YARANMA TARİXİ
1. Maturidi məzhəbinin banisi kimdir?
2. Maturidi məzhəbi necə meydana gəlmişdir?
3. Bu məzhəbin əqidəvi əsasları nədən ibarətdir?
MATURİDİ FİRQƏSİNİN BANİSİ
Maturidi məzhəbinin banisi Əbu Mənsur Məhəmməd ibni Məhəmməd ibni Mahmud Maturidi olmuşdur.
O, ehtimal üzrə 238-ci Hicri ilində Səmərqənd şəhəri yaxınlığında yerləşən Maturidi kəndində doğulmuş və 333-cü Hicri ilində vəfat etmişdir. Tarixdə qeyd olunur ki, o, Peyğəmbərin böyük səhabəsi və Mədinəyə hicrət etdiyi zaman o həzrəti evinə qonaq aparan Əbu Əyyub Ənsarinin nəvələrindən imiş. Əbu Mənsur Maturidi kəlam və fiqh baxımından Əbu Hənifənin ardıcılı sayılırdı. Ustadlar silsiləsində üç vasitə ilə Əbu Hənifəyə çatmaqdan əlavə, onun elmi sə᾿ylərinin hamısı təqribən Əbu Hənifənin kəlami əsaslarının təhlil və bəyanına sərf olunmuşdur. Halbuki, Maturidinin əsaslı təhlili və kəlami üslubu Əbu Hənifənin üslubundan tamamilə fərqələnən müstəqil bir məktəb idi və onun öz adı ilə məşhurlaşmışdı.
Maturidi Əş᾿ərinin müasiri idi və onun kimi, mö᾿təzilənin əqlə meylləri ilə əhli-hədisin zahiri əsas götürmək təfəkkürü arasında mö᾿tədil bir mövqe seçmək qərarına gəlmişdi. Amma Maturidi və Əş᾿əri təfəkkürlərinin müqayisəsindən belə nəticə alınır ki, Maturidi əndişəsi mö᾿təzilə ilə, Əş᾿ərinin seçdiyi yol isə əhli-hədislə daha uyğun gəlir.
Maturidi 261‒389-cu hicri illərində bütün İran ölkəsinə hakim olan Samaniyan hökumətinin dövründə yaşamışdır. Samaniyan hökuməti elm və maarifin qorunub yayılmasında çox fəaliyyət göstərirdi. Buna görə də onların hakimiyyətdə olduğu illər Maturidi kimilərin inkişaf edib çiçəklənməsinə münasib bir şərait yaradırdı. Belə bir şəraitdə Maturidi o dövrdə dörd böyük məşhur ustadın ‒ Əbu Bəkr Əhməd ibni İshaq Cuzcani, Əbu Nəsir Əhməd ibni Abbas ibni Fəqih Səmərqəndi, Nəsir ibni Yəhya Bəlxi və Məhəmməd ibni Müqatil Razinin hüzurunda öz təhsilini təkmilləşdirdi. Əbu Bəkr Cuzcani, Əbu Nəsir Fəqih və Məhəmməd ibni Müqatil, Əbu Süleyman Cuzcaninin şagirdlərindən idi və o da Əbu Hənifənin məşhur və iste᾿dadlı tələbəsi olan Əbu Yusifdən dərs almışdı. Buna əsasən Əbu Mənsur Maturidi öz ustadları vasitəsilə kəlam və fiqh nəzəriyyələrini Əbu Hənifədən əxz etmişdir. Onun özü də məşhur «Məaxizuş-şəriə» və «Əl-cədəlu fi üsulil fiqh» kitablarında Əbu Hənifənin fiqhi nəzərlərini təhlil və bəyan etmişdir.
MATURİDİNİN ELMİ ƏSƏRLƏRİ
Əbu Mənsur Maturidi təfsir, kəlam, üsuli-fiqh, əxlaq sahələrində çoxlu kitab yazmışdır ki, onlardan bə᾿zilərinin adlarını aşağıda qeyd edirik:
1. «Tə᾿vilatul-Qur᾿an», yaxud «Tə᾿vilatu Əhlis-sünnə»; Bu kitab Qur᾿anın Hənəfiyyə, fiqhi və e᾿tiqadi əsasında təfsiridir.
2. «Tövhid»; Bu kitab Maturidi məzhəbinin ən mühüm e᾿tiqadi mənbələrindən sayılır. Əbu Mənsur öz e᾿tiqadi nəzərlərini bu kitabda şərh etmişdir.
