–Müqəddimə
–Qur’anda xatəmiyyətin dəlili
–Xatəmiyyət barədə rəvayətlər
–Nübüvvətin sona çatmasının dəlili
–Bir şübhənin cavabı
MÜQƏDDİMƏ
İslamın əbədi din olmasını nəzərə almaqla İslam şəriətini qüvvədən sala biləcək yeni peyğəmbərin məb’us olacağı ehtimalı aradan gedir. Amma belə bir şübhə yarana bilər ki, digər peyğəmbərin gəlib İslam dinini təbliğ edərək yaymağı mümkündür. Çünki əvvəlki peyğəmbərlərin çoxu belə bir məs’uliyyəti öhdələrinə almışdılar, istər şəriət sahibi olan peyğəmbərlərlə müasir olsunlar (məsələn, həzərət Lut (ə) həzrət İbrahimin (ə) müasiri və onun şəriətinə tabe idi), istərsə də şəriət sahibi olan peyğəmbərdən sonra göndərilsinlər və ona tabe olsunlar (Bəni-İsrail peyğəmbərlərinin çoxu belə olmuşdur). Belə şübhələr yaranmasın deyə, islam Peyğəmbəri Həzrət Məhəmmədin (s) xatəmiyyət məsələsi ayrıca şəkildə araşdırılmalıdır.
QUR’ANDA XATƏMİYYƏTƏ DAİR DƏLİL
İslamın zəruri və danılmaz məsələlərindən biri də peyğəmbərlər silsiləsinin İslam Peyğəmbəri (s) vasitəsilə sona yetməsidir. Yə’ni ondan sonra heç bir peyğəmbər gəlməmiş və gələcəkdə də gəlməyəcəkdir. Hətta islama yad olanlar da bu məsələnin hər müsəlmanın e’tiqad bəsləməli olduğu İslam e’tiqadlarından biri olduğunu bilirlər. Buna görə də dinin başqa zəruri e’tiqadları kimi heç bir dəlilə ehtiyacı olmayacaqdır. Eyni halda bu mətləbi həm Qur’an ayələri, həm də mütəvatir hədislərdən istifadə edərək isbat etmək olar.
Qur’ani-kərimdə buyurulur:
“Məhəmməd (s) aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Rəsulu və peyğəmbərlərin sonuncusudur.»
Bu ayə tam aşkar şəkildə Peyğəmbəri-Əkrəmi (s) bütün peyğəmbərlərin sonuncusu kimi təqdim edir. İslam düşmənlərindən bə’ziləri bu ayənin Peyğəmbərin (s) xatəmiyyəti ilə bağlı olmasına dair iki irad tutmuşlar:
Birincisi: “Xatəm kəlməsi üzük mə’nasında da işlənir, ola bilsin ki, ayədə üzük mə’nası nəzərdə tutulmuşdur” – deyirlər.
İkincisi: “Xatəm sözü özünün məşhur mə’nasına götürülsə belə, ayənin mə’nası bu ola bilər ki, nəbilər silsiləsi o Həzrətin (s) vasitəsilə sona çatır, amma bu, rəsullar silsiləsinin sona çatmasına dəlalət etmir” – deyə bildirirlər.
Birinci iradın cavabı budur ki, “xatəm” kəlməsi bir şeyin xətm edilməsi, sona çatdırılması vasitəsinə deyilir. Üzüyə də (qədimdə) məhz ona görə xatəm deyirdilər ki, onun vasitəsilə məktubu və s. kimi şeyləri sona çatdırıb möhürləyirmişlər.
İkinci sualın cavabı bundan ibarətdir ki, risalət məqamına malik olan hər peyğəmbər nübüvvət məqamına da malikdir. Nəbilər silsiləsinin sona çatması elə rəsullar silsiləsinin də sona çatması deməkdir. Bu əvvəllər də qeyd olunmuşdur. Məfhum cəhətindən nəbinin rəsuldan ümumi olmasına baxmayaraq, işlənmə cəhətində nəbi rəsuldan daha ümumidir.
