İ
-Tarixi və dialektik materializm
-Əksliklərin vəhdəti və mübarizəsi qanunu və onun tənqidi
-Kəmiyyətin keyfiyyətə keçməsi qanunu və onun tənqidi
-İnkarı inkar qanunu və onun tənqidi
DİALEKTİK VƏ TARİXİ (MEXANİKİ) MATERİALİZM
Materializmin müxtəlif qismləri vardır ki, onların hər biri dünya və onun varlıqlarını, fenomenlərini xüsusi şəkildə izah etmişdi. Müasir əsrin əvvəllərində materialistlər yeni fizikanın məfhumlarından istifadə edərək dünyanın yaranışını mexaniki hərəkət əsasında izah edir və hər bir hərəkəti, xaricdən mütəhərrik (hərəkət edən) cismə daxil olan xas bir mühərrik (hərəkət verən) qüvvəsinin nəticəsi (mə’lulu) hesab edirdilər. Başqa sözlə desək, dünyanı “böyük bir maşın” kimi təsəvvür edirdilər ki, mühərrik qüvvəsi onun bir hissəsindən digər hissəsinə ötürülür və nəticədə bu “böyük maşının” hər bir hissəsi hərəkətə gəlir.
“Mexaniki materializm” adlanan bu fərziyyədə mövcud olan nöqsanlı hallara görə müxaliflər tərəfindən tənqid atəşinə tutulurdu. O cümlədən: Əgər hər bir hərəkət xarici qüvvə nəticəsində yaranarsa, dünyanın ilkin maddəsinin hərəkəti üçün də bir qüvvə nəzərdə tutumaq lazımdır ki, xaricdən ona daxil olmuş olsun. Bu da təbiətin fövqündə dayanan bir varlığın qəbul edilməsini gərəkli edir ki, heç olmazsa, maddə aləmində ilkin hərəkətin mənşəyi ola bilsin.
Digər irad budur ki, yalnız məqsədyönlü və yerdəyişmə əsasında olan hərəkəti mexaniki qüvvə ilə izah etmək olar. Halbuki, dünyanın bütün varlıqlarını (fenomenlərini) yalnız mexaniki dəyişikliklərdə məhdudlaşdırmaq olmaz, başqa fenomenlərin yaranışı üçün mütləq digər bir amil və səbəb olduğunu qəbul etməliyik.
Mexaniki materializmin bu e’tirazlara qaneedici bir cavab verə bilməməsi nəticəsində materialistlər dünyada baş verən dəyişikliklər üçün digər bir amil tapmaq, heç olmazsa, bə’zi hərəkətləri dinamiki surətdə təfsir etmək və maddə üçün bir növ “özündən hərəkətetmə” nəzərə almaq qərarına gəldilər.
O cümlədən, materializmin banilərindən olan Marks və Engels Hegelin fəlsəfi məfhumlarından istifadə etməklə hərəkətin amilini maddi fenomenlərdəki daxili təzad kimi qələmə verdilər, materiyanın əbədiliyini, heç kəs tərəfindən yaradılmamasını, hərəkətin ümumi olmasını və təbiətdə bütün varlıqların bir-birinə tə’sir qoymasını qəbul etməkdən əlavə, öz fərziyyələrini bəyan etmək üçün aşağıdakı üç əsli müddəanı da irəli sürdülər:
1.Əksliklərin vəhdəti və mübarizəsi
2.Kəmiyyətin keyfiyyətə keçməsi
3.İnkarı inkar qanunu
Burada, qeyd olunan müddəaların hər birini qısa şəkildə izah edir, sonra onların irad və çatışmayan cəhətlərini bəyan edəcəyik.