3.«Əl-üsul»;
4. «Məaxizuş-şəriə»;
5. «Əl-cədəlu fi üsulil-fiqh»;
6. «Məqalat»;
7. «Bəyanu vəhmil-mö᾿təzilə»;
8. «Rəddul ədilləti lil-Kə᾿bi»;
9. «Rəddu təhzibil cədəli lil-Kə᾿bi»;
10. «Rəddu və᾿idil-fussaq lil-Kə᾿bi»;
11. «Rəddul üsulil xəmsəti li-Əbi Məhəmməd Bahili»;
12. «Rəddu kitabil-imaməti»;
13. «Rəddun ələl Qəramitə»;
14. «Pəndnamə dər əxlaq və moizə».
MATURİDİNİN ŞAGİRDLƏRİ
Hənəfi məzhəbinin məşhur alimlərindən bir qrupu Əbu Mənsur Maturididən bəhrələnmişlər. Onlar aşağıdakılardır:
1. Əbul Qasim İshaq ibni Məhəmməd ibni İsmail; [H.Q.240] (Həkim Səmərqəndi adı ilə məşhurdur.)
2. İmam Əbul Leys Buxari;
3. İmam Əbu Məhəmməd Əbdülkərim ibni Musa Bəzudi; [H.Q.390]. O, «Üsuliddin» kitabının müəllifi Məhəmməd ibni Hüseyn Əbdülkərimin babasıdır. Bu kitab Maturidi məzhəbinin əsas kitablarındandır.
MATURİDİ MƏZHƏBİNİN TANINMIŞ ŞƏXSİYYƏTLƏRİ
Əbu Mənsur Maturidinin ölümündən sonra bu məzhəbin yayılıb bəyan edilməsi üçün müxtəlif dövrlərdə məşhur alimlər sə᾿y göstərmişlər. Onların ən mühümləri aşağıdakılardır:
1. Qazi Əbul Yüsr Məhəmməd ibni Hüseyn Əbdülkərim Bəzudi [H.Q.421‒478]. O, «Üsuliddin» kitabının müəllifidir.
2. Əbu Muin Nəsəfi [H.Q.502]. O, «Təbsirətül ədillə» kitabının müəllifidir. Bu kitab Əbu Mənsurun «Tövhid» kitabından sonra Maturidilərin kəlami mənbələrinin ən mühümü sayılır.
3. Şeyx Nəcmuddin Əbu Həfs Ömər ibni Məhəmməd [H.Q.537]. O, «Əqaidi Nəsəfi» kitabının müəllifidir. Bu kitab Nəsəfinin «Təbsirətül-ədillə» kitabının xülasəsidir və hazırkı dövrə qədər Maturidi məzhəbinin e᾿tiqadlar bəhsində olan ən mühüm dərs kitabı sayılır.
4. Şeyx Məs᾿ud ibni Ömər Təftazani; O, tanınmış İslam alimlərindən biridir; ərəb dili və kəlam barəsində çoxlu kitablar yazmışdır. «Şərhi əqaidi Nəsəfi» onun ən məşhur əsəridir.
5. Şeyx Kəmaluddin Məhəmməd ibni Hümamuddin; (ibni Hümam adı ilə məşhurdur) [H.Q.861]. O, kəlam elmində «Əl-musayərətu fil-əqaidil-munciyəti fil-axirət» kitabını yazmışdır.
6. Əllamə Kamaluddin Əhməd Bəyazi Hənəfi. O, 11-ci hicri əsrinin alimlərindən olub, Maturidinin mühüm mənbələrindən sayılan «İşaratul-məram min ibadatil-imam» kitabını yazmışdır.
MATURİDİNİN ƏQİDƏVİ ƏSASLARI
Maturidi «Tövhid» kitabında əvvəlcə əqidə və imanda təqlid etməyin düzgün olmadığına toxunur, daha sonra öz əqidə üsullarını haqq bilib sələflərə tabe olduğunu, digərlərinin əqidələrinin isə batil olduğunu deyən firqələri tənqid atəşinə tutur. O, inanırdı ki, hər hansı bir firqə ardıcıllarının çox olması həmin firqənin haqq olmasına dəlil ola bilməz; əqidə üsulları əqli bürhanlar əsasında araşdırılıb təsdiq olunmalıdır, əks təqdirdə, onun heç bir elmi dəyəri olmayacaqdır. O, həmçinin dini anlayışları əldə etməkdə əqli kafi bilən şəxsləri tənqid edir, mə᾿rifətin əldə olunmasının mümkünlüyünü aşkar şəkildə bəyan etməklə yanaşı, mə᾿rifət vasitələrini hiss, xəbər və əqldə görürdü.
