Qurani-Kərimdə bəzən Peyğəmbərin bəzi əməllərinə etiraz olunur. Məsələn, Zeynəblə evlənmək məsələsində bu məzmunda ayə nazil oldu: «Ya Peyğəmbər, başqalarının sənin haqqında nə deyəcəklərmi deyə qorxursan? Bir halda ki, Allahından qorxmağın yaxşıdır». Ayədən göründüyü kimi bu cür qorxu peyğəmbərin məsumluğuna xələl yetirmirmi?

Peyğəmbərin (s) barəsində uydurulan əfsanələrdən biri Həzrətin (s) özünə oğul hesab etdiyi Zeydin xanımına eşq bəsləməsidir. Töhmətçilər bu fikirlərini aşağıda zikr etdiyimiz ayəyə söykənərək deyirlər.

«وَإِذْ تَقُولُ لِلَّذِي أَنْعَمَ اللَّهُ عَلَيْهِ وَأَنْعَمْتَ عَلَيْهِ أَمْسِكْ عَلَيْكَ زَوْجَكَ وَاتَّقِ اللَّهَ وَتُخْفِي فِي نَفْسِكَ مَا اللَّهُ مُبْدِيهِ وَتَخْشَى النَّاسَ وَاللَّهُ أَحَقُّ أَنْ تَخْشَاهُ فَلَمَّا قَضَى زَيْدٌ مِنْهَا وَطَرًا زَوَّجْنَاكَهَا لِكَيْ لَا يَكُونَ عَلَى الْمُؤْمِنِينَ حَرَجٌ فِي أَزْوَاجِ أَدْعِيَائِهِمْ إِذَا قَضَوْا مِنْهُنَّ وَطَرًا وَكَانَ أَمْرُ اللَّهِ مَفْعُولًا»؛

(Ya Peyğəmbər!) Xatırla ki, bir zaman Allahın (İslam dininə yönəltməklə) nemət verdiyi və sənin özünün (köləlikdən azad etməklə) nemət verdiyi şəxsə (Zeyd ibn Harisəyə): “Zövcəni (Zeynəb bint Cəhşi) saxla (boşama), Allahdan qorx!” – deyir, Allahın aşkar etdiyi şeyi (Zeynəbin boşanacağı təqdirdə onu almağın haqda sənə nazil olan vəhyi) ürəyində gizli saxlayır və adamlardan (onların Peyğəmbər oğulluğunun boşadığı övrətlə evlənir, – deyəcəklərindən) qorxurdun. Halbuki əslində sənin qorxmalı olduğuna ən çox layiq Allahdır. Zeyd zövcəsi ilə əlaqəsini kəsdikdə (Zeynəbi boşadıqda) səni onunla evləndirdik ki, oğulluqları övrətlərini boşadıqları zaman onlarla evlənməkdə möminlərə heç bir çətinlik (günah) olmasın! (Bu işdən möminlərə heç bir günah gəlmədiyini bildirmək üçün belə bir övrətlə birinci səni evləndirib bütün müsəlmanlara nümunə etdik). Allahın hökmü mütləq yerinə yetər! (Əhzab surəsi, 37-ci ayə)

Bəziləri belə bir hadisə uydurublar ki, guya Peyğəmbərin (s) Zeyd ibn Harisə (Peyğəmbərin (s) oğulluğuna) çox məhəbbəti vardır. Əgər Peyğəmbər (s) onu bir müddət görməsəydi evlərinə gedər əhvalını soruşardı. Bir gün Peyğəmbər (s) Zeydi görmək üçün onun evinə getdikdə Zeydin xanımı özünə zinət verməklə məşğul idi. Peyğəmbər (s) onu görərkən dedi:

«سبحان اللّه‏ خلق النّور تبارك اللّه‏ أحسن الخالقين»

“Pak və münəzzəh Allah nur yaratmışdır ki, O ən yaxşı yaradandır”.