XATƏMİYYƏTƏ DAİR RƏVAYƏTLƏR
Peyğəmbəri-Əkrəmin (s) xatəmiyyət məsələsi yüzlərlə rəvayətdə aşkar şəkildə bəyan olunmuşdur. Onlardan biri də həm sünni, həm də şiələr tərəfindən Peyğəməbrdən (s) mütəvatir şəkildə nəql olunan və məzmununda heç bir şübhəyə yer olmayan “Mənzilət» adlı hədisdir. O hədisdə deyilir:
«Peyğəmbər (s) Mədinədən Təbuka hərəkət etdiyi zaman həzrət Əlini (ə) müsəlmanların işlərini idarə etmək üçün öz yerinə canişin tə’yin etdi. Həzrət Əli də (ə) bu cihadda iştirak etmək feyzindən məhrum olduğuna görə qüssələndi. Bu zaman Peyğəmbər (s) ona buyurdu: «Mənimlə sənin bir-birimizə olan nisbətimizin Musa ilə Harunun bir-birinə olan nisbəti kimi olmasına razı olmazsanmı?!» Bundan sonra «Bu fərqlə ki, məndən sonra heç bir peyğəmbər yoxdur» -deyə buyurmaqla ki, heç bir şəkk-şübhəyə yer qoymadı.»
Başqa bir rəvayətdə Peyğəmbərdən (s) belə nəql olunur: “Ey insanlar! Məndən sonra heç bir peyğəmbər, sizdən sonra da heç bir ümmət yoxdur.»
“Nəhcül-bəlağə”nin bir neçə xütbəsində və mə’sum imamlardan (ə) nəql olunan çoxlu rəvayət, dua və ziyarətnamələrdə bu mətləbə kifayət qədər toxunulmuşdur. Onların hamısını qeyd etməyə imkan yoxdur.
NÜBÜVVƏTİN TAMAMLANMASININ SİRRİ
Yuxarıda qeyd olunduğu kimi, peyğəmbərlərin sayının çoxluğu və onların bir-birinin ardınca gəlməsinin səbəbi budur ki, bir tərəfdən keçmiş zamanlarda ilahi risalətin yer kürəsinin hər yerində və bütün ümmətlər arasında təkcə bir şəxsin vasitəsilə təbliğ olunması müyəssər deyildi, digər tərəfdən də yeni ictimai hadisə və münasibətlərin yaranması, əlaqələrin mürəkkəbləşməsi və genişlənməsi əvvəlki qanunların dəyişilməsini tələb edirdi. Həmçinin, zamanın keçməsi, şəxslərin cəhalət və qərəz əsasında olan dəxalətləri vasitəsilə yaranan təhriflər və dəyişikliklər digər peyğəmbər vasitəsilə ilahi tə’limlərə düzəliş verilməsini gərəkli edirdi.
Deməli, ilahi risalətin dünya səviyyəsində bir peyğəmbər və onun köməkçilərinin vasitəsilə təbliğ olunması müyəssər olduğu təqdirdə, bir şəriətin qanunlarının cəmiyyətin hazırkı və gələcəkdəki ehtiyaclarını tə’min edəcəyi və qarşıya çıxan yeni məsələlər barəsində nəzər verə biləcəyi şəraitdə, eləcə də onun təhriflərdən uzaq qalıb davam etməsinə zəmanət verildikdə, yeni bir peyğəmbər göndərilməsinə lüzum qalmaz.
İnsanların adi elmləri belə şəraitləri ayırd edə bilmədiyindən Mütəal Allah Özünün sonsuz elm və qüdrəti ilə bu şəraitin yaranma zamanını bilir. Nübüvvətin də xətm olunmasını yalnız O, e’lan edə bilər. Belə ki, bu işi Özünün sonuncu səmavi kitabında bəyan etmişdir.
Bunu da qeyd edək ki, nübüvvətin xətm olunması Allah ilə bəndələr arasında hidayət əlaqələrinin tamamilə kəsilməsi demək deyildir. Əksinə, Mütəal Allah hər vaxt məsləhət görsə Özünün layiqli bəndələrinə qeyb elmini, hətta, nübüvvət vəhyi surətində olmasa belə əta edər. Belə ki, şiələrin inancına görə, Allah belə elmləri mə’sum imamlara əta etmişdir. Allahın istəyi ilə bu məsələni imamət ilə əlaqədar bölmələrdə araşdıracağıq.
BİR ŞÜBHƏ VƏ ONUN CAVABI
Yuxarıdakı bəyanlardan aydın olur ki, nübüvvətin xətm olunmasının sirri budur ki, əvvəla, Peyğəmbər (s) öz köməkçiləri və canişininin köməyi ilə özünün ilahi risalətini bütün dünyaya çatdıra bilərdi. İkincisi, onun gətirdiyi səmavi kitabın hər növ təhrifdən amanda qalacağına zəmanət verilmişdir. Üçüncüsü, İslam şəriəti dünyanın axırına qədər bəşəriyyətin ehtiyac duyduğu bütün məsələlərə cavab verməyə qadirdir.
