–Müqəddimə
–İslam dininin dünya səviyyəli bir din olması
–İslamın dünya dini olmasına Qur’an dəlilləri
–İslamın əbədi olması
–Bir neçə şübhənin cavabı
MÜQƏDDİMƏ
Mə’lum olduğu kimi, bütün peyğəmbərlərə iman gətirib onların sözlərinin hamısını qəbul etmək islam dininin zəruri məsələlərindəndir. Peyğəmbərlərdən birinin, yaxud onların söz və hökmlərindən birinin inkar edilməsi ilahi-təşrii rübubiyyətin inkar olunması deməkdir. Bu, eynilə İblisin kafir olmasına oxşayır.
Buna əsasən Peyğəmbəri-Əkrəmin (s) risaləti sübut olunduqdan sonra o Həzrətin (s) özünə və ona nazil olan bütün ayələrə, Allah tərəfindən gətirdiyi hökm və qanunlara iman gətirmək zəruri və lazımlı məsələlərdəndir.
Amma hər bir peyğəmbərə və onun asimani kitabına iman gətirmək onun şəriətinə uyğun olaraq əməl etməyi tələb etmir. Belə ki, müsəlmanlar bütün ilahi peyğəmbərlərə və onlara nazil olmuş asimani kitablara iman gətirirlər. Lakin əvvəlki şəriətlərə əməl edə bilməzlər və bunu etməməlidirlər də. Əvvəldə qeyd olunduğu kimi, hər bir ümmətin vəzifəsi həmin ümmətin peyğəmbərinin göstərişlərinə əməl etməkdir. Deməli, bütün insanların İslam şəriətinə əməl etməsinin zərurəti o zaman sübut olur ki, islam Peyğəmbərinin (s) risaləti xüsusi bir qövmə (ərəblərə) məxsus olmasın, həmçinin o Həzrətdən (s) sonra onun şəriətini qüvvədən sala biləcək bir peyğəmbər də məb’us olmasın. Başqa sözlə desək, İslam dünya səviyyəli və əbədi bir din olmalıdır.
Buna görə də biz Peyğəmbəri-Əkrəmin (s) dininin dünya səviyyəli və əbədimi, yoxsa müəyyən bir zaman və ya qövm ilə məhdudlaşmasını araşdırmalıyıq.
Aydındır ki, belə bir məsələni sırf əqli yolla araşdırmaq olmaz. Əksinə bu məsələdə nəqli elmlər və tarixi tədqiqat üslubundan bəhrələnmək, yə’ni mö’təbər sənədlərə və mənbələrə müraciət etmək lazımdır.
Bir kəs üçün Qur’ani-kərimin haqq olması, Peyğəmbərin (s) nübüvvəti, isməti və haqq olması sabit olsa, onun üçün Allahın kitabı və Peyğəmbərin sünnəsindən də mö’təbər bir mənbə ola bilməz.
İSLAMIN DÜNYA SƏVİYYƏLİ BİR DİN OLMASI
İslamın dünya səviyyəli bir din olması, onun hansısa bir xüsusi qövmə, yaxud məntəqəyə aid olmaması bu ilahi dinin zəruri məsələlərindəndir. Hətta ona iman gətirməyən şəxslər belə islami çağırışın ümumdünya səviyyəsində olmasını, xüsusi coğrafi məntəqə ilə məhdudlaşmamasını bilirlər.
Bundan əlavə, mövcud olan çoxlu tarixi faktlara əsasən Peyğəmbər (s) Roma, İran, Misir, Həbəşistan və Şam padşahlarına, eləcə də müxtəlif ərəb və digər qəbilə başçılarına məktublar yazmış, onlara qasid göndərmiş, hamısını bu müqəddəs dini qəbul etməyə çağırmış və islamı qəbul etmək qarşısında təkəbbür göstərib, küfr etməyin acınacaqlı nəticələri barədə onlara xəbərdarlıq etmişdir. Əgər İslam dini dünya səviyyəli olmasaydı, heç vaxt belə bir ümumi də’vət baş verməzdi. Başqa qövmlər və ümmətlər də bunu qəbul etməməkdə müəyyən bəhanələr gətirərdi.
Buna görə də, İslamın haqq olmasına iman gətirməklə bu ilahi şəriətə əməl etməyin zərurəti arasında ayrılıq salmaq və boyunlarında vəzifə borcu olduğuna görə bu ilahi ayinə əməl edən kəsləri istisna etmək olmaz.
