–Müqəddimə
–Çoxluğun inkar olunması
–Tərkibin inkar olunması
–Zata artırılan sifətlərin inkar olunması
–Fe’li tövhid
–Tə’sirdə müstəqillik
–İki mühüm nəticə
–Bir şübhənin dəf edilməsi
MÜQƏDDİMƏ
Lüğətdə “yeganə bilmək”, “vahid hesab etmək” mə’nasında olan tövhid kəlməsi fəlsəfə, kəlam, əxlaq və irfan alimləri arasında müxtəlif mə’nalarda işlədilir ki, onların hamısında Mütəal Allahı xüsusi cəhətdə yeganə bilmək nəzərdə tutulur. Bə’zən onlar “tövhidin qismləri”, yaxud “tövhidin mərtəbələri” kimi qeyd edilir. Onların hamısının araşdırılması bu kitabın həcmi ilə uyğun olmadığından onun ən məşhur və münasib istilahlarını araşdırmaqla fayətlənirik.
1. ÇOXLUĞUN İNKAR EDİLMƏSİ
Tövhidin ilk məşhur istilahı Allahın vahid olmasına e’tiqad və zatından kənardakı çoxluğu inkar etməkdir. Bu da ikiliyə, yaxud daha artıq mə’buda inanmağın və aşkar şirkin qarşısında dayanır ki, hər birinin digərindən ayrılıqda və müstəqil şəkildə vücuda malik olsun.
2. TƏRKİBİN İNKAR OLUNMASI
Tövhidin ikinci istilahı Allahın zatı daxilində əhədiyyətə və bəsitliyə malik olmasına, zatının hissələrdən tərkib tapmadığına tam yəqinliklə e’tiqad bəsləməkdir.
Bu mə’na əksər hallarda səlbi sifət formasında (tərkibin inkar olunması) bəyan edilir. (Bu, yeddinci dərsdə qeyd olundu.) Çünki bizim zehnimiz bəsitlik məfhumuna nisbətən tərkib məfhumu və bunun qarşısında onun inkar olunması ilə daha çox tanışdır.
3. ZATA ARTIRILAN SİFƏTLƏRİN İNKAR EDİLMƏSİ
Tövhidin üçüncü mə’nası zati sifətlərin Allahın zatının özü ilə yeganə olmasına (eyniyyət təşkil etməsinə) inanmaq və zata artırılan sifətləri inkar etməkdir ki, bu da “sifati tövhid” olub rəvayətlərdə “nəfyi-sifat” adı ilə qeyd olunur. Bu da əş’ərilər kimi Allahın sifətlərinin zatına artırıldığını güman edən və “qədim səkkizlik”ə (“qüdəmai səmaniyə”) inananların müqabilində dayanır.
Sifati tövhid belə isbat olunur ki, əgər Allahın sifətlərinin hər birinin ayrılıqda nümunələri və müqabili olsaydı bir neçə haldan xaric olmazdı:
1.Onların nümunələri ilahi zatın daxilində fərz olunur. Bu da Allahın zatının hissələrdən təşkil olunmasını gərəkli edir və əvvəldə isbat edildi ki, belə bir şey qeyri-mümkündür.
2.Onların nümunələri zatdan xaricdə, yaxud da mümkünül-vücud və Allahın yaratdığı təsəvvür olunur. Amma onların Vacibül-vücud olması fərzi zatın çoxluq mə’nasında olduqda aşkar şirkdir və heç bir müsəlmanın ona inandığı güman olunmur. Sifətlərin mümkünül-vücud olması fərziyyəsi bunu tələb edir ki, fərzimizə görə, bu sifətlərə malik olmayan ilahi zat onları yaratsın və sonradan onlarla vəsf edilsin. Məsələn, zatən həyata malik olmayan bir şey həyat adlı bir varlığı yaratsın və onun vasitəsilə həyata malik olsun. Eləcə də elm, qüdrət və s. kimi sifətlərdə də bunu demək olar. Halbuki varlıq bağışlayan illətin məxluqunun kamallarından məhrum olması zatən qeyri-mümkündür. Bundan da pisi odur ki, öz yaratdıqlarının sayəsində həyat, elm və qüdrətə malik olsun və sair kamal sifətləri ilə vəsf edilsin!
