–Müqəddimə
–İmamın varlığının zərurəti
MÜQƏDDİMƏ
E’tiqadi məsələlərdə dərin düşüncəyə malik olmayanların çoxu belə təsəvvür edir ki, şiələrlə sünnilərin imamət məsələsindəki ixtilafları yalnız bundan ibarətdir: şiələrin inancına görə, Peyğəmbər (s) Əliyyibni Əbi Talibi (ə) cəmiyyətin işlərini idarə etmək üçün özünə canişin seçmişdir. Lakin sünnilər inanırlar ki, belə bir iş baş verməmişdir və camaat öz istəyi ilə özlərinə rəhbər tə’yin edərək onu şəxsən canişin tə’yin etmişlər. O da özündən sonrakı xlifəni tə’yin etmiş, üçüncü mərhələdə rəhbərin tə’yin edilməsi altı nəfərlik şuraya həvalə edilmiş və dördüncü xəlifə bir daha ümumcamaat tərəfindən seçilmişdir. Belə şəxslərin fikrincə müsəlmanlar arasında rəhbər tə’yin edilməsi üçün xüsusi bir üslub olmamışdır. Buna görə də dördüncü xəlifədən sonra hər kəsin daha artıq hərbi qüdrəti olmuşsa, bu məqamı öhdəsinə almışdır. Belə ki, qeyri-islami ölkələrdə də hakimiyyətəgəlmə əksər hallarda bu minvalla icra olunur.
Başqa sözlə desək, bə’ziləri belə güman edirlər ki, şiələr birinci imamın tə’yin olunmasında sünnilərin ikinci xəlifənin birinci xəlifə tərəfindən tə’yin olunması kimi e’tiqada malikdirlər. Fərq isə bundan ibarətdir ki, Peyğəmbərin (s) nəzəri camaat tərəfindən qəbul edilmədi, amma birinci xəlifənin nəzəri camaat tərəfindən qəbul edildi!
Lakin sual yaranır ki, görəsən, birinci xəlifə bu haqqı haradan əldə etmişdi? Nə üçün sünnilərin e’tiqadına əsasən Peyğəmbəri-Əkrəm (s) İslam üçün birinci xəlifə qədər ürək yandırmamışdı və bünövrəsi yenicə qurulmuş İslam cəmiyyətini başsız qoymuşdu?! Halbuki Mədinədən cihada getdiyi zamanlarda belə, öz yerində müəyyən bir şəxsi tə’yin edirdi. Həm də o Həzrət (s) öz ümmətinin arasında gələcək ixtilaf və fitnələrdən xəbər verirdi. Bu kimi çoxlu sualları nəzərə almasaq belə, əsas e’tibarı ilə buna diqqət yetirmək lazımdır ki, sünnilərin və şiələrin ixtilafı, hər şeydən öncə, imamətin dini bir məqam olub şəriət və Allah tərəfindən tə’yin edilməyə bağlı olmasımı, yoxsa, dünyəvi bir səltənət olub ictimai amillərə tabe olması ilə əlaqədardır. Şiələr inanırlar ki, hətta Peyğəmbərin (s) özü belə öz canişinini tə’yin etməkdə müstəqil deyilmiş, əksinə, onu ilahi vəhy əsasında tə’yin etmişdir. Həqiqətdə nübüvvətin sona çatması hikməti mə’sum imamın tə’yin edilməsi ilə tam mə’nada əlaqəlidir və Peyğəmbərin (s) vəfatından sonra İslam cəmiyyətinin əməl olunması lazım olan məsləhətləri məhz belə bir imamın varlığı ilə müəyyən olunur.
Buradan şiələrin nəzərində imamət məsələsinin nə üçün e’tiqadi bir prinsip kimi irəli çəkilməsi və ona füruiddindən olan fiqhi bir hökm kimi baxılmaması, nə üçün onların imamda üçlük təşkil edən şərtləri (Allah verən elm, ismət və Allah tərəfindən tə’yin olunma) mö’təbər saymaları, nə üçün şiənin kəlam istilahında bu məfhumların – İslam cəmiyyətinə rəhbərlik, hökumət və ilahi hökmlərin tanınmasında mərcəiyyətin məfhumu ilə qarışması aydın olur və sanki imamət kəlməsi onların hamısına dəlalət edir.
İndi imamət məfhumu və onun şiə e’tiqadında tutduğu mövqeyə nəzər yetirməklə bu əqidə barəsində söhbətə başlayırıq.
