ƏHƏMİYYƏTİ
–Müqəddimə
–Məada e’tiqadın əhəmiyyəti
–Qur’anın məad məsələsinə yetirdiyi diqqət
–Nəticə
MÜQƏDDİMƏ
Kitabın əvvəlində din və onun e’tiqadi bünövrələri (tövhid, nübüvvət, məad) barəsində tədqiqat aparmağın əhəmiyyətini qeyd edərək dedik ki, həyatın insani yönə malik olması məhz bu kimi məsələlərin düzgün şəkildə həll edilməsinə bağlıdır. Birinci bölmədə Allahşünasılıq, ikinci bölmədə yol və yolgöstərən (nübüvvət və imamət) məsələsi araşdırıldı. İndi isə məad bəhsinin ən mühüm bölməsi olan məadşünaslığı araşdırırıq.
Əvvəlcə bu e’tiqadi prinsipin xüsusiyyətləri, eləcə də onun insanın ictimai-fərdi rəftar və davranışlarındakı xüsusi tə’sirini araşdıracaq, sonra məad barəsində düzgün və səhih təsəvvürə malik olmağın əbədi və hiss olunmayan (mücərrəd) ruhun varlığını qəbul etməklə nə dərəcədə şərtləndiyini qeyd edəcəyik. Yeganə Allaha e’tiqad bəsləmədən varlığın tanınması naqis olduğu kimi, əbədi ruha e’tiqad bəsələmədən də insanı tanımaq natamam olacaqdır. Bu kitabın yazılma qaydasına münasib olaraq məadın əsas məsələləri aşağıda araşdırılacaqdır.
MƏADA E’TİQAD BƏSLƏMƏYİN ƏHƏMİYYƏTİ
Gündəlik həyat fəaliyyətlərində əsas məqsəd ehtiyacları, istəkləri tə’min etmək, dəyərlərə və məramlara nail olmaq və nəhayət yekun səadət və kamala çatmaqdır. İşlərin keyfiyyət, kəmiyyət və istiqamətləndirilməsi o hədəflərin ayırd edilməsinə bağlıdır ki, həyatdakı edilən sə’y və faliyyətlər məhz onlara çatmaq üçün yerinə yetirilir. Deməli, həyatın yekun və son hədəfləri barəsində mə’rifət kəsb etmək iş və fəaliyyətlərin seçilib onlara istiqamət verilməsində əsas rol oynayır. Həqiqətdə həyatın hansı istiqamətdə seçilməsinin əsl amilini insanın öz həqiqəti, kamalı və səadətini tanıması və onun barəsindəki nəzəri təşkil edir. Öz həqiqətinin yalnız bir sıra maddi ünsürlərdən, mürəkkəb kimyəvi reaksiyalardan ibarət olduğunu təsəvvür edən, öz həyatını bu dünyanın bir neçə günlük ötəri həyatında məhdudlaşdıran və həmin həyatla əlaqədar olan bəhrələrin arxasında heç bir səadət, kamal və ləzzət olduğunu qəbul etməyən şəxs öz rəftar və davranışlarını yalnız özünün dünyəvi istək və ehtiyaclarını tə’min etmək əsasında tənzim edir. Amma öz həqiqətini maddi varlıqlardan daha yüksəkdə olduğunu bilən, ölümü həyatın sonu hesab etməyən və onu yalnız ötəri dünyadan əbədilik dünyasına keçid hesab edən, özünün layiqli əməl və davranışlarını əbədi kamal və səadətə çatmaq üçün vasitə olduğunu bilən bir insan həyat proqramlarını elə tənzim və icra edir ki, əbədi həyatı üçün mümkün qədər daha artıq faydalı olsun. Digər tərəfdən, dünya həyatındakı məğlubiyyətlər və çətinliklər onu ümidsiz etmir, vəzifənin yerinə yetirilməsi, əbədi səadət və kamalın əldə olunması yolunda heç vaxt işgüzar fəaliyyətdən usanmır.
İnsan barəsində bu iki növ mə’rifətin tə’siri fərdi həyatla xülasələnmir, əksinə, ictimai həyatda və ayrı-ayrı fərdlərin qarşılıqlı rəftarlarında da özünə layiq tə’sir qoyur. Əbədi həyata, əbədi mükafat və ya cəzalara e’tiqad bəsləmək başqalarının hüququna riayət etmək, ehtiyaclılara ehsan etmək və öz haqqından keçmək kimi məsələlərdə mühüm rol ifa edir. Belə e’tiqadların hakim olduğu bir cəmiyyətdə ədalətli qayda-qanunların icra olunması, həmçinin başqalarının haqqına təcavüz və zülm edilməsinin qarşısının alınması üçün güc işlədilməsinə və təzyiqlərə çox az ehtiyac duyulur. Təbiidir ki, bu e’tiqad ümumdünya səviyyəsində bərqərar olarsa, beynəlxalq çətinliklər də nəzərə çarpacaq dərəcədə azalacaqdır.