ƏKSLİKLƏRİN VƏHDƏTİ VƏ MÜBARİZƏSİ
Dialektik materialistlər inanırlar ki, hər bir fenomen bir-biri ilə zidd olan iki ünsürdən (tez və anti tez) təşkil olunmuşdur, onların arasındakı təzad da onların hərəkət və dəyişikliyinə səbəb olur. Nəhayət “anti tez” qəlbə çalır və onların sintezindən ibarət olan yeni bir varlıq əmələ gəlir. Məsələn, yumurtadakı nütfə tədrici olaraq inkişaf edir, daxilindəki qida maddələrini həzm edir, sonra onların sintezi olan cücə əmələ gəlir. Mənfi və müsbət elektrik sahəsi fiziki fenomenlərdə təzadın nümunələrindəndir. Eləcə də toplama və çıxma ibtidai riyaziyyatda, inteqral və törəmə də ali riyaziyyatda təzadın nümunəsidir.
Bu cərəyan ictimai və tarixi fenomenlərdə də mövcuddur, o cümlədən, kapitalizm cəmiyyətlərində kapitalistlərin anti tezi olan proletar (fəhlə) sinfi inkişaf edir və tədricən ona qələbə çalır, onların sintezi olan sosializm və kommunizm cəmiyyəti (quruluşu) kerçəkləşir.
MÜLAHİZƏLƏR VƏ TƏNQİDLƏR
Əvvəlcə buna diqqət yetirmək lazımdır ki, iki maddi varlığın bir-birinin yanında – birinin digərini zəiflətməsi və onun məhv olması ilə nəticələnməsi şəklində yerləşməsini heç kəs inkar etmir. Bunu su ilə atəşin misalında görmək olar. Lakin əvvəla, bu cərəyan ümumi deyildir və bunu bütün kainat miqyasında gerçəkləşə biləcək bir qanun kimi qəbul etmək olmaz. Çünki dünyada bunun yüzlərlə, minlərlə əksini tapmaq olar.
İkincisi, bə’zi maddi fenomenlərin arasında belə bir təzadın, varlığı metafizik fəlsəfədə və klassik məntiqdə qeyri-mümkün sayılan təzadla heç bir əlaqəsi yoxdur. Çünki qeyri-mümkün sayılan şey “vahid mövzu”da olan ziddiyyətlərdir, amma qeyd olunan misallarda mövzu vahid deyildir. Marksistlərin ziddlərin bir yerə toplanmasına dair gətirdikləri toplama-çıxma, törəmə-inteqral kimi məzhəkəli misalları, həmçinin kapitalist ölkələrində fəhlə sinfi tərəfindən təşkil olunacaq proletar hökuməti barədə verdikləri “qeybi xəbərlər”i bir tərəfə qoyaq.
Üçüncüsü, əgər onların dedikləri fenomenlər bir-biri ilə zidd olan iki ünsürdən təşkil olunsalar, onda onlardan biri üçün deyil, həm tez, həm də anti-tezin hər ikisi üçün digər bir tərkib nəzərdə tutmalıyıq. Çünki onların hər biri fenomendir və qeyd olunan prinsipə görə iki ziddən təşkil olunmalıdır. Nəticədə hər bir məhdud fenomen sonsuz sayda ziddlərdən təşkil olunmalıdır!
Amma onların varlığın daxilindəki təzadı hərəkətin amili hesab etmələrinə və bununla da mexaniki materializmin zəif və çatışmayan cəhətlərini aradan qaldırmaq istəklərinə gəlincə, onun ən kiçik iradı budur ki, belə bir fərziyyənin düzlüyünə heç bir elmi dəlil yoxdur. Bundan əlavə, xarici qüvvə nəticəsində yaranan mexaniki hərəkətlərin varlığı heç bir vəchlə inkar oluna bilməz. Əks halda, futbol topunun, futbolçunun ayaq zərbəsi nəticəsində deyil, onun daxilindəki təzad nəticəsində hərəkət etdiyini deməliyik!!!
