Özünəgüvən məsələsi psixoloji sağlamlığın əsası olduğuna görə, bu məsələ hamı üçün (xüsusilə gənclər və tələbələr üçün) böyük əhəmiyyətə malikdir.
Heç indiyə qədər öz həqiqi dəyəriniz haqqında fikirləşmisiniz? Özünüzə nə qədər hörmət bəsləyirsiniz? Problemlərlə üzləşdikdə necə davranırsınız? Gücünüzü səfərbər edə bilirsinizmi? Məğlubiyyəti necə qarşılayırsınız? Özünüzü günahkar hesab edərək danlayırsınız, yoxsa məğlubiyyəti həyatın reallığı kimi qəbul edirsiniz? Özünüzü digərləri ilə müqayisə edəndə nə hisslər keçirirsiniz? Sizcə, ətrafınız haqqınızda nə düşünür? Sizi müvəffəqiyyətli, yoxsa zəif xarakterli bir insan kimi tanıyırlar?
Yəqin ki, bu sualların hansı məsələni açıqladığını düşünürsünüz. Bəli, düz tapmısınız. Məsələ hər gün, hətta hər dəqiqə rastlaşdığımız özünəinam məsələsidir. Özünəinam hissi olan şəxs özünü layiqli bir insan kimi görür. Ləyaqət onun şəxsiyyətinin ümumi göstəricisidir. Bu cür düşüncə, ötəri düşüncə deyildir. Özünəinam hissi, şəxsin özü haqqında real düşüncəsidir və fərdin şəxsi üstünlüklərindən hesab olunur. Onun özü haqqında ümidsizliyinə və yanlış təsəvvürlərinə səbəb olmur. O potensial bacarıqların hamısına malik olduğunu da iddia etmir. Əksinə, məqsədə çatmaq yolunun onun üçün hamar olduğunu düşünür. Özünə hörmət bəsləyən, özünün bütün nöqsanlarını qəbul edən şəxs, özünə böyük inamla yanaşır, xudbinliyə düçar olmur və heç vaxt öz boş xəyallarının əsirinə çevrilmir. Amma özü barədə yanlış təsəvvürlərə malik olan və boş xəyallar quran şəxs təhsildə, ictimai, siyasi, ailə, iqtisadi və digər münasibətlərdə özünü çox ləyaqətli şəxs kimi təqdim edir, halbuki öz arzularına çatması üçün nə bir zəmin, nə də bir bacarığı vardır. Bu cür insan həmişə ümidsizliklə üzləşir və nəticədə depressiyaya düşür. Özü haqqında belə düşünən insanların sonu, riyakarcasına olan fəaliyyətlərini ört-basdır etmək üçün özünün süqutundan başqa bir şey deyildir. Bu barədə məşhur psixoloqlardan biri belə deyir: “Əgər məni yaxşı bir psixoloq kimi qəbul etməsələr, təbii ki, özümü alçaldılmış hiss edərəm, ən azından ona görə ki, bu sahə üzrə mahirəm. Amma bəzi sahib olmadığım bacarıqlara görə mənə irad tutsalar, alçalma hissini keçirmərəm. Çünki o sahədə heç bir məharətim yoxdur”.
Qurani-Kərimdə və Məsumlarımızın (ə) rəvayətlərində özünə hörmət bəsləməyə təkid olunmuş və hətta özünə hörmət hissini böyüklük bilmiş, özünü kiçik görməyi isə insanın məhvi kimi açıqlamışlar. “Şura” surəsinin 45-ci ayəsində Allah-Taala bu barədə buyurur:

“َقَالَ الَّذِينَ آمَنُوا إِنَّ الْخَاسِرِينَ الَّذِينَ خَسِرُوا أَنفُسَهُمْ”

