Seyyid Həsən Əbtəhi deyir ki, bu əhvalatı Məşhəd sakini hacı Heydəri adlı e`tibarlı bir şəxsdən eşitmişəm. Bu əhvalat Şeyx Məhəmməd Razinin “Asarül-Höccə” kitabında da (səh. 80) qeyd olunub. Hacı Əli Heydəri buyurur:

 

Mən bu əhvalatı Tehranda mərhum Ayətullah Həbibullah Rəştinin oğlu Şeyx İshaq Rəştidən eşitmişəm. Sonra Dəməşqə həzrət Zeynəb (ə)-ın ziyarətinə getdiyim vaxt bu əhvalatı Seyyid Möhsün Cəbəl Amulidən də eşitdim. O deyirdi ki, Şərif Əli Hicazda hakimiyyətdə olduğu dövrdə Məkkəyə getmişdim. Məndə belə bir hiss yaranmışdı ki, ziyarət vaxtı İmam Zamanla (ə) görüşəcəyəm. Bunun üçün də həccin əməllərini yerinə yetirdiyim zaman İmam Zaman (ə) barədə xeyli fikirə daldım. Amma həmin il mən bu şərrəfə nail ola bilmədim. Ziyarəti qurtardıqdan sonra vətənə qayıtmaq qərarına gəldim. Amma baxıb gördüm ki, Məkkə ilə Livanın arasında xeyli məsafə var. Bunun üçün də mən ən yaxşı yolu Məkkədə qalmaqda gördüm. Ümid edirdim ki, bəlkə növbəti Həcc mərasimində İmam Zaman (ə)-ı görə biləcəyəm. Beləliklə, həmin il Məkkədə qaldım. Lakin sonrakı, ondan sonrakı və beləcə, orada qaldığım beş və ya yeddi il ərzində İmam Zaman (ə)-ı görə bilmədim.

 

Bu müddət ərzində Məkkə hakimi Şərif Əli ilə də tanış oldum və vaxtaşırı bir-birimizə get-gəl də edirdik. Şərif Əli Məkkə seyyidlərindən olub, yalnız dörd mə`sum imamı qəbul etdiyi üçün Zeydi məzhəbinə mənsub idi. Son illərdə aramızdakı səmimiyyət daha da güclənmişdi. Sonuncu ziyarət zamanı hiss etdim ki, deyəsən, bu il də İmam Zamanla (ə) görüşməyə müvəffəq olmayacağam. Narahatlığımı aradan qaldırmaq üçün Məkkənin ətrafındakı dağlardan birinə qalxdım. Dağın başına çatdıqda baxıb gördüm ki, dağın o biri tərəfi yaşıl çəmənlikdir. Öz-özümə dedim: Axı, nə üçün neçə il Məkkədə olsam da, bir dəfə də olsun bura gəzməyə gəlməmişəm? Çəmənliyin ortasına çatdıqda gördüm ki, orada bir çadır qurulmuş, onun içində də bir neçə nəfər oturmuşdur. Aralarında alim və alicənab şəxs kimi görünən birisi çadırın ortasında oturub, sanki yanındakılara dərs deyirdi. Ondan bu sözləri eşitdim: “Cəddəmiz Həzrət Zəhra (ə.s)-ın övladı və nəsilindən olanlar dünyalarını dəyişdikləri zaman onlara imamət və vilayət təlqin olunur və onların hər biri dünyalarını həqiqi və kamil imanla dəyişir.”

 

Elə bu vaxt bir nəfər tələm-tələsik gəlib dedi: Şərif Əli ölüm ayağındadır, tez özünüzü çatdırın! Bu xəbəri eşitcək, dərhal Məkkəyə tərəf yola düşdüm və birbaşa Şərif Əlinin qəsrinə getdim. İçəri daxil olduqda, onu doğrudan da ölüm ayağında gördüm. Əhli-sünnə alim və qaziləri onun ətrafında oturub ona sünni məzhəbinə uyğun təlqin edirdilər. Amma o, bir kəlmə də olsun təkrar etmirdi. Oğlu da kənarda oturub bundan narahat idi. Birdən, gördüm ki, çadırın ortasında oturub dərs deyən həmin şəxs qəsrə daxil oldu və Şərifin yanına gəlib başı üzərində orturdu. Amma mə`lum idi ki, onu yalnız mən görürdüm. Çünki, yalnız mən ona nəzər salır, başqaları isə bundan tamamilə xəbərsiz idilər. Amma nədənsə, mən də ona nə salam verə bildim, nə də yerimdən tərpənə bildim.

 

O, üzünü Şərifə tutub buyurdu: «Qul, əşhədu ən la ilahə illəllah.» “De ki, Allahdan başqa mə`bud yoxdur.” Şərif dedi: «Əşhədu ən la ilahə illəlalh.» “Şəhadət verirəm ki, Allahdan başqa mə`bud yoxdur.” Buyurdu: «Qul, əşhədu ənnə Muhəmmədən rəsulullah.» “De ki, şəhadət verirəm Məhəmməd Allahın peyğəmbəridir.” Şərif dedi: «Əşhədu ənnə Muhəmmədən rəsulullah.» “Şəhadət verirəm ki, Məhəmməd Allahın peyğəmbəridir.” Buyurdu: «Qul, əşhədu ənnə Əliyyən huccətullah.» “De ki, şəhadət verirəm Əli Allahın yer üzərindəki höccət və dəlilidir.” Şərif dedi: «Əşhədu ənnə Əliyyən huccətullah.» “Şəhadət verirəm ki, Əli Allahın yer üzərindəki höccət və dəlilidir.” O, bu minvalla mə`sum imamların adını çəkir, Şərif də onun ardınca bir-bir təkrar edirdi. Beləcə, fədası olduğumuz İmam Zaman (ə)-ın adına çatdıqda, buyurdu: «Ya Şərif, qul, əşhədu ənnəkə huccətullah.» “Ey şərif! De ki, şəhadət verirəm sən Allahın yer üzərindəki höccət və dəlilisən.” Şərif də dedi: “Şəhadət verirəm ki, sən Allahın yer üzərindəki höccət və dəlilisən.”

 

Bu vaxt başa düşdüm ki, artıq ikinci dəfədir mən İmam Zaman (ə)-ı görməyə nail oluram. Amma təəssüflər olsun ki, mən o qədər gücümü itirmişdim ki, ona nə salam verə bildim, nə də ki, dil açıb məhəbbətimi izhar etməyə taqətim oldu.

 

Mərhum Ayətullah Seyyid Möhsin Cəbəl Amuli 1371-ci hicri qəməri ilində Şamda (indiki Suriya) vəfat edir və vəsiyyətinə əsasən, Həzrət Zeynəb (ə)-ın ziyarətgahına gedən yol üstə dəfn olunur.

 

İMAM ZAMANLA GÖRÜŞƏNLƏR – kitabında…

 

 

 

 

 


more post like this