Ictimai əlaqələrin bərqərar olunmasında insaf və ədalət islam əxalaqının əsasını təşkil edir. Burada «insaf» dedikdə, insanların özlərinə rəva bildikləri və sevdikləri hər bir şeyi başqalarına da rəva görüb onlar üçün istəmələri nəzərdə tutulur.
Xalq arasında insaf və ədalətin bərqərar olunmasına bu qədər böyük diqqət yetirilməsi cəmiyyətin sağlam qanunlar əsasında idarə olunmasından irəli gəlir. Belə ki, hər bir cəmiyyət üzvünün hüququnun qorunmasında kiçicik ədalətsizliyə belə yol verilməməlidir. Təsdiq olunmuş qanunlar məcmuəsinin həyata keçirilməsində cəmiyyət üzvləri arasında fərq qoyulmamalıdır. Başqa sözlə desək, qanunvericilər bir şeyi özlərinin xeyirinə gördükdə qəbul edib, zərərlərinə olduqda isə orada istədikləri kimi dəyişikliklər aparmamalıdırlar. Bu bir həqiqətdir ki, insanların əksəriyyəti haqq-ədalət deyildikdə, olduqca canfəşanlıq göstərir, onun əməli olaraq həyata keçirilməsinə gəldikdə isə, ədalət onların zərərinə olarsa, ya əməl etmir, yaxud da öhdəsindən gələ bilməyib öz üzərlərindən atmağa çalışırlar.
Әli (ə) bu barədə buyurur:
«Haqqın tə᾽rifi hər şeydən daha genişdir, əmələ gəldikdə isə hər şeydən daha məhdud və kiçik olur».
Yə᾽ni, haqq-ədalətdən söz düşdükdə hamı bu haqda çox danışır, əmələ gəldikdə isə bir çox hallarda biri digərinin haqqını tapdalayır və ictimai ədalətin bərqərar olunmasında üzərinə düşən məs᾽uliyyəti lazımınca yerinə yetirmir.
Bu səbəbdən də Qur᾽ani-Kərimin bir çox ayələrində ictimai ədalətin bərqərar olunmasına xüsusi diqqət yetirilmiş və bu mətləbə dəfələrlə tə᾽kid olunmuşdur.
Bir neçə ayədə haqq-ədalətin ən çətin icra olunan mövqelərinə, yə᾽ni mənafelərin çarpazlaşdığı məqamlara, insanın özünün və ya qohum-əqrəbasının zərəri ilə nəticələnəcək hallara toxunulur. Yə᾽ni, insan özünün və ona yaxın olan qohum-əqrəbasının şəxsi mənafeyindən keçib haqq-ədaləti hər şeydən üstün tutaraq onu həyata keçirir:
«…Söz söylədiyiniz zaman [lehinə və əleyhinə danışdığınız adam] qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdi [dini vəzifələrinizi, andlarınızı] yerinə yetirin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə düşünüb öyüd-nəsihət qəbul edəsiniz!»
Başqa bir ayədə buyurur:
«Ey iman gətirənlər! [Şahidliyiniz] sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun! [Әleyhinə şahidlik edəcəyiniz şəxs] istər dövlətli, istərsə kasıb olsun, hər halda Allah onların hər ikisinə sizdən daha yaxındır! Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Әgər dilinizi əyib-büzsəniz və ya [doğru şəhadət verməkdən, yaxud ümumən şahidlikdən] boyun qaçırsanız, [bilin ki,] Allah etdiyiniz işlərdən xəbərdardır!»
Göründüyü kimi ayədə ədalətə tə᾽kid olunmaqla yanaşı, iki mühüm məsələyə də işarə olunur:
1. Ayrı-ayrı şəxslərin özlərinin və ya qohum-əqrəbasının zərərinə olsa belə, ədalətli olmalı;
2. Insanların yoxsul və ya varlı olmalarını nəzərə alıb onların istəklərinə uyğun hökm çıxarmamaq.
Məsələn yoxsulların maddi vəziyyətlərinin aşağı səviyyədə olduğunu görüb, haqq onlarla olmasa belə, rəhm edib onların tərəfi saxlanılmamalı və ya dövlətlilərin var-dövlətə olan əlaqələrini görüb onların xeyrinə hökm çıxarılmamalıdır.
Qur᾽ani-Kərimin başqa bir ayəsində bu mətləbə işarə olunaraq buyurulur:
«Ey iman gətirənlər! Allah qarşısında [borcunuzu yerinə yetirməkdə] sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir şəxsə qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Әdalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!»