QUR’ANIN İSLAMIN ÜMUMDÜNYA DİNİ OLMASINA DAİR DƏLİLLƏRİ
Bu cür mətləblərin isbat olunmasında ən mö’təbər və ən yaxşı dəlil Qur’ani-kərimin özüdür ki, onun haqq olması və e’tibarlılıq dərəcəsi əvvəlki dərslərdə aydın oldu. Bu ilahi kitaba dərindən nəzər salan şəxs onun də’vətinin ümumi və dünya səviyyəsində olmasını, hansısa firqə və ya tayfaya məxsus olmadığını anlayar. Qur’an özünün çoxlu ayələrində bütün insanlara “ya əyyuhənnas», yə’ni “ey insanlar”, yaxud “Ey bəni Adəm”, yə’ni “ey Adəm övladları” deyə xitab edir, öz hidayətinin bütün insanlara və bütün aləmlərə şamil olduğunu buyurur. Həmçinin, Qur’an ayələri Peyğəmbərin (s) risalətinin bütün insanlara aid olduğunu bildirmişdir. Bir ayədə isə bu də’vətin onun barəsində agahlığı olan hər kəsə şamil olduğunu tə’kid edir (“Ən’am”-19). Digər tərəfdən digər dinlərin ardıcıllarına “əhli-kitab” – deyə xitab edir, və onlara tə’nə vurur. Peyğəmbəri-Əkrəmin (s) risalətinin onlara da aid olduğunu bildirir. Ümumiyyətlə, Qur’ani-kərimin Peyğəmbərə (s) nazil olmasında əsas hədəf İslamın digər dinləri qüvvədən salması hesab olunmuşdur.
Bu ayələrə diqqət yetirməklə Qur’ani-kərimin də’vətinin hamıya aid olmasında və müqəddəs İslam dininin dünya səviyyəsində bir din olmasında şübhəyə yer qalmır.
İSLAMIN ƏBƏDİ BİR DİN OLMASI
Yuxarıdakı ayələrdə qeyd olunan ümumi sözlərdən (“ey bəni Adəm”, “ey insanlar”, “ey aləmdəkilər” kimi) istifadə etməklə və qeyri-ərəb qövmlərinə və başqa din ardıcıllarına “kitab əhli” deyə xitab etməklə İslam dininin ümumi və dünya səviyyəli bir din olması sübuta yetir. Həmçinin zaman cəhətindən qeyd vurulmaması ayələrin müəyyən zamana aid edilməsi onun məhdud zamandan ötrü olmasını inkar edir. Xüsusilə “liyuzhirəhu ələddini kullih” (“onu bütün dinlərə qalib etsin deyə») ayəsi heç bir şübhəyə yer qoymur. “Fussilət” surəsinin 42-ci ayəsində buyurulur:
«Həqiqətən, o, əziz, çox dəyərli, qiymətli bir kitabdır. Nə öncə, nə də sonra batil ona yol tapa bilər. O, həkim (hikmət sahibi) və həmid (şükrə, tə’rifə layiq olan) Allah tərəfindən nazil edilmişdir.»
Bu ayə göstərir ki, Qur’ani-kərim heç vaxt özünün düzgünlük və e’tibarını əldən verməyəcəkdir. Rəsuli-Əkrəmin (s) sonuncu peyğəmbər olması dəlilləri də (bu məsələ sonrakı dərsdə araşdırılacaqdır) bu ilahi dinin digər bir peyğəmbər və şəriət vasitəsilə qüvvədən düşməsinin mümkünlüyü ilə əlaqədar yaranan şübhəni aradan qaldırır. Deyilən məzmunda da çoxlu rəvayətlər nəql olunmuşdur. O cümlədən:
“Həzrət Məhəmmədin (s) halal buyurduğu qiyamət gününə qədər halal, haram buyurduğu isə qiyamət gününə qədər haramdır.»
İslamın əbədi olması onun dünyəvi bir din olmasını zəruri edən ilahi məsələlərdəndir və bu barədə əlavə dəlillər gətirməyə ehtiyac duyulmur.
