Əvvəlki dərsdə izah etdik ki, nübüvvətin mə’sum imam tə’yin olunmadan sona çatdırılması Allahın hikməti ilə ziddir və İslam dininin əbədi və dünya səviyyəsində olan kamil bir din olması bununla şərtlənir ki, Peyğəmbəri-Əkrəmdən (s) sonra onun üçün layiqli canişinlər tə’yin olunsun və bu canişinlər nübüvvət və risalət məqamından başqa Peyğəmbərin malik olduğu bütün ilahi məqamlara malik olsun.
Bu mətləbləri sünni və şiə alimlərinin öz kitablarında qeyd etdikləri çoxlu rəvayətlərdən, eləcə də müxtəlif Qur’an ayələrindən əldə etmək olar.
Məsələn, “Maidə” surəsinin 3-cü ayəsində Allah-taala buyurur:
“Bu gün sizin dininizi kamil etdim, ne’mətimi sizə tamamladım və sizin üçün bir din olaraq İslama razı oldum.»
Bütün müfəssirlərin fikir birliyinə əsasən “Vida həcci”ndə və Peyğəmbərin (s) vəfatından bir neçə ay öncə nazil olan bu ayədə kafirlərin İslam dininə ciddi xəsarət vura biləcəklərindən ümidsiz olduqlarına işarə edərək, «əl-yovmə yəisəlləzinə kəfəru min dinikum» – bu gün kafirlər sizin dininizdən ümidsiz oldular buyurulduqdan sonra, «bu gün sizin dininizi kamil, ne’mətimi sizə tamam etdim» – deyə qeyd olunur. Bu ayənin nazilolma səbəbi (şə’ni-nüzulu) ilə əlaqədar nəql olunan rəvayətlərə diqqət yetirməklə tamamilə aydın olur ki, kafirlərin İslam dininə xəsarət vuracaqlarından ümidsizliyini bəyan etməklə yanaşı bu dinin kamil olmasını və tamamlanmasını göstərən ayə Mütəal Allah tərəfindən Peyğəmbər (s) üçün bir canişinin tə’yin olunması əmri idi. Çünki İslam düşmənləri Peyğəmbərin (s) vəfatından sonra, xüsusilə onun oğlan övladı olmamasına istinad edərək İslamın rəhbərsiz qalacağını, nəticədə zəifləyib tənəzzülə uğramasının intizarını çəkirdilər. Lakin onun üçün canişin tə’yin olunması ilə İslam dini kamal həddinə çatdı, ilahi ne’mətlər tamamlandı və kafirlərin ümidi puça çıxdı.
Hadisə belə olmuşdu: Peyğəmbəri-Əkrəm (s) “Vida həcci”ndən qayıdarkən bütün hacıları Qədir-Xum adlı bir yerdə topladı, uzun bir xütbə söylədikdən sonra camaatdan soruşdu: «Allah tərəfindən mənim sizə vilayət haqqım yoxdurmu və sizə, sizin özünüzdən də artıq ixtiyar sahibi deyiləmmi?» Hamı bir səslə müsbət cavab verdi, sonra həzrət Əlinin (ə) əlindən tutub hamının görəcəyi bir yerdə yuxarı qaldırdı və buyurdu: «Mən hər kəsin mövlası və ixtiyar sahibiyəmsə, Əli də onun mövlası və ixtiyar sahibidir». Beləliklə də o Həzrət (ə) üçün ilahi vilayət məqamını e’lan etdi. Sonra bu böyük və izdihamlı yığıncaqda iştirak edənlərin hamısı həzrət Əliyə (ə) bey’ət etdilər. İkinci xəlifə Əli (ə) ilə bey’ət edərək onu təbrik etdi və «Mübarək olsun, mübarək olsun sənə, ya Əli, mənim və bütün mö’min kişi və qadınların mövlası oldun»-deyə söylədi.
Məhz belə bir gündə “əl yovmə əkməltu ləkum dinəkum…» ayəsi nazil oldu və Peyğəmbəri-Əkrəm (s) Əlini (ə) təbrik edərək buyurdu: «Əlinin vilayəti ilə Mənim nübüvvətim və Allahın dini tamam-kamal oldu.»
