Əvvəldə qeyd etdiyimiz kimi, bəzi dini hökmlərin fəlsəfəsi bizə aydın deyil. Amma insan düşüncəsi və elm inkişaf etdikcə bir çox məsələlər aydınlaşa bilər.
Verilmiş suala cavab olaraq deyə bilərik ki, bütün dünya xalqları canlı insanın hörmətini saxladığı kimi, ölüyə də ehtiramla yanaşırlar. İslam dini bir çox xürafi adət-ənənələri inkar etsə də, qüsl, kəfən, dəfn kimi işləri ölüyə ehtiram göstərilməsini lazım bilir.
İslam insana o qədər yüksək qiymət verir ki, hətta ölünün də təhqirini qadağan edir. Ölüyə, onun qəbrinə qarşı hörmətsizlik İslamda haram sayılır. Qüsl, kəfən və dəfn də insanın məqamına hörmət xarakteri daşıyır.
Bundan əlavə, ölüm insan üçün son deyil. Bu dünyaya gözünü qapayan insan başqa bir həyata qədəm qoyur. Ona görə də ölüləri pak vəziyyətdə, sadə libasla torpağa tapşırmaq göstərişi verilmişdir. Meyyit qüslünün fəlsəfəsini də əbədi və həqiqi həyata inam təşkil edir.
Bəs ölüyə toxunan şəxs nə üçün qüsl verməlidir? Bu suala cavab vermək üçün bəzi nöqtələri aydınlaşdırmaq lazım gəlir:
1. Dünyasını dəyişmiş şəxsin yaxınları öz əzizlərini əldən verdikləri üçün hiss və həyəcan onları dərhal tərk etmir. Onlar hətta ruhu canından çıxmış əzizlərini öpmək, qucaqlamaq istəyirlər.
2. Aydın bir məsələdir ki, ruhu canından çıxmış orqanizm öz müdafiə qabiliyyətini itirir və müxtəlif mikroblara asanlıqla yoluxur. Ölüyə toxunmaq gigiyenik baxımdan təhlükəlidir.
3. İslam insanın təbii hisslərinə qarşı zor göstərmir, onları nəzərə alır və doğru yola yönəldir.
Yuxarıda deyilənləri nəzərə alaraq belə bir nəticə çıxara bilərik ki, İslam, dünyasını dəyişmiş şəxsin yaxınlarını müxtəlif xəstəliklərdən və mikroblara yoluxmaqdan qorumaq istəyir. İnsanların təbii hisslərinə hörmət göstərilərək, onlara ölü ilə təmas qadağan edilmir, sadəcə bu təmasdan yarana biləcək fəsadların qarşısını almaq üçün meyit qüslü vermək əmr olunur. Bəli, meyitə toxunan hər bir şəxs büsbütün bədənini yumalı, qüsl verməlidir. Şübhəsiz ki, belə bir göstəriş insanların ölü ilə təmasını məhdudlaşdırır. Yəni həm insanların hissləri nəzərə alınır, həm də onlar təhlükədən hifz edilir. Belə bir dini göstərişi insanların meyitlə təmasının qarşısını almasa da, onları mikroba yoluxmadan qoruyur.
Sual oluna bilər ki, əgər meyitə toxunma qüslü mikrobdan qorunmaq üçündürsə, nə üçün meyitə qüsl verildikdən sonra ona toxunan şəxsə növbəti dəfə qüsl vacib olmur? Nəzərə almalıyıq ki, meyitə sidr və kamfora (kafur) qatılmış su ilə qüsl verildikdə mikroba yoluxmanın qarşısı bir müddət alınır. Təbii ki, sidr və kamfora qatqılı su ilə qüsl verilmiş meyit qısa bir müddətdə torpağa tapşırılır.
Uyğun iki qüsl haqqında deyilənlər onların fəlsəfəsinin bir hissəsi idi. Şübhəsiz ki, uyğun hökmlərin daha geniş və dərin fəlsəfəsi mövcuddur. NUR-AZ.COM


more post like this