kəmiyyətin keyfiyyətə keçməsi
Bunu nəzərə alaq ki, dünyada baş verən bütün dəyişikliklər tədricidir və vahid bir xətt üzrə baş vermir. Çox hallarda yeni bir varlıq yaranır ki, əvvəlki varlığa heç oxşamır və onu sabiq hərəkətin və dəyişikliyin davamı hesab etmək olmaz. Lakin marksistlər “sıçrayış”, yaxud “kəmiyyətin keyfiyyətə keçməsi” prinsipi adı altında belə iddia edirlər ki, kəmiyyət dəyişiklikləri xüsusi bir mərhələyə (nöqtəyə) çatdıqda növdə və keyfiyyətdə bir dəyişikliyin yaranmasına səbəb olur. Məsələn, qızdırılan suyun temperaturu müəyyən bir dərəcəyə çatdıqda su buxara çevrilir. Hər bir metalın müəyyən ərimə dərəcəsi vardır. Temperaturu həmin dərəcəyə çatdıqda maye halına keçir. Cəmiyyətdə də ixtilaflar şiddətlənərək müəyyən bir həddə çatdıqda inqilab baş verir.
TƏNQİDLƏR VƏ MÜLAHİZƏLƏR
Əvvəla, heç bir halda kəmiyyət keyfiyyətə çevrilmir. Uzağı budur ki, xüsusi bir fenomenin vücuda gəlməsi müəyyən bir kəmiyyətin yaranması ilə şərtlənsin. Məsələn, suyun temperaturu buxara çevrilmir, əksinə, suyun buxara çevrilməsi istiliyin müəyyən dərəcədə olması ilə şərtlənir.
İkincisi, lazım olan bu kəmiyyətin sabiq kəmiyyətlərin tədrici artımı nəticəsində hasil olmasının heç bir zərurəti yoxdur. Hətta əvvəlki kəmiyyətin azalması nəticəsində gerçəkləşməsi də mümkündür. Belə ki, buxarın suya çevrilməsi tumperaturun azalması ilə şərtlənir.
Üçüncüsü, keyfiyyət dəyişikliyi həmişə sıçrayışla deyildir. Hətta çox hallarda belə tədrici şəkildə hasil olur. Mumun və şüşənin tədriclə əriməsini buna misal göstərmək olar.
Deməli, təbii fenomenlərdən bə’zilərinin vücuda gəlməsi üçün xas bir kəmiyyətin zəruriliyini qəbul etmək olar, nəinki kəmiyyətin keyfiyyətə çevrilməsini və ya kəmiyyətin tədrici artmasının zərurətini, yaxud da belə bir şərtin bütün növ və keyfiyyət əsasında olan dəyişikliklərin hamısı üçün ümumi olmasını. Deməli, “sıçrayış”, yaxud “kəmiyyətin keyfiyyətə keçməsi” adlı dünya səviyyəli ümumi bir qanun mövcud deyilidir.
İNKARI İNKAR QANUNU
Bə’zən “ziddlərin təkamülü” adlandırılan “inkarı inkar” qanunu dedikdə məqsəd budur ki, ümumi dialektik dəyişikliklər cərəyanında «tez» daim «anti tez»in vasitəsi ilə inkar olunur və anti tez də öz növbəsində sintezin vasitəsilə inkar edilir. Məsələn, bitki (ondan cücərmiş olduğu) toxumu inkar edir, onun özü də yeni bir toxumla inkar olunur. Nütfə yumurtanı inkar edir, onun özü də cücə vasitəsilə inkar olunur. Amma hər bir yeni fenomen köhnədən daha kamildir. Başqa sözlə desək, dialektik seyr, həmişə üzüyuxarı, təkamülə doğrudur. Bu prinsipin əhəmiyyəti də elə bundadır ki, dəyişikliyin seyretmə istiqamətini göstərir və dəyişiklik cərəyanının təkamül istiqamətində olduğunu tə’kidləndirir.