Sünnilərin bə’zi görkəmli şəxsiyyətlərindən də rəvayət olunan bir hədisdə qeyd olunur: Əbu Bəkr və Ömər yerlərindən qalxıb Peyğəmbərdən (s) soruşdular: «Bu vilayət yalnız Əliyə məxsusdurmu?» Həzrət (s) buyurdu: «Bu, Əliyə və mənim qiyamətə qədər olan vəsilərimə məxsusdur.» Soruşdular: «Sənin vəsilərin kimlərdir?» O həzrət buyurdu: “Əli mənim qardaşım, vəzirim, varisim, vəsim, ümmət içərisində xəlifəm, məndən sonra bütün mö’minlərin vəlisidir. Ondan sonra oğlum Həsən, sonra oğlum Hüseyn, sonra oğlum Hüseynin övladlarından olan doqquz nəfər biri digərindən sonra (bu ümmətin imamları olacaqlar). Qur’an onlarla, onlar da Qur’anladır. “Kovsər” hovuzunda mənim yanıma varid olan vaxta qədər onlar Qur’andan, Qur’an da onlardan ayrılmaz.»
Çoxlu rəvayətlərdən aydın olduğu kimi, Peyğəmbəri-Əkrəmə (s) bundan əvvəllər də Əlinin (ə) imamətini e’lan etmək rəsmi şəkildə əmr edilmişdi. Lakin Peyğəmbər (s) camaatın bu işi onun şəxsi nəzəri ilə əlaqələndirəcəklərindən və onu qəbul etməkdən boyun qaçıracaqlarından qorxurdu. Ona görə də bu iş üçün münasib şərait yaranacaq bir imkan gözləyirdi. Nəhayət aşağıdakı ayə nazil oldu:
“Ey Bizim Rəsulumuz! Rəbbinin tərəfindən sənə nazil edilənləri təbliğ et! Əgər bu işi görməsən, Onun risalətini yerinə yetirməmiş olarsan. Allah səni camaatın şərrindən qoruyacaqdır.»
Bu ilahi vəzifənin təbliğ olunmasının zərurətini tə’kid etməklə yanaşı, (bu iş Peyğəmbərin (s) işlərinin hamısına bərabər idi və onun çatdırılmaması bütünlüklə ilahi risalətin çatdırılmamasına bərabər idi) həm də o Həzrətə (s) müjdə verdi ki, Mütəal Allah onu bu işin nəticələrindən amanda saxlayacaqdır. Bu ayənin nazil olması ilə Peyğəmbəri-Əkrəm (s) artıq münasib bir imkan yarandığını başa düşdü və bildi ki, bundan da artıq tə’xirə salmaq rəva deyildir. Ona görə də bu vəzifəni Qədir-Xum çölündə yerinə yetirdi.
Əlbəttə, bu gündə əsas məqsəd həmin məsələnin camaata rəsmi şəkildə e’lan edilməsi və onlardan bey’ət alınması idi. Çünki Peyğəmbəri-Əkrəm (s) öz risaləti dövründə dəfələrlə və müxtəlif şəkillərdə Əlinin (ə) canişinlik məsələsini camaata çatdırmışdı. Misal üçün, elə be’sətin ilk illərində “öz qohum-əqrəbanı ilahi əzabdan qorxut» ayəsi nazil olduqda bütün qohum-əqrəbasını qonaqlığa də’vət edib onların hüzurunda buyurdu: “Mənim də’vətimi qəbul edən ilk şəxs mənim canişinim olacaqdır.” Sünni və şiələrin fikir birliyinə əsasən, bu də’vətə müsbət cavab verən ilk şəxs Əliyyibni Əbi Talib (ə) idi.
Eləcə də “Nisa” surəsinin 59-cu ayəsi (“Ey iman gətirənlər, Allaha, Onun Peyğəmbərinə və sizlərdən olan əmr sahiblərinə itaət edin!») nazil olanda, başqa sözlə, “ulul-əmr” ünvanı ilə itaət olunmalarını mütləq şəkildə vacib sayan, onlara itaət edilməsini Peyğəmbərə (s) itaət edilməklə bərabər olduğunu göstərən bu ayə nazil olduqda Cabir ibni Əbdullah Ənsari soruşdu: “Ya Rəsuləllah! Onlara itaət edilməsi sizə itaət olunması ilə yanaşı (bir səviyyədə) olan ulul-əmr kimlərdir?”
