ƏQİDƏLƏR (1)
1. Mö᾿təzilə məzhəbinin əqidə üsulları hansılardır?
2. Onların tövhid barədə nəzərləri nədən ibarətdir?
Keçən dərsdə xülasə şəkildə qeyd olundu ki, e᾿tiqadi məsələlərdə mö᾿təzilə məzhəbinə bağlı olan müxtəlif firqələr arasında fikir ayrılığı olduğu halda, onların nisbətən müttəfiq olduqları məsələlər də mövcuddur. Bunlar mö᾿təzilə məzhəbinin əsas üsulları adı ilə tanınan beş məşhur e᾿tiqadi əsasdan ibarətdir: Tövhid, ədl, və᾿d və vəid, əl-mənzilətu beynəl-mənziləteyn, əmr be mə᾿ruf və nəhy əz münkər. Bu dərsdə həmin beş e᾿tiqadi əsası şərh edəcəyik.
1. Tövhid;
Kəlam alimləri tövhid haqda əsasən altı mehvərdə söhbət edirlər:
1. Allah-taalanın varlığının isbat olunması;
2. Allah-taalanın vahid və əhəd olmasının isbatı;
3. İlahi sifətlər haqda istər zat, istərsə də fe᾿llə əlaqədar olan lazımi agahlıqlar;
4. Sifətlərin ilahi zatla necə əlaqələndirilməsi;
5. Allah-taalanı səlbi (mənfi) sifətlərdən uzaq bilmək;.
6. Allahın gözlə görünməsinin mümkün olub-olmaması.
Mö᾿təzilə məzhəbinin özünəməxsus baxışları əsas e᾿tibarı ilə dördüncü və altıncı bəndlərə aiddir, yerdə qalan dörd mehvərdə isə onlar İslam alimlərinin ümumi nəzərini qəbul etmişlər.
Bu məsələnin əsas səbəbi e᾿tiqadi cəhətdən onlarla əhli-hədis və əş᾿ərilər arasında olan qarşıdurmalar və kəskin fikir ayrılıqlarıdır. Həqiqətdə onların bir-birlərindən ayrılmasının ən əsas səbəbi də məhz budur. Bu mehvər aşağıdakılardır:
a) Sifətlərin ilahi zatla necə əlaqələndirilməsi;
Bu barədə mö᾿təzilə məzhəbinin nəzəri budur ki, ilahi sifətlər Allahın zatına artırılmamışdır. Əhli-hədis və əş᾿ərilərin inancına görə isə, kamal sifətlərinin hamısı qədim olduğu halda, Onun zatına artırılmışdır.
Mö᾿təzilə məzhəbinin ardıcılları bu nəzəriyyəyə irad tutaraq bildirirlər ki, əgər ilahi sifətlərin hamısını qədim və eyni halda ilahi zata artırılmış hesab etsək, onda «qədimlər çoxluğu» lazım gələr və bu da açıq-aşkar şirk hesab olunur. Buna görə də onlar ilahi sifətlərin Allahın zatı ilə eyni olmasına və ona artırılmamasına e᾿tiqadlıdırlar.
b) Allahı gözlə görməyin mümkün olub-olmaması və ya bu işin qeyri-mümkünlüyü.
Əhli-hədisin əqidələrini araşdırarkən qeyd olundu ki, onlar Allahı gözlə görməyin mümkünlüyünə inanırlar, əş᾿ərilər də onlara tabe olaraq, bu işi mümkün hesab edirlər. Lakin bu iki firqənin «Allahı görmək» məsələsinin necəliyində fərqi vardır ki, ikinci dəstə bu işin heç bir xüsusiyyətə malik olmamasına əqidə bəsləyir. Amma mö᾿təzilə ardıcılları əş᾿əri və əhli-hədis firqələrinin ziddinə çıxaraq, Allahı gözlə görməyi qeyri-mümkün hesab edirlər.