Və sözünü qurtardıqdan sonra qayıtdı. Guya Peyğəmbərin (s) bu sözünü eşidən Zeynəb hadisəni əri Zeydə söylədi. Zeyd belə hesab etdi ki, Peyğəmbər (s) onun yoldaşına vurulubdur. Buna görə də Zeynəbə boşanmağı təklif etdi ki, Peyğəmbərlə evlənməyə şərait yaratmış olsun. Sonra da peyğəmbərin (s) yanına gəldi, onun bu haqdakı fikrini öyrəndi. Peyğəmbər (s) Zeydin bu təklifinə narazılığını bildirdi və guya onun qarşı çıxmağı Zeynəbə məhəbbəti olsa belə sadəcə zahirdə camaatın qorxusundan idi. Lakin Allah Peyğəmbərə elan etdi ki, sonda bu məsələni aşkar edəcək və yaxşı olar ki, Peyğəmbər Allahdan qorxsun.

 

Hadisənin düzgünlüyü:

Bu hadisə yuxarıda nəql olunduğu kimi baş verməmişdir. Hadisənin həqiqəti bəzi hədislərə və Əllamə Təbatəbai kimi Quran təfsirçilərinin nəzərinə əsasən belədir: Zeynəb Peyğəmbərin (s) bibisi qızı idi. Peyğəmbər (s) onu tanıyırdı və Zeydlə evlənməmişdən əvvəl onun gözəlliyindən və kamalından da xəbərdar idi. Peyğəmbər (s) özü Zeyd üçün elçiliyə getmişdi. Onların bu evliliyinə Zeynəbin qardaşı Abdullah razı deyildi. Çünki o, razı qalmırdı ki, Haşimi tayfasından olan bir qız Xədicənin aldığı bir qulamla (ki sonra onu Peyğəmbərə (s) bağışlamış idi) evlənsin. Abdullah digər ərəblər kimi, bunu bacısına əskiklik hesab edirdi. Ancaq Peyğəmbər (s) istəyirdi ki, bu cahil təəssübkeşliyi aradan qaldıraraq heç bir ərəbin əcəmdən üstün olmadığını və Allah yanında üstünlüyün məhz təqvada olduğunu elan etsin. Buna görə də, o, istəyirdi ki, bu cahil ənənəni öz yaxınları vasitəsilə, fədakarlıq göstərərək sındırsın. Bu səbəbdən öz Allahına təslim olan bibisi qızını Zeydlə evləndirməklə ərəbin cahil ənənəsinə qarşı çıxsın. O pak xanım Allaha görə və Peyğəmbərin (s) bu qərarı qarşısında təslim idi. Həmin surənin 36-cı ayəsində bildirilir:

وَمَا كَانَ لِمُؤْمِنٍ وَلَا مُؤْمِنَةٍ إِذَا قَضَى اللَّهُ وَرَسُولُهُ أَمْرًا أَنْ يَكُونَ لَهُمُ الْخِيَرَةُ مِنْ أَمْرِهِمْ وَمَنْ يَعْصِ اللَّهَ وَرَسُولَهُ فَقَدْ ضَلَّ ضَلَالًا مُبِينًا

“Allah və Peyğəmbəri (s) bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha və Onun Peyğəmbərinə (s) asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır!”

Elə ki, bu ayə nazil oldu, Abdullah və bacısı Zeynəb qəbul etməkdən başqa bir çıxış yolu tapmayaraq dedilər: Ey Allahın Peyğəmbəri, biz razıyıq. Zeynəb evlənib ər evinə getdikdən sonra, onların rəftarları bir-birinə uyğunlaşmadı. Dəfələrlə Zeyd onu boşamaq qərarına gələrkən Peyğəmbər (s) ona buyurardı:

أَمْسِكْ عَلَيْكَ زَوْجَكَ وَاتَّقِ اللَّهَ

“Zövcəni (Zeynəb bint Cəhşi) saxla (boşama), Allahdan qorx!” – deyirdin.

Lakin Zeyd onunla baş edə bilmədi. Aradakı anlaşılmazlıqlar şiddətləndi və nəhayət boşandılar. Peyğəmbər (s) onların arasında olan anlaşılmazlıqları bilsə də Zeyd ona boşanmadan söhbət açanda onu evliliyi davam etdirməyə dəvət etmişdir. Hətta bu evliliyin boşanma ilə nəticələnəcəyini vəhy yolu ilə bilsə də.

