Rəbbimiz deyir ki, oruc tutun ki, inşəallah, təqvalı olarsınız. Yəni günah etməzsiniz, günaha doğru getməzsiniz. Fəsaddan uzaq olarsınız, özünüzü, öz durumunuzu daha çox kontrol edərsiniz. Necə? Oruc nə verir adama? Oruc tutmağın nə hikməti, nə özəlliyi var? Oruc tutmağın nə xüsusi bir cəhəti var ki, nəticədə insanı təqvalı edər? Nəticədə insanın həyatında fəsadı azaldar və insanın təqvasını artırar?

Orucun bu kimi işlək bir mexanizm rolunu oynaması, onun günahları mənbələndirən amillərin qarşısını almağı ilə bağlıdır. Oruc bunları nəzarətə götürür. Oruc həm qəzəb hissini, həm də şəhvət hissini kontrola alır. Bunu öz mahiyyəti ilə edir. Həqiqi oruc tutan insan bütün əzaları ilə pəhriz etməsilə yanaşı, qəlbini və düşüncələrini, zehnini, fikir axımını da öz nəzarətində saxlayır. O, bilir ki, fərqinə varır ki, bir anlıq öz fikir axımını özbaşına buraxsa, destruktiv və reqress düşüncələr üçün münbit zəmin yaratmış olar. Və bu əqlani nəzarət avtomatik olaraq oruc tutanın şəhvət və qəzəb hisslərinə də şamil olunur. Nəticə etibarilə, bu iki əsas amilin əhliləşdirilməsi də digər günahların və günah barədə fikirlərin qarşısını alır. Bunun nəticəsində insanda fəsad azalar, insanda təqva artar. Allahın Peyğəmbəri (s) buyurur: “Oruc tutmağı sənə tövsiyə edirəm ki, oruc şəhvət damarlarını kəsər və lovğalığı aradan aparar».

Oruc insanın şəhvətini, təkəbbürünü, lovğalığını, qəzəbini nəzarətdə saxlayar. Oruc insanın daxilində bir mübarək ab-hava yaradar ki, burada əyintilərə, eybəcərliklərə yer qalmaz. Burada insanın vücudi inkişafı üçün gözəl şərait yaranar. Və həmin şəraitdə insan öz tüğyan etmək istəyən nəfsini ram edər, öz hisslərinə daha çox sahib olar, qəzəb və şəhvətinə nəzarət edər. Bunu edə bilsə, təqvalılıq üçün böyük zəmin yaranar. İnsanın müsbətlərə can atması və mənfiliklərdən çəkinməsi təbii bir prosesə çevrilər. O, eybəcərlikləri eybəcər, gözəllikləri isə gözəl görər.

 

Hacı İlqar İbrahimoğlu

 

http://sualcavab.ge


more post like this