TƏNQİDLƏR VƏ MÜLAHİZƏLƏR
Şübhəsiz, hər bir dəyişiklik zamanı sabiq vəziyyət və mövqe aradan gedir, yeni bir vəziyyət yaranır. Əgər inkarı-inkar qanununu bu mə’naya götürsək, onda bu, dəyişikliyin zərurətindən başqa bir şeyi bəyan etməyəcəkdir. Amma bu prinsip üçün irəli sürülən və onu hərəkətin cəhəti və təkamülünün bəyanedicisi kimi edilən açıqlamaya diqqət yetirməklə, demək lazımdır ki, dünyada baş verən bütün hərəkət və dəyişikliklərin təkamül yönünə malik olması, yə’ni “hər bir yeni varlıq (fenomen) mütləq əvvəlkindən daha kamil olmalıdır” sözü qəbul olunası deyildir. Radioaktiv çevrilmə nəticəsində qurğuşuna çevrilən uran, daha da kamilləşirmi? Buxara çevrilən su, yaxud suya çevrilən buxar təkamülə çatırmı? Quruyan və heç bir dənəsi və meyvəsi qalmayan bir ağac kamilləşirmi? Qəbul oluna biləcək yeganə şey budur ki, təbii varlıqlardan bə’ziləri hərəkət və dəyişiklik nəticəsində daha da kamilləşir. Deməli, təkamülü də bütün dünya varlıqları üçün ümumi bir qanun kimi qəbul edə bilmərik.
Mövzunun sonunda bir daha xatırladırıq ki, bütün bu qanunların hamısı, hətta dünya miqyaslı və ümumi qanun şəklində qəbul edilsə belə, sadəcə olaraq təbiət elmlərində sübuta yetmiş digər qanunlar kimi varlıqların necə yaranmasını bəyan edə bilər, amma dünyada ümumi və sabit qanunların varlığı mövcud olanların Yaradandan, varlıq bəxş edən illətdən ehtiyacsız olması mə’nasına deyildir. Keçən dərslərdə də qeyd etdiyimiz kimi, maddə və maddi varlıqlar mümkünül-vücud olduğundan zəruri olaraq vacibul-vücuda ehtiyaclı olacaqlar.
SUALLAR
1.Dialektik və mexaniki materializm arasındakı fərqi bəyan edin.
2.Əkslikliyi şərh edin, onun iradlarını və çatışmayan cəhətlərini deyin.
3.Keyfiyyət prinsipi və onun iradlarını bəyan edin.
4.İnkarı inkar prinsipini bəyan və onu tənqid edin.
5.Bu prinsiplərin düzlüyünü və ümumi olmasını qəbul etdikdə belə, dünyanın Yaradandan ehtiyacsız olmasını isbat edirmi? Niyə?
ƏQİDƏ ÜSULLARININ TƏ’LİMİ KİTABINDAN…

ON ALTINCI DƏRS-ALLAHIN YEGANƏLİYİ
–Müqəddimə
–Allahın yeganəliyinə dair bürhan
MÜQƏDDİMƏ
Keçən dərslərdən dünya üçün bir Yaradanın – dünyanı vücuda gətirən, onu hikmət əsasında idarə edən qüdrətli və elmli Allahın varlığının zəruri olması sübuta yetdi. Sonuncu dərslərdə maddi dünyagörüşü araşdırdıq. Bu kimi müxtəlif növ dünyagörüşlərin irad və çatışmaz cəhətləri bəyan edilməklə aydın oldu ki, Allahsız bir dünyanın varlığının fərz olunması əqlə uyğun deyil və bu müddəaya dair gətirilən izahlar əsla qəbuledilməzdir. İndi isə tövhid məsələsini araşdırmağın və müşriklərin düşüncələrinin düzgün olmamasını isbat etməyin vaxtı gəlib çatmışdır.
İnsanlar arasında şirklə qarışıq əqidələrin necə yaranması, hansı mərhələləri keçməsi haqqında sosioloqlar tərəfindən müxtəlif nəzəriyyələr irəli sürülmüşdür. Lakin onların heç biri qəbul olunub e’timad ediləcək bir nəzəriyyə, aydın bir dəlil deyildir.
Bəlkə də bunu demək olar ki, şirkə və çox mə’budluğa yönəlmənin ilkin səbəbi yerdə və səmada müxtəlif hadisə və varlıqların müşahidə olunmasıdır ki, onlardan hər birinin xüsusi bir ilahənin fərmanı altında olduğunu təsəvvür etmişlər. O cümlədən, bə’ziləri yaxşılıqların xeyir ilahəsinə, pisliklərin isə şər ilahəsinə istinad edildiyini təsəvvür etmiş, nəticədə dünya üçün iki mənşəyin varlığına inanmışlar.
