1456. Özünü göstərmək.

Quran:

«Bilin ki, dünya həyatı əslində oyun, baş qatmaq, bəzək-düzək və bir-birinizə özünüzü göstərməkdir.»[1]

«Həqiqətən, Allah lovğalanıb fəxr edən heç bir təkəbbürlünü sevmir.»[2]

Hədis:

4964. Allahın Peyğəmbəri (s): «Allah-taala təvazökar olmağınızı mənə vəhy buyurmuşdur. Kimsə kimsəyə öyünməsin, kimsə başqasının haqqına təcavüz edib zorakılıq göstərməsin.»[3]

4965. İmam Əli (ə): «İki şey camaatı məhv etmişdir:  yoxsul olmaqdan qorxmaq və lovğalanmaq.»[4]

4966. İmam Əli (ə): «Özünü göstərməyi kənara at, təkəbbürünü yerə qoy və qəbrinin fikrini çək.»[5]

4967. İmam Əli (ə): «Kim özünü göstərmək naminə iş görərsə, Allah-taala onu qiyamət günündə qaralığı ilə məşhur edər.»[6]

4968. İmam Əli (ə): «Yaxşı insanların nəzərində hakimlərin ən alçaq hallarından biri budur ki, özünü öymək və lovğalıq aşiqi kimi tanınsınlar və rəftarları təkəbbürlülük sayılsın.»[7]

 

1457. Özünü göstərməkdən çəkindirən amillər.

4969. İmam Əli (ə): «Özünü göstərməkdən Adəm övladına nə? Başlanğıcı nütfə və sonu murdar ət olan (Adəm övladı). Nə özünə ruzi verə, nə də ölümünün qarşısını ala bilər.»[8]

4970. İmam Səccad (ə): «Dünən bir nütfə olan, sabahsa murdar ətə çevriləcək birisinin lovğalıq və özünü öyməyinə heyrət edirəm!»[9]

 

 

1458. Qohumlarına özünü göstərməyin pislənməsi.

4971. Allahın Peyğəmbəri (s): «Əsl-nəsəbin bəlası iftixar etməkdir.»[10]

4972. İmam Əli (ə): «Allahın Peyğəmbəri (s) öz fəzilətlərindən danışanda buyurardı: «Məqsədim özümü göstərmək və öyünmək deyil.»[11]

4973. İmam Rza (ə): «Əmirəl-möminin (ə) xəstə yatan Səsəə ibn Suhana baş çəkir. Getmək üçün yerindən qalxanda buyurur: «Ey Səsəə! Məbada, səni yoluxmağa gəlməyimə görə özünü qardaşların yanında öyəsən. Allahdan qorx!»[12]

 

1459. Fəxr etməyə dəyən şeylər.

4974. Allahın Peyğəmbəri (s): «Yoxsulluq mənim fəxrimdir.»[13]

4975. İmam Sadiq (ə): «Bu üç şey möminin fəxri, onun dünya və axirətdə zivəridir: gecənin sonlarında qılanın namaz, camaatda olanlarda gözü olmamaq və Məhəmməd ailəsinin imamlarına sevgi.»[14]

Mizanulhikmətin xülasəsi kitabı – I I cild



[1] Hədid, ayə 20

[2] Loğman, ayə18

[3] ət-Tərğib-vət-Tərhib, c.3, səh.558, hədis 1

[4] əl-Xisal, səh.69, hədis 102

[5] Nəhcül-Bəlağə, hikmət398.

[6] Biharul-Ənvar, c.73, səh.292, hədis 20

[7] Nəhcül-Bəlağə, xütbə 216.

[8] Nəhcül-Bəlağə, hikmət 454

[9] əl-Kafi, c.2, səh.328, hədis 1

[10] əl-Kafi, c.2, səh.329, hədis 6

[11] Biharul-Ənvar, c.16 , səh. 341, hədis 33

[12] Mustədrəkul-Vəsail, c.12, səh. 90, hədis 13599

[13] Biharul-Ənvar, c.72, səh. 30, hədis 26

[14] əl-Kafi, c.8, səh. 234, hədis 311


more post like this