İsmailiyyə nə zaman və necə meydana gəlmişdir?
İsmailiyyə məzhəbi kimlər tərəfindən tə᾿sis olunmuşdur?
İSMAİLİYYƏ MƏZHƏBİ
Şiə məzhəbli firqələrdən biri də İsmailiyyə məzhəbidir. İsmailiyyə istər e᾿tiqadi, istərsə də tarixi baxımdan islam dünyasında böyük əhəmiyyət kəsb etmiş, öz mövqeyini qoruyub saxlayaraq bu günkü günədək davam gətirə bilmişdir. Bu məzhəb hal-hazırda islam dünyasının bir çox ölkələrində müstəqil firqə şəklində fəaliyyət göstərir, istər cəmiyyət, istərsə də müsəlman alimlərinin arasında xüsusi yer tutur. Bu cərəyan şiələrin altıncı imamı Cə᾿fər ibni Məhəmməd Sadiq şəhid olduqdan sonra qısa bir müddət ərzində meydana gəlmişdir. İsmailiyyə digər firqələrdən fərqli olaraq, imam Sadiqin (ə) böyük oğlu İsmaili imam kimi qəbul edir. Ümumiyyətlə altıncı imam vəfat etdikdən sonra şiələr beş firqəyə bölünmüşlər:
1. Navusiyyə;
Onların əqidəsinə əsasən, altıncı imam vəfat etməmişdir və hələ də yaşamaqdadır. O, Peyğəmbərin (s) nəslindən olan və zühurunun intizarı çəkilən Məhdidir. Zühur etdiyi gün bütün aləmə imamət (rəhbərlik) edəcəkdir. İsmailiyyə Cə᾿fər ibni Məhəmməddən belə bir rəvayət nəql edir: «Dağdan başımın aşağı endiyini (yə᾿ni, qətlə yetirildiyimi) görsəniz belə, yenə də inanmayın və bilin ki, mən sizin ağanız və rəhbərinizəm». Başqa bir rəvayətdə deyilir: «Əgər sizin yanınıza gəlib xəstələndiyimi və ya vəfat etdikdən sonra mənə qüsl verib kəfənləndiyimi xəbər versələr də inanmayın, çünki mən sizin ağanız və rəhbərinizəm».
Bu firqə onu tə᾿sis edən şəxsin – Əcəlan ibni Navusun – adı ilə bağlı olaraq Navusiyyə adlandırılmışdır və hal-hazırda tamamilə aradan getmişdir.
2. İsmailiyyə;
Bu firqənin ardıcılları Cə᾿fər ibni Məhəmməddən sonra oğlu İsmaili imam kimi qəbul edirlər. Onlar hələ atası sağ ikən İsmailin vəfat etdiyini inkar edərək demişlər: İsmailin ölümü və dəfn mərasimi onun Abbasilərdən qorunması üçün atası tərəfindən qurulmuşdur. Sonralar İsmailiyyə bir neçə firqəyə bölünmüşdür və bunun ən başlıca səbəbi İsmailin imaməti, sağ və ya vəfat etdiyinə dair aparılan mübahisələr olmuşdur. (Bu barədə növbəti dərslərimizdə söhbət açacağıq). Lakin İsmailiyyə firqələrinin müştərək cəhəti imamət məsələsində İsmailin bu işə daha layiq olması və onun altıncı imamın digər övladlarından üstünlüyünə olan e᾿tiqad təşkil edir.
3. Fəthiyyə;
Fəthiyyə imam Cə᾿fər Sadiqin (ə) ikinci övladı olan Əbdullah ibni Cə᾿fərin davamçılarına verilən addır. Baş və ayaqları enli olduğu üçün Əbdullah «Əftəh» ləqəbi ilə məşhur olmuşdur. Bu səbəbdən də bu firqəyə Fəthiyyə adı verilmişdir. Tarixi sənədlərə əsasən Əbdullah özünü atasının canişini e᾿lan etmişdir. Bu səbəbdən də atası vəfat etdikdən sonra bə᾿ziləri ona qoşularaq Fəthiyyə firqəsinin bünövrəsini qoymuşlar. Fəthiyyə davamçıları belə bir əqidəyə əsaslanırlar ki, Əbdullah vəfat etdikdən sonra imamət onun oğluna çatacaqdır. Lakin övladı olmadığı üçün və özü də atasının vəfatından sonra yalnız yetmiş gün yaşadığı üçün onun tərəfdarları yeddinci imam Cə᾿fər Kazimə (ə) üz tutdu. Beləliklə, Fəthiyyə firqəsinə son qoyuldu.
4. Səmitiyyə;
Səmitiyyə firqəsinin tərəfdarları Məhəmməd ibni Cə᾿fəri imam kimi qəbul etmişlər. Məhəmməd ibni Cə᾿fər «Dibac» ləqəbi ilə məşhur olan cəsur bir şəxsiyyət olmuşdur. Hicrətin 199-cu ilində Məkkədə Mə᾿muna* qarşı qiyam etmişdir. Zeydiyyə firqəsinin davamçıları bu qiyamda onlara köməklik göstərsələr də, İsa Cəludi onu yaxalayaraq Mə᾿munə təslim etmişdir. Səmitiyyə firqəsi bu cərəyanı tə᾿sis edən Yəhya ibni Əbi Səmitin adı ilə adlandırılmışdır. Bu firqə hal-hazırda öz fəaliyyətini tamamilə dayandırmış və tərəfdarlarını itirmişdir.
5. Musəviyyə;
Bu firqə imam Musa Kazim (ə)-ı sonuncu imam hesab edən şəxslərə verilən addır. Musa ibni Cə᾿fər on iki imamçı şiələrin yeddinci imamı hesab olunur. O həzrət vəfat etdikdən sonra bir çox tərəfdarları onun yenidən qayıdacağına e᾿tiqad bəsləsələr də, hal-hazırda Musəviyyə firqəsi tamamilə öz fəaliyyətini dayandırmışdır.

