Məsələ 2444: Ürəyin, böyrəyin, bədən üzvlərinin köçürülməsi mümkündür. Bu üzvlər diri və ölü şəxsdən götürülə bilər. Meyitin müsəlman və ya qeyri-müsəlman olmasının fərqi yoxdur. Amma müsəlman meyitin orqanını o vaxt götürmək olar ki, başqa bir müsəlmanın həyatı bundan asılı olsun. Hər halda ehtiyata əsasən müsəlman meyitdən götürülən üzvün diyəsini fiqh kitablarında göstərildiyi qaydada ödəmək lazımdır.
Məsələ 2445: Əgər bir şəxs həyatda olduğu vaxt orqanlarından istifadə üçün icazə versə və ya öldükdən sonra onun qəyyumları belə bir icazə versə, diyə və digər hökmlər dəyişmir və ehtiyat budur ki, istənilən bir halda diyə ödənsin.
Məsələ 2446: Sağlam insanın bədən üzvünü götürüb başqa bir insana köçürmək, məsələn, iki böyrəyi olan şəxsin bir böyrəyini böyrəyi fəaliyyətdən düşmüş insana köçürmək orqan sahibinin razılığı ilə mümkündür. Amma böyrəyi götürülənin həyatı üçün təhlükə yaranmamalıdır. Ehtiyat budur ki, pul aldıqda üzvün özünə görə yox, onun götürülməsinə icazə müqabilində alsın.
Məsələ 2447: Müalicə, əməliyyat və ya həyatı qorumaq məqsədi ilə bir insanın qanını o birinə köçürmək olar. Bu qanın müsəlman və ya kafir, kişi və ya qadın qanı olmasının fərqi yoxdur. Bu məqsədlə qan alış-verişinin eybi yoxdur.
Məsələ 2448: Ölüdən və ya diridən hər hansı orqanı götürsələr və digər bir şəxsə köçürsələr bu orqan murdar və meyit sayılmır və onunla namaz qılmaq olar.
Məsələ 2449: Tibbi məqsədlə müsəlman meyitini bir neçə şərt ödəndikdə yarmaq olar:
1. Bu işdə məqsəd müsəlmanların qurtuluşu məqsədi ilə tibbi mə’lumatlar əldə edilməsi olmalıdır. Belə ki, meyiti yarmadan bu mə’lumatları əldə etmək mümkün olmasın;
2. Qeyri-müsəlman meyiti əldə etmək mümkün olmasın;
3. Ehtiyac həddi ilə kifayətlənmək lazımdır. Deyilən şəraitdə meyitin yarılması hətta vacibdir. Qeyri-müsəlman meyitini yarmaq üçün isə bu şərtlər ödənməyə də bilər.
Məsələ 2450: Yarılacaq meyit müsəlmansa və ona qüsl verilmişsə, ona toxunmaqla qüsl vacib olmaz. Başqa hallarda hər dəfə ölüyə toxunduqdan sonra meyitə toxunmaq qüslü vacib olur. Qüsl vermək məşəqqətə səbəb olarsa, təyəmmüm etmək olar. Amma yarılma işi ətsiz sümükdə və ya qəlb və beyin kimi bir orqanda aparılarsa qüslə ehtiyac yoxdur. Meyit yarılarkən əlcəkdən istifadə edilsə qüsl vacib olmaz.
Məsələ 2451: Əgər meyitin yarılması şər’i qaydada yerinə yetirilərsə onun diyəsi yoxdur.
həzrət Ayətullahül-üzma Məkarim Şirazinin Şəriət risaləsi


more post like this