BİR NEÇƏ ŞÜBHƏNİN CAVABI
İslamın dünyaya yayılmasının qarşısını almaq üçün var-qüvvələrini sərf edərək heç nəyi əsirgəməyən düşmənlər müəyyən şübhələr yaratmaqla Allah dininin yalnız Ərəbistan yarımadası üçün nazil olduğunu və qeyrilərinə gətirilmədiyini iddia edirlər. Onlar müəyyən ayələrə istinad edərək bildirirlər ki, həmin ayələrdə Peyğəmbəri-Əkrəmə (s) öz qohum-əqrəbalarını, yaxud Məkkədə və onun ətrafında yaşayanları də’vət etmək əmr olunur. Həmçinin, “Maidə” surəsinin 69-cu ayəsində yəhudilər, sabeinlər və məsihilər haqqında da səadətin me’yarı iman və saleh əməl hesab edilir, İslam dininin qəbul olunması səadətin şərti kimi qeyd olunmur. İslam fiqhində kitab əhli müşriklərlə eyni səviyyədə deyildir. Onlar (müsəlmanların verdikləri xüms və zəkatın yerinə) cizyə verməklə İslam dövlətinin sığınacağında yaşayırlar. Onların təhlükəsizliyi tə’min olunur və öz şəriət hökmlərinə əməl edə bilərlər. Bu da həmin dinlərin rəsmi olaraq tanınması nişanəsidir.
Bunun cavabında demək lazımdır ki, Peyğəmbəri-Əkrəmin (s) yaxın adamlarını və Məkkə əhalisini haqqa də’vət edən ayələr sadəcə olaraq də’vətin mərhələləridir. Belə ki, bu mərhələlər o Həzrətin (s) qohum-əqrəbasından başlanmalı, sonra Məkkə əhalisi və onun ətrafında yaşayanlara doğru genişlənməli və nəhayət, bütün dünyanı əhatə etməlidir. Bu kimi ayələr o Həzrətin (s) risalətinin ümumdünya səviyyəsində olmasını göstərən ayələrlə heç bir əlaqəsi yoxdur. Çünki bu ayələrin məzmunu məhdudlaşdırıla bilməz. Bundan əlavə, belə məhdudlaşdırma əql sahiblərinin nəzərində qəbahətli və qeyri-məqbul hesab olunur.
“Maidə” surəsinin yuxarıda göstərilən ayəsində isə qeyd olunan məsələ bundan ibarətdir ki, sadəcə olaraq hansısa dinə tabe olmaq həqiqi səadətə nail olmaq üçün kifayət deyildir, əksinə, səadətin amili, həqiqi imandan, Mütəal Allahın Öz bəndələrinə vacib etdiyi vəzifələrə əməl etməkdən ibarətdir. İslamın ümumdünya səviyyəsində və əbədi bir din olmasını isbat edən dəlillərə uyğun olaraq, İslam Peyğəmbəri (s) zühur etdikdən sonra bu dinin hökm və qanunlarına əməl etmək bütün insanların vəzifəsidir.
Amma İslam dinində kitab əhlinin kafirlərdən üstün hesab edilməsinə gəldikdə isə, bu onların İslamı qəbul etməməkdə və ona əməl etməməkdə üzürlü olması demək deyildir. Əksinə onlar haqqında rəva görülən məsləhətlərə uyğun olaraq dünyəvi güzəştlərdir. Şiələrin e’tiqadına görə, həmin güzəştlər də müvəqqətidir. Həzrət İmam Zamanın (ə) zühur etdiyi zaman onlara yekun hökm e’lan olunacaq və onlarla kafirlər kimi rəftar olunacaqdır. Bu mətləbi də «li yuzhirəhu ələddini kullih» cümləsindən anlamaq olar.
SUALLAR
1.Bütün insanların İslam şəriətinə tabe olması vacibdirmi?
2.Qur’andan İslam dininin dünyəvi və əbədi bir din olmasına dair dəlillər gətirin.
3.Bu mətləb üçün daha hansı dəlillər mövcuddur?
4.Peyğəmbəri-Əkrəmi (s) öz yaxın qohum-əqrəbalarını və Məkkə əhalisini hidayət etməyə mə’mur edən ayələrin o Həzrətin (s) risalətinin yalnız onlarla məhdudlaşmadığını izah edin.
5.”Maidə” surəsinin 69-cu ayəsinə əsasən heç bir ümmətin İslama tabe olmamaqda üzrlü sayılmamasının dəlilini bəyan edin.
6.Zimmə əhlinin öz şəriətlərinə əməl etməyə icazəli olmaları, onların İslam şəriətini qəbul etməməkdə üzrlü olmalarına necə dəlil ola bilməz?
ƏQİDƏ ÜSULLARININ TƏ’LİMİ KİTABINDAN…


more post like this