)
–Müqəddimə
–İslam Peyğəmbərinin (s) risalətinin isbat olunması
MÜQƏDDİMƏ
Tarixin müxtəlif dövr və zamanlarında on minlərlə peyğəmbər göndərilmiş və insanların hidayət və tə’lim-tərbiyəsində özlərinin parlaq rollarını ifa edərək bəşər cəmiyyətinin mə’nəviyyatında çox dərin izlər qoymuşlar. Onların hərəsi müəyyən bir qrup insanı düzgün əqidə və yüksək dəyərlər əsasında tərbiyə etmiş, başqalarına da dolayı yollarla tə’sir göstərmişdir. Bə’ziləri tövhid və ədalət əsasında bir cəmiyyət də yaradıb ona rəhbərlik etməyi öhdələrinə ala bilmişlər.
Onlardan həzrət Nuh (ə), həzrət İbrahim (ə), həzrət Musa (ə), həzrət İsa (ə) Mütəal Allah tərəfindən fərdi və ictimai qayda-qanunlara, hökmlərə, zaman şəraitinə uyğun olan qanuni və əxlaqi vəzifələrə şamil olan kitabları insanlara çatdırmışlar. Amma bu kitablar ya zamanın keçməsi ilə tamamilə məhv olub aradan getmiş, yaxud da mə’na və sözlərində çoxlu təhriflərə mə’ruz qalmışdır. Nəticədə asimani şəriətlər və ayinlər məsx olunmuş, tam dəyişdirilmiş bir vəziyyətə düşmüşlər. Məsələn, həzrət Musaya (ə) nazil edilmiş Tövratda çoxlu təhriflər edilmişdir, “İsanın İncili” adlı bir şey qalmamış, o Həzrətin (s) ardıcıllarından sayılan bə’zi şəxslərin əlyazmaları toplanaraq “Müqəddəs kitab” adı ilə təqdim olunmuşdur.
Şəxsi-qərəzi olmayan bir adam hazırkı Tövrat və İncilə nəzər saldıqda onlardan heç birinin Musaya, yaxud İsaya nazil edilmiş kitabın olmadığını biləcəkdir. Belə ki, Tövratda Mütəal Allah (nəuzubillah) bir insan kimi təcəssüm edilir. Guya, Onun əksər işlər barədə agahlığı yoxdur, dəfələrlə gördüyü işdən peşman olub, bəndələrindən biri olan həzrət Yə’qubla (ə) güləşir, ona qalib gələ bilmir və nəhayət, camaat öz Allahlarını belə bir vəziyyətdə görməsin deyə ondan əl çəkməsini istəyir. Bu kitabda ilahi peyğəmbərlərə yaramaz nisbətlər verilir, məsələn, nəuzubillah, həzrət Davuda (ə) zina, Həzrət Luta şərab içmək və öz məhrəmləri ilə zina etmək nisbəti verilir. Bütün bunlardan əlavə, Tövratın nazil olduğu şəxsin, yə’ni həzrət Musanın (ə) vəfatı hadisəsi, harada və necə dünyadan getdiyi də şərh olunur.
Məgər elə bu, həmin kitabın həzrət Musadan (ə) olmadığını başa düşmək üçün kifayət deyildirmi?
Hazırkı İncilin vəziyyətinə gəldikdə isə, o, Tövratdan da rüsvayçı vəziyyətdədir. Çünki həzrət İsaya (ə) nazil olmuş kitab hazırda mövcud deyildir və məsihilərin özləri də hazırkı İncilin Allahın həzrət İsaya (ə) nazil etdiyi kitab olduğunu iddia etmirlər. Əksinə, onun içində mövcud olan məsələlər o Həzrətin (ə) ardıcıllarından bir neçəsinə mənsub edilən mə’lumatlar toplusudur. Məsihilər şərab içməyə icazə verməkdən əlavə, onun hazırlanmasını “İsanın mö’cüzəsi” kimi qələmə verirlər.
Bir sözlə, bu iki böyük peyğəmbərə nazil olmuş vəhylər tamamilə təhrif edildiyindən insanları hidayət etməkdə öz rolunu oynaya bilməz.
