)
1. Maturidinin ən mühüm əqidəvi əsasları hansılardır?
2. İlahi sifətlər barəsində Maturidinin nəzəri necədir?
3. Maturidinin cəbr və ixtiyar barəsində nəzəri nədən ibarətdir?
Keçən dərsdə Maturidinin kəlami üslubları ilə tanış olduq. Aydın oldu ki, Maturidi, Əş᾿əri kimi əhli-hədislə mö᾿təzilə firqələri arasında orta bir mövqe seçmək fikrində idi. Aşkar şəkildə nəzərə çarpır ki, Maturidi əhli-hədisin və Əş᾿ərənin əqidəvi nəzərlərinin bə᾿ziləri ilə müvafiq idi. Əks halda, burada orta mövqe seçməyə heç bir əsas olmazdı. Amma bununla belə, onun bu iki məzhəblə bir neçə əsaslı məsələdə ixtilafı var idi. Bunlar aşağıdakılardır:
1. Allah barəsində ümumi anlayış və mə᾿rifət;
2. İlahi sifətlər;
3. Cəbr və ixtiyar;
4. Əşyaların hüsn və qübhü; (İnsan ağlının yaxşı və pisi ayırd etməyə qadir olub-olmaması)
5. İnsanların bacarıqlarından artıq işlərə əmr olunması;
6. Böyük günahlara mürtəkib olanların hökmü.
Bu dərsdə Maturidinin bu beş mövzu ilə əlaqədar nəzərini araşdıracağıq. Qeyd etmək lazımdır ki, Maturidinin Əhli-hədis və Əşəri məzhəbi ilə olan ixtilaf və fərqləri təkcə yuxarıdakı altı məsələdə bitmir. Onların arasında digər ixtilaflı məsələlər də vardır ki, onların araşdırılması bu kitabın həcminə və səviyyəsinə uyğun deyildir. Bu haqda əlavə mə᾿lumat əldə etmək istəyənlər müfəssəl kəlam və fəlsəfə kitablarına müraciət edə bilərlər.
1. Allah barəsində ümumi anlayış və mə᾿rifət;
Allahı tanımaq və Onun barəsində mə᾿rifət kəsb etməyin zəruri və lazım olması barədə heç bir ixtilaf yoxdur və bütün firqələr bunun vacib olduğunu təsdiq etmişlər. İxtilaf yalnız mə᾿rifətin vacib olmasının necə isbat olunmasındadır. Əş᾿ərilər Allah barəsində mə᾿rifət kəsb etməyin, yalnız nəqli yolla vacib olmasına inanırlar. Onun üçün qeyd etdikləri dəlillərdən biri aşağıdakı ayədir:
«De ki: Bir gör göylərdə və yerdə nələr var. Lakin iman gətirməyən bir tayfaya ayələr və peyğəmbərlər heç bir fayda verməz.»
Allah-taala bu ayədə nəzər salmağı (mə᾿rifət kəsb etməyi) əmr etmişdir.
Əş᾿ərilərin qarşısında maturidiçilər inanırlar ki, Allah barəsində mə᾿rifət kəsb etməyin vacib olması əqli yolla isbat olunur. İnsan azacıq da olsa, təfəkkür etməklə Allahın vücudu bərəsində mə᾿rifət kəsb etməyin vacib olması, tövhid, ilahi iradə, qüdrət və elm, aləmin hadis olması, mö᾿cüzənin peyğəmbərlərin doğruçuluğuna dəlalət etməsi, Allaha küfr və Onu təkzib etməyin haram olması kimi məsələlərə vaqif olacaqdır. Bu nəzərdə maturidiçilər mö᾿təziləçilərlə müvafiqdirlər. Çünki mö᾿təziləçilər də Allah barəsində mə᾿rifət kəsb etməyin məhz əqli cəhətdən vacib olmasına inanırlar.
2. İlahi sifətlər;
İlahi sifətlər barəsində Maturidinin nəzəri üç halda (bunlar məzhəblər arasında ixtilaflı sayılan ən mühüm məsələlərdəndir) araşdırılmalıdır.
Birinci: Allahın zati sifətləri;
Əbu Muin Nəsəfinin nəql etdiyi kimi, Əbu Mənsur Maturidi Allahın zatı ilə sifətlərinin eyniyyət təşkil etdiyinə inanır və sifətlərin zata artırılmasına əqidəli olan Əş᾿ərilərin və Əhli-hədisin nəzərini rədd edir. O, bu barədə deyir: Allah Öz zatı ilə alimdir, Öz zati ilə diridir, Öz zati ilə qadirdir. Bu bəyan Əhməd ibni Hənbəlin həmin əqidənin izahında gətirdiyi ifadələrin qarşısında gətirilmişdir.