Ehtimal olunur ki, Həzrət sonunun nə ilə nəticələnəcəyini vəhy vasitəsilə bilirdi. Və onu da bilirdi ki, ona Allah tərəfindən Zeynəblə evlənməklə o zamanın digər bir cahil adətini aradan qaldırmaq məmuriyyəti alacaqdır. Həmin cahil adət-ənənə bundan ibarətdir ki, o zaman ərəblər birinə oğul deyəndə doğma oğula aid olan bütün əhkamı ona da aid edirdilər. Həqiqi övlad kimi, oğul dedikləri şəxs irs aparır və hətta oğul dediyinin xanımı boşandıqdan sonra ata hesab olunan şəxsin bir məhrəm kimi həmin xanımla evlənməyi qadağan idi. Nəhayət, Peyğəmbər (s) Allah tərəfindən bu adəti sındırmaq üçün görəvləndirildiyindən Zeynəblə evləndi. Qurani-Kərim bu barədə buyurur:

«فَلَمّا قَضى زَيْدٌ مِنْها وَطَراً زَوَّجْناكَها لِكَيْ لا يَكُونَ عَلَى الْمُومِنِينَ حَرَجٌ فِي أَزْواجِ أَدْعِيائِهِمْ إِذا قَضَوْا مِنْهُنَّ وَطَراً…» ؛

“… Zeyd zövcəsi ilə əlaqəsini kəsdikdə (Zeynəbi boşadıqda) səni onunla evləndirdik ki, oğulluqları övrətlərini boşadıqları zaman onlarla evlənməkdə möminlərə heç bir çətinlik (günah) olmasın! (Bu işdən möminlərə heç bir günah gəlmədiyini bildirmək üçün belə bir övrətlə birinci səni evləndirib bütün müsəlmanlara nümunə etdik)… (Əhzab surəsi, 37-ci ayə)

Bu ayəyə diqqət etməklə aşağıdakı nöqtələr nəzərə çarpır:

1.         Peyğəmbərin (s) Zeynəblə evlənmə məqsədi nəfsi istəkdən yaranmamışdı. İlahi bir qanunu icra etmək və cahil bir adəti aradan qaldırmaq idi.

2.         Peyğəmbərin (s) Zeyddən gizlin saxladığı məsələ (ki, sonra Allah onu aşkar etdi,) Zeynəbə eşqi deyildi. Bəlkə, işin sonundan (boşanma ilə nəticələnəcəyindən) xəbərdar olmağı idi.

3.         Peyğəmbərin (s) qorxusu cahil ərəblərin fitnəsindən idi. Çünki, Peyğəmbər (s) İlahi qanunu yerinə yetirməklə onların babalarından qalma adətlərini alt-üst edəcəkdi. Həmçinin Peyğəmbər (s) ona görə qorxurdu ki, bəzi eyb axtaranlar ümum insanların imanlarında şübhə yaratmaqla onları süstləşdirəcəklər. Buna görə də, göründüyü kimi, onun bu qorxusu Allaha görə idi. Yaradan ona dininin qələbə çalacağını vəd etdi.

Bu ayələr heç biri kəliməsində Peyğəmbəri (s) danlamır. Necə ki, «Əhzab» surəsinin 38-ci ayəsinin axırlarında həzrət Peyğəmbərin Zeynəblə evlənməyi İlahi bir əmr olaraq qeyd olunur. Sanki Peyğəmbərin (s) bu məsələdə qərar və seçiminin rolu yox idi. Necə ki, ayənin bu kəlməsində deyilir: «زَوَّجْناكَها» «Onu səninlə evləndirdik». Və həmçinin buyurur:

«وَ كانَ أَمْرُ اللَّهِ مَفْعُولاً»؛

“..Allahın hökmü mütləq yerinə yetər!” (Əhzab surəsi, 37-ci ayə)

Sonra onun fəlsəfəsini belə zikr edir: «…ki gələcəkdə möminlərin oğul dediklərinin xanımları ilə (onlar boşandıqdan sonra) evlənməsi günah hesab olunmasın…».

 

 

sualcavab.ge


more post like this