Zeydiyyə məzhəbinin əqidə üsulları nədən ibarətdir?
ZEYDİYYƏ MƏZHƏBİNİN E᾿TİQADLARI
Ötən dərslərimizdə qeyd etdik ki, Zeyd ibni Əli öz ata və qardaşının tə᾿limindən savayı, başqa sözlə desək, Əhli-beytin e᾿tiqadından fərqli olan heç bir əqidəyə əsaslanmamışdır. Lakin sonralar sair firqələrlə təmasda olan Zeydiyyə alimləri öz məzhəblərinin mövqeyini qoruyub saxlamaq üçün imamiyyə məzhəbinin əqidəsi ilə fərqli olan bə᾿zi e᾿tiqadi məsələlər meydana gətirdilər. Nəticədə bu cərəyan müstəqil fiqhi və kəlami məzhəbə çevrildi. Bu dərsimizdə onların e᾿tiqadının əsasını təşkil edən üsullar haqda söhbət açacaq və onların hər biri barədə ətraflı izahlar verəcəyik.
Zeydiyyə məzhəbinin əqidə əsaslarını beş şey təşkil edir: Tövhid, Allahın ədaləti, və᾿d və vəid (cənnətə müjdə, cəhənnəm əzabından qorxutmaq), nübuvvət, yaxşı işlərə də᾿vət etmək, pis işlərdən çəkindirmək.
1. TÖVHİD VƏ ALLAHTANIMA
Zeydiyyə məzhəbinin nəzəri tövhidə olan e᾿tiqadı Allahın zat, sifət və ibadətdə təkliyinə iman bəsləməkdən ibarətdir. Əməli tövhiddə isə onlar insanın tam azadlığını və həmin azadlığın təlabatlarından irəli gələn insanın Allahdan başqa digər varlıqlara ibadət etməkdə azad olmasını görürlər.
Allahın sifətlərinə gəldikdə isə, Zeydiyyə məzhəbi belə bir əqidədədir ki, Allah-taala zati və fe᾿li sifətlərə malikdir. Onlar Allahın sifətlərini Onun zatı hesab edir, xəbəri sifətlərin yozum və təfsirinə əsaslanır və Onun sifətlərinin bəşəri sifətlərə bənzədilməsini qətiyyətlə rədd edirlər. Bu səbəbdən də onlar «yədullah» – Allahın əli ifadəsini – İlahi ne᾿mət və qüdrət, «cənbəllah» – Allahla qonşuluq və yaxınlıq – kəlməsini Allaha itaət və «Əynullah» – Allahın gözü – ifadəsini isə İlahi elm kimi təfsir etmişlər.
2. ALLAHIN ƏDALƏTİ
Zeydiyyə e᾿tiqadında İlahi ədalət xüsusi yer tutur. Ehtiyac və cəhalətin mənşəyi olduğu üçün onlar bütün mənfi xüsusiyyətləri Allahın müqəddəs zatından uzaq hesab edirlər. Bu səbəbdən də Zeydiyyə əqidəsi əşyaların zatən yaxşı və pis xüsusiyyətlərə malik olması qaydasına (hüsn və qubhi zati) əsaslanır və Allahın gördüyü işlərin «hüsn» (müsbət) tələbatından irəli gəldiyi hesab edilir.
Digər tərəfdən də onlar belə bir əqidədədirlər ki, ilahi qəza-qədər Allahın ədalətindən doğur və Allah-taala yalnız haqq-ədalət üzərində qəzavət edəcəkdir. Bunun üçün də bu məzhəb insanların ilahi qəza-qədər üzündən günaha düçar olmasına dair irəli sürülən nəzəriyyəni qətiyyətlə rədd edir. Bu məktəbə əsasən, insanın gördüyü bütün işlər onun özünə aiddir və görülən heç bir yaxşı və ya pis işi Allah-taalaya nisbət vermək olmaz. Zeydiyyə alimləri Qur᾿anda insanın gördüyü işlərə dair istifadə olunan ifadələri öz e᾿tiqadlarının sübuta yetirilməsində əsaslı dəlil hesab edirlər. Belə ki, Qur᾿ani-kərimin bir çox ayələrində «yəksibun» – ələ gətirirlər, «yəmkurun» – məkr və hiylə edirlər, «yəf᾿əlun» – yerinə yetirirlər, «yəsnəun» – qururlar, meydana gətirirlər, «yəxliqunə ifkən» – günah edirlər, «yəkfurun» – küfr edirlər kimi ifadələrdən istifadə olunduğunu müşahidə edirik. Demək, insanın istər yaxşı, istərsə də pis və xoşagəlməz əməlləri onun özünə aid olunur.