Maturidi daha sonra fe᾿li sifətlərlə zati sifətlər arasındakı fərqi rədd edir və fe᾿li sifətləri də zati sifətlər kimi əzəli hesab edir. Bu nəzərə əsasən, Allah-taala xəlq etməzdən əvvəl də, sonra da Xaliqdir. Bu söz də aləmin əzəli olmasını çatdırmır, çünki elm və qüdrət əzəli sifətlər olduğu kimi, mə᾿lumat və müqəddərat da məxluqdur, təkvin də əzəli sifətdir, lakin mükəvvənat məxluqdur.
İkinci: Xəbəri sifətlər;
Maturidi xəbəri sifətlər barəsində Allah ilə insanın sifətləri arasında heç bir təşbihi qəbul etmir və nəzərini Şura surəsinin 11-ci ayəsinə istinad etməklə sübut etməyə çalışır. «Allah-taala Öz məxluqatının heç biri ilə müqayisə edilməz və onlara təşbih oluna bilməz». Maturidi nəinki əhli-hədisin təşbihə inanan bir dəstəsinin nəzərini, hətta «xüsusiyyətsiz olan isbat» nəzəriyyəsini də rədd edir. O, mö᾿təzilə məzhəbinin yozumunu da qəbul etməyərək deyir:
«Hər bir yozum ehtimali nəzəriyyə olduğuna görə, onun həqiqətin əksinə olması da mümkündür.» Məhz bu səbəbdən də Maturidi xəbəri sifətlərə iman gətirməklə yanaşı, bu sifətlərin mə᾿nalarını Allahın elminə həvalə etmişdir.
Üçüncüsü: İlahi kəlam.
Maturidi inanır ki, Allahın kəlami sifəti sair ilahi sifətlər kimi əzəli və misilsizdir; o, bəşər kəlamına təşbih edilməməlidir. Deməli, Allah kəlamı hərf və səslərdən təşkil olunmamışdır; Allah kəlamı kəlmələrlə ifadə olunan bir sıra mə᾿nalardan ibarətdir. Nəticə e᾿tibarilə, qeyd olunmalıdır ki, məxluqun kəlam hərfləri və kəlmələri Allahın zati və əzəli kəlamının göstəricisidir və Allah kəlamının yalnız məxluq kəlamı vasitəsi ilə eşidilmək və düşünülmək imkanı vardır.
3. Cəbr və ixtiyar;
Maturidi qəza və qədər, eləcə də cəbr və ixtiyar məsələsində həm əhli-hədisin və əş᾿ərilərin, həm də mö᾿təzilənin nəzərini rədd edir. O, inanır ki, Allahla insanlar arasında olan rabitə, Allahla sair cismlər və varlıqlar arasındakı rabitə kimi deyildir. Allah insana əql qüvvəsi, haqqı batildən ayırd etmək qüdrəti, idrak, hiss, iradə, mühakimə yürütmək və qərara almaq kimi qüvvələr vermiş, bəşərin hidayəti üçün peyğəmbərlər və səmavi kitablar göndərmişdir. İnsan öz nəzərinə görə faydalı olan bir şeyə meyl edir, zərərinə olan şeylərdən isə çəkinir. Bu zaman əql və dərk qüvvəsindən istifadə edərək, bir əməlin müxtəlif yollarından birini seçir və onun özü yaxşı və ya pis əməllərinin məs᾿uliyyətini daşıyır. O, bütün bu mərhələlərdə azad və seçməkdə ixtiyar sahibidir; heç vaxt xarici bir amilin onu vadar etməsini hiss etmir. Həmçinin Allah-taala insanı müəyyən işlərdən çəkindirib və ya əmr etmiş, onu öz əməlinin məs᾿ulu, cavabdehi təyin etmişdir.
İnsan öz əməlinə görə müəyyən savab, yaxud əzaba layiq olur. Əgər insanın əməli Allahın məxluqu olsaydı, Allahın Özü savab və ya cəzaya layiq olardı. Allahın, Özü xaliqi olduğu işləri bəndənin adına yazıb, qiyamətdə onu cəzalandırması İlahi ədalətə layiq deyildir.
Buna əsasən, insanın fe᾿lləri onda Allah tərəfindən vücuda gətirilən və insanın özünə mənsub edilən ixtiyar və qüdrət vasitəsi ilə yerinə yetirilir.
