Mərhum şeyx Vərram “Tənbihul-xatir və Nüzhətun-nazir”də yazır: Əli ibn Cə`fər Mədaini Ələvi nəql edir ki, Kufədə təqvalı və zahidliyi ilə tanınan qısaboy bir qoca vardı. Bir gün atamın təşkil etdiyi məclisdə həmin qoca da iştirak edirdi və o, atama belə bir əhvalat nəql etdi:

 

Bir dəfə Kufənin arxa nahiyəsində yerləşən Cö`fi adlanan qədim məsciddə idim. Gecə yarısı ibadətlə məşğul olduğum zaman üç nəfər içəri daxil oldu. Onlardan biri məscidin ortasına gəlib yerə oturdu və sonra əlini yerə çəkdi. Birdən, yerdən çeşmə tək su qaynamağa başladı. O, əvvəl dəstəmaz alıb, o biri iki nəfərə də dəstəmaz almağı əmr etdi. Onlar da dəstəmaz aldılar. Həmin şəxs qarşıda durub namaz qılmağa başladı, o iki nəfər də ona iqtida edərək namaza başladılar. Mən də ayağa qalxıb həmin şəxsə iqtida edərək namaz qılmağa başladım. Namazın salamını verib qurtardıqdan sonra quru torpaqdan su çıxdığından təəccüblənib sağ tərəfimdə oturan şəxsdən soruşdum: Bu şəxs kimdir? Dedi: O, İmam Həsən Əskəri (ə)-ın övladı İmam Zaman (ə) dır. Bunu eşitcək yerimdən qalxıb həmin şəxsə yaxınlaşdım və salam verib əlindən öpdüm. Sonra ondan soruşdum: Ey Peyğəmbər övladı! Seyyid şərif Ömər ibn Həmzə barədə nə deyə bilərsiniz? O, haqq yoldadırmı? Buyurdu: O, indi haqq yolda deyildir, amma haqqa hidayət olacaq və ömrünü dəyişməzdən əvvəl məni görəcəkdir.

 

Əli ibn Cə`fər Mədaini deyir: Bu əhvalatı kimsəyə danışmadım və onun baş verməsindən uzun müddət keçdi. Beləliklə, Şərif Ömər ibn Həmzə vəfat etdi və mən onun İmam Zamanla (ə) görüşüb-görüşmədiyini bilmədim.

 

Bir gün o zahid şəxs bu əhvalatı atama nəql edirdi, elə bu vaxt onlara yaxınlaşıb hər şeyi inkar edən şəxs kimi dedim: Məgər siz demədinizmi ki, o dünyasını dəyişməzdən əvvəl İmam Zaman (ə)-ı görəcək? Dedi: Sən hardan bilirsən ki, o İmam Zamanla (ə) görüşməmişdir?

 

Bir müddət sonra məclislərdən birində Şərif Ömər ibn Həmzənin, Şərif Əbulmənaqib ləqəbi ilə tanınan oğlu ilə görüşdüm. O mənə dedi: Bir gün atam xəstə olduğu vaxt yanında oturmuşdum. Onun taqəti tamamilə qurtarmış rəngi də qaçmışdı. Gecənin sonuna yaxın evin bütün qapılarını bağlamağıma baxmayaraq, birdən gördüm ki, evə bir şəxs daxil olub. Lakin üzünün heybətindən onun haradan girdiyini soruşmağa cür`ət etmədim. O, atamın yanında oturub onunla yavaş-yavaş söhbət etməyə başladı. Atam isə onu dinləyə-dinləyə elə hey göz yaşları axıdırdı. Sonra isə o, qalxıb getdi. Gözümüzdən itdikdən sonra atam dedi: Məni oturdun. Biz də onu oturtduq. Atam gözlərini açıb dedi: Yanımda oturan həmin şəxs hara getdi? Dedim: Haradan gəlmişdisə oradanda çıxıb getdi. Dedi: Ardınca gedin və onu geri qaytarın. Baxıb gördük ki, qapılar yenə də bağlıdır və ondan heç bir əsər-əlamət yoxdur. Qayıdıb atama dedik ki, qapılar həmişəki kimi bağlıdır və ondan heç bir əsər-əlamət yoxdur. Dedi: O şəxs İmam Zaman (ə) idi. Bunu dedikdən sonra vəziyyəti daha da ağırlaşdı və bir neçə gündən sonra vəfat etdi.

 

İMAM ZAMANLA GÖRÜŞƏNLƏR – kitabında…

 

 

 

 


more post like this