Amma bə’ziləri sonuncu mətləb barəsində şübhə yaradıb deyə bilər ki, keçmişdə ictimai rabitələrin get-gedə mürəkkəbləşməsi yeni hökmlərin verilməsini, yaxud əvvəlki hökmlərin dəyişməsini tələb etdiyi zaman digər bir peyğəməbər məb’us olduğu kimi islam Peyğəmbərindən də (s) sonra ictimai rabitələrdə nəzərə çarpacaq və daha mürəkkəb dəyişikliklər baş verdiyindən, belə dəyişikliklər yeni şəraitin yaranmasını və nəticədə yeni peyğəmbər göndərilməsini necə tələb etməyə bilər?
Cavabda deməliyik ki, hansı dəyişikliklərin əsaslı qanunlar gətirilməsini tələb etdiyini ayırd etmək adi insanların qüdrət və bacarıq dairəsindən xaricdədir. Çünki bizim hökm və qanunların hikmət və səbəblərinə elmi əhatəmiz yoxdur. Əksinə, biz İslamın əsas qanunlarının dəyişilməsinə ehtiyac duyulmadığını, bu dinin əbədi din olmasından və Peyğəmbəri-Əkrəmin (s) xatəmiyyətindən dərk edirik.
Əlbəttə, biz yeni qayda-qanunların qoyulmasını tələb edən yeni ictimai hadisələrin varlığını da inkar etmirik. Amma İslam şəriətində bu kimi cüz’i qanunlar yaratmaq üçün müəyyən prinsip və qaydalar nəzərdə tutulmuşdur ki, səlahiyyətli məqam sahibləri onların əsasında lazımi qanunlar çıxara və icra edə bilər. Bu mətləbin təfsilatını İslam fiqhində, islami hökumətin ixtiyarı (mə’sum imam və vəliyyi-fəqih) bölməsində araşdırmaq lazımdır.
SUALLAR
1.İslam dininin əbədi bir din olmasını isbat etdikdən sonra xatəmiyyət barəsində bəhs aparmağa nə ehtiyac vardır?
2.Qur’an dəlili əsasında xatəmiyyəti necə isbat etmək olar?
3.Bu dəlillə bağlı şübhələri göstərərək cavabını bəyan edin.
4.Xatəmiyyətə aid olan rəvayətlərdən üçünü bəyan edin.
5.Peyğəmbərlər silsiləsi niyə İslam Peyğəmbərinin (s) gəlişi ilə sona çatmışdır?
6.Nübüvvətin tamamlanması ilahi elmlərdən istifadə yolunun bağlanması mə’nasındadırmı? Niyə?
7.İslam Peyğəmbərinin (s) zühurundan sonra baş verən ictimai dəyişikliklər yeni şəriətin gəlməsini tələb edirmi? Nəyə görə?
8.Qarşıya çıxan yeni-yeni hadisələrdə cəmiyyətin qanunlara olan ehtiyacı necə tə’min olunur?
ƏQİDƏ ÜSULLARININ TƏ’LİMİ KİTABINDAN…

OTUZ ALTINCI DƏRS-İMAMƏT
–Müqəddimə
–İmamət məfhumu
MÜQƏDDİMƏ
İslam Peyğəmbəri (s) Mədinəyə köçdükdən və o şəhər əhalisinin (onlara “ənsar” deyilirdi), xüsusilə, Məkkədən köçüb oraya gələn mühacirlərin misilsiz kömək və himayələrindən bəhrələndikdən sonra islam cəmiyyətinin əsasını qoyaraq onu idarə etməyə başladı. “Peyğəmbər məscidi” ilahi risalətin təbliğ olunduğu, ibadət və camaatın tə’lim-tərbiyə mərkəzi olmaqdan əlavə, mühacirlərin və məhrum kütlələrin də mə’nəvi sığınacaq yeri idi. Peyğəmbər (s) onların maddi çətinliklərini və iqtisadi məsələlərini məhz həmin yerdə həll edirdi. Həmçinin münaqişəli məsələlərin çözülməsi, hərbi tədbirlər barədə qərar qəbul edilməsi, cəbhələrə kömək və s. kimi hökumət məsələləri də burada həll olunurdu. Bir sözlə, camatın dini və dünya işləri Peyğəmbərin (s) əlində idi və müsəlmanlar o Həzrətin (s) göstərişlərinə itaət etməyi özlərinə vacib bilirdilər. Çünki Mütəal Allah müsəlmanlara o Həzrətə (s) mütləq şəkildə itaət etməyi əmr etməkdən əlavə, siyasi, məhkəmə, hərbi məsələlərdə də Rəsuli-Əkrəmə (s) itaət etmək barədə tə’kidli əmrlər vermişdi.