Bu fərzlərin batil olması ilə aydın olur ki, ilahi sifətlərin bir-birindən və Allahın zatından ayrı nümunələri yoxdur, onların hamısı elə bir məfhumlardır ki, əql bunu Allahın müqəddəs zatından ibarət olan bəsit vahidin nümunəsindən bilir.
4. ƏF’ALİ TÖVHİD (fe’llərdə tövhid)
Filosofların və mütəkəllimlərin istilahında əf’ali tövhid adlanan dördüncü istilahın mə’nası bundan ibarətdir ki, Mütəal Allahın Öz işlərini yerinə yetirməkdə heç kəsə və heç nəyə ehtiyacı yoxdur, heç bir varlıq Ona heç bir kömək edə bilməz.
Bu mətləb varlıq bağışlayan illətin özünün bütün mə’lullarına qarşı qəyyumiyyətindən ibarət olan xüsusiyyətlərinə diqqət yetirməklə sübuta yetir. Çünki belə bir illətin mə’lulu bütün vücudu ilə illət vasitəsi ilə qaimdir, fəlsəfə istilahında isə ona “eyni-rəbt və təəllüq” deyilir, onun özündən heç bir istiqlaliyyəti yoxdur.
Başqa sözlə desək, hər kəsin nəyi varsa, Allahdandır, Onun təkvini və həqiqi qüdrəti, səltənəti və malikiyyəti dairəsindədir, başqalarının qüdrət və malikiyyəti ilahi qüdrətdən sonrakı mərhələdədir və onun təfərrüatındandır, nəinki onunla ziddiyyətdədir. Buna qulun malikiyyətini misal gətirmək olar. Onun kəsb etdiyi mal-dövlət öz ağasının mal-dövləti vasitəsi ilədir. (Yəni, sərmayə də, qazanc da, hətta özü də ağasına məxsusdur.) Bu halda Mütəal Allahın kiminsə köməyinə ehtiyac duyması necə mümkün ola bilər? Halbuki bütün varlıqlar və onların vücud işləri Allahın hesabınadır və Onunla qaimdir.
MÜSTƏQİL TƏ’SİR
Tövhidin beşinci istilahı tə’sirdə müstəqil olmağı inkar etməkdir, yə’ni Allahın məxluqları öz işlərində də Mütəal Allahdan ehtiyacsız deyillər. Onların bir-birinə tə’sir göstərmələri də Mütəal Allahın izni və onlara verdiyi qüvvə sayəsindədir. Həqiqətdə hər yerdə və hər şeydə müstəqil şəkildə və başqasına ehtiyacı olmadan tə’sir qoyan varlıq məhz Allahın müqəddəs zatıdır. Başqalarının failiyyəti və tə’siri də Onun failiyyəti və tə’siri sayəsindədir.
Məhz buna görə də Qur’ani-kərim təbii və qeyri-təbii faillərin (mələk, cin və insan) əsər və tə’sirlərini Mütəal Allaha mənsub edir. Misal üçün yağışın yağması, bitkinin cücərməsi, ağacın meyvə verməsi də Ona aid edilir. Qur’an camaatı digər faillərə istinad verərkən Allaha istinad verməni də dərk edərək, qəbul etməsinə və həmişə bu məsələyə diqqətli olmalarına israr edir.
Mətləbi daha yaxşı başa düşmək üçün şərti işlərdən misal gətiririk: Əgər idarənin rəisi öz işçilərinə müəyyən bir işi görməyi əmr etsə, həmin işin işçinin əli ilə yerinə yetirilməsinə baxmayaraq eyni halda rəisə və başçıya istinad verilir, hətta əql sahibləri də işin fərman verən şəxsə istinad edilməsini daha məqsədəuyğun hesab edirlər.
Təkvini failiyyətin də müxtəlif mərtəbələri vardır. Hər bir failin vücudu Allahın iradəsinə əsaslandığından və müəyyən cəhətdən hər hansı bir şeyi təsəvvür edən şəxsin zehni təsəvvürlərinə oxşadığından “və lillahil-məsəlul-ə’la – yüksək məsəllər Allaha məxsusdur” – deyə buyurulur. Buna görə də hər bir faildə və tə’sir edəndə yaranan vücud əsərlərinin hamısı daha yüksək mərtəbədə təkvini ilahi olan iradə və izn ilə şərtləndirilir və Mütəal Allaha istinad verilir “la hovlə və la qüvvətə illa billahil-əliyyil-əzim”. (Allahın qüdrət və qüvvətindən başqa qüdrət və qüvvət yoxdur.)
