–Qəza və qədərin məfhumu
–Elmi qəza və qədər və eyni qəza və qədər
–Qəza və qədərin insanın ixtiyarı ilə olan əlaqəsi
–Çoxlu səbəblərin tə’sir növləri
–Qəza və qədərə e’tiqadın əsərləri
QƏZA VƏ QƏDƏRİN MƏFHUMU
“Qədər” kəlməsi ölçü və əndazə, təqdir isə ölçmək, ölçü tutmaq və hər hansı bir şeyi müəyyən əndazədə düzəltmək deməkdir. “Qəza” işi birdəfəlik qurtarmaq, sona çatdırmaq, yekun mühakimə yürütmək mə’nalarında istifadə olunur (bu da bir növ e’tibari və şərti sona çatdırmaqdır). Bə’zən bu iki kəlmə sinonim kimi “tale” mə’nasına işlədilir.
“İlahi təqdir” dedikdə məqsəd budur ki, Mütəal Allah hər bir varlıq üçün kəmiyyət, keyfiyyət, zaman və məkan baxımından xüsusi əndazə qərar vermişdir ki, bu da tədrici amil və səbəblərin tə’siri altında gerçəkləşir. “İlahi qəza” dedikdə məqsəd budur ki, hər hansı bir hadisə və varlığın müqəddimati işləri, səbəb və şəraitləri mövcud olduqda onu son və labüd olan mərhələyə çatdırır.
Bu izaha əsasən təqdir mərhələsi qəza mərhələsindən qabaq olub, tədrici mərtəbələrə malikdir, yaxın, orta və uzaq müqəddimələrə də şamildir. O bə’zi səbəb və şəraitlərə uyğun dəyişilir. Məsələn, rüşeymin nütfədən ələqə və müzğə mərhələlərini keçib kamil bir insan formasına düşdüyü tədrici yol onun təqdirinin müxtəlif mərhələləridir ki, zaman və məkan parametrlərinə də şamildir. Onun hər hansı mərhələlərin birində düşməsi onun təqdirindəki dəyişiklik hesab olunur. Lakin qəza mərhələsi tədrici deyil, birbaşa olub bütün səbəb və şərtlərin yaranması ilə əlaqədardır və bu, labüd, dəyişikliyə qabil olmayan bir işdir.
“Allah bir şeyi hökm edəndə ona “ol!” deyir, o da dərhal vücuda gəlir.”
Qeyd olunduğu kimi, qəza və qədər sinonim şəklində də işlənir, buna görə də labüd və qeyri-labüd olaraq iki yerə bölünür. Bu mə’nada ki, rəvayətlərdə və dualarda “qəzanın dəyişdirilməsi” adı ilə qeyd olunur. Məsələn, sədəqə vermək, valideynə ehsan və yaxşılıq etmək, qohum-əqrəba ilə əlaqələri bərqərar etmək, dua oxumaq qəzanın dəyişdirilməsi amilləri kimi təqdim olunmuşdur.
ELMİ QƏZA VƏ QƏDƏR VƏ EYNİ QƏZA VƏ QƏDƏR
Bə’zən ilahi təqdir və qəza Allah-taalanın hər hansı varlığın vücuda gəlməsi üçün lazım olan şəraitlər, səbəblər və müqəddimələrin yaranmasına, eləcə də, onların mütləq baş verməsinə olan elmi mə’nasında işlənir, buna “elmi qəza və qədər” deyilir. Bə’zən isə hadisə və varlıqların tədrici seyrinin, onların əyani olaraq gerçəkləşməsinin Mütəal Allaha mənsub edilməsi mə’nasında işlənir və buna da “eyni qəza və qədər” deyilir.
Qur’an ayələri və rəvayətlərdən mə’lum olur ki, Allahın bütün varlıqlara olan elmi xaricdə əyani olaraq gerçəkləşdiyi kimi, şərif və yüksək məqamlı varlıq olan Lövhi-məfhuzda da in’ikas olunur; hər kəs Allahın izni ilə lövhi-məfhuzla əlaqə tapa bilsə keçmişdəki və gələcək hadisələrdən agah olar. Ondan aşağı mərtəbədə olan lövhlər vardır ki, hadisələr natamam və müəyyən şərtlərlə in’ikas olunur. Ondan mə’lumat əldə edə bilən şəxslər dəyişikliyə mə’ruz qala bilən, müəyyən şərtləri olan məhdud mə’lumatlar qazanılar. Bəlkə də aşağıdakı ayə bu iki növ taledən söhbət açır:
“Allah istədiyini məhv edir, istədiyini sabit, bərqərar edir və Ümmül-kitab Onun yanındadır.”