 
İSMAİLİYYƏ MƏZHƏBİNİN TƏ᾿SİSÇİLƏRİ
Altıncı imamın vəfatından sonra şiələrin ümumi vəziyyəti və onların beş firqəyə ayrılmaları artıq mə᾿lum oldu. Bəs görəsən İsmailiyyə firqəsi kimlər tərəfindən tə᾿sis olunmuşdur?
İsmail ibni Cə᾿fər özü imamlıq iddiası edib bu firqənin bünövrəsini qoymuşdurmu? Yoxsa, bu məzhəb başqa bir şəxs tərəfindən meydana gəlmişdir?
Qeyd etdik ki, İsmail imam Cə᾿fər Sadiqin (ə) övladı olmuşdur və tarixi dəlillərə əsasən, ən azı onun özündən heç olmasa beş il əvvəl vəfat etmişdir. Bu da Hicrətin 143-cü ilinə təsadüf edir. Görkəmli rical* alimlərindən olan Zərkəli öz kitabında İsmailin vəfatını Hicrətin 143-cü ilinə aid edir. İbni Ənbə isə İsmailin vəfatının Hicrətin 133-cü ilində baş verdiyini qeyd edir. İsmailiyyə məzhəbli yazıçılardan olan Arif Tə᾿mər bu hadisənin Hicrətin 138-ci ilində baş verdiyini qeyd etmişdir.
Bir çox hədis və rəvayətlərdə İsmailin hələ atası sağ ikən vəfat etdiyi nəql olunmuşdur. İmam Sadiq (ə) onun dəfn mərasimində oğlunun vəfat etdiyinə şəhadət vermiş, hətta bə᾿zilərinin sonradan bu barədə şəkkə düçar olacaqlarını iqrar etmişdir. Nö᾿mani və Zurarət ibni Ə᾿yundan bu məzmunda nəql olunmuş rəvayətdə deyilir: Əbu Əbdullah Cə᾿fər ibni Məhəmməd Sadiqin evinə getdim. Oğlu Musa o həzrətin sağ tərəfində, İsmailin cənazəsi isə qarşısında idi. İmam mənə Davud ibni Kəsiri, Həmran və Əbu Bəsiri çağırmağı əmr etdi. Camaat bir-birinin ardınca oraya gəlirdi. Evin astanasına otuz nəfər yığıldıqda İmam (ə) Davud ibni Kəsirə buyurdu: Cənazənin üzərindən örtüyü götür. Davud, İsmailin üzündən örtüyü götürdükdən sonra Əbu Əbdullah (ə) buyurdu: Ey Davud! O diridir, ya ölü? Davud dedi: Ey mənim mövlam, o ölmüşdür. Sonra imam üzünü bir-bir orada iştirak edənlərə tutub həmin sualla onlara müraciət etdi və hamı İsmailin vəfat etdiyini iqrar etdi. Daha sonra Əbu Əbdullah buyurdu: İlahi! Sən Özün onlara şahid ol! Bunu deyib cənazəyə qüsl verilib kəfənlənməsini əmr etdi.
Qəbrə qoyularkən İmam (ə) Müfəzzələ bir daha əmr edib cənazənin üzünü açıdırdı və daha sonra ondan soruşdu: «O diridir, yoxsa ölü?» Müfəzzəl dedi: Ölü. O həzrət bir daha buyurdu: «İlahi! Sən Özün onlara şahid ol.»
Qəbrə qoyulduqdan sonra üçüncü dəfə Müfəzzələ İsmailin kəfənini açdırıb bir daha onlardan soruşdu: O diridir, ya ölü? Dedilər: Ölü. Bir daha buyurdu: İlahi! Sən Özün şahid ol və siz də ey camaat şəhadət verin. Çünki tezliklə batil əhli şəkk-şübhə yaradaraq Allah nurunu söndürmək istəyəcəklər.