Günəş, Ay və ulduzlar yerdəki hadisələrdə müəyyən tə’sirlər qoyduğundan, onların yerdəki varlıqlar üzərində bir növ rəbblik məqamında bulunduğunu güman edənlər də olmuşdur.
Digər tərəfdən də fərz olunan mə’budlar üçün heykəllər və simvolik əlamətlər düzəltmələrinə səbəb olmuş və onlara pərəstiş etməyə başlamışlar. Yavaş-yavaş bütlərin özü dar düşüncəli kütlələr arasında əsas əqidəyə çevrilmiş, hər bir millət, hətta qəbilə belə öz xəyalları əsasında bütlərə pərəstiş etmək üçün müəyyən ayinlər təşkil etmişlər ki, bununla bir tərəfdən Allaha pərəstişin fitri meyllərini tə’min etsinlər, digər tərəfdən də özlərinin heyvani meyllərinə və həvəslərinə müqəddəslik donu geyindirərək onları dini mərasimlər qəlibinə salsınlar. Hələ də bütpərəstlərin arasında rəqs, şərab və şəhvətbazlıqla yanaşı olan bayramlar, dini mərasimlər mövcuddur.
Bütün bunlardan əlavə zalımlar və qüdrət sahibləri camaatın sadə, saf əqidə və fikirlərindən sui-istifadə etmələrinə səbəb olan şəxsi mənafeləri və qərəzləri nəticəsində öz qüdrət və istilaçılıqlarını genişləndirmək üçün şirklə qarışıq olan fikirləri təlqin edib yayırdılar. Özləri də bir növ rübubiyyətə inanır və tağutlara pərəstiş etməyi dini mərasimlərin bir hissəsi kimi qələmə verirdilər. Bu kimi qərəzlərin və məqsədlərin aydın nümunələrini Çin, Hindistan, İran, Misir və başqa ölkələrdə tapmaq olar.
Hər bir halda şirklə qarışıq olan ayinlər müxtəlif amil və səbəblərdən tə’sirlənərək insanlar arasında formalaşıb yayılmış, onların ilahi din və tövhid sayəsində həqiqi təkamülə çatıb inkişaf etməsinə mane olmuşdur. Buna görə də ilahi peyğəmbərlərin fəaliyyətinin böyük bir qismi şirklə və müşriklərlə mübarizəyə sərf olunurdu. (Onların başlarına gələn hadisələr Qur’anda dəfələrlə bəyan edilmişdir.)
Deməli, şirklə qarışıq əqidənin əsasını Mütəal Allahın deyil, Ondan başqa digər varlıqların rübubiyyət məqamına malik olduğuna inam təşkil edir. Hətta müşriklərdən bə’ziləri dünyanın yeganə yaradanına e’tiqad bəsləməklə həqiqətdə xaliqiyyətdə tövhidi qəbul etmişlər, lakin bunun özü də son dərəcə zəif mərtəbədə idi. Onlar öz gümanlarına əsasən dünyanın idarə olunmasını müstəqil şəkildə öhdələrinə alan ikinci dərəcəli mə’budlara inanır, yaradan Allahı da həmin mə’budların başçısı və Rəbbül-ərbab adlandırırdılar.
Bə’ziləri belə güman edirdilər ki, iş görən bu mə’budlar mələklərdir, (müşrik ərəblər onları “Allahın qızları” kimi təsəvvür edirdilər), bə’zilərinin inancına görə isə bunlar cinlər və pərilər, başqa bir qrupun inancına görə ulduzların, yaxud qədim insanların ruhları, yaxud gözəgörünməz varlıqların xüsusi növüdür.