Başqa sözlə, Peyğəmbər (s) nübüvvət və risalət, İslam hökmlərini ümmətə bəyan edib öyrətməkdən əlavə, islam cəmiyyətinə rəhbərlik etmək kimi bir öhdəçiliyə də malik idi. Daha sonra o, qəzavət (məhkəmə), hərbi rəhbərlik və s. kimi mühüm vəzifələri də icra edirdi. İslam dinində ibadi və əxlaqi vəzifələrdən əlavə siyasi, iqtisadi, hüquqi və s. hökmlər də mövcud olduğundan islam Peyğəmbəri də (s) insanlara tə’lim-tərbiyə vermək və Allah tərəfindən dini vəzifələri onlara çatdırmaqla yanaşı, ilahi hökm və qanunların icra olunmasını və bütün hökumət işlərini də öz öhdəsinə almışdı.
Aydındır ki, dünyanın sonuna qədər bütün bəşər cəmiyyətlərini düz yola hidayət etməyə qadir olmasını iddia edən bir din bu kimi mühüm məsələlərə laqeyd yanaşa bilməz. Təməlini bu din təşkil edən bir cəmiyyət də bu kimi siyasi və hökumət mənsəblərindən məhrum ola bilməz. Bu mənsəblər də məhz “imamət məqamı” adı ilə tanınır.
Amma yenidən belə bir sual yaranır: Peyğəmbərin (s) vəfatından sonra bu məqamı kim öhdəsinə almalıdır? Mütəal Allah bu məqamı Peyğəmbərə əta etdiyi kimi, başqa şəxslərə də verirmi? Bu məqam yalnız Allah tərəfindən tə’yin olunması ilə özünə qanunilik tapırmı? Yoxsa, bu məqamın Allah tərəfindən əta olunması yalnız Peyğəmbərə (s) aiddir və o Həzrətdən (s) sonra camaat özü imam seçib özlərinə rəhbər tə’yin edir? Doğrudanmı camaatın belə bir haqqı var? Sünnilərlə şiələrin əsas ixtilafı da məhz bu məsələ üzərindədir. Belə ki, şiələrin inancına görə, imamət Allah tərəfindən olan bir mənsəb olub səlahiyyətli şəxslərə verilir. Mütəal Allah Peyğəmbəri-Əkrəmin (s) vasitəsilə həzrət Əlini (ə) o Həzrətin (s) özündən sonrakı canişini qərar vermiş, daha sonra onun on bir övladı biri digərindən sonra imamət məqamına tə’yin olunmuşdur. Sünnilər isə inanırlar ki, nübüvvət və risalətdə olduğu kimi, imamət də Peyğəmbərin (s) vəfatı ilə sona çatır və ondan sonra imam camaat tərəfindən tə’yin olunur. Sünnilərin bə’zi böyük şəxsiyyətləri aşkar şəkildə iddia etmişlər ki, hətta əgər bir şəxs silah gücü ilə camaata hakim olsa, bundan sonra ona itaət etmək hamıya vacib olmalıdır! Halbuki, bu cür puç nəzəriyyələr hiyləgər, zalım və zorakı insanlar tərəfindən sui-istifadə edilərək müsəlmanları perik salıb tənəzzülə uğratmalarına şərait yaradır.
Həqiqətdə sünnilər imamətin Allah tərəfindən tə’yin olunmasını qanuni bir iş kimi qəbul etməklə “dinin siyasətdən ayrılığı” kimi istismarçı siyasətin əsasını qoymuşlar. Şiələrin əqidəsinə görə, məhz bu iş həqiqi İslamdan, Allaha pərəstiş yolundan azğınlığa düşmənin başlanğıcı, eləcə də Peyğəmbərin (s) vəfatından e’tibarən müsəlmanların arasında baş verən, yaxud gələcəkdə baş verəcək yüzlərlə inhiraf və azğınlığın mənşəyi olmuşdur.
Buna görə də müsəlman bir şəxs bu məsələni tam ciddiyyətlə, hər növ təqlidçilik və təəssübdən uzaq olmaq şərti ilə araşdırmalı və haqq məzhəbi seçərək var-qüvvəsi ilə onu himayə etməlidir.