Bu məsələyə diqqət yetirməklə məad məsələsinin dəyəri və onun barəsində geniş tədqiqat aparılmasının mühüm tə’sirləri aydın olur. Hətta təklikdə tövhidə e’tiqad (məada e’tiqad olmadan) həyata istənilən istiqamət verilməsində kamil və geniş tə’sir qoya bilməz. Buna görə də səmavi dinlərin, xüsusilə müqəddəs İslam dininin bu e’tiqad prinsipinə ciddi əhəmiyyət verməsinin, həmçinin ilahi peyğəmbərlərin bu əqidənin insanların ruhuna yeridilməsində nə üçün bu qədər fəaliyyət göstərmələrinin sirri aşkar olur.
Axirət aləminə e’tiqad bəslənməsi özünün ictimai və fərdi rəftarlara və davranışlara istiqamət verməkdəki rolunu o zaman ifa edə bilər ki, insanın bu dünyadakı əməl və fəaliyyətləri ilə o dünyadakı xoşbəxt və ya bədbəxt olması arasında səbəb-nəticə qanunu qəbul edilsin və heç olmazsa, axirət ne’mətləri bu dünyadakı layiqli əməllərin mükafatı, axirət əzabları isə bu dünyadakı yaramaz və pis əməllərin cəzası kimi qəbul edilsin. Əks halda, əgər axirət səadətini elə bu dünyada kəsb etməyin (yə’ni, dünya bəhrələrini də elə bu dünyada əldə etməyin) mümkünlüyü təsəvvür olunsa onda axirət həyatına e’tiqad özünün bu dünyadakı rəftar və davranışlarda təsirli rolunu əldən verəcəkdir. Çünki belə təsəvvürə əsasən, dünyəvi səadətin əldə edilməsi üçün yalnız bu dünyada, axirət səadətinə nail olmaqdan ötrü isə elə axirət aləmində çalışmaq lazımdır!
Deməli, məad və ölümdən sonrakı həyatın isbat olunmasından əlavə bu iki həyatın (dünya və axirət) arasındakı qırılmaz əlaqə, eləcə də insanın ixtiyari rəftar, əməl və davranışları ilə onun əbədi bədbəxtliyi və ya xoşbəxtliyi arasındakı olan əlaqəsi isbat olunmalıdır.
QUR’ANIN MƏAD MƏSƏLƏSİNƏ CİDDİ DİQQƏT YETİRMƏSİ
Qur’an ayələrinin üçdə-birindən çoxu əbədi həyat olan axirət aləmi ilə əlaqədardır. Bu ayələrdən bir neçəsində axirət aləminin varlığına iman gətirmək tə’kid olunur, başqa ayələrdə isə onun inkar edilməsinin ağır və acınacaqlı nəticələri xatırladılır. Üçüncü qism ayələr əbədi ne’mətlərdən, dördüncü dəstədən olan ayələr isə əbədi əzablardan söz açır. Həmçinin çoxlu ayələrdə insanın yaxşı və pis əməlləri ilə bunların axirət nəticələri arasındakı əlaqə qeyd olunur. Qiyamətin olacağı və zərurəti müxtəlif yollarla tə’kid edilir. Bunu inkar edənlərin şübhələrinə cavab verilir. Çünki insanın yoldan azması və yaramaz işlərə qurşanması ya qiyamətin inkar ediməsindən, ya da unudulmasından irəli gəlir.
Qur’an ayələrinə diqqət yetirməklə mə’lum olur ki, peyğəmbərlərin sözlərinin və onların insanlarla apardığı mübahisələrin ən ümdəsi məad məsələsinə aid olmuşdur. Hətta bunu da demək olar ki, onların bu məsələni isbat etmək üçün göstərdikləri sə’ylər tövhidi isbat etmək üçün göstərdiyi sə’ylərdən qat-qat artıq olmuşdur. Çünki camaatın əksəriyyəti məadı qəbul etmək üçün daha artıq əks-reaksiya göstərir. Səbəbini də iki amildə xülasələndirmək olar. Birincisi, hiss olunmayan qeybi işlərin inkar olunması, digəri isə məad məsələsi, yə’ni insanların cavabdehlik daşımamağa və məs’uliyyətsizliyə olan meylləridir. Çünki qeyd olunduğu kimi, qiyamətə və hesab-kitaba e’tiqad bəsləmək məs’uliyyət hissi keçirməyi, əməl və rəftarlarda müəyyən məhdudiyyətlərin qəbul olunmasını tələb edir, zülm, təcavüz, fəsad və günahdan çəkinmə də müsbət tə’sir göstərir. Onun inkar olunması ilə isə həvəsbazlar, şəhvətpərəstlər və özbaşınaçılıq edənlər üçün yollar açılır.