Bu bəhsin mənşəyi xəbəri sifətlərlə əlaqədardır. Belə ki, əhli-hədis və əş᾿əri məzhəbi xəbəriyyə sifətlərinə inanır və Allahın gözlə görünməsini mümkün hesab edirlər. Amma mö᾿təzilə ardıcılları zahiri üzvlərlə hiss olunan sifətləri Allah-taalanın zatından uzaq bildiklərinə görə, onun gözlə görünməsini qeyri-mümkün hesab edirlər. Onlar öz nəzərlərini iki yolla isbat edirlər:
1. Əqli dəlil;
İnsan, yalnız hiss üzvlərinin hiss etmək imkanında olan şeyləri hiss edə bilər. Bir şey insanın gözləri önündə qərar tutmayınca, onu görmək mümkün deyildir; hər hansı bir şeyi hiss edə biliriksə, deməli o şeyin duyğu üzvlərimizdən hansı birininsə funksiyaları ilə uyğunluğu vardır. Allah-taalanın insanın hiss üzvlərinin heç bir funksiyası ilə uyğunluğu yoxdur. Müqəddəs zatın maddi aləmlə heç bir oxşarlığı olmadığına və bu aləmin fövqündə dayandığına görə, Onun insanların gözləri önündə yerləşməsi, görmə üzvü qarşısında qərar tuta bilməsi mümkün deyildir.
2. Nəqli dəlil.
Mö᾿təzilə ardıcılları Allahı gözlə görməyin qeyri-mümkünlüyünü isbat etmək üçün aşağıdakı ayəyə istinad edirlər:
«Gözlər Onu (görüb) dərk etməz. O, gözləri dərk edər. O, lətifdir (cismlikdən uzaqdır) və hər şeydən xəbərdardır!»
2. İlahi ədalət;
Mö᾿təzilə məzhəbinin tövhiddən sonra ikinci əsas e᾿tiqad prinsipi ilahi ədalətdir. Onlar bu məsələdə imamiyyə məzhəbi ilə eyni fikirdədirlər və cəbrə e᾿tiqadlı olanların, eləcə də əhli-hədisin və əş᾿ərilərin müqabilində dayanırlar.
Mö᾿təzilə ardıcılları ədalət dedikdə, Allah-taalanın ədalətli və kərəm sahibi olmasını nəzərdə tuturlar. O, insanları Özünə ibadət etmək üçün yaratmış və onları özünə itaət etməyə əmr etmiş və itaətsizlikdən çəkindirmişdir. Allah-taala hamını hidayət etmiş, ne᾿mətlərini hamıya əta etmiş, Öz lütf və mərhəmətini bütün insanlara şamil etmiş, heç kəsi bacarığından artıq işlərə mükəlləf etməmişdir. Xilqət işlərində əbəslik, Onun fe᾿llərində çatışmazlıq yoxdur. Heç bir şəsxi, günahlarından başqa bir şeyə görə cəzalandırmaz, heç bir kəsə zülm etməz, azacıq da olsa, yaxşı iş görənlərin mükafatını bir neçə qat verər.
3. Və᾿d və vəid;
Mö᾿təzilə firqəsinin e᾿tiqadi əsaslarının üçüncüsü və᾿d və vəid adlanır. Və᾿d – saleh əməllər və itaət qarşısında mükafat və tə᾿rif, vəid isə çirkin əmllərə görə cəza və məzəmmət mə᾿nasınadır.
Mö᾿təzilə ardıcıllarının əqidəsinə görə, saleh bəndələrə mükafat, günahkarlara və kafirlərə əzab vermək Allah üçün vacibdir. Əhdə vəfa etmək vacib olduğu üçün, Allah-taala və᾿d etdiyi şeyləri hökmən həyata keçirməlidir.
Əlbəttə, bu məsələdə mö᾿təzilə ardıcılları arasında fikir ayrılığı vardır. Bəsrə məktəbinin ardıcılları inanırlar ki, günahkarların əvf edilməsi Allah üçün vacib deyil, caizdir. Onlar öz müddəalarına belə bir dəlil gətirirlər ki, günahkarları cəzalandırmaq Allah-taalanın bəndələr üzərində olan haqqıdır. Buna görə də Allah istəsə əzab verə bilər, istəməsə Öz haqqından keçərək günahkarı əfv edər. Bir kəsin güzəştə gedib öz haqqından keçməsi başqasının haqqının aradan getməsinə səbəb olmaz və bu işin ilahi ədalətlə heç bir ziddiyyəti yoxdur.
Bu əqidənin qarşısında Bağdad məktəbi ardıcılları günahkarların əfv edilməsini caiz bilmir və iddia edirlər ki, günahkar şəxsləri cəzalandırmaq Allaha vacibdir. Bu məktəb ardıcıllarının nəzərində, günahkarların cəzalandırılması, saleh şəxslərin mükafatlandırılmasından daha vacibdir. Çünki Allah-taala bəndələrə verdiyi ne᾿mət və mükafatları Öz mərhəməti hesabına əta edir; Allah bir kəsə borclu deyildir ki, onun ödənməsi Allaha vacib olsun. Günahkarların cəzalandırılması haqda isə, ümumiyyətlə belə bir qayda yoxdur.