İmam Cə᾿fər Sadiq (ə) bu qısa çıxışını bitirdikdən sonra oğlu Musaya (ə) işarə edərək buyurdu: «Lakin, kafirlər istəməsələr belə, Allah-taala öz nurunu tamamlayacaqdır.» Ravi deyir: Sonra İmam (ə) qəbrin üzərinə torpaq tökməyimizi istədi və hələ bu iş qurtarmazdan əvvəl bir daha soruşdu: Qəbirdəki qüsl verilmiş, kəfənlənmiş şəxs kimdir? Dedim: İsmail. Buyurdu: İlahi şahid ol! Sonra Musanın (ə) əlindən tutub buyurdu: Allah dünyanı və onun əhalisini qoruyub möhlət verənədək o haqla, haqq da onunladır.
Bu məzmunda nəql olunmuş digər rəvayətlər tarixçi və ravilər tərəfindən əsaslı şəkildə qəbul olunmuşdur. Bunu da qeyd edək ki, İsmailiyyə firqəsinin davamçılarının bir çoxu sonralar İsmailin vəfat etdiyini e᾿tiraf edərək oğlu Məhəmmədin imamətini iqrar etmişlər. Beləliklə, İsmailiyyə firqəsi meydana gəlmişdir. İsmailin atasının sağlığında vəfat etməsi tarixi sənədlərdə o qədər dəqiq işıqlandırılır ki, Abbasi dövlətindən gizli saxlamaq məqsədi ilə imam Sadiqin (ə) saxta dəfn mərasimi təşkil etməsi heç cür həqiqətə uyğun ola bilməzdi və elə bir şəraitdə təşkil olunan dəfn mərasimi ilə Abbasi dövlət mə᾿murlarını aldatmaq sadəcə olaraq qeyri-mümkün idi.
Qeyd olunanlardan belə bir nəticəyə gəlmək olar ki, İsmail nə imamlıq iddiası etmiş və nə də İsmailiyyə firqəsinin bünövrəsini qoymuşdur. Tarixə müraciət etdikdə isə İsmailiyyə firqəsinin bünövrəsini qoymuş dörd nəfər şəxsin adı ilə qarşılaşırıq:
1. Məhəmməd ibni Əbi Zeynəb, ya Məqlas ibni Əbil Xəttab;
(Əbul Xəttab ləqəbi ilə məşhur olmuşdur). Bu şəxs əvvəllər imam Məhəmməd Baqir (ə) və imam Cə᾿fər Sadiqin (ə) səhabələrindən olmuşdur. Lakin sonralar imamların məqamlarını daha da ucaldaraq onları ilahiləşdirdiyi üçün imamlar tərəfindən lə᾿nətlənərək uzaqlaşdırılmışdır.
Belə ki, hətta imam Sadiqdən (ə) Əbul Xəttabın lə᾿nətlənməsinə və hər bir müsəlmanın ondan uzaq düşməsinə dair bir neçə rəvayət də nəql olunmuşdur. Əbul Xəttab özünü imam Sadiqin (ə) vəsisi, imamları isə əvvəllər peyğəmbər hesab edirdi, daha sonra isə ifrata vararaq Cə᾿fər ibni Məhəmmədi ilahilik dərəcəsinə qədər ucaltmışdır.
Əbul Xəttab Kufədə ətrafına kiçik bir dəstə toplaya bilmişdir. Lakin Kufənin valisi İsa ibni Musa tərəfindən qətlə yetirildikdən sonra tərəfdarları Məhəmməd ibni İsmailə üz tutaraq onun vəfatını e᾿tiraf etmişlər. İsmailiyyə firqəsinin «Natiq» və «Lal İmam»a (İmamun-natiq və imamus-samit) olan e᾿tiqadı məhz Əbul Xəttabın nəzəriyyələrindən qaynaqlanmışdır.
