Evdəki övladınızla yeni doğulmuş körpə arasında yaxşı münasibətlər qurmaq üçün ən yaxşı yol hamiləliyin ilkin dövründən hazırlığa başlamaqdır. Əgər övladlarınız arasında tanışlıq mərasimi keçirsəniz, bu çox faydalı olar. Övladınızı yeni körpədən ayırmağa cəhd göstərməyin. Bu, onun nifrətini daha da artırar. Elə ilk gündən onun kənara çəkilməsinə yol verməyin və çalışın ki, körpəni saxlamaqda sizə kömək etsin.
Bəzi xəstəxanalarda uşaqlara psixoloji yardım üçün proqramlar var. Bu proqramlara əsasən doğuşdan sonra ana ilə ilkin görüşənlərdən biri də evdəki övlad olur. Çalışın ki, doğuşdan sonra övladınız yeni körpə ilə görüşsün. Amma ananın vəziyyəti qənaətbəxş olmadıqda belə bir görüşə icazə verilmir. Bu görüşdə ən xeyirli cəhət odur ki, uşaq anasını sağ və salamat görür. Uşaq elə təsəvvür edir ki, həkim anasının qarnını yarıb, körpəni çıxarmalıdır. Bu fikir onu narahat edir. Doğuşdan sonra anasını salamat görən uşaq sevinir. Uşaq xəstəxanaya getməklə yeni körpənin şadlığına qatılır. Ananın və yeni körpənin həyəcanlı anlarına şərik olmaq övlad üçün mühüm bir təcrübədir. Övladınızı ilkin görüşdən məhrum etməklə onun mənfi emosiyalarını daha da gücləndirmiş olursunuz. İlkin görüş ana üçün də faydalıdır. Evdəki övladını görə bilmədiyi üçün nigarançılıq keçirən analarla çox rastlaşmışam. Adətən, uşağın xəstəxanaya gəlişinə etiraz edənlər onun mikrob gətirəcəyindən qorxurlar. Hansı ki, böyüklər də uşaqlarla eyni səviyyədə mikrob daşıyıcısıdırlar. Söz yox ki, uşaqdakı mikroblar körpə üçün daha qorxuludur. Amma bu problemi aradan qaldırmaq çətin deyil. Bundan ötrü uşağı müayinə etmək olar. Bir sözlə, mən uşağın anadan uzaq saxlanılmasına heç bir səbəb görmürəm


more post like this