İnsanın gördüyü bütün işlərdə yalnız onun özünün məs᾿uliyyət daşımasında və Allahın qəza-qədər və iradəsinin gördüyü işlərdə heç bir tə᾿siri olmamasına dair irəli sürdükləri nəzəriyyədə Zeydiyyə məzhəbi ilə Mö᾿təzilə məktəbi tamamilə həmfikir və həmrə᾿ydir. Lakin «Əmrun beynə əmreyn*»ə e᾿tiqadlı olan imamiyyə ilə zeydiyyə və mö᾿təzilə arasında müəyyən fikir ayrılığı vardır.
Bu məktəb digər tərəfdən də Allah-taalanın insanlara onların güc və bacarığından xaric vəzifələr tə᾿yin etməsini qəbahət hesab edir və bunun ilahi ədalətə uyğun gəlmədiyinə əqidə bəsləyirlər.
3. VƏ᾿D VƏ VƏİD
(CƏNNƏTƏ MÜJDƏ, CƏHƏNNƏM ƏZABINDAN QORXUTMAQ)
Bu məsələdə Zeydiyyə ilə Mö᾿təzilə həmfikirdir. Onlar belə bir əqidədədirlər ki, və᾿d və vəid Allah üçün vacib və zəruridir. Çünki O, mö᾿minlərin cənnətə, kafirlərin isə cəhənnəmə daxil olacağına və᾿də vermişdir. Bu səbəbdən də O, «və᾿d» və «vəid» qaydasına əməl etməlidir.
Böyük günahlara gəldikdə də, onlar Mö᾿təzilə kimi «Mənzilətun beynə mənziləteyn*» nəzəriyyəsinə əsaslanırlar. Çünki, Zeydiyyə məzhəbi böyük günaha düçar olanları fasiq hesab edərək deyir: «Böyük günaha düçar olanlar nə kafir, nə də mö᾿mindirlər.» Onlar belə bir əqidədədirlər ki, kafir və mö᾿min ifadəsi bu şəxslərə dəlalət etmir. Həmçinin qeyd edirlər ki, böyük günaha düçar olmuş hər bir şəxs tövbə etmədən dünyasını dəyişərsə, əbədi olaraq cəhənnəmdə qalacaqdır.
Zeydiyyə ilə imamiyyə arasında mövcud olan fikir ayrılıqlarından biri də məhz bu məsələ ətrafındadır. Çünki, imamiyyə ardıcılları böyük günaha düçar olan şəxslərin cəhənnəmə daxil olacaqlarını qəbul etsələr də, onların əbədi olaraq orada qalacaqlarına e᾿tiqadlı deyildirlər.
4. NÜBUVVƏT
Peyğəmbərlik məsələsində Zeydiyyə ilə digər islam firqələri arasında nəzərə çarpacaq ixtilaflar mövcuddur. Onlar peyğəmbərlərin mə᾿sum olmasını və onlara olan ehtiyacların əqlən zəruriliyini qəbul edərək deyirlər: Şəriət sahibi və ya əvvəlki peyğəmbərlərin gətirdikləri şəriəti təzələyən hər bir peyğəmbər, hər şeydən əvvəl, Allahın lütfü ilə peyğəmbərliyə tə᾿yin olunmazdan əvvəl böyük günahlardan uzaq (mə᾿sum) olmalıdır. Bundan əlavə, peyğəmbərlik məqamına xələl gətirən və eləcə də onlara qarşı şübhə yaradacaq kiçik günahlara da yaxın düşməməlidirlər.
Lakin İmamiyyə məzhəbi kiçik və böyüklüyündən, həmçinin şübhə yaradıb-yaratmamasından asılı olmayaraq, Peyğəmbərləri bütün günahlardan uzaq və mə᾿sum hesab edir.