Qur’ani-kərim buna işarə edərək buyurur:
“Yoxsa insan onun sümüklərini (çürüyüb aradan getdikdən sonra) bir yerə toplamayacağımızı zənn edir? Əlbəttə (bu işi görəcəyik), halbuki onların barmaqlarının bəndlərini belə (əvvəldə olduğu kimi) vücuda gətirməyə qadirik. Xeyr, insan öz qarşısında olan maneələri aradan qaldırmaq (açıq-saçıq olmaq) istəyir.»
Məadın qəbul edilməsindən imtina etmək ruhiyyəsini öz danışıq və yazılarında Qur’anın məad barəsində işlətdiyi “qiyamət” və “sonrakı gün” və s. kimi tə’birləri bu dünyanın varlıqlarına, millətlərin dirçəlişinə, sinifsiz və ədalətli bir cəmiyyət təşkil etməyə, yer üzündə olan behişt mə’nasına yozmaq istəyən şəxslərdə görmək olar ki, axirət aləmini və onunla əlaqədar olan məfhumları şərti məfhumlar və əfsanələr kimi qələmə vermək istəyirlər.
Qur’an belə adamları “insandan olan şeytanlar” və “peyğəmbərlərin düşmənləri” kimi qeyd edir. Belə ki, onlar zahiri gözəl olan aldadıcı və bəzədilmiş söz-söhbətlərlə qəlbləri yoldan azdırır, camaatı imandan, düzgün e’tiqaddan və ilahi hökmlərə vəfadar qalmaqdan saxlayır:
“Beləliklə, hər peyğəmbər üçün insanlardan və cinlərdən olan şeytanlar qərar verdik ki, camaatı aldatmaq üçün bir-birinə bəzədilmiş sözlər ilham edərlər. Əgər Allah istəsəydi (məcburi olaraq onların qarşısını alardı və), onlar belə işlər görməzdilər (lakin Allahın istəyi bu olmuşdur ki, insanlar yaxşı və pis işləri seçməkdə azad olsunlar). Belə isə onları, öz yalanları ilə birlikdə boşla. (Şeytanlar bu işi görürdülər ki,) axirətə iman gətirənlərin qəlbləri onların bəzədilmiş sözlərinə uysun və onları bəyənsinlər, (nəticədə) istədikləri şeylərə mürtəkib olsunlar.»
Nəticə:
Hər kəs şəxsi həyatında onu həqiqi kamala və səadətə çatdıra biləcək bir yolu seçib «onun həyatı ölümlə sona çatırmı, yoxsa ondan sonra digər bir həyat da vardır?» -deyə fikirləşməlidir. Görəsən bu dünyadan başqa bir dünyaya nəqlolunma, bir şəhərdən başqa bir şəhərə getmək kimidirmi ki, həmin yerdə yaşayış vəsaitlərini tədarük görmək mümkün olsun, yoxsa bu dünya həyatı axirət aləmindəki yaxşı və ya pis həyatın müqəddiməsidir və bu dünyada işləri görüb onların son nəticələrini orada əldə etmək lazımdır? Bu kimi məsələlər həll olunmayınca yol və həyat tərzinin, eləcə də proqramların ayırd edilməsinə növbə çatmır. Çünki səfərdə məqsəd mə’lum olmayınca oraya gedən yolun ayırd edilməsi də mümkün deyildir.
Bunu da qeyd etməliyik ki, belə bir həyatın varlığı ehtimalı nə qədər zəif olsa belə, ağıllı və ayıq bir insanı onun barəsində tədiqat aparmağa vadar edir. Çünki ehtimal edilən şeylərin miqdarı sonsuzdur.
SUALLAR
1.Məada e’tiqad bəsləməyin və ya inkar etməyin insanın həyat fəaliyyətindəki tə’sirini bəyan edin.
2.Axirət həyatına e’tiqad həyata bəyənilən bir istiqamət verilməsində özünün böyük rolunu hansı halda göstərə bilər?
3.Qur’anın məad barəsində tə’kidlərini bəyan edin.
4.İnsanların məad əqidəsini qəbul etmək qarşısındakı inadkarlıqlarının səbəblərini bəyan edin.
5.Qəlbləri xəstə olanların insanları məada e’tiqaddan yayındırmaq üçün göstərdikləri səy’lərin nümunələrini bəyan edin və Qur’anın belə təhrifçi insanlar qarşısındakı tutduğu mövqeyi açıqlayın.
6.Məad barəsində tədqiqat aparmağın zərurəti və onun dünyəvi məsələlərdə tədqiqat aparmaqla müqayisədə üstünlüyünü şərh edin.
ƏQİDƏ ÜSULLARININ TƏ’LİMİ KİTABINDAN…

 


more post like this