Bu təhriflərin necə baş verməsinə gəldikdə isə, qeyd etmək lazımdır ki, onun müfəssəl bəyanı bu kitaba sığmaz.
Həzrət Məsihin (ə) miladından 600 il keçəndə dünyanın hər yerini cəhalət və zülmət qaranlığı bürüdüyü, ilahi hidayət məş’əllərinin hər diyarda söndüyü zaman Mütəal Allah Özünün son və ən fəzilətli peyğəmbərini o dövrün ən qaranlıq və irticaçı cəmiyyətindən seçib göndərmişdir ki, vəhyin parlaq məş’əlini bütün insanların yolu üzərində və həmişəlik olaraq yanar saxlasın. Hər növ təhrifdən, dəyişdirmədən amanda olan əbədi ilahi kitabı insanların ixtiyarına versin, həqiqi maarifləri və asimani hikmətləri, ilahi qanun və hökmləri insanlara öyrətsin, bütün insanları dünya və axirətdəki səadətə doğru hidayət etsin.
Əli (ə) Peyğəmbəri-Əkrəmin (s) zühuru zamanı bu dünyada mövcud olan vəziyyəti şərh edərkən belə buyurur:
“Mütəal Allah Rəsuli-Əkrəmi (s) elə bir dövrdə peyğəmbərliyə seçdi ki, əvvəlki peyğəmbərlərin be’sətindən çox vaxt keçmişdi, insanlar dərin və uzun qəflət yuxusuna dalmışdılar, fitnə-fəsad dünyanın hər yerində şö’lələnirdi, işlərin bir-biri ilə olan əlaqəsi tamamilə kəsilmişdi. Müharibə odu şö’lələnmiş, cəhalət və günah qaranlıqları hər yeri bürümüş, hiylə və məkrlər aşkar olmuşdu. Bəşər həyatının yarpaqları saralmış, onların səmərə vermək ümidi tamamilə aradan getmişdi. Sular qurumuş, hidayət məş’əlləri sönmüş, zəlalət və azğınlıq bayraqları ucalmışdı. Alçaqlıq və bədbəxtlik insanlara hücum etmiş, özünün çirkin çöhrəsini aşkar etmişdi. Bu fəsadlar və qara günlər fitnə-fəsaddan başqa heç bir şey gətirmirdi, qorxu və ümidsizliyin hakim kəsildiyi insanlar qaniçənlərin qılıncından başqa bir sığınacaq yeri görmürdülər.”
Peyğəmbəri-Əkrəmin (s) zühuru dövründən e’tibarən həqiqət axtaran hər insan üçün Allahı tanımaqdan sonra ən mühüm məsələ o Həzrətin (s) nübüvvət və risaləti, müqəddəs İslam dininin haqq olması barədə tədqiqat aparmaqdır. Qur’ani-kərimin bəşər əlində mövcud olan yeganə asimani kitab ünvanı ilə haqq, e’tibarlı, hər növ təhrif və dəyişiklikdən salamat qalmasının isbat edilməsi ilə yanaşı digər düzgün əqidələrin isbat edilməsi, bütün insanlardan ötrü dəyər sisteminin və əməli vəzifələrin bəyan olunması üçün zəmanət verilmiş bir yoldur. Bunun vasitəsilə dünyanın axırına qədər ideologiya və dünyagörüşün başqa məsələlərinin həlli yolu aydınlaşır.
İSLAM PEYĞƏMBƏRİNİN (S) RİSALƏTİNİN İSBAT OLUNMASI
İyirmi yeddinci dərsdə qeyd olunduğu kimi, peyğəmbərlərin peyğəmbərliyi üç yolla isbat oluna bilər:
1.Onların əməl və rəftarları vasitəsilə insana xatircəmlik gətirən əlamətlər.
2.Əvvəlki peyğəmbərlərin verdiyi xəbər.
3.Mö’cüzə göstərmək.