5. YAXŞI İŞLƏRƏ DƏ᾿VƏT VƏ PİS İŞLƏRDƏN ÇƏKİNDİRMƏK
(ƏMR BE MƏ᾿RUF VƏ NƏHY ƏNİL MUNKƏR)
Əmr be mə᾿ruf və nəhy əz münkər Zeydiyyə məzhəbinin dini e᾿tiqadlarının beşinci əsas hissəsini təşkil edir. Onlar bu prinsipi belə izah edirlər: «Əmr be mə᾿ruf və nəhy əz münkər, nəzəri baxımdan qəlbən təsdiq, dillə iqrar etmək və əməli olaraq həyata keçirməkdən yə᾿ni, Allahın əmr etdiyi şeylərə də᾿vət və yasaq etdiklərindən çəkindirməkdən ibarətdir. Əməli baxımdan isə haqq-ədalətə kömək, batilə qarşı mübarizə, Allahın, peyğəmbərlərin və mö᾿minlərin izzətinin isbatı üçün əməl, dil və imanın ən aşağı mərhələsi olan qəlbi ehtiramın vacibliyinə iman gətirməkdir.
6. İMAMƏT
Zeydiyyə nöqteyi-nəzərindən Peyğəmbərdən (s) sonra birinci imam və xəlifə Əmirəl-mö᾿minin Əli ibni Əbu Talib (ə) olmalıdır. Onlar Əlini (ə) xilafət üçün ən layiqli və bacarıqlı bir şəxsiyyət hesab edirlər. Əqidələrinin sübuta yetirilməsində Əli (ə) barəsində nazil olmuş «Maidə» surəsinin 155-ci ayəsinə, «Qədir-Xum» və «Mənzilət» hədislərinə istinad edirlər.
Zeydiyyə məzhəbi Əmirəl-mö᾿minin Əli ibni Əbu Talibdən sonra Həsən ibni Əli (ə) və Hüseyn ibni Əlini (ə) özlərinə imam hesab edir və bu barədə Peyğəmbərdən (s) nəql olunan bu hədisə əsaslanırlar: «Həsən və Hüseyn qiyam etsələr də, etməsələr də imamdırlar. Ataları isə onların hər ikisindən üstündür.»
Zeydiyyə məzhəbi bu hədisi imam Həsən və imam Hüseynin (ə) imamətini sübuta yetirmək üçün açıq-aşkar sənəd hesab edir. Onlar İmam Həsən və imam Hüseyn (ə)-ın hər ikisinin övladlarını imamət üçün layiqli hesab edib deyirlər: Ata tərəfindən həzrət Fatimə (s) övladlarından olan hər bir şəxs imama xas olan xüsusiyyətə malik olarsa, müsəlmanların rəhbəri olacaqdır.
Bu məzhəbə görə, imamət üçün lazım olan xüsusiyyətlər şər᾿i məsələlərdə başqalarından daha elmli olmaq, pəhrizkarlıqda şan-şöhrət tapmaq, şücaət, səxavət, düşüncə və təfəkkür, din yolunda qiyam və cihad etməkdən ibarətdir.
Zeydiyyə, Peyğəmbər (s) tərəfindən imam Zeynəlabidin (ə)-ın imamətinə dəlalət edəcək bir sənədin olmadığını və din yolunda qiyam etmədiyini əldə əsas tutub onu dördüncü imam hesab etmirlər. Əgər bu iki şərtdən biri Zeydiyyə tərəfdarları üçün sabit olsaydı, onu imam kimi qəbul edərdilər.
Peyğəmbər (s) tərəfindən imamın haqq olmasına dəlalət edəcək açıq-aşkar dəlil olduğu təqdirdə, onun qiyam etməsi heç də zəruri deyildir. Bu səbəbdən də onlar Əli ibni ƏbuTalibdən sonra imam Həsən, imam Hüseyn və Zeyd ibni Əlinin imamətini qəbul edirlər.
Suallar və tapşırıqlar
1. Zeydiyyə məzhəbinin tövhidə olan baxışını bəyan edin.
2. Zeydiyyənin qəza-qədərə, cəbr və ixtiyara olan baxışı nədən ibarətdir?
3. Onlar hansı məsələlərdə Mö᾿təzilə ilə həmfikirdirlər?
4. Bu məktəbin Əmr be mə᾿ruf və nəhy əz münkərə olan baxışı nədən ibarətdir?
5. Zeydiyyə nöqteyi-nəzərindən kimlər imamətə daha layiqli hesab edilir?
İslam məzhəbləri ilə tanışlıq kitabı.

 


more post like this