Cavab: İslam dinində günah hesab edilən çirkin sifətlərdən biri həsəd, paxıllıqdır. Qəlbində həsəd tüğyan edən insanın ən yaxın adamını qətlə yetirməsi belə mümkündür. Paxıl insan bir nemətdən məhrum olduqda, başqalarının da o nemətdən məhrum olması üçün çalışır. Paxıl insanlardan qurulmuş cəmiyyət, hər an cinayətkarlıqla qarşı-qarşıyadır. İnsanda hələ erkən yaşlarından baş qaldıran bu hissin əsas səbəbkarlarından biri, valideynlərdir. Yəqub peyğəmbərin on iki oğlu var idi. Yəqub anaları dünyasını dəyişmiş kiçik övladları Yusif və Bin Yamini daha çox sevirdi. Bu məhəbbət onun o biri oğlanlarında həsəd hissini gücləndirmişdi. «Yusif» surəsinin 8-ci ayəsində Yusifin qardaşlarının dili ilə belə buyurulur: «…Biz bir dəstə olduğumuz halda, Yusif və onun qardaşı atamıza daha əzizdir. Həqiqətən, atamız açıq-aşkar səhv edir». Şübhəsiz ki, kiçik övladlarına daha çox məhəbbət göstərən Yəqub, heç bir xətaya yol verməmişdi. Onun məhəbbəti bu iki övladın fövqəladə ağıl və düşüncəsinə əsaslanırdı. Bununla belə, Quran bu hadisəni ətraflı nəql etməklə, valideynləri uyğun məsələdə daha artıq diqqətli olmağa çağırır. Çünki bir övlada məhəbbətin izharı o biri övladı o qədər sarsıda bilər ki, qəlbində doğan həsəd onu cinayətə sürükləyər. Bəzən valideynlər övladın pərişanlığını aradan qaldırmaq üçün həkimə müraciət edir, övladın məhəbbətə ehtiyacı olduğunu anlamırlar. İmam Baqir (ə) buyurur: «Mən bəzən bir övladımı dizim üstə oturdub, ona şirniyyat verirəm. Hansı ki, o biri övladım buna daha çox layiqdir. Belə etməyimin səbəbi, onun o biri övladlarıma qarşı çıxmasının qarşısını almaqdır»[4121]. [4121] «Biharul-ənvar», 74-cü cild, səh.78. NUR-AZ.COM


more post like this