“İman gətirənlər deyəcəklər: Həqiqətən, əsl ziyan çəkənlər Qiyamət günü özlərini və ailələrini ziyana uğradanlardır!”
İndi isə özünəinam barəsində qısa izahdan sonra bu hissi özündə necə gücləndirmək yollarını araşdıraq.
Özünəinam hissinin xüsusiyyətləri:
1. Müstəqillik – Özünəinam hissinə sahib olan insanlar öz əməllərində müstəqil və başqalarına hər cür bağlılıqdan uzaq olurlar. Onlar yalnız öz bacarıq və qabiliyyətlərinə arxalanırlar. Burada diqqət olunası başqa bir məsələ budur ki, “onlar müstəqil addım atırlar” dedikdə, bu, onların başqaları ilə məsləhətləşməməsi və birgə iş görməməsi anlamına gəlmir. Əksinə, başqaları ilə görülən iş və məsləhətləşmələrlə yanaşı öz müstəqilliklərini də qoruyub saxlayırlar. Yəni digərlərinin çətirləri altında yaşamırlar.
2. Öhdəçilik – Özünəinam hissinə sahib olan şəxs, özünə aid olan işləri tam əminliklə öhdəsinə götürür və hər cür süstlük, tərədüddən uzaq olur. O, özünün müsbət obrazını yaratmağa səy göstərməklə yanaşı, öz fərdi, ailəvi, ictimai öhdəliklərinin də öhdəsindən məharətlə gəlir.
3. Müvəffəqiyyət – Özünəinam hissinə malik olan fərd daima öz bacarıq və qabiliyyətlərini genişləndirərək, ən yaxşı dərəcəyə sahib olmaq üçün var qüvvəsi ilə çalışır.
4. Cəsarət – Özünəinam hissinə sahib olan fərdin digər bir xüsusiyyəti öz xoşbəxtliyi uğrunda addım atmasıdır. Həmin şəxs üzləşdiyi problemlərlə qorxu hissi keçirmədən, cəsarətlə üz-üzə durur və çətinliklərə səbrlə dözür.
5. Ciddilik və çalışqanlıq – Bu xüsusiyyət özünəinam hissi olan insanın işə ciddi yanaşmasına və onu ardıcıllıqla yerinə yetirməsinə səbəb olur. Onu daim iradəsizlik və süstlükdən uzaq saxlayır.
6. Məğlubiyyətin qəbul edilməsi – Öz qabiliyət və bacarığını anlayan şəxs üçün uğur qazanmaq daha asandır. Belə insan baş verə biləcək hadisələrə reallıqla yanaşır. Bədbəxtliyi, nakamlığı olduğu kimi qəbul etmək isə gerçək həyatda uğur əldə etməyə çox böyük köməklik göstərir.
7. Başqalarına təsir etmək bacarığı – Özünəinam hissinin bir möcüzəsi var; bu ətrafdakılara təsir etmək bacarığıdır. Özünəgüvən hissinə sahib şəxs, özünə hörmət göstərdiyindən bacarıqlar zirvəsindən (özünəxas ali bacarıqlarının sayəsində)lap yuxarılara qalxaraq, ətrafdakı insanları təsir dairəsinə sala bilir.
8. Başqaları ilə ünsiyyət yaratmaq bacarığı – Özünəinam hissinə sahib olan şəxs ətrafdakılarla çox asanlıqla ünsiyyət qura bilir. Onları nə vaxtsa cəmiyyətdən kənarlaşmış vəziyyətdə görmək mümükün deyil. Bu xüsusiyyətə malik insanlar (utancaqlıq hissini bir kənara qoymaqla) başqaları ilə ünsiyyət qurmaqda peşəkardırlar.

