərin vəhyi alarkən xəta və yalandan uzaq olaraq ismətlərinə ən mühüm dəlillər var:

         İnsan kamala və əbədi səadətə yetişmək üçün ilahi hidayətə ehtiyaclıdır. O bir tək ağıl və hissinə söykənərək məqsədə çata bilməz. Buna görə də gərək Allah kamala çatmağın yollarını onların üzünə açsın.

         Allah tərəfindən göstərilən yol gərək xətadan uzaq olsun.

         İlahi xəbəri yetirən şəxs gərək vəhyi çatdırarkən səhvə və xətaya düçar olmasın. Əks təqdirdə onun sözü İlahi hədəflə üst-üstə düşməz. Və nəticədə Allahın hikmətiylə ziddiyyət təşkil edərdi. Deməli İlahi hədəf o zaman təmin olar ki, camaata hüccət tamamlanmış olsun. Bu da onu tələb edir ki, İlahi xəbər, olduğu kimi hər cür təhrifdən uzaq olaraq peyğəmbər tərəfindən çatdırılsın.

 

b)         Günahdan ismət

İsmətin ən mühüm sahələrindən biri günahdan uzaq olmaqdır. Günahdan məqsəd Allahın əmrlərinə qarşı çıxmaq, haramlara əməl edib vacibləri tərk etməkdən ibarətdir. Bəzi alimlərin fikrincə peyğəmbər gərək hiylə, naşükürlük, namərdlik və s. kimi əxlaqi günahlardan uzaq olsun. Əllamə Təbatəbainin nəzərinə əsasən: “Bəndənin hörmətini sındıracaq və mövlanın qəzəbinə düçar olacaq hər əməl günah hesab olunur”.

Təbliğ əsasən 2 formada həyata keçir:

1.         Davranışla və sözlə. Peyğəmbər buna görə də həm danışığında, həm də davranışında səhv və günahdan uzaq olmalıdır. Çünki insanların əksəriyyəti o zaman bir insana inanıb tabe olarlar ki, sözü ilə əməli eynilik təşkil etsin. Danışıq ilə davranışdakı ziddiyyət sözün qəbul olmasına əngəl olur və insanları şübhəyə salır. Buna görə də Allahın məqsədi öz xəbər və fərmanını insanlara çatdırmaqdırsa gərək elə bir şəxsi elçi təyin etsin ki, onlar əməllərində də məsum olsunlar. Eyni zamanda insanlara bələdçilik etdiyi doğru yolda nümunə olsunlar.

 

c. İlahi təkliflərə əməl edərkən xətadan uzaq olmaq

Peyğəmbərlərdəki ismətin başqa bir sahəsi də İlahi təkliflərə və ehkamlara əməl edərkən unutqanlıqdan və səhvdən uzaq olmaqdır. Bu məsələnin isbatı üçün çoxlu dəlillər vardır. Ancaq biz bu yazımızda birini qeyd etməklə kifayətlənirik:

         Allahın peyğəmbərləri göndərməsindəki hədəfi o zaman yerinə yetirirlər ki, insanlar tam onlara inanıb, etimad göstərmiş olsunlar.

         Xalqın inamı da o zaman hasil olar ki, onlar təkliflərə əməl edərkən səhvə düçar olmasınlar. Əgər peyğəmbərlər İlahi təklifləri yerinə yetirərkən səhvlərə düçar olsaydılar, o zaman insanlarda onlara qarşı şübhə yaranardı. Nəticədə insanlar onların vəhyi təbliğ zamanı səhv edib-etməmələrinə şübhə ilə yanaşardılar.

d). Gündəlik həyatda xətadan ismət (uzaq olmaq).

Peyğəmbərlərin adi həyatdakı səhv və xətaları təbiidir ki, onların xalq arasındakı güvəncinin itirilməsinə səbəb olardı. Və bu inamsızlıq dini işlərə də siraət edərdi. Buna görə də peyğəmbərlər gərək adi dünya həyatlarında belə hər cür səhvdən uzaq olsunlar ki, risaləti yerinə yetirmək üçün insanların etibarını qazansınlar.

 

sualcavab.ge

 

 


more post like this