İMAMIN VARLIĞININ ZƏRURƏTİ
22-ci dərsdən aydın oldu ki, insanın yaradılışındakı hədəfin gerçəkləşməsi vəhy vasitəsilə yol göstərməyə bağlıdır və Allahın hikməti bunu tələb edirdi ki, dünya və axirətdəki səadət yollarını insanlara öyrətmək üçün müəyyən peyğəmbərləri göndərərək onların bu ehtiyaclarını tə’min etsin. Onlar da öz növbəsində iste’dadlı insanları tərbiyələndirsinlər və onları müyəssər olan kamalın son mərhələsinə çatdırsınlar Eləcə də münasib ictimai şərait yarandıqda dinin ictimai qanunlarının icra olunmasını öhdələrinə alsınlar.
34-35-ci dərslərdə izah edildi ki, müqəddəs İslam dini hərtərəfli və əbədi bir dindir, heç bir şəriət vasitəsilə qüvvədən salınmır və Peyğəmbəri-Əkrəmdən (s) sonra heç bir peyğəmbər gəlməyəcəkdir. Peyğəmbərliyin sona çatması peyğəmbərlərin be’sətinin hikməti ilə yalnız o vaxt uyğun gələ bilər ki, axırıncı asimani şəriət bəşəriyyətin bütün ehtiyaclarına lazımınca cavab verə bilsin və dünyanın axırına qədər onun toxunulmaz şəkildə qalmasına zəmanət verilmiş olsun.
Bu zəmanət Qur’ani-kərim barəsində mövcuddur: Mütəal Allah bu əziz kitabın hər növ dəyişiklik və təhrifdən amanda qalmasına zəmanət vermişdir. Amma İslamın bütün qanunları və hökmləri Qur’anın ayələrinin zahiri mə’nasından istifadə olunaraq əldə olunmur. Misal üçün, namazın rəkətlərinin sayı, onun necə qılınması, eləcə də yüzlərlə vacib və müstəhəb əməllərin hökmü Qur’ani-kərimdən əldə edilə bilmir və əsas e’tibarı ilə Qur’an ilahi hökmləri təfsilatı ilə bəyan etmək iqtidarında deyil. Onların incəliklərinin tə’lim verilməsi və öyrədilməsi Peyğəmbərin (s) öhdəsinə qoyulmuşdur. Peyğəmbər də (s) Allahın ona əta etdiyi elmdən faydalanaraq (Qur’an vəhyindən başqa yollarla) onları camaata bəyan etsin. Beləliklə, o Həzrətin (s) sünnəsinin (İslamı tanımaq üçün əsas mənbələrdən biri kimi) höccət və mö’təbər olmağı sübuta yetir. Amma o Həzrətin (s) ağır həyat şəraiti, o cümlədən, müsəlmanlarla birgə “Əbu Talib dərəsi”ndə bir neçə il mühasirədə qalması, İslam düşmənləri ilə onillik müharibə və s. kimi işlər bütün İslam qanunlarının və hökmlərinin camaata təfsilatı ilə öyrədilməsinə imkan vermirdi. Səhabələrin öyrəndiklərinin qorunub saxlanmasına da heç bir zəmanət verilmirdi, hətta uzun illər camaatın gözü önündə o Həzrətin (s) necə dəstəmaz almasına baxmayaraq yenə də dəstəmaz barəsində ixtilaf yaranmışdır. Belə aşkar əməllərin hökmlərində ixtilaf yarandığı halda (halbuki bu əməl bütün müsəlmanların gündəlik ehtiyac duyduğu və gələcəkdə də ehtiyac duyacağı məsələdir və onda qəsdən təhrif və dəyişiklik etməyə o qədər də qərəz yoxdur) dəqiq və mürəkkəb hökmlərin barəsində, xüsusilə, ayrı-ayrı şəxslərin həvayi-nəfsləri və müxtəlif qrupların mənafeləri ilə qarşı-qarşıya dayanan hökm və qanunlarda qəsdən təhrifedilmə və nəqledilmə zamanı xətaya yol verilməsi ehtimalı bir neçə qat artıq olacaqdır.