Özünəinam hissinə malik olmayanların xüsusiyyətləri
Özünəgüvən hissini daha yaxşı anlamaq üçün özünəinama malik olmayan şəxsin xüsusiyyətlərini açıqlayaq:
1. Özünə inamsızlıq hissi – “Bu işi heç vaxt görə bilmərəm, bunu etmək üçün mənim gücüm yoxdur, bu işi görmək mənim imkanım xaricindədir və s.”. Bu cümlələr, adətən, özünə inanmayan şəxsin sözləridir. Bu cür düşünən insanlar bir çox işlərdə inamsızlıq, çarəsizlik hiss edir və problemlərlə üzləşdikdə onları həll etməkdə çaş-baş qalırlar.
2. Lazımsızlıq hissi – Özünə inamsız şəxs ətrafdakıların ona qarşı laqeyd yanaşmalarından, ona lazımi qiyməti vermədiklərindən daim narazılıq hissi keçirir. İnsanların səmimi münasibətinə şübhə ilə yanaşır.
3. Ətrafdakıların təsiri altına düşmə – Özünə inamsız yanaşan şəxsin başqa bir xüsusiyyəti digərlərinin təsiri altına düşməsidir. Bu kimi şəxslər özlərinə inanmadıqlarına görə müstəqil qərar qəbul etməkdə çətinlik çəkir və buna görə də daim başqalarına arxalanırlar.
4. Bəhanə axtarma – Bu kimi insanlar öz bədbəxtliklərində daima digərlərini səbəbkar bildiklərindən bəhanə axtarmağa başlayırlar.
5. Ümidsizlik – Bu cür insanların ən gözəçarpan xüsusiyyətlərindən biri, öz məqsədinə şübhə və tərəddüdlə yanaşmasıdır ki, bu da ümidsizliklə nəticələnir.
6. Utancaqlıq – Özünəinam hissindən məhrum olan şəxslərdə tez-tez rast gəlinən xüsusiyyətlərdən biri də utancaqlıqdır. Elə buna görə də onlar hədsiz problemlərlə rastlaşırlar. Utancaq şəxs ona “təhlükəli” görünən şəraitlə uyğunlaşmaqda çətinlik çəkir.
7. Həssaslıq – Tez-tez qəzəblənmək, əsəbilik keçirmək, kobudluq, uyğunsuz davranış, hərdəmxəyallıq halları həmin şəxsin iradəsindən xaric və düşünülmədən baş verir. Onlar daxilən sahib olduqları “məhrumiyyət”ə görə tərəddüd hissi keçirir, tez-tez qərarlarını dəyişir və bir qayda olaraq öz hisslərini münasib şəkildə bəyan edə bilmirlər.

Özünəinamsızlığın digər xüsusiyyətlərini qısaca olaraq aşağıda açıqlayırıq:
1. İnkişaf xarakterli məsuliyyətli işlərdən qaçmaq.
2. Ətrafdakı insanlarla təkəbbür və lovğalıqla davranmaq.
3. Yalançılıq və sözbazlıq.
4. Mövcud reallığı qəbul etməmək.
5. Başqaları ilə söhbət zamanı üstünlüyün özünə xas olmasına inanması.
6. Özünü zahirdə eyibsiz göstərməyə cəhd etməsi.
7. Digərlərinin onun sözlərini və davranışlarını təsdiqləmələrinə ehtiyac duyması.
8. Məhdud dünyagörüşünə sahib olmaq.
9. Ətrafındakılarla kobud rəftar.
10. Özündən və ətarfındakılardan hər zaman narazı olmaq.
11. Öz səhvlərini qəbul etməmək.
12. Paxıllıq .
13. Şöhrətpərəstlik.