Peyğəmbər (s) buyurdu: “Ey Cabir, onlar mənim xəlifələrim və məndən sonra müsəlmanların imamlarıdır. Birincisi Əliyyibni Əbi Talib, ondan sonra Həsən, ondan sonra Hüseyn, ondan sonra Əliyyibni Hüseyn, ondan sonra Məhəmməd ibni Əli. O, Tövratda “Baqir” ləqəbi ilə tanınır, Ey Cabir, sən onu görəcəksən. Onu gördükdə mənim salamımı ona yetirərsən! Ondan sonra Cə’fər Sadiq ibni Məhəmməd, ondan sonra Musa ibni Cə’fər, ondan sonra Əliyyibni Musa, ondan sonra Məhəmməd ibni Əli, ondan sonra Əliyyibni Məhəmməd, ondan sonra Həsən ibni Əli, ondan sonra isə adı mənim adımla, künyəsi də mənim künyəmlə eyni olan, Allahın yer üzündəki höccəti, bəndələri içərisində saxladığı şəxs – Həsən ibni Əlinin övladıdır.»
Peyğəmbəri-Əkrəmin (s) əvvəlcədən verdiyi xəbərə görə Cabir imam Baqirin (ə) dövrünə qədər yaşadı və Peyğəmbərin salamını ona çatdırdı.
Digər bir hədisdə Əbu Bəsir deyir: Mən “ulul-əmr” ayəsi barəsində imam Sadiqdən (ə) soruşduqda, o buyurdu: “Bu ,Əliyyibni Əbi Talib, Həsən və Hüseynin barəsində nazil olmuşdur.”
Ərz etdim: «Camaat deyir ki, nə üçün Qur’ani-kərim Əlini və onun Əhli-beytini tək-tək adları ilə təqdim etməmişdir?» Buyurdu: Onlara de ki, namaz ayəsi nazil olduqda üç, yaxud dörd rəkət qılınması qeyd olunmamışdı. Onu Peyğəmbəri-Əkrəm (s) camaat üçün təfsir etmişdi. Zəkat, həcc və s. ayələri də eyni qayda ilə. Bu ayə də Peyğəmbəri-Əkrəm tərəfindən təfsir olunmalı idi və o Həzrət də (s) buyurmuşdu: “Mən hər kəsin mövlası və ixtiyar sahibiyəmsə, Əli də onun mövlası və ixtiyar sahibidir”. Eləcə də buyurmuşdu: “Allahın kitabını və Əhli-beytimi sizə tövsiyə edirəm. Həqiqətən mən Allahdan istəmişəm ki, onları “Kövsər” hovuzunda mənim yanıma gətirdiyi vaxta qədər onların arasında ayrılıq salmasın və Allah da mənim bu duamı qəbul etdi.»
Yenə də buyurdu: “Siz onlara bir şey öyrətməyin! Həqiqətən onlar sizdən daha biliklidirlər. Onlar heç vaxt sizi hidayət qapısından çıxarmaz və zəlalət qapısına aparmazlar.»
Eləcə də dəfələrlə, həmçinin mübarək ömrünün axır vaxtlarında buyurmuşdu: “Həqiqətən mən sizin aranızda iki ağır əmanət qoyub gedirəm: Allahın kitabı və mənim Əhli-beytim. Onlar “Kövsər” hovuzunun yanında mənə gəlib çatana qədər bir-birindən ayrılmazlar.»
Həmçinin buyurmuşdu: “Agah olun və bilin! Həqiqətən mənim Əhli-beytimin sizin aranızdakı məsəli Nuhun gəmisinin məsəli kimidir: hər kəs ona minsə nicat tapar, hər kəs ondan ayrılsa qərq olar.»
Peyğəmbər (s) dəfələrlə Əliyə (ə) xitab edərək buyurmuşdu: “Sən məndən sonra bütün mö’minlərin vəlisi, rəhbərisən.”
Bu barədə əlavə olaraq çoxlu hədislər də nəql olunmuşdur ki, onların hamısının qeyd olunmasına imkan yoxdur.
SUALLAR
1.Qur’anın hansı ayəsi imamın tə’yin olunması ilə əlaqədardır? Onun nəyə dəlalət etdiyini bəyan edin.
2.Əlinin (ə) imamət məqamına seçilməsi hadisəsini bəyan edin.
3. Peyğəmbəri-Əkrəm (s) həzrət Əlinin (ə) imamətini e’lan etməyi niyə tə’xirə salırdı? Necə oldu ki, bu işi yerinə yetirdi?
4.Hansı rəvayət digər imamların imamətinə dəlalət edir?
5.Əhli-beytin (ə) imamətinə dəlalət edən başqa rəvayətləri bəyan edin.
ƏQİDƏ ÜSULLARININ TƏ’LİMİ KİTABINDAN…

 


more post like this