Aydındır ki, İslam dünyasının ümumi məsləhətini nəzərə alaraq, İslam düşmənlərinin mövcud ixtilaflardan və müxtəlif məzhəblərin qarşıdurmasından istifadə etməsinə şərait yaratmaqdan uzaq olmaq lazımdır. Biz elə bir iş görməməliyik ki, müsəlmanların cərgələrində təfriqə yaransın və kafirlər qarşısındakı sıx birlikləri aradan getsin. Bütün müsəlmanlara vacibdir ki, ziyanı özlərinə qayıdan, İslam cəmiyyətinin zəifləməsindən başqa bir nəticəsi olmayan işlərdən çəkinsinlər. Digər tərəfdən də müsəlmanların vəhdət və birliklərinin qorunub saxlanması haqq məzhəbin ayırd edilməsi və imamət məsələsinin araşdırılması üçün sağlam mühit yaradılmasına lazım olan təhqiq və sə’ylərə mane olmamalıdırlar. Bu elə bir məsələdir ki, onun düzgün şəkildə həll olunması müsəlmanların müqəddəratının həll edilməsində, onların dünya və axirət səadətlərində tam mə’nada tə’sirlidir.
İMAMƏT MƏFHUMU
“İmamət” sözünün lüğəti mə’nası rəhbərlik, başçılıq etmək deməkdir. Haqq və ya batil yolda olmasından asılı olmayaraq müəyyən bir qrupun rəhbərliyini öhdəsinə alan şəxsə “imam” deyilir. Belə ki, Qur’ani-kərim “əimmətəl-kufr” kəlməsini kafir başçıları ilə əlaqədar işlətmişdir. Namazda başqalarının iqtida etdiyi şəxs də camaat namazının imamı adlandırılır.
Amma kəlam elmində «imamət» sözündən aşağıdakı kimi istifadə olunur:
“İslam cəmiyyətində müsəlmanların bütün dünyəvi və dini işləri ilə əlaqədar olan hərtərəfli rəhbərlik».
“Dünyəvi” kəlməsinin imamətin əhatə hüdudlarının genişləndirir. Çünki cəmiyyətin dünyəvi işlərinin idarə olunması İslam dininin ayrılmaz bir hissəsidir.
Şiələrin nəzərinə görə belə bir rəhbərlik yalnız o zaman qanuni olacaqdır ki, Mütəal Allah tərəfindən tə’yin olunsun. Belə bir məqama əsalətən malik olan şəxs islami hökmlərin və maarifin dəqiq şəkildə bəyan olunması üçün hər növ xətadan, eləcə də günahlardan uzaq olmalıdır. Həqiqətdə mə’sum imam Peyğəmbəri-Əkrəmin (s) nübüvvət və risalətdən başqa malik olduğu bütün məqamlara malikdir. Həmçinin onun sözləri islam maarifi və qayda-qanunlarının və dini həqiqətlərin bəyan olunmasında höccətdir. Həm də müxtəlif hökumət işləri ilə əlaqədar məsələlərdə ona itaət etmək vacibdir.
Deməli, sünni və şiələrin imamət məsələsindəki ixtilafı üç məsələdən ibarətdir:
1.İmam Allah tərəfindən tə’yin olunmalıdır.
2.İmam Allah tərəfindən verilən xüsusi elmə malik və xətalardan uzaq olmalıdır.
3.Günahlardan pak və mə’sum olmalıdır.
Əlbəttə, mə’sum olmaq imam olmağı zəruri etmir. Çünki şiələrin e’tiqadına görə, həzrət Fatimeyi Zəhra da (s) mə’sumdur, amma imamət məqamına malik deyildir. (Eləcə də həzrət Məryəm də (s) ismət məqamına malik olmuşdur.) Allah övliyaları arasında belə bir məqama malik olan digər şəxslərin də olması mümkündür, baxmayaraq ki, onların barəsində bizim mə’lumatımız yoxdur. Ümumiyyətlə, mə’sum şəxsin Allah tərəfindən təqdimolunma yolundan başqa bir yolla ayırd edilməsi müyəssər deyildir.
SUALLAR
1.İslam Peyğəmbəri (s) nübüvvət və risalətdən başqa daha hansı ilahi məqamlara malik idi?
2.Şiələrlə sünnilər arasında ixtilafın əsas mənşəyi nədir?
3.Allah tərəfindən tə’yin olunmayan imamın qəbul edilməsinin nə kimi nəticələri var?
4.İmamətin lüğətdəki və istilahdakı mə’nalarını bəyan edin.
5.İmamətin əsaslı məsələləri hansılardır?
ƏQİDƏ ÜSULLARININ TƏ’LİMİ KİTABINDAN…


more post like this