Maturidi ilahi qəza və qədərlə insanın ixtiyar və azadlığı arasında heç bir ziddiyyət görmür. Onun əqidəsinə görə, insanın bütün əməlləri ilahi-əzəli elmlə lövhi-məhfuzda yazılmasına baxmayaraq, insan cəbrə məhkum edilməmişdir. Çünki, Allah-taalanın əzəldən bildiyi şeyləri insan öz ixtiyar və iradəsi ilə, azad şəkildə yerinə yetirir. İnsan ilahi qəza və qədəri bəhanə edərək, öz məs᾿uliyyətlərini inkar edə bilməz. İnsan mütləq ixtiyar sahibi olmamasına baxmayaraq, Allah-taala onun vəzifə və təklifi ilə mütənasib olan azadlığı ona əta etmişdir. Buna görə də insanın əməlləri ilə bağlı olan ilahi qəza-qədər təbiət aləmi ilə əlaqədar olan ilahi qəza-qədərlə eyni hesab edilməməlidir.
4.Əqli hüsn və qübh; (İnsan ağlının yaxşı və pisi ayırd etməyə qadir olub-olmaması)
Maturidi ardıcılları əşyaların (əqli) qübh və hüsnünə e᾿tiqad bəsləyirlər. (Yəni, insan ağlının yaxşı və pisi ayırd etməyə qadir olmasına inanırlar.) Hüsnü mədh və savaba, qübhü isə məzəmmət və əzaba layiq olmaq mə᾿nasında bilirlər. Onlar inanırlar ki, əql hüsn və qübhün ayırd edilməsində müstəqildir və Allah-taala Öz ədaləti əsasında yaxşı əməl sahiblərinə mükafat, günahkarlara isə əzab verəcəkdir.
5. İnsanı bacarığından artıq işlərə əmr etmək;
Maturidi ardıcılları insanın qüdrət və bacarığından artıq işlərə vəzifəli edilməsini caiz bilmirlər. Əbu Mənsur Maturidi belə deyir: «İnsanın bacarığından artıq işlərə vəzifəli edilməsi, onların bu işlərə qüdrətinin olmamasına görə, yaxud fe᾿lin əncam verilməsi şərti olmadıqda caiz deyildir.
Əlbəttə, Maturidi müəyyən bir işi əvvəlcədən yerinə yetirməyə qüdrəti olmayan şəxslərlə öz qüdrətini aradan aparan şəxslər arasında fərq qoymuşdur. Birinci qism də bacarıqdan artıq vəzifəli edilməyi qadağan, ikinci halda isə caiz hesab edir.
6. Böyük günahlara mürtəkib olanların hökmü.
Maturidi böyük günahlara mürtəkib olanları mö᾿min hesab edir və inanır ki, imanın zahiri hökmləri onlarda qüvvədədir. Əlbəttə, əgər tövbə etməsələr, qiyamətdə şəfaətə nail olmazlar və onlara əzab veriləcək; amma əbədi olaraq əzabda qalmayacaqlar.
Maturidiçilərin nəzərində iman qəlbi e᾿tiqad və təsdiqdən ibarətdir. Başqa sözlə desək, imanın ən azacıq mərhələsi qəlbi e᾿tiqad və təsdiqlə gerçəkləşir, hökmlərə əməl etmək isə imanın tərkib hissəsi deyildir. Buna əsasən, bir kəs qəlbi e᾿tiqadda iman şərtlərinə malik olsa və ilahi hökmləri inkar etməsə, şeytanın vəsvələri ilə qurşandığı günahlara görə mö᾿minlər cərgəsindən çıxmaz.
SUALLAR VƏ TAPŞIRIQLAR
1. Maturidiyyə məzhəbinin ilahi mə᾿rifət barəsində əşərilərlə olan fərqləri nədir?
2. Nə üçün onlar zati sifətlərlə fe᾿li sifətlər arasında fərq olduğuna inanmırlar?
3. Maturidiyyə ardıcıllarının Allahın kəlamı barəsindəki nəzərləri necədir?
4. Onların insanın fe᾿lləri barəsində olan nəzərini izah edin.
5. Maturidiyyə firqəsinin qəza-qədər və ixtiyar barədə olan baxışları necədir?
6. Onların insanın bacarığından artıq işlərə əmr edilməsi məsələsi haqda nəzərini bəyan edin.
7. Nə üçün Maturidiyyə ardıcılları böyük günahlara mürtəkib olanları mö᾿min hesab edirlər?
İslam məzhəbləri ilə tanışlıq kitabı.

 

 

 

 

 

 


more post like this