Göründüyü kimi bu ayədə də Allah-taala haqq-ədalətə əmr etdikdən sonra bir daha düşmənçilik, kin-küdurət üzündən insafı əldən verməməyi xatırladır. Belə ki, bir çox hallarda insanlar başqalarından bir pislik gördükdə intiqam almaqda həddi aşır və belə olduqda təbii ki, ədalətə riayət etməyə qadir olmurlar.
Әldə olunan rəvayətlərdə də bu mətləbə xüsusi diqqət yetirildiyinin şahidi oluruq.
Peyğəmbər (s) buyurur:
«Insanların ən ədalətlisi o kəsdir ki, özünə istədiyi şeyi başqaları üçün də istəsin və özünə rəva bilmədiyi şeyi başqaları üçün də rəva bilməsin».
Başqa bir rəvayətdə buyurur:
«Yoxsullara əl tutan və camaata köməklik edən şəxs, həqiqi mö᾽mindir».
Həzrət Әli (ə) insafı insanın vüqar və izzəti hesab edir:
«Allah-taala camaatla insafla rəftar edən şəxsin izzət və əzəmətini daha da artırar».
Dərsin əvvəlində qeyd olunan rəvayətlərdə ədalət və insafın tə᾽rifi ilə tanış olduq. Növbəti rəvayətlərdə isə ədalətli olmağın hədd-hüdudu və mahiyyətinə işarə olunacaqdır. Həzrət imam Әli (ə) imam Həsən Müctəba (ə)-a etdiyi vəsiyyətində buyurur:
«Ey övladım! Nəfsini özünlə başqaları arasında tərəzi qərar ver. Özünə istədiyin şeyləri onlar üçün də istə. Özün üçün istəmədiyin şeyləri başqaları üçün də istəmə. Kimsənin sənə zülm etməsini istəmədiyin kimi, sən də onlara zülm etmə. Başqalarının sənə yaxşılıq etmələrini istədiyin kimi, sən də başqalarına yaxşılıq et. Özünə məsləhət görmədiyin şeyləri başqalarına da məsləhət görmə. Özünün onlara qarşı etdiyin rəftarı bəyəndiyin kimi, onların da sənə qarşı etdiklərini bəyən və qəbul et. Bilmədiyin şey haqda bir şey söyləmə, yalnız sənə mə᾽lum olan şeylər haqda danış. Başqalarının sənə sevmədiyin şeyləri demələrini sevmədiyin kimi, sən də başqalarının sevmədiklərini onlara demə!»
Nəql olunmuş rəvayətlərin bir çoxunda «insafun-nasi minən-nəfsi» ifadəsindən istifadə olunur. Bu dərsdə Peyğəmbər (s) və Әli (ə)-dan nəql olunmuş rəvayətlərdə də bu ifadədən istifadə olunduğunun şahidi oluruq. Mə᾽nası isə budur ki, insan özü ilə başqaları arasında hökm çıxardığı zaman özünü başqalarının yerinə qoymalı, özünü haqlı hesab etdiyi kimi başqalarını da haqlı hesab etməli və ya əksinə müqəssir olduğu zaman başqaları haqda cəza tədbiri nəzərdə tutduğu kimi, özünü də cəzalandırmağa hazır olsun. Bunlarla yanaşı, haqsız olduğu zaman da özünə bəraət qazandırmağa çalışmamalıdır. Buradan belə mə᾽lum olur ki, həzrət Әli (ə) oğlu imam Həsən (ə)-a etdiyi vəsiyyətnamədə sözün əsl mə᾽nasında «insafun-nasi minən-nəfsi» cümləsini təfsir etmişdir.
Həmçinin Malik Әştərə verdiyi göstərişdə buyurur:
«Özünlə Allah, camaat, yaxınlar və qohum-əqrəba arasında insafa riayət et! Belə etmədiyin təqdirdə zülmkar hesab olunarsan. Allah bəndələrinə zülm edən kəslər Allahın düşmənləridirlər. Onlar tövbə edib zülmkarlıqdan əl çəkməyincə Allahla müharibə etmiş olarlar».
Həzrət Әli (ə)-ın qısa və nəsihətamiz cümlələrində insaf və ədalətin ictimaiyyətdə qoyduğu müsbət tə᾽sir belə izah edilir:
1. Insaf dostluğun, səfa-səmimiyyət və mehr-məhəbbətin davam gətirməsinə səbəb olur.
2. Insaf qəlblərin bir-birinə yaxınlaşmasına səbəb olur.
3. Insaf ixtilafları aradan qaldırır və birliyə gətirib çıxarır.
4. Insaf rahatlıq və asayiş gətirir.
5. Insafa riayət etməklə insanlar arasındakı əlaqə və bağlılıq uzun müddət davam gətirir.
6. Insaflı şəxslərin dost və yardımçıları çox olar.
ӘXLAQI INCӘLIK
Yuxarıda qeyd olunanlardan belə bir nəticəyə gəlmək olur ki, insaf insanın özünü bütün ictimai hüquqlarda başqaları ilə bərabər tutmasına deyilir. Әgər bütün müsəlmanlar layiqincə ictimai ədalətə riayət edərlərsə, Әli (ə)-ın buyurduğu kimi cəmiyyətdə onun səmərəsini, yə᾽ni əmin-amanlığın, asayiş və bərabərliyin bərqərar olunduğunun şahidi olarlar. Lakin ədalət və insafa riayət etmək ən çətin məsələlərdən biridir. Bunun əsas səbəbi insanda «özünüsevmək» hissinin yaranmasıdır. Insan zatən özünü sevən və hər şeyi özü üçün istəyən bir varlıqdır. Bu səbəbdən də belə bir nəfsani xüsusiyyət və ruhiyyəni tərk etmək onun üçün hər şeydən ağırdır.
Imam Sadiq (ə) bu haqda buyurur:
«Istəyirsinizmi sizin üçün Allahın tə᾽yin etdiyi ən ağır və vacib məs᾽uliyyətin nədən ibarət olduğunu açıqlayım? Sonra Imam (ə) üzünü səhabələrə tutub buyurur: Camaatla insafla rəftar etmək və onların hüquqlarını qorumaq».
Nəql olunmuş başqa bir rəvayətdə deyilir:
Imam Baqir (ə)-ın səhabələri onları maraqlandıran bir neçə sualı məktuba yazaraq Әbdül Ә᾽la adlı bir şəxs ilə Mədinəyə göndərirlər. Bu suallarla yanaşı onun imam Sadiq (ə)-dan şifahi olaraq müsəlmanın öz müsəlman qardaşının üzərində nə kimi hüquqa malik olması haqda soruşmağını da xahiş edirlər. Әbdül Ә᾽la deyir: Məktubu imam Sadiq (ə)-a verib ondan müsəlmanların bir-birlərinin üzərində hansı hüquqa malik olmaları haqda soruşdum.
Imam Sadiq (ə) sonuncu (şifahi) sualımdan başqa bütün suallarıma təmkinlə cavab verdi.
Sonra buyurdu:
Allahın insanların üzərinə qoyduğu ən ağır vəzifə bu üç şeydən ibarətdir:
1. Әdalət və insafa riayət etmək. Belə ki, hər bir müsəlman öz müsəlman qardaşı ilə elə rəftar etməlidir ki, başqalarının da onunla eyni tərzdə rəftar etmələrini istəsin.
2. Müsəlman qardaşının şəraitini nəzərə almalı və öz malını onlardan əsirgəməməlidir.
3. Hər zaman Allahı xatırlamalı. Lakin bu heç də o demək deyildir ki, daim «sübhanəllah» və «əlhəmdulillah» deyərək zikr etməlidir. Xeyr! O, haramla qarşılaşdığı zaman Allahın onun gördüyü bütün işlərdən agah olduğunu yə᾽qin edərək ondan uzaq olmağa çalışmalıdır».
Göründüyü kimi haqq-ədalətə, insafa riayət etmək insanın üzərinə düşən ən ağır vəzifələrdən biri kimi göstərilir. Bunun üçün ilk növbədə insan öz nəfsi ilə mübarizə aparmalı və lazım gələrsə başqalarını özündən üstün tutmağı bacarmalıdır.
DӘRSIN XÜLASӘSI
Insaf ictimai və fərdi hüquqlarda insanın başqalarını özü ilə bərabər tutması deməkdir. Bu da cəmiyyətdə dostluq, əmin-amanlıq, asayiş və qarşılıqlı əlaqələrin bərqərar olunmasına səbəb olur. Bu xüsusiyyət Peyğəmbər (s) və Mə᾽sum imamlardan (ə) nəql olunmuş rəvayətlərdə insanın üzərinə düşən ən ağır vəzifə kimi qiymətləndirilir.
SUALLAR VӘ TAPŞIRIQLAR
1. Insanlar varlı və ya yoxsul olduqları üçün nəyə görə haqq-ədalətin əksinə hökm çıxarmamalıdır?
2. Әli (ə) imam Həsən (ə)-a etdiyi vəsiyyətdə insafa riayət etməkdə nəyi əsas me᾽yar hesab edir?
3. Insafın verdiyi nəticələrin bir neçəsini izah edin.
4. Başqalarını özü ilə bərabər tutmaq nə üçün mühüm əxlaqi xüsusiyyələrdən hesab olunur?
5. Imam Sadiq (ə) ən ağır ilahi vəzifə nəyi hesab edir?
Din təlimləri kitabından…

 

 


more post like this