2. Məymun Qəddah;
Əhvazda sakin olmuş və müxtəlif göz xəstəliklərini, o cümlədən mirvari suyunun çəkilməsini müalicə etmişdir. Bu səbəbdən də ona «Qəddah» ləqəbi verilmişdir. Qəddah Əbul Xəttabın davamçılarından olmuş və onun nəzəriyyələrinin yayılmasında böyük rol oynamışdır.
3. Əbdullah ibni Məymun;
Məymun Qəddahın oğlu olmuşdur. Əvvəllər atası ilə həmfikir olsa da, sonralar ifrata vararaq peyğəmbərlik iddiası etmişdir. İbni Məymun müxtəlif hiylələrdən istifadə edərək uzaq ölkə və şəhərlərin tarix və əhvalatlarını nəql edir və bununla da əhalini öz ətrafına yığmağa çalışırdı. Əvvəl Əhvazdan Bəsrəyə, sonra isə Həms yaxınlığında yerləşən Səlmiyyə adlı məntəqəyə gəlmiş və orada boyu qısa olduğu üçün Qərmət ləqəbi ilə məşhur olan Məhəmməd ibni Əş᾿əs adlı şəxsə qoşulmuşdur. Qəramətə firqəsi də məhz həmin şəxsin adı ilə bağlıdır.
4. Məhəmməd ibni Hüseyn.
Dəndan və ya Zeydan ləqəbi ilə məşhur olmuşdur. Tarixi sənədlərdə göstərilir ki, o İraqda ibni Məymunla tanış olmuş və elə orada da İsmailiyyə firqəsinin nəzəriyyələri əsasında Batiniyyə firqəsini meydana gətirmişdir. İbni Nədimin dediyinə görə, İbni Hüseyn fəlsəfə və astronomiya elmlərinə mükəmməl yiyələnmişdir. O, ulduzların ruhani xüsusiyyətə malik olduğunu hesab edirdi. Bu səbəbdən də İbni Məymunla tanış olduqdan sonra əqidəsinin yayılması üçün münasib şərait tapıb ona maliyyə yardımları etməklə Batiniyyə firqəsini tə᾿sis etdi.
Demək, İsmailiyyə bu dörd nəfər şəxsin fəaliyyəti nəticəsində meydana gəlmişdir. Bu məzhəb sonralar bir neçə firqəyə bölünsə də, bə᾿zi müsəlman ölkələrində tarixi cərəyanlarda öz tə᾿sirini qoymağa, hətta dövlət tə᾿sis etməyə nail oldu. Beləliklə, tarixin enişli-yoxuşlu mərhələlərini keçərək öz ətrafına minlərlə tərəfdar yığaraq öz mövqeyini bu günkü günədək qoruyub saxlaya bilmişdir.
Növbəti dərsimizdə İsmailiyyə firqəsinin e᾿tiqadı barədə ətraflı söhbət açacağıq.

 

 

Suallar və tapşırıqlar
1. İmam Sadiq (ə) vəfat etdikdən sonra şiələr neçə hissəyə bölünmüşlər?
2. İsmailiyyə tərəfdarlarının altıncı imamın canişinlik məsələsinə dair olan baxışı necədir?
3. İmam Sadiq (ə) İsmail vəfat etdikdə dəfn mərasimində iştirak edənlərdən nə üçün şəhadət vermələrini istəmişdir?
4. İsmailiyyə firqəsi kimlər tərəfindən yaradılmışdır?
İslam məzhəbləri ilə tanışlıq kitabı.

 

 

 


more post like this