Bağdad məktəbinin ardıcılları günahkarların əfv edilməsinin caiz olmaması ilə əlaqədar müddəalarını isbat etmək üçün üç dəlil gətirmişlər:
1. Günahkarları cəzalandırmaq Allah tərəfindən olan bir lütf və mərhəmətdir.
Bəndə günah edəcəyi təqdirdə, qəti şəkildə cəzalandırılacağını bildiyi üçün günahdan çəkinərək vacib əməlləri yerinə yetirəcək və bu halda nicat və qurtuluşa nail olacaqdır. Bu da Allahın onun barəsindəki mərhəmətidir. Çünki cəzanın Allah tərəfindən bir mərhəmət olduğunu qəbul etdikdə, Allaha, öz lütfünü mükəlləfin haqqında əda etmək vacib olur.
2. Allah-taala günahkarlara cəza və᾿dəsi vermişdir. Buna əsasən, onları əfv edərsə, Öz və᾿dəsinə xilaf çıxmış olur; və᾿dəyə xilaf çıxmaq isə qəbahətli bir işdir.
3. Günahkarı əfv etməyin caiz olması, mükəlləfin, ilahi əfvə ümid bəsləyib, ona arxalanmaqla günah işlərə mürtəkib olmağa cür᾿ətlənməsinə səbəb olur. Allah-taalanın, Öz bəndələrini günah işlərə təşviq etməsi çox qəbahətli bir məsələdir. İnsanlar ilahi əfvə arxalanaraq günah bataqlığına süqut etməsin deyə, günahkarları cəzalandırmaq zəruri və vacibdir.
TƏNQİD VƏ ARAŞDIRMALAR
Bağdad məktəbi ardıcıllarının istinad etdikləri dəlilə müəyyən iradlar tutulmuşdur.
Birinci dəlilin iradı:
İlahi lütf bəndənin ibadətə yaxınlaşdırılması və günahdan uzaqlaşdırılması üçün bir amildir və bu məsələ cəza və mükafat evi olan axirətdə deyil, yalnız təklif və əməl evi sayılan dünyada təsəvvür oluna bilər.
İkinci dəlilin iradı:
Və᾿də və vəidin – əhdə vəfa etmək, yaxud və᾿dəyə xilaf çıxmaq baxımından bir-birləri ilə fərqi vardır. Çünki əqli baxımdan və᾿dəyə xilaf çıxmaq qəbahət sayılır və bütün əql sahibləri öz əhdinə xilaf çıxanları məzəmmət edirlər. Amma «vəidə» xilaf çıxmaq əqlən qəbahət deyil, əksinə əfv etmək daha bəyəniləndir. Belə ki, əfv edən həmişə tə᾿riflənir və bu əməl onun üçün bir növ alicənablıq və kəramət hesab olunur. Buna əsasən, əgər əfv etmək Allah üçün qəbahətli və bəyənilməz bir iş olsaydı, onda bu iş hər bir aqil şəxs tərəfindən baş versəydi, qəbahətli sayılmalı idi.
Üçüncü dəlilin iradı:
Əfvin ehtimali şəkildə deyil, vacib və qəti olmasına inanmaq mükəlləfin günah işlərə mürtəkib olmasında cəsarət tapıb cür᾿ətlənməsinə səbəb olur. Bundan əlavə, əgər əfvin ehtimali şəkildə olmasını da inkar etsək, onda tövbə və şəfaət məsələsi də aradan gedəcəkdir.
SUALLAR VƏ TAPŞIRIQLAR
1. Mö᾿təzilə məzhəbinin e᾿tiqadi üsullarını sadalayın.
2. Mö᾿təzilə məzhəbinin tövhid barəsindəki nəzəriyyəsini bəyan edin.
3. Mö᾿təzilə ardıcılları ilahi ədaləti necə izah və tə᾿rif edirlər?
4. Onların ilahi və᾿də və vəid barədə fikirləri necədir?
5. Və᾿də və vəid barədə Bəsrə və Bağdad məktəblərinin fərqini izah edin.
İslam məzhəbləri ilə tanışlıq kitabı.

 

 


more post like this