Osman ibn Məzun İslamın ilk çağlarındakı müsəlmanların parlaq simalarındandır. O, ömrünün sonunadək İslam yolunda sabitqədəm olmuşdur. Osman ibn Məzun Həbib ibn Vəhəb ibn Hədaqə ibn Cəmh əl-Cəmhinin oğlu idi. (Siyər Əlam ən-Nubəla, c.1, səh. 144) O, İslam dinini qəbul edən 14-cü şəxs və Rəsulullahın (s) səhabələrindən biri idi. Osman ibn Məzun iki dəfə hicrət etmişdir. Onun İslamın ilk çağlarında olan ilk hicrəti Həbəşistana olmuşdur. O, Bədr döyüşündə iştirak edən şəxslərdən idi. Osman ibn Məzun hətta cahiliyyət dövründə belə şərabı özünə haram etmişdi. (Siyər Əlam ən-Nubəla, c.1, səh. 155)
Peyğəmbər (s) Osman ibn Məzunu çox istəyirdi. O, çox böyük bir şəxsiyyət, abid və zahid idi. Gündüzləri oruc tutur, gecələri isə ibadət edirdi. O, 2-ci h.q. ilində Zil-Hiccə ayında, Mədinə şəhərində vəfat etmişdir.
Osman ibn Məzun vəfat etdikdə Hz. Rəsulullah (s) oraya gəlib belə buyurmuşdu: “Ey Əba-Saib (Saibin atası)! Allah Sənə rəhmət etsin”.
Sonra Rəsulullah (s) əyilib onun üzündən öpüb. Belə nəql olunmuşdur ki, Hz. Peyğəmbər (s) ayağa qalxanda ağlamağının əlamətləri mübarək simasında görünürdü. Sonra Hz. Peyğəmbər (s) ona namaz qılıb, onu Bəqi qəbiristanlığında torpağa tapşırmışdı və qəbrin yerinin itməməsi üçün üzərinə bir daş qoymuşdu. Hz.Peyğəmbər (s) sonralar da onu ziyarət edərdi. O, Bəqidə torpağa tapşırılan ilk şəxsdir. Bu, vəfat edən digər müsəlmanların da orada dəfn olunmasına yol açdı və beləliklə, Bəqi müsəlman qəbristanlığına çevrildi. (Sireye-İbn Hişam)
Hz.Peyğəmbərin (s) qızı Rüqəyya vəfat etdikdə belə buyurub:

«الحقی بسلفنا الخیر عثمان بن مظعون»

“Qızım xeyirli sələfimiz Osman ibn Məzuna çatdı”. (Siyər Əlam ən-Nubəla, c.1, səh. 100 və c. 2, səh 232)
Həmçinin Hz.Peyğəmbərin (s) qızı Zeynəb də bu fani dünyadan köçəndə belə buyurdu:

«الحقی بسلفنا الخیر عثمان بن مظعون»

“Qızım xeyirli sələfimiz Osman ibn Məzuna çatdı”. (Tənqih-ul-Məqal, c.2, səh. 249)

Osman ibn Məzunun qeyrət və igidliyi

Məkkədə Qureyşin müsəlmanlara əzab-əziyyət verdiyi bir vaxtda Osman ibn Məzun Qureyşin məşhur şəxslərindən biri olan Vəlid ibn Muğirənin himayəsində idi. Osman ibn Məzun digər müsəlmanların Qureyş başçılarının təqib və işgəncələri altında olduğu bir halda, özünün Vəlidin amanında azad və sərbəst şəkildə get-gəl etdiyini və heç kimin onunla bir işi olmadığını gördükdə, o, bu sığınacağı özünə böyük bir rüsvayçılıq hesab etmiş və öz-özünə demişdir: “Mənim din qardaşlarım əzab-əziyyət, işgəncə çəksinlər və mən də müşrik bir şəxsin yanında əyləşim?”
Buna görə də Vəlidin yanına gəlmiş, ona sığınacaq verdiyi və himayə etdiyi üçün təşəkkür etmiş və sonra demişdir: “Artıq məni himayə etməyini və qorumağını istəmirəm”.
Vəlid səbəbini soruşanda Osman ibn Məzun cavab vermişdi ki, istəyirəm Allahın pənahında və himayəsində olum. Ondan başqasının himayəsində olmaq istəmirəm. Vəlid, gəl Məscidul-Hərama gedək və necə ki, mən açıq-aşkar sənin himayənə daxil olmuşdum, eləcə, camaatın arasında elan et ki, sən öz himayədarlıq haqqını mənim üzərimdən götürürsən.
Beləliklə, hər ikisi Məscidul-Hərama getmişdi. Orada Vəlid ibn Muğirə üzünü Qureyş başçılarına tutub demişdi: “Xəbəriniz olsun ki, bu Osman ibn Məzun himayə haqqını mənə geri qaytardı, himayədarlığımdan çıxmaq istədi və mən də öz himayəmi onun üzərindən götürürəm”.
Sonra Osman ibn Məzun belə söyləmişdi: “Vəlid düz deyir. Mən onun himayədarlıqda yaxşı və vəfalı biri olduğunu gördüm. Lakin mən Allahın himayəsindən və pənahından başqa bir himayə və pənahgah istəmirəm”. (Sireye-İbn Hişam)

Allahın salam və rəhməti sənə olsun, ey Peyğəmbər (s) səhabəsi!

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir


more post like this