Qeyri-labüd olan, başqa şeylərlə şərtlənən təqdirlərin dəyişilməsi rəvayətlərdə “bəda” adlandırılmışdır.
Hər bir halda elmi qəza və qədərə e’tiqad bəsləmək Allahın əzəli elminə e’tiqaddan başqa heç bir problem yaratmır. Əvvəlki dərsdə cəbrə inananların Allahın elmi ilə əlaqədar yaratdıqları şübhələr araşdırılaraq onların süstlüyü və əsassızlığı aydınlaşdırıldı.
Amma eyni qəza və qədərə, xüsusilə labüd taleyə e’tiqad bəsləmək daha çətin bir məsələ yaradır. Tövhidin müstəqil tə’sirqoyma barədə olan bəhsdə onun cavabı qısa şəkildə mə’lum olmasına baxmayaraq, bu məsələnin cavabları verilməlidir.
QƏZA VƏ QƏDƏRİN İNSANIN İXTİYARI İLƏ OLAN ƏLAQƏSİ
Mə’lum oldu ki, Allahın eyni qəza və qədərinə e’tiqad bəsləmək bunu gərəkli edir ki, varlıqların vücudunun yarandığı ilk vaxtdan inkişaf etdikləri və ömürlərinin axırına qədər, hətta uzaq müqəddimələrin yaranıdğı vaxtdan belə Allahın hikmətli tədbiri altında olduğunu bilək, yekun mərhələyə çatmağın və vücuda gəlməyin şərtlərinin hazırlanmasını da Allahın iradəsinə istinad edək.
Başqa sözlə desək, hər bir varlığın özü Allahın təkvini iradəsinə və izninə mənsub edildiyi və Onun izni olmadan heç bir şeyin vücuda gəlmədiyi kimi, hər bir şeyin vücuda gəlməsi də ilahi təqdir və qəzaya istinad verilir, bu olmadıqda heç bir varlıq özünəməxsus hədd-hüdud və formaya malik olmur, özünün yekun mərhələsinə çatmır. Bu mənsubedilmənin bəyanı həqiqətdə tə’sirdə müstəqillik mə’nasında olan tövhidin tədrici tə’lim verilməsidir ki, bu da tövhidin ən yüksək mərtəbələrindən olub insanların ruhi-mə’nəvi baxımdan qurulmasında əzəmətli rol oynayır.
Amma varlıqların və hadisələrin Allahın izninə və hətta məşiyyətinə istinad verilməsi daha asan dərk olunasıdır. Son mərhələnin və onların qəti şəkildə tə’yin olunmasının ilahi qəzaya istinad verilməsi isə belə deyildir. O çox çətin dərk olunduğuna görə daha artıq araşdırılmışdır. Çünki belə bir e’tiqadla insanın özünün taleyində həlledici rola malik olan ixtiyarını qəbul etməyin bir yerə cəm olunması çox çətindir. Buna görə də mütəkəllimlərdən bə’ziləri (əş’ərilər) ilahi qəzanın insanların rəftarına şamil olmasını qəbul etdiklərinə görə cəbrə meyl etmişlər. Digər bir qrupu isə (mö’təzililər) cəbr və onun acınacaqlı, qorxulu nəticələrini qəbul edə bilmədiklərindən ilahi qəzanın insanın ixtiyari fe’llərinə şamil olmasını inkar etmişlər və hər iki dəstə öz nəzəriyyələri ilə müxalif olan ayə və rəvayətləri başqa mə’nalara yozmuşlar. Belə ki, müfəssəl kəlam kitablarında, eləcə də cəbr və təfviz barədə yazılan xüsusi risalələrdə bu məsələ qeyd olunmuşdur.
İradın ümdə yeri bundan ibarətdir ki, əgər insanın işi doğrudan da ixtiyari olsa və onun iradəsinə nisbət verilsə, onu ilahi qəza və iradəyə necə aid etmək olar? Əgər ilahi qəzaya istinad verilirsə, onu insanın ixtiyar və seçkisinə tabe olduğunu necə demək olar?