Bu kimi məsələlərə diqqət yetirməklə aydın olur ki, İslam dini məhz o zaman kamil və insanların dünyanın axırına qədər olan ehtiyaclarına cavab verəcək bir din kimi irəli çəkilə bilər ki, bu dində cəmiyyətin zəruri mənafeyini tə’min etmək üçün bir yol nəzərdə tutulmuş olsun. Elə mənafelər ki, Peyğəmbəri-Əkrəmin (s) dünyadan getməsi ilə təhdidlərə, məhv olmaq təhlükəsinə mə’ruz qalırdı. Bu yol da Peyğəmbəri-Əkrəmin (s) özü üçün layiqli bir canişin tə’yin etməsindən başqa yolla mümkün deyildi. Həmçinin belə bir canişin Allah tərəfindən əta olunan elmə malik olmalıdır ki, dinin həqiqətlərini onun bütün yönləri və incəlikləri ilə yanaşı açıqlaya bilsin. Bundan əlavə, o, ismət səciyyəsinə də malik olmalıdır ki, nəfsani və şeytani məqsədlərin tə’siri altına düşməsin, dində qəsdən təhrifə yol verməsin. Eləcə də o, Peyğəmbəri-Əkrəmin (s) insanları tərbiyələndirmə kimi ilahi vəzifəni də öhdəsinə almalı, iste’dadlı şəxsləri kamalın ən yüksək mərhələlərinə çatdırmalı, ictimai şərait münasib olduğu təqdirdə cəmiyyətin işlərinin idarə olunmasını və hakimiyyəti öhdəsinə götürə bilməli, islamın ictimai qanunlarını cəmiyyətdə icra edə bilməli və haqq-ədaləti dünya səviyyəsində yaymalıdır.
Deməli, nübüvvətin sona çatması yalnız o zaman ilahi hikmətlə uyğun olacaqdır ki, bu iş mə’sum imamın tə’yin edilməsi ilə yanaşı olsun və o imam da Peyğəmbərin (s) nübüvvət və risalətdən başqa bütün xüsusiyyətlərinə malik olsun.
Beləliklə, həm imamın varlığının, həm də onun üçün Allah tərəfindən verilən elm və ismət məqamının zəruriliyi sübuta yetir. Eləcə də o, Mütəal Allah tərəfindən tə’yin olunmalıdır. Çünki belə bir elmi və səciyyəni kimə əta etdiyini yalnız Allahın Özü bilir. Bəndələri üzərində əsalətən vilayət haqqına yalnız O malikdir. Belə bir haqqı aşağı mərtəbələrdə şəraitə malik olan şəxslərə verə bilər.
Qeyd olunmalıdır ki, sünnilər bu xüsusiyyətlərin heç birini xəlifələrdə zəruri və kafi şərt bilmirlər; nə onların Allah tərəfindən, nə də Peyğəmbər (s) tərəfindən tə’yin olunmasına inanırlar. Bundan əlavə, xəlifələr üçün Allah tərəfindən verilən elm və ismət səciyyəsinin olduğuna da e’tiqad bəsləmirlər. Hətta onların düz yoldan çıxmaları, yol verdikləri səhvlər və camaatın dini suallarına cavab verməkdə aciz qalmaları özlərinin mö’təbər kitablarında qeyd olunmuşdur. Belə ki, birinci xəlifənin belə dediyi nəql olunmuşdur: “İnnə li şeytanən yə’tərini – mənim bir şeytanım vardır ki, məni yoldan azdırır». İkinci xəlifə də birinci xəlifəyə bey’ət edilməsini “fəltə” (ölçüb-bililmədən görülən tələm-tələsik iş) adlandırmışdır. Həmçinin ikinci xəlifə bu cümləni dəfələrlə təkrar etmişdi: “Ləv la Əliyyun ləhələkə Ömər – əgər Əli olmasaydı Ömər həlak olardı». Üçüncü xəlifənin, eləcə də Bəni-abbas və Bəni-üməyyə xəlifələrinin yol verdikləri ciddi nöqsanlar və rüsvayçı əməllər tarixin danılmaz məsələlərindəndir. Müsəlmanların tarixi barədə azacıq mə’lumatı olan hər kəs bu mətləblər barədə kifayət qədər mə’lumat əldə edə bilər.
Yalnız şiələr yuxarıda qeyd olunan üç şərtin on iki imamda olduğuna inanırlar. Qeyd olunanlardan onların imamət məsələsindəki e’tiqadlarının düzlüyü sübuta yetir və əlavə dəlilə ehtiyac duyulmur. Eyni zamanda gələn dərsdə Qur’an və Peyğəmbər (s) sünnəsindən istifadə olunan bə’zi dəlillər qeyd olunacaqdır.
SUALLAR
1.Şiələrin imamət barəsindəki nəzərləri və onların sünnilərin nəzərləri ilə olan ixtilaflarını bəyan edin.
2.Şiələr niyə imaməti e’tiqad prinsiplərindən biri hesab edirlər?
3.İmamın varlığının zərurətini bəyan edin.
4.Bu bəyandan hansı nəticələr əldə olunur?
ƏQİDƏ ÜSULLARININ TƏ’LİMİ KİTABINDAN…


more post like this