İslam Peyğəmbərinin (s) peyğəmbərliyini sübut etməkdən ötrü bu üç yolun hər birindən istifadə etmək mümkündür. Bir tərəfdən Məkkə əhalisi 40 il müddətində o Həzrətin iftixarlı həyatını yaxından müşahidə etmişdi və onun həyatında azacıq olsa belə qaranlıq və ləkəli hadisənin olmadığını bilirdi. Onu elə doğruçu və düz əməl sahibi kimi tanıyırdılar ki, ona Əmin (əmanətdar) ləqəbi vermişdilər. Təbiidir ki, belə bir şəxsin yalançılığına ehtimal verilə bilməz.
Digər tərəfdən, əvvəlki peyğəmbərlər o Həzrətin (s) məb’us olacağı xəbərini vermişdilər. Kitab əhlindən bə’ziləri onun gəlişini gözləyir və onun zühur etməsi barəsində aydın nişanələri bilirdilər. Hətta, ərəb müşriklərinə İsmailin (ə) övladları arasında (onlar ərəb qəbilələrini təşkil edirdilər) bir şəxsin peyğəmbərliyə məb’us olacağını və onun əvvəlki peyğəmbərləri və tövhid dinləri təsdiq edəcəyi haqqında mə’lumat vardı. Yəhudi və məsihi alimlərindən bə’ziləri əvvəlcədən verilən həmin xəbərlərə istinadən o Həzrətə (ə) iman gətirdi. Bə’ziləri isə nəfsani və şeytani qərəzçiliklər üzündən İslam dinini qəbul etməkdən imtina etdi.
Qur’ani-kərim bu məsələyə işarə edərək buyurur:
“Bu, onlar üçün bir nişanə deyilmi ki, Bəni-İsrail alimləri onu tanıyırdılar?!”
Peyğəmbəri-Əkrəmin (s) həm Bəni-İsrail alimlərinin, həm də əvvəlki peyğəmbərlərin əvvəlcədən xəbər verib təqdim etməsi ilə tanınması bütün əhli-kitab üçün o Həzrətin (ə) risalətinin düzgünlüyünə aydın bir dəlil olmaqdan əlavə, müjdə verən peyğəmbərlərin, həmçinin, İslam Peyğəmbərinin (s) haqq olmasına qaneedici bir höccət sayılırdı. Çünki onlar öncədən verilən bu xəbər və şahidlərin, təqdim olunan əlamətlərin o Həzrətlə (s) tam mə’nada düz gəlməsini gözləri ilə görüb, əqlləri ilə dərk edirdilər.
Maraqlıdır ki, hətta təhrif olunmuş Tövrat və İncildə belə, bu kimi müjdələrin məhv edilməsi üçün göstərilən bütün sə’ylərə baxmayaraq haqq axtaranlara höccəti tamam edən bə’zi məsələlər gözə dəyir. Belə ki, haqq-həqiqət axtaran yəhudi və məsihi alimlərindən bir çoxu bu incə mətləbləri və müjdələrdən istifadə edərək düz yola hidayət olunmuş və İslam dinini qəbul etmişdi.
Peyğəmbəri-Əkrəmdən (s) çoxlu mö’cüzələr görünmüşdür. Bunlar tarix və hədis kitablarında qeyd olunmuş və onların çoxu təvatür həddində nəql edilmişdir. Amma Allah-Taalanın son peyğəmbəri və Onun əbədi dinini təqdim etmək haqqında nəzəri bunu tələb edirdi ki, onun öz dövründə olanlara höccəti tamam etməkdən əlavə, başqaları da əql yolu ilə ondan agah olsunlar. Buna görə də ona höccəti bütün dövrdəki insanlara tamam edəcək əbədi bir mö’cüzə olan Qur’anı təqdim etmişdir.
Gələn dərsdə bu əziz kitabın mö’cüzə yönləri bəyan ediləcəkdir.
SUALLAR
1.Əvvəlki peyğəmbərlərin kitablarının vəziyyətini şərh edin.
2.Tövratın təhrifolunma nişanələrindən bir neçəsini qeyd edin.
3.Mövcud İncilin e’tibarlı olub-olmamasını sübut edin.
4.İslam Peyğəmbərinin (s) risalətinin əhəmiyyətini bəyan edin.
5.Peyğəmbəri-Əkrəmin (s) risalətinin isbat olunması yollarını bəyan edin.
ƏQİDƏ ÜSULLARININ TƏ’LİMİ KİTABINDAN


more post like this