Buna əsasən bu iradın aradan qaldırılması və işlərin insanın ixtiyar və iradəsinə nisbət verilməsi ilə bərabər, onun ilahi qəza və iradəyə də istinad verilməsi arasında cəm etmək üçün vahid bir mə’lulun bir neçə illətə nisbət verilməsinin növlərini bir qədər izah etməliyik ki, ixtiyari işin insana və Mütəal Allaha istinad verilməsi növü aşkar olsun.
MÜXTƏLİF İLLƏTLƏRİN TƏ’SİR NÖVLƏRİ
Bir neçə illətin bir mə’lulun yaranmasındakı tə’siri bir neçə cür təsəvvür olunur:
1.Bir neçə illət birlikdə tə’sir edir, məsələn, toxum, su, enerji və s. kimi şeylər toxumun cücərib bitki olmasına tə’sir göstərir.
2.Onlardan hər biri növbə ilə tə’sir edir, məsələn, bir neçə motor növbə ilə işə düşərək təyyarənin hərəkətinin davam etməsinə səbəb olur.
3.Onların tə’siri bir-birinə əlaqəli (mütərəttib) şəkildə olur. Məsələn, bir neçə topun bir-biri ilə toqquşması zamanı, yaxud zəncirvari yol qəza hadisələrində bu mülahizə olunur. Onun digər nümunəsi insan iradəsinin əlin hərəkətində, əlin isə qələmin hərəkətində, qələmin də yazının yaranmasındakı tə’siridir. Belə ki, varlıqların ömrünün uzunluğu onların sayına bölünür və onların hər bir hissəsi amillərdən birinin mə’luludur.
4.Bir neçə amilin mütərəttib tə’siri. Yəni onlardan hər birinin vücudu digərinin vücuduna bağlı olsun. Bu, əvvəldə fərz olunanın əksinədir. Belə ki, qələmin varlığı əlin varlığına, əlin varlığı da insan iradəsinə bağlı deyildir.
Bu növlərin hamısında vahid mə’lulun yaranması üçün bir neçə illətin toplanması mümkün, hətta, zəruridir. İxtiyari işdə də insanın iradəsi ilə ilahi iradənin tə’siri sonuncu qismdən olacaqdır. Çünki insanın varlığı və onun iradəsi ilahi iradəyə bağlıdır.
Amma iki illətin vahid bir mə’lula cəm olmasının mümkün olmadığı hal isə iki varlıq bağışlayan illətin bir yerdə cəm olması, yaxud eyni zamanda bir-birininə bərabər tərzdə və növbə ilə tə’sir edən, bir-birinin bir yerə yığışması qeyri-mümkün olan iki illət kimidir. Məsələn, iradə sahibi olan iki faildən vahid bir iradənin baş verməsi, yaxud iki vahid varlığın iki illət məcmuəsinə (iki tam illət) istinad verilməsi kimi.
ŞÜBHƏNİN DƏF EDİLMƏSİ
İnsanın ixtiyari fe’llərinin varlığının Mütəal Allaha istinad verilməsi ilə onların insanın özünə istinad verilməsi arasında ziddiyyət yoxdur, çünki bu istinadlar bir-birinin davamındadır və bir-birinə maneçilik törətmir.
Başqa sözlə desək, fe’lin insani failə istinad verilməsi bir səthdədir və onun varlığının Mütəal Allaha istinad verilməsi isə daha yüksək bir səthdədir ki, bu səthdə insanın özünün varlığı, işi üzərində gördüyü maddənin varlığı, işi onların vasitəsilə gördüyü alətlərin varlığı hamılıqla Ona istinad verilir.
Deməli, insan iradəsinin öz işində “tam illətin sonuncu hissəsi” kimi tə’sir göstərməsi ilə tam illətin bütün hissələrinin Mütəal Allaha istinad verilməsi arasında ziddiyyət yoxdur. Dünyanı, insanı və onun bütün vücud işlərini Öz qüdrəti əlində saxlayan, onlara arasıkəsilmədən vücud bağışlayan, onların növbənövlərini yaradan məhz Allahdır və heç bir varlıq, heç bir halda və heç bir zamanda Ondan ehtiyacsız, Allah qarşısında istiqlaliyyətə malik deyildir. Deməli, insanın ixtiyari işləri Allahdan ehtiyacsız və Onun iradəsi hüdudlarından kənarda olmayacaq, onların bütün sifətləri, xüsusiyyətləri, həddi-hüdudu da ilahi qəza və təqdirə bağlı olacaqdır. Belə deyildir ki, “ya insanın iradəsinə istinad verilmiş olsun, ya da Allahın iradəsinə”. Çünki bu iki iradə bir-biri ilə eyni səviyyədə, bir-birinə mane olacaq tərzdə deyildir və onların işlərin gerçəkləşməsindəki tə’siri bədəl üzrə (növbə ilə) baş vermir. Əksinə, insanın iradəsi onun varlığının özü kimi Allahın iradəsinə bağlıdır və onun gerçəkləşməsində Mütəal Allahın iradəsi zəruridir:
“Və aləmlərin Rəbbi olan Allahın istədiyi şeydən başqa heç nə istəyə bilməzsiniz.”