1. Hiss;
İnsanın mə᾿rifət əldə etməsi üçün ilk vasitə hissdir. Maturidi, hissi mə᾿rifət vasitələri içərisində ən ümumi və ibtidai vasitə hesab edərək deyir ki, hətta heyvanlar da öz hiss və duyğu orqanları ilə onlar üçün faydalı və ya zərərli olan şeyləri dərk edə bilirlər. Maturidi «hissi mə᾿rifəti» açıq-aşkar bir şey hesab edir və inanır ki, onu inkar edənlər üçün dəlil gətirməyə ehtiyac yoxdur. Sonra belə təklif irəli sürür ki, belə şəxslərə qarşı əməli tədbirlər görmək, zərbə vurmaqla öz fikirlərindən əl çəkməyə vadar etmək lazımdır. Çünki, vurulan zərbələrdən yaranan ağrıya dözmək qeyri-mümkündür.
2. Xəbər;
Maturidi xəbərləri mə᾿rifət üçün digər bir vasitə hesab edərək deyir: Xəbərlər nəsəb elmi, keçmiş hadisələr, uzaq diyarlarda olan şəhərlər və məntəqələr, faydalı və zərərli şeylər, qida maddələri, dərmanlar və sair şeylər barəsində mə᾿rifət kəsb etmək üçün bir vasitədir. Xəbər iki növdür:
1. Tarixi, ya mütəvatir xəbərlər;
2. Öz risalətlərinin doğru olmasına dair aydın nişanələr göstərən Peyğəmbərlərin xəbərləri.
Maturidi sonra deyir: Bu iki növ xəbərin hər biri mə᾿rifət üçün bir vasitədir. Amma peyğəmbərlərdən gəlib çatan xəbərlərə çox diqqət yetirmək lazımdır. Çünki bu xəbərlərin bizə gəlib çatmasında vasitə olan ravilər mə᾿sum deyildirlər və onların xətaya yol vermələri mümkündür.
Maturidi xəbərin höccət olmasını inkar edənlər barəsində də əməli tədbirlər görülməsini təklif edib deyirdi ki, bu kimi şəxsləri fiziki cəhətdən əzaba mə᾿ruz qoymaq və döymək lazımdır. Onlar ağrıdan şikayət etdikləri zaman onlara deyilməlidir: «Sizin şikayətiniz də bir növ xəbərdir və sizin iqrarınız vasitəsilə bu xəbərdən yəqin doğuran elm hasil olmur».
3. Əql.
Maturidinin nəzərinə görə, əql mə᾿rifətin ən mühüm mənbəyidir. Çünki hiss və xəbər əqlin köməyi olmadan həqiqi elmə yol tapa bilməz. Təbiətin fövqündə dayanan şeylərin həqiqəti və əxlaqi prinsiplər barədə elm və agahlıq əldə etmək yalnız əql vasitəsilə mümkün ola bilər. İnsanla heyvan arasındakı ən böyük fərq məhz Allahın insana bəxş etdiyi əql qüvvəsidir. Əql qüvvəsi həqiqətin kəşf olunmasında ən mühüm vasitə olduğundan, Qur᾿ani-kərim insanı daim təfəkkürə və ağıl qüvvəsini işlətməyə də᾿vət edir.
Maturidinin nəzərində əql mə᾿rifət kəsb etməkdə ən mühüm mövqe və məqama malikdir. Bununla belə, o inanırdı ki, əql bütün işlər, o cümlədən insanın ehtiyac duyduğu məsələlər barəsində kamil bir anlayış əldə edə bilməz, əql də hiss orqanları kimi müəyyən məhdudiyyətlərə malikdir. O cümlədən, əql həm xarici, həm də daxili amillərin, məsələn meyl, məqsəd, adət və mühitin tə᾿sirinə qapılır və nəhayət fərqli nəticələr alınır. Alimlər arsında bir-birinə zidd və fərqli olan əqidə və rə᾿ylərin mövcudluğu da bu müddəamızın şahididir.
Buna əsasən Maturidi bildirir ki, əql düzgün nəticəyə çatmaqda və həqiqətin kəşf olunmasında mötəbər bir yol göstərənə ehtiyaclıdır və bu yol göstərən də məhz vəhydir. O, həmçinin inanırdı ki, peyğəmbərlərin hidayətinə olan ehtiyacı və vəhyin təlqin olunma vasitəsini inkar edən şəxslər, eləcə də əqli, dini mə᾿rifət və anlayışlar əldə etməkdə kafi sananlar, həqiqətdə əql qüvvəsinin üzərinə çox çətin bir vəzifə qoyur və sonda bu işin düzgün nəticə verməyəcəyi qaçılmazdır.
SUALLAR VƏ TAPŞIRIQLAR
1. Əbu Mənsur Maturidinin tərcümeyi-halını qısa şəkildə bəyan edin.
2. Maturidinin mühüm kitablarından bə᾿zilərini sadalayın.
3. Maturidi necə bir məzhəb yaratmaq fikrində idi?
4. Maturidinin mə᾿rifət vasitələri barədə olan nəzərlərini qısa şəkildə izah edin.
İslam məzhəbləri ilə tanışlıq kitabı.


more post like this