Onuncu dərsdə qeyd olundu ki, həqiqi xaliqiyyət və rübubiyyət bir-birindən ayrılmazdır, Allahın xaliq olmasına e’tiqad başqasının rübubiyyətinə e’tiqadla uyğun gəlmir. Bir-birinə zidd olan belə e’tiqad sahibləri bunların arasındakı ziddiyyətə diqqət yetirməmişlər. Onların əqidələrinin puç olmasını göstərmək üçün bu ziddiyyəti aşkar etmək kifayətdir.
Mütəal Allahın yeganə olmasını isbat etmək üçün müxtəlif fəlsəfə və kəlam kitablarında çoxlu dəlillər gətirilmişdir. Biz burada birbaşa rübubiyyətdə tövhidi isbat edən və müşriklərin əqidələrini rədd edən dəlili bəyan edirik.
ALLAHIN YEGANƏ OLMASININ DƏLİLİ
Dünyanın iki, yaxud daha artıq yaradanı olmasını fərz etdikdə bir neçə hal təsəvvür olunur: Ya dünya varlıqlarından hər biri onların hamısının məxluqu və mə’lulu fərz olunur, ya onlardan bir qrupu fərz olunan mə’budlardan birinin mə’lulu hesab olunur, yaxud da hamılıqla bir mə’budun yaradılanı hesab olunur, yerdə qalan mə’budlar isə dünya işlərinin idarə olunmasını öhdəsinə alır.
Hər bir varlığın bir neçə yaradanı olması fərziyyəsi qeyri-mümkündür. Çünki iki, yaxud daha artıq yaradanın (dəqiq desək, varlıq bağışlayan səbəbin) hər hansı bir varlığı yaratmasının mə’nası budur ki, onlardan hər biri ona bir vücud versin. Nəticədə bir neçə vücud yaranır. Halbuki hər bir varlığın yalnız bir vücudu vardır və əks halda vahid mövcud olmayacaqdır.
Onlardan hər birinin məxluqlardan birinin, yaxud məxluqatın xüsusi bir məcmuəsinin yaradanı fərz olunsa, onda hər bir məxluqun öz yaradanı vasitəsilə vücuda gəlməsi və başqa bir varlığa ehtiyac duymaması lazım gələr. Yalnız o ehtiyaclar istisnadır ki, axırda onu yaradana gəlib çatsın və belə bir ehtiyac yalnız həmin varlığı yaradana olan ehtiyac olacaqdır.
Başqa sözlə desək, aləm üçün bir neçə mə’budun fərz olunması bir-birindən ayrı olan çoxlu nizamların varlığını tələb edir. Halbuki aləmdə vahid bir nizam hökm sürür. Eyni zamanda mövcud olan varlıqların bir-biri ilə qarşılıqlı əlaqəsi var. Onlar bir-birinə tə’sir edir və bir-birinə ehtiyac duyurlar. Həm keçmişdəki, həm hazırkı, həm də gələcəkdəki varlıqların arasında rabitə bərqərardır və əvvəlki varlığın hər biri sonrakı varlığın yaranması üçün lazım olan şəraiti hazırlayır. Deməli, bir-biri ilə sıx bağlı, əlaqəli olan vahid nizam və sistemin hökm sürdüyü belə aləm bir neçə varlıq bağışlayan illətin mə’lulu ola bilməz.