QƏZA VƏ QƏDƏRƏ E’TİQAD BƏSƏLMƏYİN TƏ’SİRLƏRİ
İlahi qəza və qədərə e’tiqad bəsləməyin Allaha mə’rifətin dəyərli dərəcəsinə çatmasından, insanın əqli baxımdan təkamülə yüksəlməsindən əlavə, çoxlu əməli tə’sirləri də vardır ki, onların bə’zilərini aşağıda qeyd edirik:
Hadisələrin baş verməsinin Mütəal Allahın hikmətli iradəsinə tabe olduğunu, ilahi təqdir və qəzaya istinad verildiyini bilən şəxs xoşagəlməz hadisələrdən qorxmaz, onların qarşısında özünü itirməz, ah-nalə etməz. O bu hadisələrin dünyanın hikmətli nizamının bir hissəsi olduğunu, hikmət və məsləhət üzündən baş verdiyini və gələcəkdə də baş verəcəyinə diqqət yetirməklə onları gülərüzlə qarşılayır, səbr, təvəkkül, razılıq və təslim kimi fəzilətli səciyyələri və insani keyfiyyətləri əldə edir. Həmçinin dünyanın ötəri xoşluqlarına, şad günlərinə məftun olmur, onlarla məğrurlaşıb məst olmur, Allahın verdiyi ne’mətləri özünü hamıdan üstün hesab etmək və qürurlanmaq vasitəsi hesab etmir.
Bu dəyərli tə’sirlər də aşağıdakı ayənin işarə etdiyidir:
“Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır! Bu sizin əlinizdən çıxanlara kədərlənməyiniz və sizə verilənə də qürrələnməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç kəsi sevməz.”
Eyni zamanda diqqət yetirməliyik ki, qəza və qədər və tövhidin müstəqil tə’sirində əldə edilən yanlış mə’lumatlar süstülüyə, tənbəlliyə, zəlilliyə, zülmü qəbul etməyə, məs’uliyyətdən imtina etməyə səbəb olmasın. Bilməliyik ki, əbədi səadət və bədbəxtlik bizim ixtiyari işlərimizdən asılıdır: “Hər kəsin qazandığı pis əməl də, yaxşı əməl də özünə aiddir. İnsanın kəsb etdiyi şeylər onun xeyrinə, özünü oda-suya vurub əldə etdiyi şeylər isə onun əleyhinədir.” Həmçinin “İnsan üçün, onun sə’y etdiyi şeylərdən başqa bir şey yoxdur.”
SUALLAR
1.Qəza və qədərin lüğətdəki mə’nalarını bəyan edin.
2.İlahi qəza və təqdir deməkdə məqsəd nədir?
3.Hansı mülahizəyə görə qəza və qədər labüd və qeyri-labüd olaraq iki yerə bölünür?
4.Bəda nədir?
5.Elmi qəza və qədəri və eyni qəza və qədəri bəyan edin.
6.“Lövhi-məfhuz”, “lövhi-məhv və isbat” eləcə də onların labüd və qeyri-labüd tale ilə olan əqalələrini şərh edin.
7.Qəza və qədərin insanın ixtiyarı ilə bir yerə cəm olunmasındakı iradı və bu mövzu ətrafında mütəkəllimlərin ixtilafını izah edin.
8.Çoxlu illətlərin vahid bir mə’lula tə’sir növlərini bəyan edin və bir neçə illətin vahid mə’lulun üzərinə yığışmasının hansı növünün qeyri-mümkün olmasını deyin.
9.Qəza və qədər məsələsində cəbr şübhəsinin cavabını verin.
10.İlahi qəza və qədərə e’tiqad bəsləməyin müsbət tə’sirlərini şərh edin.
ƏQİDƏ ÜSULLARININ TƏ’LİMİ KİTABINDAN…


more post like this