Özünəgüvən hissini gücləndirməyin üsulları.
1. Allah-Taala ilə ünsiyyət. Özünəinam hissini gücləndirmək üçün ən başlanğıc üsullardan biri Yaradan ilə dua və ibadət vasitəsi ilə ünsiyyət qurmaqdır. Dua və ibadət insanın öz şəxsiyyətinə hörmətlə yanaşmasına səbəb olduğundan, insanda özünəinam hissini gücləndirir.
2. Özünütanımaq. İnsan çalışmalıdır ki, özünü tanımaq üçün müsbət və mənfi cəhətlərini yaxşıca araşdırsın, özünün bəlli olan və olamayan istedad və bacarıqlarını kəşf etsin. Bütün bu keyfiyyətləri tanımaq insanı ümidsizlikdən və qəm-qüssədən uzaqlaşdırır və onda özünə qarşı güvən hissini yaradır.
3. Öz bacarıqlarına arxalanmaq. Görəcəyiniz hər bir işə qiymət verməyə çalışın. Yəni işə başlamazdan öncə və iş əsnasında çalışın ki, diqqətinizi bir nöqtəyə cəmləyəsiniz. ” Çətindir , öhdəsindən gələ bilməyəcəyəm ” sözləri əvəzinə, “mən bacaracağam” deyə, özünüzü həvəsləndirin.
4. Çətin işləri öhdəyə götürmək. Keçmış təcrübələrinizdən bəhrələnin. Qarşıda baş verə biləcək məğlubiyyətdən qorxmadan, yeni təcrübələrə doğru irəliləyin.
5. Özünüzü qiymətləndirməyə çalışın. Özünüzü qiymətləndirməyə çalışarkən başqalarının fikirlərindən istifadə etməyin. Bu cür davranış sizin duyğularınızın güclənməsinə və ixtiyarınızın öz əlinizdə olmasına səbəb olacaqdır. Ümumi qiymətləndirmədən sonra özünüzü bir də müsbət cəhətdən qiymətləndirməyə çalışın. Öz şəxsiyyət və bacarığınıza şübhə etməyin.
6. Başqalarına yük olmayın. Ətrafınızdakılardan sizin üçün hər hansısa bir işi yerinə yetirmələrini istəməyin. Əgər digərlərinin sizə hörmət göstərməsini istəyirsinizsə, onda həmin işi özünüz yerinə yetirməyə çalışın.
7. Ziddiyyət təşkil edən istək və duyğularınızla mübarizə aparın. Ziddiyyətli istəklərinizə qarşı diqqətli olun. Duyğularımız bir çox vaxtlarda sanki bir-birinə qarşı döyüşdədirlər. Bizi gah o tərəfə, gah da bu tərəfə çəkirlər. Buna görə də bizim üçün önəmli və daha dəyərli olan istəklərimizi müəyyənləşdirib, onlarla əlaqəli qərarlar verməyə çalışmalıyıq.
8. Keçmişin xoşagəlməzliklərini unutmaq. Əgər keçmişdə xoşagəlməz nə isə yaşamısızsa, onu unutmağa çalışın. Çünki bu düşüncələr indiyə qədər həyatınızda baş vermiş dəyişiklikləri anlamaq üçün sizə fürsət vermir. Dinimizin tövsiyə etdiyi tövbə əmrinin gözəl xüsusiyyətlərindən biri də budur. İnsan keçmışdəki mənfi əməlinə görə tövbə edərək paklanıb, yeni həyat üçün özünü hazırlamağa güc tapır.
9. Özünüzü həvəsləndirin. Daim özünüzü sevindirməyə çalışın. Bu yolla yerinə yetirəcəyiniz işə qarşı özünüzdə bir həvəs oyatmış olacaqsınız.
10. Özünüzə qarşı mehriban olun. Yadda saxlayın ki, sahib olduğunuz düşüncə tərzini və hisslərinizi dəyişmək asan iş deyildır. Bunun üçün sizin zamana ehtiyacınız var. Buna görə də baş vermış hər bir müsbət dəyişiklikdən razı qalın.
11. Özünüzü başqaları ilə müqayisə etməkdən çəkinin. Özünüzü başqaları ilə müqayisə etməməyə çalışın. Əksinə öz-özünüzlə rəqabət aparmağa cəhd edin.
12. Başqalarına paxıllıq etməyin. Başqalarının uğuruna sevinin və öz sevinc hissinizi onlarla bölüşün. Bu davranışla siz öz mənəvi çatışmazlıqlarınıza məntiqi cavab tapacaq və özünüzün uğurlar qazanmağınız üçün şərait yaratmış olacaqsınız.

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir.


more post like this