Bütün yaradanları yaradanın vahid olduğu, başqalarının isə dünyanın idarə və tədbirini öhdəsinə alması fərz olunsa, bu fərziyyə də düzgün olmayacaqdır, çünki hər bir nəticə özünün bütün varlıq işləri ilə birgə olaraq varlıq bağışlayan səbəbin vasitəsilə vücuda gəlir və heç bir başqa müstəqil mövcudun onda təsərrüf etməsinə yol yoxdur. Yalnız bir səbəbin nəticələri arasında tə’siretmə və tə’sir qəbuletmə hasil olur. Hamısı da varlıq bağışlayan failin qüdrəti dairəsində qərar tutaraq onun təkvini icazəsi ilə yerinə yetir. Bu halda onlardan heç biri həqiqətdə rəbb olmayacaqdır. Çünki rəbbin həqiqi mə’nası budur ki, o, tərbiyə etdiyi şeydə müstəqil şəkildə təsərrüf edir, halbuki fərzimizə görə bu cür təsərrüflər və tə’sirlər müstəqil olmayıb hamısı yaradanın rübubiyyəti dairəsində və onun verdiyi qüvvə əsasında yerinə yetirilir. Belə ərbabların və işçilərin fərz olunması rübubiyyətdə tövhidlə zidd deyildir. Allahın izni ilə olduğu surətdə onların xaliqiyyətlərinin xaliqiyyətdəki tövhidlə ziddiyyəti olmayacaqdır. Qur’an ayələri və şərif rəvayətlərdə bə’zi Allah bəndələri üçün bu cür xəlqetmə, müstəqil olmayan və Allah tərəfindən lütf sayılan tədbirlər və xəlqetmələr gözə dəyir. Belə ki, həzrət İsanın (ə) barəsində buyurulur:
“Və (yada sal) o zamanı ki, palçıqdan quş surəti yaradır, Mənim iznimlə ona ruh üfürürdün, o da quş olurdu.”
Başqa bir ayədə buyurulur:
“And olsun işləri tədbir edənlərə”
Deməli, dünya üçün bir neçə mə’budun olması fərziyyəsi Allahın maddi vasitə və səbəblərlə müqayisəsindən irəli gəlir ki, vahid nəticə üçün onların sayının çox olmasının eybi yoxdur. Halbuki varlıq bağışlayan səbəbi bu cür illətlərə oxşatmaq, hər hansı bir nəticə üçün bir neçə varlıq bağışlayan səbəb, yaxud bir neçə rəbb, yaxud bir neçə müstəqil tədbirçi fərz etmək olmaz.
Buna əsasən bu yanlış fikri dəf etmək üçün bir tərəfdən varlıq bağışlayan səbəbin mə’nası və bu cür səbəbiyyət növünün xüsusiyyətlərində diqqət etmək, dərindən düşünmək lazımdır ki, vahid nəticə üçün bir neçə səbəbin olmasının qeyri-mümkün olmaması nəticə olsun. Digər tərəfdən dünyanın sıx qanunauyğunluqları və bağlılıqları barəsində düşünmək lazımdır ki, belə bir sıx bağlı sistemin bir neçə Allah tərəfindən yaradıla bilməməsi, yaxud bir neçə müstəqil rəbbin tədbiri altında ola bilməməsi mə’lum olsun.
Deməli, Allahın bə’zi layiqli bəndələri üçün təkvini vilayətin varlığına inanmaq, müstəqil rübubiyyət və xaliqiyyət mə’nasında olmadıqda tövhidlə zidd olmayacaqdır. Eləcə də Peyğəmbəri-Əkrəmin (s) və Mə’sum imamların (ə) təşrii vilayəti Allahın təşrii rübubiyyəti ilə zidd deyildir. Çünki Allah tərəfindən və Onun iznilədir.
SUALLAR
1.Şirklə qarışıq əqidələrin yaranmasının əsas səbəblərini şərh edin.
2.Şirklə qarışıq əqidənin əsası nədir?
3.Xaliqiyyətlə rübubiyyət arasındakı zərurəti bəyan edin.
4.Niyə hər bir varlıq üçün bir neçə yaradan təsəvvür olunmur?
5.Nəyə görə yaradılanların hər bir dəstəsinin xüsusi bir yaradanın məxluqu olmasını hesab etmək olmaz?
6.Bütün dünyanın vahid bir Allahın yaradanı olmasına e’tiqad bəsləməklə yanaşı dünya üçün müxtəlif idarəedicilər və ərbabların (rəbblərin) fərz olunmasının nə kimi eybi vardır?
7.Mə’budlar çoxluğunun mümkünlüyü kimi yanlış bir fikrin mənşəyi nədir və necə dəf edilir?
8.Allah övliyaları üçün təkvini vilayətə e’tiqad bəsləmək xaliqiyyət və rübubiyyətdəki tövhidlə niyə zidd deyildir?
ƏQİDƏ ÜSULLARININ TƏ’LİMİ KİTABINDAN…


more post like this