İKİ MÜHÜM NƏTİCƏ
Fe’llərdə tövhidin nəticəsi bundan ibarətdir ki, insan Allahdan başqa heç kəsi və heç bir şeyi sitayişə layiq görməsin. Çünki əvvəllər də işarə etdiyimiz kimi bəndənin xaliqi və rəbbi olan kəsdən başqası ibadətə layiq deyildir. Başqa sözlə desək bu məsələ üluhiyyət, xaliqiyyət və rübubiyyəti gərəkli edir.
Digər tərəfdən tövhidin sonuncu mə’nasından belə nəticə alınır ki, insan yalnız Allaha e’timad etməlidir, bütün işlərdə Ona təvəkkül etməli, yalnız Ondan kömək istəməli, yalnız Ona ümidvar olub, yalnız Ondan qorxmalı, hətta adi səbəblər onun ehtiyac və istəklərini tə’min etmək üçün mövcud olmazsa, yenə də ümidini kəsməməlidir, çünki Allah qeyri-adi yollarla da onun ehtiyacını tə’min edə bilər.
Belə bir şəxs Allahın xüsusi vilayəti altında qərar tutur, sonsuz və misilsiz ruhi asayişdən bəhrələnir.

“Agah olun ki, Allah dostları üçün heç bir qorxu yoxdur və onlar qüssələnməzlər.”
Bu iki nəticə hər bir müsəlmanın gündə heç olmazsa on dəfə təkrar etdiyi aşağıdakı şərif ayədə yerləşdirilmişdir:
“İyyakə nə’budu və iyyakə nəstəin – Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək istəyirik.”
BİR ŞÜBHƏNİN DƏF EDİLMƏSİ
Burada belə bir şübhə yarana bilər ki, əgər kamil tövhid insanın Allahdan başqa heç kəsdən kömək istəməməsini gərəkli edirsə, o zaman Allah övliyalarına təvəssül etmək də düz olmayacaq.
Cavab bundan ibarətdir ki, Allah övliyalarına təvəssül edən zaman onlardan müstəqil şəkildə və Allahın izni olmadan hər hansı bir işi görmələri təvəqqe olunarsa, belə təvəssülün tövhidlə əsla uyğunluğu yoxdur. Amma əgər Allahın onları Öz rəhmətinə çatmaq üçün bir vasitə qərar verdiyi və camaata da onlara təvəssül etməyi göstəriş verməsi ünvanı ilə olsa bunun tövhid ilə heç bir ziddiyyəti yoxdur, üstəlik ibadətdə və itaətdə tövhidin kamil nümunələrindən olacaqdır. Çünki bu işlər Onun əmri ilə baş verir.
Amma Allahın nə üçün belə vasitələri qərar verdiyinə, camaatı nə üçün onlara təvəssül etməyə əmr etməsinə gəldikdə isə cavab bundan ibarətdir ki, Allahın bu əmrinin müxtəlif hikmətləri vardır. O cümlədən aşağıdakıları qeyd etmək olar: Layiqli bəndələrin yüksək məqamının göstərilməsi, başqalarının belə bir məqama çatmağına səbəb olacaq qədər ibadət və itaətə təşviq edilməsi, bə’zi şəxslərin öz ibadətlərindən qürurlanaraq özlərini insani kamalın ən yüksək məqamlarına nail olmasını güman etməsinin qarşısını almaq. Çox təəssüflər ki, bu kimi işlər Əhli-beytin (ə) vilayət ne’mətindən və onlara təvəssül etməkdən məhrum olan çoxlu şəxslərdə baş verir.
SUALLAR
1.Tövhidin lüğəvi və istilahdakı mə’nalarını bəyan edin.
2.Sifətdə tövhidin dəlili nədir?
3.Fe’llərdəki tövhidi necə isbat etmək olar?
4.Müstəqil tə’sirdə yeganəlik mə’nasına olan tövhidi izah edin.
5.Tövhidin son iki qismindən alınan nəticələr hansılardır?
6.Allah övliyalarına təvəssül etməyin tövhidlə ziddiyyəti varmı? Niyə?
7.Allahın təvəssül etməyə əmr etməsinin hikməti nədir?
ƏQİDƏ ÜSULLARININ TƏ’LİMİ KİTABINDAN…


more post like this